Cümə axşamı, 2024-04-25, 4:35 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

“Bu səfərdə günah yükü ilə səfər etmək olmaz...”
2013-01-08, 2:33 AM

"Bu səfərdə günah yükü ilə səfər etmək olmaz...”

 İnsan əgər bu dünyadan kamala çatmaq üçün istifadə edərsə, bu zaman bütün fürsətləri və anları qənimət bilər. Onlar hər bir şeydən qulaq və dərrakələri vasitəsilə dərs alarlar. O zaman ki, gözləri nəyəsə baxar, ona ağıl və təfəkkürləri ilə nəzər salarlar.

Onların baxışı - ayıq baxışdır, çünki onlar yeni ayın hilalını görən zaman tarlaları yadlarına düşər. Yəni bu dünyada nə əkdiklərini düşünərlər. Çünki Qiyamət günü bu əkdiklərini biçəcəklər.

İnsan dünyada yalan danışıb, axirətdə doğrunu biçə bilməz. İnsan bu dünyada düşmənçilik əkib, dostluğu biçə bilməz. Bu dünyada nə əkərsə, axirətdə də onu biçəcəkdir.

Ey cavan! Cavanlıq gövhərini haram etmə! Çünki bu dövr çox tez keçib gedir. Bir gün gözünü açanda görərsən ki, qara saçlarına dən düşübdür. Qollarında, ayaqlarında güc qalmamışdır, dişlərin tökülübdür.

Bu zaman ah çəkib cavanlığını xatırlayarsan. Ancaq həsrətdən başqa bir şey qalmaz, çünki cavanlığın səni tərk etmişdir. Lazım olan vaxt onun qədrini bilmədin, indi deyirsən ki, haradasan? Getdi və bir daha qayıtmayacaqdır. Çünki o, artıq sənin səsini eşitmir.

Hər anı fürsət bilənlər bu fürsətdən o qədər gözəl istifadə edirlər ki, bəzən çayın kənarından keçəndə suya baxır və görürlər ki, su çaya necə qarışır. Bu zaman qiyaməti və axirəti xatırlayırlar.

Bu ayıq şəxsiyyətlərdən biri özünü inkişaf etdirməklə məşğul idi və həqiqətlərin dalınca gedərdi. Adı Cənadə ibni Uməyyə idi. O, İmam Həsən Müctəbanın (ə) ömrünün son illərini görmüşdü.

İmama (ə) elə zəhər vermişdilər ki, ondan sağala bilmirdi. Həzrətə (ə) bir neçə dəfə zəhər içirtmişdilər, ancaq hər dəfə dərman içərək, Peyğəmbərin (s) qəbrini üzərinə uzanmışdı. Allah da ona şəfa vermişdi. Ancaq bu dəfə verilən zəhər o qədər güclü idi ki, Həzrətin (ə) bütün daxili orqanlarını bir-birinə vurmuşdu. Ağamızın (ə) daxili qanaxması var idi.

İmama (ə) deyirlər: "Gedin, yenə də Peyğəmbərin (s) qəbrinin üzərinə özünüzü sürtün ki, yenə şəfa tapasınız”. Həzrət (ə) buyurur: Ölümün dərmanı və əlacı yoxdur”. Həzrət (ə) yatağa düşmüş və rəngi qaçmışdı. Cənadə Həzrətin (ə) yanına gəlir ki, öz bəsirətini sübut etsin. Həzrətin (ə) yatağının kənarında əyləşdi və öz-özünə dedi: "Bu elm xəzinəsi neçə saatdan sonra dünyadan gedəcəkdir. Ona görə də bu bir neçə saatı ondan dərs almaq lazımdır”.

İmama (ə) dedi: "Mənə nəsihət et və moizə de ki, bəsirətim artsın”. İmam (ə) da ona demədi ki, görmürsən nə haldayam, taqətim yoxdur? Ölümün bir neçə addımlığındayam və ailəm yetim qalacaqdır? İmam (ə) bu sözləri demədi, çünki insanları hidayət etmək üçün vəzifələndirilmişdir. Həzrət (ə) buyurdu: "Bu gördüyün ölüm ki, var, məni - Fatimənin (s.ə) oğlunun, Əmirəl-möminin (ə) ciyərinin, Peyğəmbərin (s) nəvəsinin yaxasını tutmuşdur. Bir gün sənin də yaxanı tutacaqdır. Bu ölüm - məhv olmaq deyildir. Bəlkə bir səfərdir. Necə ki, anamızın rəhmində səfər edirdik və dünyaya daxil olurduq. Bir gün də buradan səfər edəcək və axirətə daxil olacağıq. Özünü bu səfər üçün hazırla. Bu səfərdə günah yükü ilə səfər etmək olmaz. Çünki insan elə ilk səfərdə cəhənnəmdə qalar”.

İmam Əli (ə) insanlara xitab edərək, buyurur: "Günah yükünüzü tökün və özünüzü yüngülləşdirin. Yaxşı ölülərinizə qoşulun, günah yükü ilə sonrakı aləmə daxil olmayın”.

Ona görə də ey Adəm övladı! Ölüm sənə çatmamışdan əvvəl axirət yükünü topla. Saleh əməllə, gözəl əxlaqla və insanlara xidmət edərək bu yükünü fəzilətli et.

Bir nəfər Peyğəmbərə (s) deyir: "O zaman ki, ölüləri ölü yumaq üçün daşın üzərinə qoyurlar, bəzilərinin gözləri bağlı və bəzilərinin gözləri açıq olur. Bəzilərinin bir gözü açıq və bir gözü bağlı olur. Bu məsələnin səbəbi nədir?”.

Həzrət (s) buyurur: "O kəsin ki, gözü açıqdır, möhlət verilməyib ki, onu bağlasın. O kəsin ki, gözü bağlıdır, möhlət verməyib ki, onu açsın. O kəsin ki, bir gözü bir qədər açıq və bir gözü bağlıdır, möhlət verməyiblər ki, hər iki gözünün vəziyyətini eyni etsin”.

Ona görə də ölüm mələyi gəlməmiş Cənadə kimi biz də həyatın bütün fürsətlərindən fayadalanaq ki, axirətdə onun xeyirli meyvəsini toplaya bilək.



(Erfan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 704 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]