Cümə günü, 2024-04-26, 8:38 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Mübahilə hadisəsinin əhəmiyyəti
2012-11-09, 8:02 PM
Mübahilə hadisəsinin əhəmiyyəti
 
(Avini saytına istinadən)

8-ci hicri ilində Məkkənin fəthindən və İslamın Ərəbistandakı qüdrətindən sonra başqa dinlərin, məzhəblərin rəhbərləri İslam və müsəlmanlara xüsusi diqqət göstərirdilər. Bu məsələ İslamın Hicazdan daha da uzaqlara qədər yayılmasına səbəb ola bilərdi. İslam Peyğəmbəri (s) bu fürsətdən istifadə etdi və müxtəlif ölkələrin və qəbilələrin rəhbərlərinə məktub göndərərək, onları İslam dinini qəbul etməyə dəvət etdi.

Təbiidir ki, məktubu göndərdiyi ölkələrin rəhbərləri və görkəmli adamları Mədinəyə gəlməyə meyl edirdilər. Onlar Peyğəmbər (s) ilə şəxsən tanış olmaq istəyirdilər. Müsəlmanların vəziyyətini yaxından görmək istəyirdilər. Buna görə 9-cu hicri ilində müxtəlif tayfa və qəbilə başçıları Peyğəmbərin (s) xidmətinə gəldilər. Bu il tarixdə "Amul-vəfud” adı ilə məşhurdur. Peyğəmbərin (s) Nəcran xristianlarına göndərdiyi məktub onları Mədinəyə tərəf cəlb etdi. Bu heyət şifahi müzakirələrdə Həzrətlə (s) razılığa gəlmədilər. Tərslikləri üzündən Həzrətin (s) onların suallarına verdiyi cavabları qənaətbəxş hesab etmədilər. Həzrət Peyğəmbər (s) onlara yeni bir təklif verir ki, əgər siz özünüzü haqq və qarşı tərəfi batil sayırsınızsa, ona görə əzizlərimizi yığaq və dua edək. Allahı çağıraq və hər birimiz o birisinə nifrin etsin. Görək ki, hansımızın səsinə Allah cavab verəcəkdir. Bu zaman aşkar olar ki, hansımızın iddiası yalançıdır.

Bu əməl ərəb lüğətində "mübahilə” adlanır. Bu məsələyə Həzrət Peyğəmbər (s) "Ali-İmran” surəsinin 61-ci ayəsində Allah Təala tərəfindən vəzifələndirilmişdir. Xristianların Həzrətlə (s) mübahisəsinə son qoymaq və avam müsəlmanlarla xristinaların şübhələrini qane etmək üçün ən yaxşı yol idi. Bütün tarixi mənbələrin verdiyi məlumata görə Nəcran xristianları bu təklifi eşidəndən sonra Allahın Rəsulunun (s) dəvətinin haqq olduğunu müşahidə etdilər. Ona görə də bu işi görməkdən imtina etdilər. Onlar fidyə verib, Həzrət Peyğəmbər (s) tərəfindən hazırlanan sülhnaməni imzalamağa üstünlük verdilər.

Bu hadisə bütün dəqiqliyi ilə həm əhli-təsənnün, həm də Əhli-Beyt (ə) davamçılarının diqqətini özünə cəlb etmişdir. Biz bu hadisədə gözə çarpan üç nöqtəni qeyd edək:

1. İslamın həqiqi din olduğu sübut edildi. Maraqlısı budur ki, indiyə qədər heç bir xristian alim istəməmişdir ki, müsəlmanlarla mübahilə meydanına çıxsın. Bu yolla öz dininin möhkəmliyini sübut etsin. Mübahilə hadisəsi ilə eyni zamanda elə hadisələr baş verdi ki, bu məsələnin əksini isbat edir. Aşkar oldu ki, xristianlar öz kitablarında oxuduqları sonuncu peyğəmbərin əlamətlərini İslam Peyğəmbərində (s) gördülər. Onun peyğəmbərlik iddiasını düzgün saydılar. Ancaq buna baxmayaraq, öz dinlərindən və insanların arasında qazandıqları mövqedən əl çəkmək istəmədilər. Qurani-Kərim buyurur: "(Səma) kitab(ı) verdiyimiz şəxslər onu (Muhəmmədi (s)) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən onların bir dəstəsi haqqı bilərəkdən israrla gizlədir”. ("Bəqərə” 146).

2. İmam Əlinin (ə) Həzrəti Zəhranın (s.ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) fəziləti isbat edildi. Onlar Peyğəmbərin (s) bu macəradakı tərəfdaşları idilər. Həzrət Peyğəmbərin (s) öz övladları, həyat yoldaşları və səhabələri arasından onları seçməsi bu insanların Allah və Peyğəmbər (s) yanında ali məqama malik olduqlarını sübut etdi.

3. "Mübahilə” ayəsi İmam Əlinin (ə) İmamətliyinə dəlalət edir. Bu da Həzrəti Əlinin (ə) Allah yanındakı səviyyəsinin şahididir. Heç kim bu məqama çatmamışdır və çatmayacaq da. Həzrət Əli (ə) səhabələrin ən fəzilətlisi və Peyğəmbərdən (s) sonra ən üstün xəlq olmuşlardandır.

Bu tarixi hadisə xristian professor Lui Massiniyonu özünə cəlb etdi. Bu alimin fikrinə görə, Peyğəmbərlə (s) Nəcran xristianları arasında imzalanan sülhnamə həqiqətdə bir müqavilə idi ki, bütün İslam ölkələri bu xristianlara hücum etməyəcəkdir və bu məsələyə riayət etmək onun canişini üçün də lazımlı idi. Ola bilsin ki, o, bu mövzunu təlqin etməyə çalışır ki, İslam Peyğəmbəri (s) onları öz dinlərinə əməl etməkdə azad buraxıb. Ona görə də o zamana qədər ki, sülh içində yaşayırdılar, müsəlmanlar bu müqaviləyə əməl etmişdilər.

Mübahilə sözü "Ödəmə, vermə” sözündən götürülmüşdür. Müasir alimlərdən bir çoxunun dediyinə görə "mübahilə” - yalvarma və xahişetmə mənasındadır. Bunlar bəzən bəlanı dəf etmək üçündür, bəzən də bəlanı nazil etmək üçündür. Məsələn, namazla Sübhan Allahdan rəhmət yağışının enməsi xahiş edilir. Ya da namazla bəla dəf edilər. Bəzən də dua edilər ki, bir şəxsə və ya bir neçəsinə bəla nazil olsun. Nuhun (ə) Allaha ərz etdiyi kimi.

Əbu Məsruq İmam Sadiqə (ə) deyir: "Müsəlmanlara Əhli-Beytə (ə) aid hansı ayəni deyirəmsə, onun Əhli-Beytə (ə) aid olduğunu inkar edirlər”. O Həzrət (ə) mənə buyurdu: "Əgər bu cür olsa, onları mübahiləyə çağır”.

Dedim: "Necə?” Buyurdu: "Üç gün nəfsini islah et. Oruc tut və qüsl al. Həmin adamla səhraya gedin və sağ əlinin barmaqlarını onun əlinin barmaqlarına daxil et və sonra dua et. Az bir zamandan sonra onun üçün etdiyin dua qəbul olar”.

Bu hədisdən görmək olur ki, mübahilənin xüsusi şərtləri vardır. Ona kamil şəkildə əməl etmək lazımdır. Eyni zamanda bu hədisdən belə nəticəyə gəlmək olur ki, bu, hər bir Allahı tanıyan insan üçün dini təsdiq etmək yoludur. Yəni mübahilə zamanı bir tərəf həmişə haqlı olduğunu bilir, ancaq qarşı tərəf onun haqlı olduğunu bilərək, bunu inkar edir. Maraqlısı budur ki, İmam Sadiq (ə) hədisin sonunda buyurur: "Allaha and olsun ki, mən elə bir insan tapmadım ki, mənim bu işə dəvətimə cavab versin”.

Mübahilə hadisəsi Təbuk döyüşündən sonra baş vermişdir. Şeyx Müfid xristian heyətinin Məkkənin fəthindən sonra Peyğəmbərlə (s) görüşünü nəql etmişdir. O, bu hadisənin Zilhəccə ayının 24-də baş verdiyini qeyd etmişdir.

Beləliklə, 10-cu hicri ilinin Zilhiccə ayının 24-nün mübahilə günü olduğu ehtimal edilir. Əlbəttə bu günün dəqiq tarixi bir qədər mübahisəlidir. Ancaq bu günün əziz tutulması və onun fəzilətinin dərk edilməsi və müstəhəb əməllərin yerinə yetirilməsi çox əhəmiyyətlidir.

Bu gün edilən əməllərdən biri də "Mübahilə” duasıdır. Ramazan ayının səhərlərində oxunan bir duadır. İmam Baqir (ə) bu dua haqqında buyurmuşdu: "Əgər insanlar bilsələr ki, orada necə böyük məsələlər vardır, sahibi üçün necə tez qəbul olunur, onu əldə etmək üçün bir-birini öldürərdilər. Əgər and içsəm ki, Allahın böyük adı ora daxildir, düzgün and içmiş olaram. Bu elə bir duadır ki, Cəbrayıl (ə) mübahilə günü Allah tərəfindən gətirmişdi. Peyğəmbərə (s) buyurdu ki, sən vəsiyin və iki övladın və qızınla bayıra çıx və Allahı bu dua ilə çağır və o insanlarla mübahilə et”.

Zilhiccə ayının 24-də başqa bir hadisə də baş verib. Həzrət Peyğəmbər (s) əbasını mübarək çiynindən çıxardıb, İmam Əlinin (ə), Həzrət Fatimənin (s.ə), İmam Həsən (ə) və İmam Hüseynin (ə) üzərinə atır və buyurur: "Pərvərdigara! Hər bir peyğəmbərin əhli-beyti vardır. Onlar Allahın xüsusi xəlqləri olmuşdular. Bunlar mənim Əhli-beytimdir (ə). Ona görə də onlardan şəkk və günahı uzaq et və onları pak et”. Bu zaman Cəbrayil (ə) gəlir və "Təthir” ayəsini ("Əhzab” surəsinin 33-cü ayəsi) nazil edir.

Mübahilə gününün əməlləri:



1.Qüsl almaq.

2. Oruc tutmaq.

3. İkirükətli namaz qılmaq. Bu namazın hər rükətində «Həmd» surəsindən sonra 10 dəfə «İxlas» surəsi, 10 dəfə «Ayətül-Kürsi», 10 dəfə «Qədr» surəsi oxumaq lazımdır.

4. İmam Cəfər Sadiqdən (ə) nəql edilən "Mübahilə” duasını oxumaq ("Məfatihül-cinan” kitabının tərcüməsinin 578-ci səhifəsində).

5. Həzrət Əlini (ə) ziyarət etmək.

6. Fəqir insanlara sədəqə vermək.



Hazırladı: Məşhədi Xanım,

deyerler


Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 711 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]