Çərşənbə günü, 2024-05-08, 5:04 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Dəstəmaz barədə təhlillər (3)
2013-03-14, 7:36 AM
Dəstəmaz barədə təhlillər (3)

Mən özüm Cəddə aeroportunda olarkən gördüm ki, sünnü qardaşlardan biri dəstəmaz üçün gəlib məsh əvəzinə ayaqlarını diqqətlə yudu, digəri isə gəlib üzünü və əllərini yudu, əlini ayaqqabısının üstünə çəkib namaza getdi. Mən heyrətdə donub qaldım və öz-özümə fikirləşdim ki, hikmətli Peyğəmbər (s) kimi bir şəxsdən elə bir göstəriş olarmı ki, onun üçün bir izah yolu tapmaq olmasın?!
Bu suallardan sonra gərək bu məsələnin əsil mənbələrini tədqiq edək, rəvayətlərin arasında bu fətvanın əslini tapaq, eləcə də onun üçün əqli həll yolunu araşdıraq.
Rəvayətlər bir neçə qrupdur:

a) Əhli-beyt mənbələrində nəql olunan rəvayətlər ayaqqabının üzərinə məsh çəkməyi ümumi və yekdil şəkildə inkar edir, o cümlədən:

1-Şeyx Tusi, Əbil Vərdin belə dediyini nəql edir: Imam Əbu Cəfər Baqirə (ə) ərz etdim: "Əbu Zəbyan nəql edir ki, Əlinin (s) suyu tökdüyünü və öz ayaqqabılarına məsh etdiyini gördüm." həzrət buyurdu: "Əbu Zəbyan yalan deyir." Əlinin Qurani-məciddə ("Maidə" surəsinin dəstəmazda ayaqlara məsh çəkilməsinigöstərən ayəsində) ayaqqabılara deyil, ayaqlara məsh çəkilməsini buyurmasını göstərən xəbər sənə çatmayıbmı?!" Ərz etdim ki, ayaqqabıların üzərinə məsh çəkməyə icazə verilmişdirmi?! Buyurdu: "Xeyir! Amma əgər düşmən qarşısında olsan və təqiyyə etmək istəsən, yaxud qar yeri örtmüş olsa və öz ayaqlarına soyuq dəyəcəyindən qorxsan (bu həllarda eybi yoxdur)."

Bu hədisdə bir neçə məsələ aydın olur:

Əvvəla: Əhli-sünnə rəvayətləri arasında Əlinin (ə) ayaqqabılara məsh çəkməyi caiz bilməsinin məşhur bir məsələ olmasına baxmayaraq, necə olur ki, Əbu Zəbyan və onun kimilər özünə icazə verir ki, o həzrətin adından yalan desinlər?! Görəsən, bu işdə bir hiylə məkr işdədilibmi? Bu sualın cavabını sonralar başa düşəcəyik.

Ikincisi: Əli (ə) düz yolu göstərir və buyurur ki, Qurani-Məcid hər şeydən öncə, bütün şeylərin hökmünü bəyan etmiş və bu işdə heç nə Qurandan qabağa keçməmişdir. Əgər Qurannın əksinə olan bir rəvayətdə görünsə, mütləq izah edilməli, başqa mənaya yozulmalıdır. O da dəstəmaz ayəsinin yerləşdiyi "Maidə" surəsindədir və ayələr heç vaxt nəsx olunmamışdır.

Üçüncüsü: Imam Baqir (ə) də düz yol göstərib buyurur ki, ayaqqabılara məsh çəkilməsi barəsində varid olan rəvayəti zəruri hallara, o cümlədən şiddətli soyuğa -ayaqların soyuqdan donma qorxusu olan həllərə yozmaq lazımdır.
2-Mərhum Səduqun "Mən la yəhzuruhul-fəqih" kitabında Əmirəl-möminin Əlidən (ə) nəql etdiyi bir hədisdə deyilir. "Biz elə bir xanədanığ ki, ayaqqabının üzərinə məsh çəkmirik. Hər kəs bizə tabedirsə, bizə iqtida və bizim sünnəmizi qəbul etsin."
3-Imam Sadiqdən (ə) nəql edilən hədisdə çox qəribə təbirlə buyurulur: "Hər kəs ayaqqabının üstünə məsh çəksə, Allah, onun Rəsulu (s) və Qurani-Məcidlə müxalifət etmişdir. Belə bir şəxsin dəstəmazı natamam, namazı isə kifayət deyildir (vacib fərizəni əda etməmişdir)."

Ayaqqabının üzərinə məsh çəkməyin caiz olmaması barəsində Əlidən (ə) nəql olunan rəvayətə diqqət yetirməklə Fəxr Razinin; "Bismillah"ın astadan, yoxsa ucadan oxunması ilə əlaqədar dediyi sözü xatırladırıq, çünki bəziləri "Bismillahir-rəhmanir-rəhim"i oxumağı vacib bilirdi. Əli (ə) isə ucadan (cəhrlə) oxumağı lazım hesab edirdi. O (Fəxr Razi) belə deyirdi: "Hər kəs Əlini özunun din rəhbəri qərar versə, öz dinində və nəfsində möhkəm bir sığınacağa sarılmış olar."

Indi isə digər rəvayətləri araşdırırıq.
B) Ayaqqabıların üzərinə məsh çəkməyə icazə verən rəvayətlər; onlar da iki qrupdur:
Birincisi o rəvayətlərdir ki, Buna mütləq şəkildə icazə verir, o cümlədən, Səd ibni Əbi Vəqqasın Rəsuli Əkrəmdən (s) mərfu şəkildə nəql etdiyi hədisdir ki, ayaqqabıların üzərinə məsh çəkməyə icazə verir. (Əs-sünənül-kubra, 1-ci cild, səh 269) Beyhəqinin "Səhihi Buxari"dən, "Səhihi Muslim"dən, onlar da Huzeyfədən nəql etdikləri digər hədisdə (Üzr istəyirik, amma hədisi olduğu kimi verməyə məcburuq) buyurur: Hüzeyfə deyir ki, "Peyğəmbər (s) bir qövmün zibil tökdükləri yerə getdi və ayaq üstə bövl etdi. Sonra su istədi, mən ona su gətirdim, o dəstəmaz alaraq ayaqqabılarının üstünə məsh çəkdi."
Biz əminik ki, bu hədis yüz faiz saxtadır, onu bəzi münafiqlər Peyğəmbəri-Əkrəmin (s) müqədəs məqamına zərbə vurmaq üçün düzəltmişlər. Bundan sonra da müəlliflərin sadəliyi üzündən "Səhihi Buxari" "Səhihi Müslüm" kimi kitablara varid edilmişdir.
Görəsən, azacıq şəxsiyyət sahibi olan adi bir şəxs elə bir iş görərmi ki, öz ardınca qələmin yazmaqdan həya etdiyi çoxlu xoşa gəlməz hallar gətirsin?!

Çox təəccüblü haldır ki, bu qəbildən olan rəvayətlər "Sihah" kitablarında gəlmişdir, sünnü alimləri hal-hazırda da ona istinad edirlər.

Bu və bu kimi rəvayətlər ayaqqabıların üzərinə məsh çəkilməsini heç bir şeylə şərtləndirmir.

Ikinci dəstə: Bu rəvayətlərdən aydın olur ki, ayaqqabıların üzərinə məsh çəkmək caiz olsa da çıxılmaz və zəruri hallara aiddir. O cümlədən:

Miqdam ibni Şüreyhin Ayişədən nəql etdiyi hədisdə deyilir ki, ondan ayaqqabıların üzərinə məsh çəkmək barədə soruşduqda, dedi: Əlinin yanına get. O, Peyğəmbərlə birlikdə səfərə gedirdi. Mən onun yanına gəldim və bu sualı soruşduqda, buyurdu: Peyğəmbələ (s) birlikdə səfərə gedəndə, bizə göstəriş verirdi ki, ayaqqabların üzərindən məsh çəkək."

Bu təbir göstərir ki, ayaqqabılarn üzərinə məsh çəkilməsi zərurət hallarına məxsus olmuşdur. Buna görə də deyilir ki, "Peyğəmbər səfərdə bizə belə buyururdu" Sünnülərin mənbələrindən olan rəvayətlərin məcmusuna diqqət yetirməklə və bitərəf mövqe seçməklə aşağıdakı nəticələri almaq olar:

Əvvəla: Usul elmində məşhur olan "mütləq (qeydsiz) və "Müqəyyəd" (qeydli) rəvayətlər arasında, mütləqlərə qeyd vurma qəbilindən olaraq cəm etmə" qaydasına əsasən ayaqqabılara məsh çəkilməsinə mütləq şəkildə icazə verən rəvayətləri zərurət halların, o cümlədə, səfər, müharibə meydanı, yaxud buna oxşar olan digər hallara yozmalıyıq. Maraqlıdır ki, Beyhəqi öz "Sünən" kitabında ayaqqabıların üzərinə məsh çəkilməsinin caiz olduğu zamanın nə qədər olması barədə müfəssəl bir bab açmış və bir neçə rəvayətlə onun səfərdə üç gün, evdə olan zaman isə bir günlə məhdud olmasını bəyan etmişdir.
Görəsən, bu qədər rəvayət bu həqiqətə dair aydın bir dəlil deyildirmi ki, ayaqqabıların üzərinə məsh çəkilməsini göstərən rəvayətlər zərurət hallarına məxsusdur və adi hallarda ayaqqabıları çıxarmadan onun onun üzərinə məsh çəkilməsinin heç bir mənası yoxdur?!
Bəzilərinin dediyi "bu, ümmətin dücar olacağı məşəqqəti aradan qaldırmaq üçündür" sözləri qəbul olunası deyildir; çünki adi ayaqqabıların çıxarılmasının azacıq belə zəhməti, məşəqqəti yoxdur.
Ikincisi: Əhli-sünnənin mənbələrində Əlidən (ə) nəql olunmuş çoxlu rəvayətlərə diqqət yetirməklə o həzrətdən nəql etdikləri "bu məsh "Maidə" surəsinin altıncı ayəsinin nazil olmasından qabaq dəstəmaz barəsində idi" sözü göstərir ki, buna icazə verilmişsə də, o, bu ayənin nazil olmasından əvvəl imiş. Bu ayə nazil olduqdan sonra isə, hətta müharibə və səfərlərdə belə ayaqqabıların üstünə məsh çəkmək caiz olmamışdır. Buna görə ki, ayaqqabıların çıxarılması cəhətindən çətinlik olduqda dəstəmaz əvəzinə təyəmmüm alırdılar çünki təyəmmümün hökmü də, ümumi şəkildə həmin ayədə qeyd olunmuşdur.
Üçüncüsü: Peyğəmbərin ayaqqabıya məsh çəkməsi müşahidə edilmiş olsa da səbəbi bu idi ki, o həzrətin ayaqqabısının üstü açıq idi və oradan ayağa məsh çəkmək mümkün olmuşdur.

Məşhur imamiyyə hədisçilərindən olan mərhum Şeyx Səduq özünün "Mən la yəhzuruhul-fəqih" kitabında belə nəql edir: "Nəcaşi Peyğəmbər (s) üçün hədiyyə olaraq bir başmaq gətirmişdi, onun üzərində yarıqda var idi. Peyğəmbəri-Əkrəm (s) həmin ayaqqabını geymiş olduğu zaman öz ayağının üstünə məsh çəkirdi. Ona baxanların bəziləri güman edirdilər ki, o həzrət ayaqqabının üstünə məsh çəkir."

Məşhur mühəddis Beyhəqi "Əs-sünənul-kubra" kitabında "babul-xəffilləzi məsəhə ələyhi Rəsulullah" ünvanlı bir bölmə açmışdır. Bu bölmənin hədislərindən məlum olur ki, mühacir və ənsarın ayaqqabılarının çoxsunun üstü açıq (yarıq) idi.

Deməli onların da öz ayaqqabılarının üstündə olan yarıqdan ayaqlarına məsh çəkmələri ehtimal verilir.

Bu bəhsin qəribəliklərindən biri də budur ki, ayaqqabıların üstündə məsh çəkməyi göstərən hədislərin raviləri o kəslərdilər ki, o həzrətin hüzuruna çatmaq tovfiqinə az hallarda nail olurdular. Lakin Əli (ə) həmişə o həzrətin hüzurunda olduğu üçün, əhli sünnənin məşhur hədislərinə əsasən, bu əqidəni heç vaxt qəbul etmirdi. Bundan da qəribəsi odur ki, çox hallarda həzrəti Peyğəmbərlə (s) birlikdə olan Ayişə belə deyir: "Mənim ayaqlarımın qırılması ayaqqabının üstündən məsh çəkməkdən daha yaxşıdır!"

Bəhsin yekunu

1-Quran dəstəmazda ayaqların üstünə məsh çəkilməsini əsil vəzifə hesab etmişdir ("Maidə", 6) Əhli-beyt rəvayətlərinin və onların ardıcılları olan fəqihlərin fətvalarının hamısı, məhz bu əsasda bərqərar olunub.
2-Sünnülərin fəqihləri əsil vəzifəni, əksər hallarda, ayaqların yuyulması hesab edirlər, lakin onların çoxu ixtiyar halında ayaqqabının üzərinə məsh çəkilməsinə icazə verirlər. Bəziləri isə, ayaqqabının üstünə məsh çəkilməsini yalnız zərurət halında caiz bilirlər.
3-Ayaqqabının üstünə məsh çəkməklə əlaqədar sünnü mənbələrində gəlmiş rəvayətlər öz aralarında ziddiyyət vardır, bu da hər bir mühəqqiqi şək-şübhəyə salır. Çünki bəzi rəvayətlər ayaqqabılara məsh çəkməyə mütləq şəkildə icazə verir, bəziləri mütləq şəkildə inkar edir, bəziləri də, zərurət halına məhdudlaşdırır və onun miqdarını səfərdə üç gün, səfərdə olmayanda isə bir gün təyin edir.
4-Rəvayətlərin arasındakı ziddiyyəti aradan qaldırmağın ən yaxşı yolu budur ki, əsil mehvəri ayaqların öz üzərinə məsh çəkilməsini (onların əqidəsinə görə isə ayaqların yuyulmasına) qərar verək, zərurət halında isə, misal üçün, müharibə və ağır səfərlər də nəleyn əvəzinə ayaqqabı geydikləri və onun çıxarılmasının çoxlu çətinlikləri olduğu hallarda ayaqqabının üzərinə məsh edirdilər (bu, daha çox cəbirəyə oxşayır).

ihq.az
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 788 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]