Bazar ertəsi, 2024-12-23, 8:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Gecə namazı
2013-03-13, 7:36 AM
Gecə namazı

Allah Təala Peyğəmbər (s.ə.s)-ə belə əmr etmişdir:
"Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!" (əl İsra surəsi, 79) Bu əmrin Peyğəmbər (s.ə.s)-ə aid olmasına baxmayaraq, Rəsulallah (s.ə.s)-ə tabe olmaları əmr edilən bütün müsəlmanlar da bu hökmün içərisinə girir.

Allah Təala gecə namazlarına davam edənlərin, yaxşı insanlar olduqlarını və Allahın xeyir və rəhmətini qazandıqlarını açıqlayaraq belə buyurur:
"Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar; Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər. Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi." (Zariyat surəsi, 15-19)

Allah gecə namazlarına qalxanları təriflədikdən sonra onları yaxşı qullar cümləsinə qataraq belə buyurmuşdur: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər" (Furqan surəsi, 63-64)

Onların həqiqi mömin olduqlarını Allah Təala bu ayələrdə şahidlik edərək buyurur: "Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər. Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (mö’minlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür ne’mətlər gizlənib saxlandığını heç kəs bilməz!" (əs Səcdə, 15-17)

Allah Təala, gecə namaz qılanlarla, bu vəsfi almayan digərlərinin arasını ayırıb, bərabər olmadıqlarını bəyan edərək belə buyurmuşdur: "Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müt’i bəndə kafirlə bildirmi)?! De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!" (Zumər surəsi, 9)

Bu ayələr bu barədə Quranda keçən bir neçə ayədir. Rəsulallah (s.ə.s)-in sünnəsində isə bu barədə çox hədis vardır. Bəzilərini aşağıda qeyd edə bilərik:
Abdullah ibn Salam belə demişdir: "Rəsulallah (s.ə.s) Mədinəyə ilk gəldiyində insanlar sürətlə ona tərəf qaçdı. Mən də qaçanlar arasında idim. Rəsulallah (s.ə.s)-in üzünü görüncə onun əcnəbi bir üz olmadığını anladım. Ondan ilk eşitdiyim söz bu oldu: "Ey insanlar, salamı yayın, yemək yedirin, qohumları ziyarət edin, insanlar yatdıqda ikən namaz qılın, salamatla Cənnətə girin" (Hədisi Hakim, İbn Macə, Tirmizi rəvayət etmişdir, Tirmizi hədisin həsən, səhih olduğunu söyləmişdir)
Salman Farisi demişdir ki : "Rəsulallah (s.ə.s) belə buyurdu: "Sizə gecə namazı qılmağı tövsiyə edirəm. Sizdən əvvəlkilərin adəti bu idi. Bu adət sizi Rəbbinizə yaxınlaşdırır. Günahlarınıza son verir, vücudunuzdan xəstəliyi aparır"

Səhl ibn Sad belə demişdir: "Cəbrayıl (ə.s) Peyğəmbər (s.ə.s)-in yanına gələrək belə dedi: "Ey Muhammad, nə qədər yaşayırsan yaşa, öləcəksən, dilədiyin əməli et, onunla qarşılıq görəcəksiniz, dilədiyini sev, ondan ayrılacaqsınız. Bil ki, möminin şərəfi gecə namaz qılmaqdır, izzəti isə insanlardan bir şey diləməməkdir"

(Fiqhus Sünnə, 1-ci cild, 206-209)


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 787 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]