Cümə axşamı, 2024-04-25, 7:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

TARİXİ YOLKA VƏ SANTA KLAUS Tarixi yolka
2012-12-31, 12:39 PM
TARİXİ YOLKA VƏ SANTA KLAUS


Tarixi yolka

Biz azərbaycanlıların çoxu cibimizdə olan axırıncı pulumuzu da xərcləyirik ki, təki evimiz yolkasız qalmasın. Çoxlarımız üçün də bu artıq təhtəlşuur tabusuna çevrilib. Bu dəqiqə hansı kasıba desən ki, al bu 100 manatı, bu il evində yolka qurma, sizinlə razılaşmaz. Halbuki, bu pula çox ehtiyacı vardır. Bu ağacı hər il elə bəzəyib-düzəyirik ki, elə bil o olmasa, həmin il evin bərəkəti, şadlığı da olmaz. Bəs nə üçün yolka? Haradan gəlib bu ənənə?

Bu sualı azərbaycanlıya versəniz, deyəcək ki, qışın simvoludur, rus isə iddia edəcək ki, onun altında Həzrət İsa (ə) dünyaya gəlib. Amma hər ikisi səhvdir. Ən azından ona görə ki, Həzrət İsa (ə) Fələstində dünyaya gəlib, orada isə yolka bitmir! Hətta İncil də təsdiqləyir ki, Həzrət İsa (ə) xurma ağacının altında dünyaya gəlib. Bunu da qeyd etmək lazımdır ki, bəzi cənubda yerləşən xristian ölkələri milad bayramında məhz xurma ağacını bəzəyirlər. Bəs elə isə, gəlin hər il evimizə soxulan bu yaşıl donlu gözəlçənin zatını araşdıraraq, iç üzünü açaq.

Əslində küknar (yolka) ağacının xristianlıqla heç bir əlaqəsi yoxdur. Onun kökü eramızdan çox əvvəllərə, ağaca ibadət edən kultların dövrünə gedib çıxır. Qədim almanlar qış gəldikdə 19-25 dekabr aralarında küknar ağacını şamlarla və parçalarla bəzəyib ətrafına fırlanardılar. Ən sonunda bu ağac yandırılır və hər kəs onun közündən bir az götürüb üstündə, ya evində saxlayardı ki, bərəkət gətirsin. Ağaca ibadət kultu bütün Avropada geniş yayılmışdır. Hər millət özünə məxsus ağaca ibadət edərdi. Məsələn, ingilislər - omela, vikinqlər - palıd, romalılar - zoğal, yunanlar - kiparis, slavyanlar isə beryoza ağaclarına ibadət edərdilər. Almanlar xristianlığı qəbul etsələr də, öz adətlərindən əl çəkə bilmədilər. Sadəcə, bu ağacın adını dəyişib milad ağacı qoydular. Tədricən onu yandırmaqdan imtina edib, əvəzində kəsib evlərində bəzəməyə başladılar.

Rusiyada küknar ağacı ilk dəfə, özünü hər şeydə qərblilərə bənzədən I Pyotrun əmri ilə 1699-cu ildə meydanda quraşdırılıb və bu ölkəyə də artıq sırf milad simvolu kimi gətirilib. Buna görə də tezliklə yayılıb və hər kəsin sevimlisinə çevrilib. Bolşeviklər dövründə o, "xalq düşməni” adlandırılaraq, qadağan edilib, amma daha sonra Stalin "əfv fərmanı imzalayaraq” ona xalqın içinə çıxmağa icazə verir, əlbətdə artıq milad ağacı kimi deyil, yeni il simvolu kimi.

Elə bizim də ailələrimizə Azəbaycan üfündə heç bir mənası olmayan bu atributu sovet müstəmləkəçiliyi dövründə yeridiblər. İndi biz guya azadıq, amma hələ də müstəmləkə təfəkkürü ilə yaşayırıq...

P.S. Azadlıq, şuurlar dəyişdikdə baş verir, sərhədlər dəyişdikdə deyil!



Tarixi Santa Klaus

Bu kişi o qədər məşhurdur ki, onu hər yerdə özünəməxsus adlar ilə çağırırlar: Santa Klaus, Noel baba, Şaxta baba, Ded Moroz, San Nikola və s. Bəs görəsən onu bu qədər məşhur edən nə olub?

Əsl adı Likiyalı (indiki Antalya ərazisində yer adı) Nikolaydır. Eramızın 270-345-ci illərində yaşayıb. Kiçik yaşlarından İncili öyrənib, öyrətməyə başlayır. Daha sonra keşiş olaraq özünü dinə həsr edir. Valideynləri öldükdə ona çoxlu var-dövlət miras qoyur, lakin o, bu mirasın hamısını yetim və kasıblara paylayır. Onun adıyla bir neçə kafir məbədinin dağılması bağlıdır, onların ən məşhuru Artemida (Diana) məbədi olub. O vaxtlar məsihilərə qarşı repressiyalar dövrü idi. Odur ki, Nikolayı da məhkəməyə çəkirlər. Burada Tanrı haqqında nalayiq söz danışan Ariyə Nikolay yaxşı bir sillə vurur və deyir: "Sən həyasız və ədəbsiz bir kəssən”.

Amma onu əslində məşhur edən əməl başqa idi. Hər il 6 dekabr (IV əsrdən sonra kilsə həmin tarixi 25 dekabra keçirib) - Həzrət İsanı (ə) anma günü gəldikdə, o, gecə vaxtı gizlicə kasıb və ehtiyaclı ailələrin evlərinə azuqə qoyardı. Bax, buna görə də xristianlar ona Santa, yəni Müqəddəs adı verib. Amma bu, o vaxtlar idi. İndiki zamanda siz Santanı saksafon çalan, brek-dans oynayan, hətta dombalaq aşan şəkildə də görə bilərsiniz. Belə bir kişiyə belə hörmətsizlik, özü də öz dindaşları tərəfindən...

Anlaşılan budur ki, insanlıq qəflətdə yaşayır: əməli edir, lakin onun mənası haqqında heç düşünmür də. Qədimdə məsihilər Həzrət İsanın (ə) mövlud günü 6 dekabrı oruc tutub, kasıblara ehsan verməklə keçirərdi. İndi isə eynən ağaca ibadət edən kafir tayfalar kimi, yolka ətrafında yığışıb, sərxoş halda rəqs edirlər. Paklığın təcəssümü olan Həzrət Ruhullahın (ə) mövlud gününü il ərzində ən çox günah edilən günə, eyş-işrət gününə çeviriblər. Həzrət İsanın (ə) mövlud gününü 6 dekabrda deyil, ağac kultunun bayram günündə - 25 dekabrda keçirirlər. Küknar ağacının başında isə nədənsə Vifliyem səkkizguşəsi deyil, satanist pentaqramması parlayır...

Belə çıxır ki, xristianlar özləri də bilmədən hər il Həzrət İsa (ə) peyğəmbərin miladını deyil, ağac kultunu yaşadırlar...



Hüseyn Zəlzələ

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin dinləyicisi

deyerler


Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 1083 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 İstiğfar   (2013-01-06 8:53 PM) [Daxil et]
halal olsun ela yazidi

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]