Şənbə günü, 2024-04-20, 4:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

İBADƏT
2013-03-14, 9:50 PM
İBADƏT


Namaz mövzusuna başlamazdan öncə ibadət, bəndəlik və onun müxtəlif fəlsəfə və mə’naları barəsində söhbət edəcəyik. Çünki ibadət namazın ruhudur.

NƏ ÜÇÜN İBADƏT?
İbadət dedikdə Allah qarşısında kiçiklik və təvazökarlığın ən üstün forması anlaşılır. Aləmin yaranışı və peyğəmbərlərin be’sətinin ibadət üçün olması ibadətin əhəmiyyətini lazımınca göstərir. Allah-təala buyurur: "Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!”[Zariat,56]
Aləmin, cinlərin və insanların yaranışında məqsəd Allaha ibadətdir.
Bütün peyğəmbərlərin risaləti xalqı Allaha pərəstişə də’vət etmək olub: "Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan çəkinin” –deyə peyğəmbər göndərmişdik.”[Nehl,36]
Demək, aləmin yaranışı və peyğəmbərlərin be’sətində məqsəd Allaha ibadətdir. Allahın bizim ibadətlərimizə ehtiyaclı olmadığı mə’lumdur. "Həqiqətən, Allah sizə əsla möhtac deyildir.”[Zumer,7] İbadət pərəstiş edənlərin özünə faydalıdır. Necə ki, şagirdlərin dərs oxuması müəllim yox, onların özü üçün faydalıdır.

İBADƏTİN ƏSASLARI
İnsanı Allaha pərəstişə vadar edən işləri sadalayaq:
1. Allahın əzəməti
İnsan özündən asılı olmayaraq ilahi əzəmət qarşısında xüzu və kiçiklik hiss edir. Necə ki, böyük şəxsiyyətlərin və ya alimlərin yanında özünü kiçik sayır, ona tə’zim edir.
2. Fəqirlik və asılılıq hissi
İnsan təbiətən asılı və ya ehtiyaclı olduğu kəsin qarşısında təvazökar olur. Bizim vücudumuz Allahın iradəsinə bağlıdır və bütün işlərdə Ona ehtiyaclıyıq. Bu acizlik və ehtiyac hissi insanı Allaha pərəstişə aparır. O Allaha ki, kamil və ehtiyacsızdır! Bə’zi hədislərdə bildirilir ki, əgər fəqirlik, xəstəlik və ölüm olmasaydı, bə’ziləri Allah qarşısında heç zaman boyun əyməzdilər.
3. Ne’mətlərə diqqət
İnsan daim ne’mətlərdən bəhrələnərək, sitayiş edir. Allahın saysız ne’mətlərini yada salmaq Allahı düşünmək və ibadət üçün güclü amil ola bilər. Mə’sum imamların münacatlarında adətən öncə (hətta insanın təvəllüdündən əvvəl) Allahın ne’mətləri yada salınır. Bu yolla insan Allaha məhəbbətini dirildir, sonra isə ehtiyaclarını Ondan istəyir. Allah-təala buyurur: "Bu evin Rəbbinə ibadət etsinlər! Bir Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.”[Qureysh,4] Başqa bir ayədə buyurulur ki, sizi yaratdığı üçün Allahınıza bəndəlik edin.
4. Fitrət
Pərəstiş insan vücudunun bir hissəsi və onun fitri istəyidir. İnsan fitrətində olan pərəstiş ruhu bə’zən düzgün yolunu tapır və insan Allaha pərəstiş edir. Bə’zən isə cahillik və azğınlıq səbəbindən insan daşa, taxtaya, günəşə, inəyə, pula, maşına, qadına və tağutlara pərəstiş edir.
Peyğəmbərlərin gəlişi pərəstiş hissi yaratmaq üçün deyil. Onların be’səti bu fitri meylin düzgün yola hidayət olunması üçündür. Həzrət Əli (ə) buyurur: "Allah Məhəmmədi (s) haqq olaraq göndərdi ki, bəndələrini bütpərəstlikdən allahpərəstliyə də’vət etsin.”[Nehcul-Belage,147-ci xutbe]
Qur’anda ibadətə aid ayələrin əksəri insanları ibadətə yox, ibadətdə tövhidə çağırır. Çünki hər bir uşaqda yeməyə meyl olduğu kimi, insanda da ibadət ruhu mövcuddur. Lakin insan hidayət olunmasa yemək əvəzinə torpaq yeyib, ləzzət alasıdır!
Əgər peyğəmbərlərin rəhbərliyi olmasaydı bu meyl azğın yola istiqamətlənər və Allah əvəzinə yalançı mə’budlara pərəstiş olunardı. Necə ki, həzrət Musanın (ə) yoxluğunda və 40 günlük qeyb dövründə xalq Samirinin hiyləsi ilə onun qızıl buzovuna pərəstiş etdi.

İBADƏTİN ROLU
İbadət həyatın bütün sahələrində Allahın razılığını düşünməkdir. İşlərə ilahi rəng verməyin insan həyatında mühüm tə’sirləri var. Bunlardan bə’zilərinə nəzər salaq:
1. Faniləri əbədiləşdirmək
İnsan və onun bütün işləri fanidir. Lakin Allaha aid olan və Onun razılığı üçün görülən bütün işlər axirət azuqəsidir və əbədidir. Qur’an buyurur: "Sizin yanınızda olan tükənər, Allah dərgahında olan isə əbədidir.”[Nehl,96] "İlahi rəngdən məhrum hər bir şey məhvə məhkumdur.”[Qeses,88]
2. Maddiyyatın mə’nəviyyata çevrilməsi
Əgər insan öz işlərində Allahın razılığını qazanıb ona bəndəlik edərsə, hətta yemək, geymək, səfər, görüş, evdarlıq, təhsil kimi gündəlik işlər mə’nəviyyata çevrilər. Lakin bə’zən dünyəvi məqsədlərlə görülən müqəddəs işlər öz dəyərini itirir. Birinci vurğuladığımız nəhayət faydalanma, ikinci isə nəhayət ziyana uğramaqdır.
3. Fərdi və ictimai quruculuq
Allaha ibadət dünyəvi meyllərə göz yummaqla, nəsil, geyim, dil və məkan fərqinə görə öyünməməklə, Onun sonsuz qüdrətinə qəlbən bağlanmaqla və ne’mət sahibinə təşəkkürlə yanaşıdır. Buna görə də ibadət ictimai və fərdi yaşayışın, düşüncənin formalaşmasında rol oynayır. İbadət düzgün ilahi yolla hərəkətdir: "Mənə ibadət edin, bu, doğru yoldur!”[Yasin,61] İbadət yük yox, hərəkət vasitəsidir: "Səbr və namazdan kömək alın.”[Beqere,45-153]
İbadət insanı fərdi şəkildə nəfsin, günahların və şeytanın köləliyindən xilas edir. Eyni zamanda, Allaha pərəstiş edən cəmiyyət zülmkarlara və tağuta pərəstişdən azad olur. İqbal Lahuri deyir:İnsana əyildi qəlbi kor insan,
Tapdığı gövhəri itirdi, aman!
İt itə əyilmir –həqiqətdi bu,
Əyilən itdən də dəyərsiz oldu.
İbadət həm fərdləri, həm də cəmiyyəti fomalaşdırır. Allahdan qeyrisinə pərəstiş cəmiyyətdə fəsad yaranmasına səbəb olur.

Müəllif: Möhsin Qəraəti


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 901 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]