Cümə günü, 2024-04-26, 4:12 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Namaz
2013-03-13, 7:31 AM
Namaz
"Namaz" fars sözüdür, ərəbcə ona "səlat" deyilir. Namaz insanın Allaha itaətinin ifadəsidir. Şəriətə görə, hər bir müsəlman gündə beş vaxt (sübh, zöhr, əsr, şam, xiftə) namaz qılmalıdır. Namaz füruiddinin birinci rüknünü təşkil edir. Namaz müsəlmanların vacib olaraq icra etdiyi ibadət formasıdır. Şəriətə görə, hər bir müsəlman gündə veş vaxt, 17 rəkət olmaqla namazı icra etməlidirlər.

Namaz rəkətlərdən ibarətdir. "Rəkət" ərəbcədən tərcümədə dini ifadələrin və bədənin vəziyyətinin kompleksinə deyilir.

Sübh iki, zöhr (günorta), əsr (günortadan sonra) və xiftə (gecə) namazları ayrı-ayrılıqda dörd, şam (gün batanda) namazı isə üç rəkətdir. Namaz vaxtının daxil olması azan verməklə bildirilir.

Namazda 11 vacib əməli yerinə yetirmək lazımdır:

1. Qiyam - ayaq üstə qibləyə sarı durmaq.

2. Niyyət - "filan (məs. sübh) namazı qılıram, vacib qürbətən iləllah".

3. Təkbirətül-ihram - niyyət edəndən sonra "Allahu-Əkbər" demək.

4. Qiraət - "həmd" və "hurə" oxumaq.

5. Rüku - əllər dizlərin gözünə çatana kimi əyilmək.

6. Səcdə - diz çöküb alnı yerə (möhürə) vurmaq.

7. Təşəhhüd - səcdədən sonra oturub şəhadət gətirmək və salavat çevirmək üçün dua oxumaqdır.

8. Salam - təşəhhüddən sonra iki vacib və bir müstəhəbb salamı oxumaq.

9. Zikr - rüku və və səcdənin özünə məxsus dualarını oxumaq.

10. Tərtib - namazın əməllərini göstərilmiş ardıcıllıqla icra edib, dal-qabaq salmamaq.

11. Müvalat - namazdakı əməllərin arasında böyük fasilə verməmək.

Namazı vaxtında qılmaq vacibdir. Əgər namazı vaxtında qılmaq mümkün olmayıbsa, o zaman onun qəzasını qılmaq lazımdır.

Namazların qəza getməsi səfər zamanı da baş verə bilər. Səfərdə olanlar üçün şəriət aşağıdakı qaydaları müəyyən etmişdir:

* Əgər səfərə çıxanın gedib-qayıtma yolu 44 km-dən çoxdursa, onun namazı qəsr - yəni 4 rəkətli namazlar 2 rəkətə çevrilir.

* Əgər qadınlar ərlərindən, uşaqlar isə valideynlərinin icazəsi olmadan səfərə çıxarlarsa, o zaman namazı tam yerinə yetirməlidirlər.

* Dindarlar borclarını ödəməkdən qurtulmaq üçün səfərə çıxarlarsa, İslam dini namazın rəkətlərini ixtisar etməyi ona qadağan edir. Səfərdə olarkən "günah" işlətmək niyyətinə düşən adamın da namazı ixtisar etməsi qadağandır.


Altı halda dəstəmaz alınmalıdır:

- vacib namazlar üçün (meyit namazından başqa);

- unudulmuş, səcdə və təşəhüdd üçün;

- Kəbənin vacib təvafı üçün;

- and içmək, nəzir və əhd etmək;

- Quran ayəsi, kəlməsi yazmaqdan ötrü;

- bədənin bir yerini Quranın yazısına toxundurmağı nəzr etdikdə.

* Cəfəri məzhəbində (şiəlikdə) gündəlik beş vaxtda qılınan gecə-gündüz (yomiyyə) namazlarından əlavə, aşağıda adları çəkilən namazlar da vacibdir:

1. Ayat namazı.

2. Meyit namazı.

3. Təvaf namazı.

4. Ata-anadan qəza getmiş namaz.

5. İcarə vasitəsi ilə, nəzirlə, andla, əhdlə bağlı namaz.


Ayat namazı

Ayat namazı Günəş və Ay tutulanda, zəlzələ olanda və ya hər hansı təbii fəlakət baş verəndə dindar olan şəxs dəstəmaz alır, ayaq üstə üzü qibləyə dayanaraq "Əssəlatü, Əssəlatü, Əssəlah" deyib belə niyyət edir: Məsələn, (əgər Ay tutulmuşsa) "iki rükət ayat namazı qılıram, Ay tutulduğuna görə vacib qürbətən iləllah".

Şəriətə görə, təbii fəlakəti duyan, lakin dərhal Ayat namazı qılmayan müsəlman çox ağır günaha batır. Sonra gərək bu namazın qəzasını yerinə yetirsin.



Meyit namazı

Meyit namazının gündəlik və digər namazlardan fərqi bundadır ki, bu namazda "azan", "iqamə", "həmd və surə", "qunut", "rükü", "səcdə"lər, "təşəhhüd" və "salam" yoxdur. Beş "təkbirdən", yəni "Allahu-Əkbər"dən ibarətdir.

Meyit namazı - meyit yuyulub qüsl və kəfən ediləndən sonra icra olunur. Meyit namazını həyətdə, məscidin həyətində və ya qəbirstanda xüsusi hazırlanmış yerdə qılmaq olar. Meyit namazı qılarkən belə niyyət edilir: "Namaz qılıram bu hazır (qadın olarsa, hazirə) olan meyitə vacib qürbətən iləllah". Molla meyit namazına başlayarkən, ayaq üstə dayanıb "Əssəlatü, Əssəlatü, Əssəlah" dedikcə, namaza dayananlar da onu təkrar edir və ürəklərində aşağıdakı kimi niyyət edirlər: "Namaz qılıram bu hazır (meyit qadın olarsa, "hazirə" deyilməlidir) olan meyitə, vacib qürbətən iləllah" - deyərək əllərini qulaq bərabərinə qədər qaldırıb "Allahu-Əkbər" deməklə birinci təkbiri edirlər. Qarşıda dayanan molla meyit namazında oxunan duanı oxuduqca, onun arxasında dayanan şəxslər həmin sözləri dinləyib sakit dayanırlar.

Meyit namazına dayanan şəxslərin dəstəmaz alması və qüsllü olması çox da şərt deyildir. Bütün vəziyyətlərdə meyit namazını qılmaq olar. Həmin cərgələrdə namaz qılmağı bilməyənlər də dayana bilər. –ünki onlar pişnamaza iqtida edirlər. Bunun özü də böyük savab sayılır.



Təvaf namazı

Təvaf namazı həcc ziyarətinə gedən hər bir müsəlmanın Kəbəni yeddi dəfə dolandıqdan sonra qıldığı iki rəkət namaza deyilir.
Bu namazı Kəbədə - "Məqami-İbrahim" adlanan yerdə durub aşağıdakı kimi niyyət edib qılmaq lazımdır: "İki rəkət təvaf namazı qılıram, vacib qürbətən iləllah".


Ata-anadan qəza getmiş namazlar

Ata-ananın sağlığında müəyyən səbəblərdən qıla bilmədikləri namazlar qəza sayılır. Bu cür qəza namazlarını mərhumun böyük oğlunun icra etməsi vacibdir. Əgər böyük oğlu yoxdursa və ya ölübsə, bu namazın icrası sonrakı oğul və qızlara vacib deyildir. Vərəsələrin öhdəsində qılınması ixtiyaridir. Ölüyə ehtiram əlaməti olaraq, vərəsələr tərəfindən qılınması fərzdir - yəni qılınsa yaxşıdır. Həmçinin, qəza getmiş oruclar da tutulmalıdır.

Əgər ölənin əmlakı qalıbsa, onun təxmini maya dəyərinin üçdə bir hissəsini qəza namazının və başqa vacibatların yerinə yetirilməsinə sərf etmək lazımdır. Xüsusən, əgər vəfat edənin övladı yoxdursa, ondan miras qalan vəsaitin üçdə biri hesabına qəza namazı qılmaq üçün muzdlu ibadətçilər tutulur. Müsəlman ruhaniləri muzdlu namaz qılanları ciddi nəzarət altında saxlayırlar. Əgər muzdlu namaz qılan icraçılardan biri vəfat edərsə, şəriət qaziləri ölənin vəsaiti hesabına başqa icraçı tuturlar.
Əgər vəfat edənin böyük oğulları əkizdirlərsə, şəriət tələb edir ki, onlar qəza namazının qılınması vəzifəsini bərabər surətdə aralarında bölüşdürsünlər. Qardaşlar püşk ata və ya razılığa gələ bilərlər. Bu halda qəza namazını onlardan biri yerinə yetirir.
Böyük oğul qəza namazını qılmaqdan o zaman azad edilir ki, valideynləri qəza namazını başqa bir şəxsin qılmasına vəsiyyət etmiş olsunlar.

Ağıldan kəm olan övladlar qəza namazı qılmaqdan azaddırlar. Lakin şəriət hakimləri kəmağıl və dəli olanların müalicə olunmasını izləməlidirlər. Övladlar yetkinlik yaşına çatan kimi, dəlilər isə müalicə olunan kimi qəza namazlarını qılmalıdırlar.


İcarə, nəzir, and və əhdlə bağlı namazlar

* icarə namazı - Hər hansı müsəlman vəfat etməmişdən əvvəl vacib namazları və ya başqa ibadətləri yerinə yetirmədikdə, ölümündən sonra həmin namazları icra etmək üçün icarəyə xüsusi şəxslər tutulur ki, bunlara da icarəçi deyilir.

İcarəçi vəfat etmiş şəxsin boynunda olan qəza namazlarını ya icarə haqqı almaqla, ya da bağışlama yolu ilə icra edə bilər. Qəza namazlarının miqdarı ailə üzvlərinin, varislərin deməsilə, ya da vəsiyyətnamədə göstərilən sənədlə müəyyənləşdirilir.

Belə niyyət edilir: Məsələn, Əziz Nəzir oğlunun qəza getmiş (sübh və b.) namazını qılıram, vacib qürbətən iləllah". * nəzir namazı - Hər hansı bir istəyin həyata keçirilməsini Allah-Təaladan arzu edən şəxslər müəyyən adda və sayda namaz qılmağı nəzir edə bilərlər. Belə namazlar nəzir namazı adlanır. Eyni zamanda, hər bir şəxs müəyyən pis əməllərdən çəkinmək üçün də namaz qılmağı nəzir edə bilər. Nəzir namazı hər bir şəxsin özü tərəfindən icra edilməlidir. Nəzir edən həddi-buluğa çatmış, ağıllı və öz ixtiyarında olmalıdır. Əsəbi halda və ya başqalarının təkidi ilə nəzir etmək batil sayılır.

Qadın ərindən icazəsiz nəzir edə bilməz. Amma ərin icazəsi ilə nəzir edibsə, sonradan əri ona maneçilik edə bilməz. Həmçinin, haram işlərin icrasını boynuna götürmək və ya vacibi şeyləri tərk etmək məqsədilə nəzir etmək şəriətdə qadağan və haramdır. Məsələn, biri arzu edir ki, filan istəyim yoluna düşsə, gedib dilənçilik edərəm və ya pis yola düşərəm və s.

* əhd ilə bağlı namaz - əhd namazının şərtləri də nəzir namazında olduğu kimidir. Lakin niyyətdə "nəzir" sözü əvəzinə "əhd" deyilir.

* and namazı - Hər hansı bir şəxsin müəyyən bir fəaliyyətini tərgitmək məqsədilə andına zidd çıxdıqda, onun boynuna and namazı düşür. And namazının miqdarı hər bir şəxsin nəzərdə tutduğu sayda və adda olur. Məsələn, biri and içir ki, mən bundan sonra hər gün beş vaxt namazdan əlavə iki rəkət də əlavə namaz qılacağam. O namaz ona vacib olur. Lakin andı pozduqda, onun boynuna kəffarə gəlir. (Yəni 10 nəfər imkansızın qarnını doydurmaq və ya 10 imkansıza libas almaq, əgər bunları edə bilməsə, üç gün ardıcıl oruc tutmalıdır).

Nəzir və əhd namazlarındakı şərtlər də and namazına şamil edilir.

Vacib namazlardan başqa bir neçə müstəhəbb namazlar da vardır. Bunlardan Qurban və Fitr namazlarını göstərə bilərik:

* qurban və fitr namazı - Müsəlmanların Qurban bayramı Zilhiccə ayının 10-cu günü, Fitr bayramı isə orucluq qurtarandan sonra olur. Bu namazlar vacib namazlardan onunla fərqlənir ki, bir qayda olaraq bunlar Günəş çıxan vaxtdan günortaya qədər olan ərəfədə yerinə yetirilməlidir. Bu namazların özlərinə məxsus surələri vardır. Qeyd edək ki, Qurban namazı Fitr namazından fərqlidir.

* qurban namazı - Qurban bayramı namazı iki rəkətdir. Birinci rəkətdə "Həmd" və "Surə"ni oxuyandan sonra beş təkbir (Allahu-Əkbər) deyilir. Və hər bir təkbirdən sonra qunut oxunur. Beşinci rəkətdən sonra rükü və səcdəyə gedilir. İkinci rəkət üçün qalxıb yenə "Həmd" və "Surə" oxunur, dörd təkbir deyilir. Yenə hər rəkətdən sonra qunut oxunur. Qunut zamanı hər cür arzu edilən dualar oxumaq olar. Bundan sonra rükü, səcdələr, təşəhhüd və salamlar deyilir.

* fitr namazı - Bu namaz da Qurban namazı kimi icra edilir. Lakin niyyətdə "İki rəkət Fitr namazı qılıram, vacib qürbətən iləllah"- deyilir.

Qurban və Fitr namazlarından sonra sədəqə paylanır.

Onu da bilməliyik ki, Uca Yaradanın bizim qıldığımız namaza ehtiyacı yoxdur. Sadəcə bizim Allaha, Allahla rabitə vasitəsi olan namaza ehtiyacımız vardır.

Namaz aləmlərin Rəbbi ilə insanın vəhdətidir. Həmişə fikirli və həyəcanlı olan insan özünün aramlığını və sakitliyini yalnız Allaha üz çevirəndə tapır.

Namaz İslam dinin zəruri və mühüm hissələrindən biridir ki, hər bir həddi-buluğa çatan və ağıl sahibi müsəlmana vacibdir. Əbəs yerə deyildir ki, Peyğəmbərimiz (s) namazı dinin sütunu adlandırıb.

Yaxşı olar ki, namaz camaatla birgə məsciddə qılınsın. Peyğəmbərimiz (s) buyurub ki, "camaatla qılınan namazın dərəcəsi tək qılınan namazdan 27 dəfə artıqdır". Camaat namazı və cümə namazı müsəlmanların vəhdətinin əlaməti sayılır.


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 1329 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]