Mələklər Allaha etiraz etdi?
Quran hekayətlərini nəzərdən keçirdikdə yaranan suallardan biri budur
ki, nə üçün İblis Allahın göstərişinə itaət etməyəndə ilahi dərgahdan
qovuldu, mələklər insanın yaranışına etiraz edəndə cəzalandırılmadı? İstənilən
mövzuda sualın üç məqsədi ola bilər: öyrənmək məqsədi, qarşı tərəfi
sınamaq məqsədi, deyilən sözə və ya görülən işə etiraz məqsədi. İnsanın
yaranışından xəbər tutan mələklərin sual verməkdə məqsədi etiraz yox,
öyrənmək idi. İnsan yenicə xəlq edilmişdi və bu hadisə mələklər üçün adi
deyildi. Onlar insanın kimliyi barədə məlumat almaq, biliklərini
artırmaq istəyirdilər. Onların sual verməkdə məqsədi nə Allahın işinə
etiraz etmək, nə də inkar idi. Allah mələklərə insanın yaranışını xəbər
verəndə mələklər təzim edərək dedilər: "Sən paksan, müqəddəssən! (Bütün
eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz
heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən.”
(Bəqərə suarəsi, ayə 32) Digər tərəfdən mələk insan və cin kimi azad
deyil ki, Allahın hökmündən boyun qaçıra bilsin. Onlar məsum, günahsız
varlıqlardır və günüh batmaq imkanları yoxdur. Allah-Taala mələkləri
yalnız özünə ibadət üçün xəlq edib. Onlar Allahın iradəsi ziddinə
hərəkət edə bilməzlər. Başqa bir ayədə oxuyuruq: "Ey iman gətirənlər!
Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı
insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın
onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş
qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir
(zəbanilərdir).” (Təhrim suarəsi, ayə 6) Həzrət Əli (ə) buyurur:
"Mələklərdə nə süstlük var, nə də qəflət. Onlar günah etməz.” İblis
özünü zatən üstün sayırdı. Bu səbəbdən Allahın böyüklüyünü yaddan
çıxarmışdı. Həzrət Əli (ə) başqa bir rəvayətdə buyurur: "Mələklər
istənilən bir şəkdən uzaqdır, Allahın razılığına qarşı hərəkət
etməzlər.” İblis isə cin tayfasından idi, insan kimi öz iradəsi ilə
hərəkət edirdi. Bəqərə suarəsinin 34-cü ayəsində oxuyuruq: "(Ya
Peyğəmbər!) Biz mələklərə: "Adəmə səcdə edin! – dedikdə İblisdən başqa
(hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina
etdi və kafirlərdən oldu.”
HaqqYolu/tebyan.net |