Cümə günü, 2024-03-29, 1:51 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Dəstəmaz barədə təhlillər (2)
2013-03-14, 7:38 AM
Dəstəmaz barədə təhlillər (2)


Müxalif rəvayətlər Biz sünnülərin məşhur kitablarında yuxarıda qeyd olunan rəvayətlərlə ziddiyyətli olan digər iki rəvayətin varlığını heç də inkar etmirik. Birinci dəstədən olan rəvayətlər Peyğəmbəri-Əkrəmin (s) dəstəmaz alan zaman öz ayaqlarını yuduğunu deyir, digər rəvayətlər isə deyir ki, nə ayaqlarını yudu, nə də məsh çəkdi; o həzrət ayaqqabların üstünə məsh çəkdi! Lakin üsul elmində isbat edilmiş olan bu qaydanı unutmaq olmaz: Əgər bir məsələ barəsində iki qisim rəvayət bir-birilə ziddiyətdə olarsa, əvvəlcə onların dəlalət baxımından təzadlarını aradan qaldırmaq, yəni onların elə təfsir və izah etmək lazımdır ki, hər ikisi (Əlbəttə, ürfi dərk meyarlarına uyğun olaraq) bir birinə uyğun gələ bilsin.

Amma onların bir-birilə uyğunlaşdırılması, təzadlarının aradan qaldırılması, ümumiyyətlə mümkün olmazsa, onda Allahın kitabı ilə müqayisə edilməlidir, yəni hansı biri Quranla uyğun olsa, onu əxz, digərini isə tərk etmək lazımdır. Bu qanun mötəbər dəlillər vasitəsilə sübuta yetmişdir.

Buna əsasən, "məsh" və "ğüsl" (ayağın yuyulması) rəvayətləri əsasındakı ixtilafı aradan qaldırmaq üçün belə demək olar ki, Peyğəmbər (s) məsh vəzifəsini dəstəmazda yerinə yetirir, sonra ayaqlarının pak olması üçün bəzən onları yuyur, amma bunu dəstəmazın bir hissəsi hesab etmirdi. Bu səhnəni görən ravilərdən bəziləri də belə təsəvvür etmişdilər ki, ayaqların yuyulması dəstəmazın bir hissəsidir.

Şiələrin arasında da çoxları bu işi görür: Dəstəmaz vəzifəsini, yəni məshi yerinə yetirdikdən sonra, paklığ məqsədi ilə öz ayaqlarını tər təmiz yuyurlar.

Bu iş havanın istiliyinə görə yanları bağlı ayaqqabılardan yox, nəleyindən istifadə edilən mühitlərdə daha zəruri nəzərə çarpır. Çünki nəleyin ayaqları toz torpaqdan, aludəlikdən tam şəkildə qoruyub saxlaya bilmir, hər bir halda, vacib vəzifə olan məsh ilə, ayaqların adi şəkildə yuyulması ayrı ayrı məsələlər olmuşdur.

Belə bir ehtimal da verilə bilər ki, nəss müqabilində ictihad etmək fəqihlərin bir qrupunu ayaqların yuyulmasına dair fətva verməyə vadar etmiş və onlar belə fikirləşmişləri ki, ayaqların çirki yalnız yumaqla paklanıb aradan gedə bilər. Bundan sonra da "Maidə" surəsinin məshə göstəriş verən ayəsinin zahiri mənasını tərk etmişlər. Sünnü alimlərinin bəziləri (yuxarıdakı bəhslərdə qeyd olunduğu kimi) belə demişlər: Yaxşı olar ki, ayaqlarda olan aludəliklərə, görə onu yuyaq və bu işdə məsh kafi deyildir.

Şübhəsiz, Islam dini dünya səviyyəli bir din olub, dünyanın bütün məntəqələri üçün, bütün əsr və qərinələrdə nəzərdə tutulmuşdur. Eyni halda, ən kamil və tamamilə asan olan bir şəriətdir. Siz təsəvvür edin: Ayaqların gecə-gündüz ərzində beş dəfə yuyulması dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar üçün nə qədər çətinliklər icad edə bilər! Bu çətinliklər səbəbilə də bir qurup dəstəmazdan və namazdan ikrahlı bizar ola bilər!

Belə bir ehtimal da verilə bilər ki, ğəsl (yuyulma) rəvayətlərinin hamısı yox, bir qismi saxta hədis düzəldilib yayılmasına qiymət verildiyi bir dövürdə Bəni üməyyənin xilafəti dövründə düzəldilmiş olsun. Bu mümkündür ki, Müaviyə saxta hədis yazanlara külli məbləğdə pul verərək bunu düzəltmiş olsun. Çünki hamımızın bildiyi kimi, Əli (ə) ayaqlara məsh çəkilməsinin tərəfdarı idi, Müaviyə də israrla deyirdi ki, hər bir şey o həzrətin dediyinin əksinə olmalıdır.

Aşağıdakı iki rəvayətə diqqət yetirin:
1. "Səhihi Müslüm" də qeyd edilir ki, Müaviyə, Səd ibni Əbi Vəqqasa göstəriş verdi ki, Əmirəl-möminin Əliyə (ə) lənət desin. Səd dedi: "Əlinin fəziləti barəsində Peyğəmbərdən üç şey eşitmişəm ki, onu heç vaxt unuda bilmərəm. Kaş onlardan heç olmazsa biri məndə olaydı! Bu fəzilətləri külli miqdarda mal-dövlət və sərvətdən üstün hesab edirəm. Sonra Təbuk müharibəsində, peyğəmbərin (s) buyurduğunu, Xeybər müharibəsində Əlinin (ə) barəsində buyurduğu mühüm bir cümləni, eləcə də "Mübahilə" ayəsini bəyan etdi.

Bu hədis Müaviyənin, Əmirəl möminin Əliylə (ə) müxalifətçilikdə nə qədər israr etdiyini göstərir.

2. Çoxlu rəvayətlərdən məlum olur ki, Islamın ilk dövürlərində iki qurup hədis düzəltməyə başlamışdı: Birinci qrup zahirdə saleh, amma sadəlövh olanlar idi ki, bəzi hədisləri Allah dərgahına yaxınlaşmaq üçün (qürbətən iləllah niyyəti ilə) düzəldirdilər. O cümlədən zahirdə dindar olan bir qrup adam, cəmaatın Quran tilavətinə rəğbət göstərməsi üçün surələrin fəzilətinə dair çox qəribə hədislər düzəldir və Peyğəmbərə (s) nisbət verirdilər. Çox təəssüflər olsun ki, onların sayı çox da az deyildi!

Sünnilərin məşhur alimi Qurtəbi "Təzkar" kitabında (səh.155) yazır: "Yalandan hədis düzəldənlərin Quran surələrinin fəziləti barəsində düzəltdikləri hədislərin etibarı yoxdur. Çoxları Quran surələrinin və (hətta) sair əməllərin fəziləti barəsində də bu işi etmişlər. Onlar bu işi qurbət qəsdi ilə yerinə yetirir və güman edirlər ki, bu yolla camaatı yaxşı işlərə və fəzilətli əməllərə dəvət edirlər." (Onlar ən böyük günahlardan olan yalanla zöhd və fəqahəd arasında heç bir ziddiyyət görmürdülər!)

Həmin alim bəzi mühəddislərdən və hakimdən nəql edir ki, zahidlərdən biri Quran və onun surələrinin fəzilətində (qurbət qəsdi ilə) hədislər nəql etmişdir. Ondan bu işi nə üçün görməsini soruşduqda, demişdi: "Mən gördüm ki, camaat Qurana az əhəmiyyət verirlər, istədim ki, onlarda Qurana rəğbətini artıram." Ona deyiləndə ki, axı Peyğəmbər: "Hər kəs mənim adımdan yalan desə, cəhənnəmdə öz yerini hazır etsmişdir!" deyə buyurmuşdur?! Cavabında dedi: "Peyğəmbər buyurmuşdur ki, hər kəs mənim əlehimə yalan desə; mən isə bu yalanları Peyğəmbərin xeyrinə deyirəm!" Qurbəti bu cür hədisləri nəql etməklə tək deyildir; sünnü alimlərindən böyük bir qurupu da onu nəql etmişdir. (Əlavə məlumat almaq üçün "Əl -qədir"in 5-ci cildinin "kəzzabin və vəzain" bölməsinə müraciət edə bilərsiniz.) Ikinci qrup isə küllü məbləğdə pul almaqla Müaviyənin və Bəni-üməyyənin xeyrinə, Əlinin (ə) zərərinə olaraq hədis düzəldirdilər. Misal üçün Sümrət ibni Cündəb dörd yüz min dirhəm (gümüş) pul alaraq Əlinin (ə) məzəmmətində və onun qatillərinin tərəfindən yalançı hədislərdə uyduruldu. Onların yalanları elə ifrat həddindədir ki, ağlın belə qəbul etməsi mümkünsüzdür. Bunlardan "Bəqərə"204 ayəsidir ki, güya bu ayə (nəuzu billah!) Əlinin (ə) barəsində nazil olmuşdur. Bunun kimi çoxlu yalan hədisləri qeyd etmək olar.

Deməli Əli (ə) ilə müxalifət edilməsi üçün dəstəmazda ayaqların yuyulmasına dair rəvayətlərin düzəldilməsi çox da təəccüblü deyil.

Ayaqqabılara məsh çəkilməsi əql və şəriət nəzərindən

Yuxarıda işarə etdiyimiz kimi, dəstəmazda ayaqlara məsh çəkməyi inkar edib, onun yuyulmasını vacib bilənlər eyni halda dəstəmaz alarkən ayaqqabıların üstünə məsh çəkilməyə də icazə verir, bu barədə Peyğəmbərdən (s) nəql olunan bəzi hədislərə istinad edirlər!

Halbuki, Əhli-beyt (ə) hədisləri ümumi şəkildə onu inkar etmiş, sünnü təriqi ilə nəql olunan bir çox mötəbər hədisdə onun əksini bəyan etmişdir.

Izah: Imamiyyə fəqihləri yekdil fikirlə Əhli-beyt (ə) hədislərinə tabe olaraq ayaqqabının üstünə məsh çəkilməsini mütləq şəkildə caiz bilmirlər, lakin sünnü fəqihlərinin çoxu onu mütləq şəkildə istər səfərdə istərsədə qeyri səfərdə caiz bilmişlər onlardan bəziləri isə ayaqqabıya məsh çəkilməsini yalnız zərurət halına aid etmişlər.

Burada müəyyən suallar irəli gəlir, o cümlədən:

1. Necə ola bilər ki, ayaqların özunə məsh çəkmək caiz olmasın, amma ayaqqabıların üstünə caiz olsun?! Halbuki, ayaqların yuyulmasından söhbət açılan zaman deyirlər ki, ayaqda aludəlik, çirk, toz torpaq vardır, məsh çəkmək əvəzinə, onu yusanız daha yaxşı olar.

Aludə, toz-torpaqlı ayaqqabılara məsh çəkmək yumağın əvəzi ola bilərmi?! Onların bəziləri inanırlar ki, şəxs ayaqları yumaqla ayaqqabının üstünə məsh çəkməyin hansı birini seçməkdə ixtiyar sahibidir.

2. Nə üçün "başınıza və ayaqlarınıza məsh çəkin" deyə buyurduğu halda, Quranın zahiri mənasını tərk edib, ayaqqabıların üstünə məsh çəkməyi seçirsiniz?

3. Nə üçün ayaqqabının üstünə məsh çəkilməsini mütləq şəkildə rədd edən, Peyğəmbər (s) tərəfindən Allahın Kitabı ilə bir səviyyədə qərar verilən və insanların nicat vasitəsi olan Əhli-beytin (ə) sözlərini nəzərə almırsınız?!

4. Düzdür ki, Peyğəmbərdən nəql olunan rəvayətlərdə deyilir ki, o həzrət ayaqqabının üstünə məsh çəkirdi; lakin onun müqabilində nəql olunan mötəbər rəvayətlərdə də deyilir ki, əziz Peyğəmbərimiz (s) ayaqlarına məsh çəkmişdir. Nə üçün rəvayətlər bir-biri ilə ziddiyyət təşkil etdiyi zaman bu Quran ayəsinin meyar qərar vermir və rəvayətlərin ixtilaflarında onu hakim seçərək onu müraciət yeri qərar vermirik?!

Bu məsələ ilə əlaqədar nə qədər tədqiqat aparsaq, bir o qədər də qəribəliklərlə qarşılaşacağıq.

"Əl-fiqhi ələl-məzahibil-ərbəə" kitabında oxuyuruq ayaqların yuyulmasının daha fəzilətli olmasına baxmayaraq, zərurət və iztirar halında ayaqqabıya məsh çəkmək vacib, zərurət olmadıqda isə caizdir:


Sonra hənbəlilərdən nəql edir ki, ayaqabının üstünə məsh çəkmək onları çıxarıb ayağı yumaqdan daha fəzilətlidir, bu da Allahın verdiyi rüxsəti əxz və nemətinə şükür etməkdir. Əbu Hənifənin tabeçilərindən bəzilər də onunla razılaşmışdır.

Sonra iddia edilir ki, ayqqabıların üstünə məsh çəkmək çoxlu rəvayətlərlə sübuta yetmişdir ki, təqribən təvatur həddindədir.

Hamısından da maraqlı budur ki, belə ayaqqabıların şərtləri, məshin miqdarı və onun neçə gün dəvam etməsi barədə (bunun bir neçə gün davam etməsi caizdir) geniş bəhs aparmışlar, ayaqqabılara məsh çəkməyin müstəhəb və məkruh əməlləri, onu batil edən şeylər, üzərindən başqa bir ayaqqabı geyilən başqa bir ayaqqabının hökmləri, ayaqqabının hazırlandığı material, eləcə də hökmən dəri olmalıdırmı, yoxsa qeyrisi də kafidir, yarıqlı və yarıqsız olan ayaqqabıların hökmü və s. Bu kitabın bəhslərinin mühüm hissələrini əhatə edir.

5. Nə üçün ayaqqabılara məsh çəkilməsini deyən rəvayətləri zərurət, səfər, müharibə və ayaqqabıların çıxarılmasının mümkün olmadığı, yaxud çox çətin olduğu hallara yozmursunuz?!

Bunlar cavabı olmayan suallardır və sadə bir məsələdə dəlilsiz mühakimələr bu qədər ixtilafın yaranmasına səbəb olmuşdur.

Ihq.az
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 809 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]