Cümə axşamı, 2024-04-25, 7:10 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Əshabi-Kəhf - məadın nişanəsidir
2013-06-30, 4:29 AM

Əshabi-Kəhf - məadın nişanəsidir

 

 Məadın qəti olacağına dəlalət edən ayələrdən biri də Əshabi-Kəhf dastanıdır. Bu dastan Quranda "Kəhf” surəsinin 6-cı ayəsindən başlayaraq 26-cı ayəsinə qədər davam edir. 309 il yatıb və sonra da ayılan bu insanlar haqqında Qurani-Kərim buyurur: "Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?! Əlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün Yer üzündə olanları onun zinət və bəzəyi etdik. Şübhəsiz, Biz (bir gün) onun üzərində olanları (məhv edəcək və yeri) otsuz-susuz bir çölə çevirəcəyik. Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq və məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə ondan da çox heyrət doğurandır). (6-9).

 

Kəhf səhabələri elə bir dövrdə yaşayırdılar ki, hamı bütpərəst idi və onlar tövhidə iman gətirmiş ilk insanlar olmuşdu. Allahı tək Xaliq kimi qəbul edirdilər. Şaha itaət etməkdən boyun qaçırtmışdılar. İnsanlar da onlara əziyyət verməyə başlamış və onları ancaq bütlərə pərəstiş etməyə vadar edirdilər. Onlardan hər kim müxalifətlik etsə onları ağır şəkildə cəzalandırır və öldürürdülər. İnsanların bu rəftarı onların imanını daha da artırırdı. Allah da hidayət qapısını üzlərinə açır və onları İlahi nurla nurlandırırdı. Belə ki, onların bir çoxu yəqin əhli olmuşdular. Allahdan başqa heç kimdən qorxmur və çəkinmirdilər. Həyatın çətinlikləri onları dəhşətə salmırdı.

 

Onlar bilirdilər ki, yaşadıqları cəmiyyət cahil bir cəmiyyətdir və bu cür cəmiyyətlə yaşamaqdan başqa çarələri yoxdur. Onların tək çarəsi bu cəmiyyətdən uzaqlaşmaq idi. Ona görə də qərara alırlar ki, tövhidi elan etsinlər. "Onlar (dövrün diktatorunun qarşısında) qiyam edib «bizim Rəbbimiz göylərin və yerin Rəbbidir; biz Ondan savayı əsla başqa bir məbud çağırmayacağıq ki, (əgər elə etsək) onda həddi aşmış bir söz söyləmiş olarıq» deyən zaman, onların qəlblərini möhkəmləndirdik. «Bizim bu qövmümüz Allahın yerinə (başqa) məbudlar götürüblər. Nə üçün onlar(ın tanrı olmalarının sübutu) üçün aydın bir dəlil-sübut gətirmirlər? Belə isə, kim Allaha qarşı yalan uydurandan daha zalımdır?!» Və (bir-birlərinə dedilər): «İndi ki, onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşmısınız, onda bu böyük mağarada yerləşin ki, Rəbbiniz Öz rəhmətini sizə şamil etsin və işinizdə sizin üçün asanlıq və əmin-amanlıq hazırlığı görsün»”. (14-16).

 

Onlar Kəhf mağarasına daxil oldular və orada yerləşdilər. İtlərini də mağaranın azğına qoyurlar ki, gələn-gedənə görə onları xəbərdar etsin. Çünki əgər onların yerini bilsəydilər, mütləq öldürərdilər. Onlar üzünü Allaah çevirib belə dua edirlər: «Ey Rəbbimiz, Öz tərəfindən bizə bir rəhmət bəxş et və işimizdə bizim üçün bir hidayət və nicat hazırlığı gör». (10).

"Beləliklə, Biz onlara o mağarada bir neçə il ağır bir yuxu hakim etdik”. (11).

"Və (Əshabi-Kəhf öz) mağaralarında (yuxuda birbaşa) üç yüz (qəməri) il(i) qaldılar və doqquz (qəməri) il(i də üstünə) artırdılar (ki, üç yüz günəş ili oldu)”. (25).

 

Nəhayət, Allah Təala onları bu uzun yuxudan ayıldır və onlara yeni fürsət verir və onlar ayılan zaman bir-birinə deyirlər: "Və onları bir-birlərini sorğu-suala tutmaları (işlərinin həqiqəti və Diqyanusun taxtdan düşməsinin onlara məlum olması) üçün (möcüzəvi şəkildə yatızdırdığımız kimi yenidən) elə (möcüzəvi şəkildə) də oyatdıq. Onlardan biri dedi: «(Burada, yuxuda) nə qədər qalmısınız?» Dedilər: «Bir gün, ya günün bir hissəsini qalmışıq.» (Digərləri bədənlərinin tüklərinin və dırnaqlarının qeyri-adi olmasını görüb) dedilər: «Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. İndi aranızdan birini bu gümüş (pul) ilə (qaçdığımız) şəhərə tərəf göndərin və o, gərək onlardan (əhalidən) kimin təamının daha pak olmasına yaxşı baxsın ki, sizə ondan bir ruzi (alıb) gətirsin. Və əlbəttə gərək mülayim və mehriban davransın və heç kəsi sizin vəziyyətinizdən xəbərdar etməsin». (19).

 

"Və beləcə (həmin yerin əhalisini onları uzun yuxudan oyatdığımız kimi) öz aralarında yenidən dirildilmələri barəsində mübahisə etdikləri zaman Allahın vədinin haqq olmasını və Qiyamət günün(ün gəlməsin)də heç bir şəkk-şübhənin olmamasını bilmələri üçün onlar(ın halın)dan xəbərdar etdik.” (21).

 

Bəli, Allah Təala bu ayələri nazil edərək bizlərə məadın qəti və mütləq olduğunu bəyan edir. Bu insanların uzun müddət yatması, sonra ayılması və şəhərə alış-veriş üçün getməkləri və insanların onların halından xəbərdar olması və bu hadisələrin hamısı məadın aydın nişanəsidir.

 

(Tebyan/ deyerler)

Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 672 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]