Çərşənbə axşamı, 2024-04-16, 11:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Namaz - Allaha yaxınlaşmağın və günahlardan çəkinməyin ən gözəl yolu
2013-03-14, 9:29 PM
Namaz - Allaha yaxınlaşmağın

günahlardan çəkinməyin
ən gözəl yolu



Zikr etdiyimiz şərif ayələr, eləcə də, hədislərdə peyğəmbərlərin öz namazlarına riayət etmələri, bir daha namazın dərəcəsinin aliliyini, məqamının yüksəkliyini göstərir. Keçmiş ümmətlərin də, namaz kimi vacib, faydalı bir əməli yerinə yetirmələri, heç şübhəsiz bir səbəbə bağlıdır ki, həmin səbəb insanların namaz qılmaqla çirkin işlərdən, yerinə yetirilməsi günah sayılan pis əməllərdən çəkinib, aləmlərin Rəbbinə yaxınlaşmasıdır. Çünki həqiqətən qıldığımız namazlar, bizə Allahı xatırladır, uca Xaliqə yaxınlaşmağımızda vəsilə olur, beləliklə də, rəzil və heyvani sifətlərdən çəkindirir.

Qeyd etdiyimiz kimi Allah-Təala "Məni anmaq üçün namaz qıl!"-deyə buyurmuşdur. Imam Əli (ə) buyurur: "Namaz hər bir pərhizkar şəxsin Allaha yaxınlaşmaq vasitəsidir." ("Namaz hədis güzgüsündə", səh. 13) "Allahın əzəməti qarşısında səcdə, ruku, xuzu və xuşu vasitəsilə Ona yaxınlaş!" ("Namaz hədis güzgüsündə", səh. 18)

Bir başqa hədis, Imam Rzadan (ə) nəql olunmuşdur. Muhəmməd ibni Muslim adlı bir şəxsin sual(lar)ına cavab olaraq Həzrət Imam (ə) yazdığı məktubunda, namazın vacib olma səbəbindən danışaraq buyurur: "Həqiqətən, namazın vacib olması buna görədir ki, namaz qılmaq Mutəal Allahı aləmlərin Rəbbi hesab edib xilqətdə heç bir kəsin ona şərik olmamasına iqrar edək. Namaz qılan kəs bu ibadəti ilə O, yenilməz qüdrət sahibinə sitayiş və pərəstiş etməyə hazır olmaqla yanaşı, eyni zamanda yaşayışında, hətta nəfəs çəkməyində belə Allaha möhtac olmasına etiraf etsin. Namaz qılan kəs bu yolla keçmişdə etdiyi günahların bağışlanmasını öz Rəbbindən diləyir. Bu ibadəti ilə hər gün namaz qıldığı zaman alnını səcdəyə qoymaqla aləmləri yaradan Xaliqi hamıdan üstün bilərək, onu əzəmətlə yad etsin. Hər bir şəxs namaz qılmaqla hər zaman öz Rəbbini xatırlayıb onun qüdrət və böyüklüyünü unutmasın. Namaz qılan kəs, bu ibadəti ilə ulu Tanrının izzət və cəlalı müqabilində təzim başı əyərək, din və dünyasına aid olan hər bir şeydə ondan yardım diləyərək hacətini bəyan etsin. Eyni zamanda ömür boyu gündəlik namazlarını qılmaqla izzət və əzəmətə malik olan Rəbbini yad edərək, Ondan qafil olmasın. Çünki bu ibadətə qapılmaq (namazı düzgün şəkildə, vaxtında yerinə yetirmək) namaz qılan şəxsi müxtəlif fəsad və günahlardan qoruyaraq uzaqlaşdırar." ("Namazın mənəvi həyatı", səh. 25) Gördüyümüz kimi hədisdə bir neçə məsələyə toxunularaq namazın vacib olmasının səbəbi, eləcə də, faydaları bildirilmişdir.

1. Biz namaz qılmaqla, Allahı aləmlərin Rəbbi bilir, şərikinin olmamasını iqrar edirik.

2. Namaz qılmaqla, Allaha pərəstiş (ibadət) etməyimizdən əlavə, yaşayışımızda və ümumilikdə hər zaman Ona möhtac olmağımızı, Onun yenilməz qüdrət, sonsuz hikmət və kəramət sahibi olduğunu etiraf edirik.

3. Günahlarımızın bağışlanmasını diləyir, Allahı ən üstün bilib əzəmətlə yad edirik.

4. Allahın izzət və cəlalı müqabilində təzim edib baş əyir, din və dünyamıza aid olan hər işdə Ondan imdad diləyirik.

5. Namaz qılmaqla, müxtəlif günah və fəsadlardan qorunuruq. Beləliklə də, insan namaz vasitəsilə dünyəvi əməllərdən çəkinib, Allah-Təala ilə ünsiyyət (təmas) qurur, raz-niyaz və munacatla Allaha yaxınlaşmış olur. Bəndələrin namaz qılmaqla günahlardan paklanması, nəfslərinin tərbiyələnməsi məsələsi də, Allahın kitabında da, öz əksini tapmışdır.

Allah-Təala buyurur: "Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl ki, namaz pis və bəyənilməyən işlərdən çəkindirər." (Ənkəbut surəsi, ayə 45) "(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar." (Hud surəsi, ayə 114)

Hər iki ayədə "namaz qıl" ifadəsinin davamında bu mubarək əməlin çirkin, şeytani sifətlərdən çəkinməkdə bir vəsilə olduğu bəyan edilir.

Məhşur hədislərin birində Həzrət Rəsuli-Əkrəm (s)-in səhabələrinə belə buyurduğu nəql edilmişdir: "Qapınızın kənarından müalicə əhəmiyyətli su arxı axarsa və siz də həmən suda hər gün beş dəfə yuyunsanız, bədəninizin çirkinin yuyulub paklaşmasından sevinərsinizmi?!
Müsəlmanlar dedilər:
Bəli, ey Allahın elçisi! Həzrət Peyğəmbər sallallahu əleyhi və əlihi və səlləm buyurdu: Gündəlik beş vaxt namaz da belədir.

" Həmçinin, hədisdə buyurulmuşdur ki, O həzrət, onunla bərabər namaz qılan və eyni zamanda çirkin işlərlə (günahla) məşğul olan bir kişi barəsində buyurur ki, "günlərin biri, onun namazı, onu pis işlərdən çəkindirəcək" və çox keçmir ki, həmin kişi tövbə edir. Həzrət Əli (ə) buyurur: "Namaz insanın günahlarını, ağacın yarpaqları kimi tökür." ("Namaz hədis güzgüsündə", səh. 15) Xanım Fatimeyi-Zəhra əleyhəs-salam buyurur: "Allah-Təala insanı təkəbbürdən çəkindirmək üçün namazı ona vacib etdi." ("Mizanul-Hikmət" (xülasəsi), səh. 517, hədis 3603) Üstəlik biz bu əmələ (namaza) gün ərzində beş dəfə əncam verməklə, qəlbimizi gözəlləşdirir, ruhumuzu paklayırıq.

Əlbəttə ki, "namaz (qılmaq) insanları pis əməllərdən çəkindirər" ifadəsi, hər namaz qılana şamil edilmir. Yəni, mümkündür kimlərsə namaz qılsın, amma, bu (namaz) onları pis əməllərdən uzaqlaşdırıb, günahlardan təmizləməsin. Belə şəxslər (yəni, namazları vasitəsi günahlardan təmizlənməyənlər) öz namazlarını, ixlas olmadan (qeyri-səmimi), həqiqətini dərk etməyərək, həmçinin, öz (əvvəl) vaxtından təxirə salıb, bütün şərtlərinə riyaət etmədən qılan, bir sözlə, namazları namaz olmayan şəxslərdir. Həmin şəxslərin namazı, Allah dərgahında qəbul olunmadığı üçün, namazları vasitəsilə çirkin əməllərdən çəkinmələri də, çətin məsələdir. Bir rəvayətdə buyurulur ki, Rəsulullah sallallahu əleyhi və əlihi və səlləm məsciddə bir kişinin tələsərək, ruku və səcdələri lazımınca yerinə yetirmədən namaz qıldığını gördükdə "bu kişi, bu vəziyyətdə dünyadan getsə, müsəlman kimi ölməmişdir" buyurur. "Kimin namazı onu pislikdən və haramdan çəkindirməsə, onda Allahdan uzaqlaşmaqdan başqa bir şey artmaz." ("Mizanul-Hikmət", səh. 517, hədis 3599) "Namaza itaət etməyən şəxsin namazı heçdir. (Sonra əlavə edərək buyurur:) Namaza itaət etmək, bu mənadadır ki, namaz insanı pis və çirkin əməllərdən saxlasın." ("Namaz hədis güzgüsündə", səh. 17)

Imam Sadiq əleyhis-salam buyurur: "Hər kəs namazlarının qəbul olub-olmadığını bilmək istəyirsə, gərək baxıb görsün qıldığı namazlar onu pis və günah əməllərdən saxlayır, ya yox? Qılınan namazlar insanı pis və günah əməllərdən nə qədər saxlasa, namazı da bir o qədər qəbul olunmuş sayılır." ("Namaz hədis güzgüsündə", səh. 15)

Namazın əhəmiyyətinə dair digər dəlil

Namazın insan üçün əhəmiyyətli olduğuna dair bir başqa dəlil, bu vacib əməlin, digər vacibatdan daha üstün və daha böyük fəzilətə malik olmasıdır. Bildiyimiz kimi, müsəlman şəxsə Ramaza ayının orucunu tutmaq, həcc ziyarətini yerinə yetirmək, zəkat vermək və s. kimi ibadətlər də vacib buyurulmuşdur. Amma, bu ibadətlərin heç biri, hədislərdə "dinin sütunu", "Islamın bayrağı" yaxud, "Cənnəti açarı" deyə tərif edilməmişdir. Çün ki, mümkündür bir şəxs xəstə və ya müsafir olduğu üçün Ramazan ayının vacibi orucunu tərk etsin, fəqirlik yaxud xəstəlik səbəbilə və ya digər səbəbdən həcc ziyarətinə əncam verməsin. Lakin bu səbəblərin heç biri, insanların beş vaxt qıldığı gündəlik vacibi namazları tərk etməyə dəlalət etmir. Yəni, buluğ həddinə çatmış və əqli sağlam olan hər bir kəsə namaz qılmaq vacibdir və Qiyamətə qədər heç bir vəchlə, hətta, çətin və təhlükəli anlarda belə bu ibadət onların üzərindən götürülmür.

Müqəddəs dinimiz icazə verir ki, xəstə olduğumuz vaxt, adi şəraitdə (ayaq üstə) namaz qıla bilmədikdə oturan halda, o da mümkün olmazsa, uzanaraq namaz qılaq. Yaxud dediyimiz kimi çətin, təhlükəli hallarda, döyüş meydanlarında namazı tərk etməyib, asan şəkildə yerinə yetirək. Quranda buyurulur: "Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə və ya minik üstə (qılın)." (Bəqərə surəsi, ayə 239)

Müsəlmanlara çətin, ağır olmasın deyə, bundan da asan şəkildə namaz qılmağa icazə verilmişdir ki, təki bu mühüm ibadət tərk edilməsin! Rəvayət edilir ki, Əbdur-Rəhman ibn Əbu Əbdillah, Imam Sadiqdən (ə) namazı qorxulu və ümumiyyətlə çətin hallarda hansı tərzdə qılınması barədə soruşdu: "Insan, yırtıcı heyvandan və oğrudan qorxduğu halda, namazını necə qılmalıdır?"

Həzrət Imam (ə) onun cavabında buyurdu: "Təkbir (Allahu Əkbər) deyib, namazı başlayaraq, səcdə və rukularını başının işarəsi ilə yerinə yetirsin." ("Namazın mənəvi həyatı", səh. 29)

Digər hədisdə həzrət belə buyurur: "Gündəlik vacib namazlarını, oğru və yırtıcı heyvanlardan qorxduğun üçün və eləcə də, sair "iztirari" vəziyyətlərdə, aram halda qılmaq mümkün olmasa, onları yol getdiyin halda miniyinin üstündə qıl." ("Namazın mənəvi həyatı", səh. 29) ("Iztirari"-yəni, zəruri, qorxulu və çətin şərait.) Əlavə olaraq qeyd edirik ki, namazın (oruc, həcc kimi) digər vacib əməllərdən heç də çətin olmadığı təqdirdə həmin əməllərdən üstün olub, irəlidə gəlməsi də, onun (namazın) nə qədər vacib, əhəmiyyətli olduğundan xəbər verir. Belə ki, namaz qılarkən, oruclu halda olduğu kimi, uzun müddət ac-susuz qalmır, həcc ziyarətindən ötrü sərf etdiyimiz pulu, vaxtı sərf etmir, cihadda iştirak edərkən, keçirdiyimiz qorxu hissini, eləcə gözlədiyimiz ölüm təhlükəsini namaz əsnasında yaşamır və cihada sərf edilən vaxtı, enerjini namaza sərf etmirik. Lakin bütün bunlara baxmayaraq, namaz bu və sair ibadətlərin hər birindən üstün və fəzilətlidir. Yəni, bu şərif kəlamlardan bu nəticəni əldə etmiş olduq ki, namaz dinimizin elə əsaslarından biridir ki, nə olursa olsun onu tərk etməməli, qeyri-adi şəraitlərdə belə, imkan daxilində çalışıb yerinə yetirməliyik.


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 824 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]