Cümə axşamı, 2024-04-25, 8:51 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Şəvvalın hilalı, Fitrə zəkatı, Fitr bayramı və bayram namazı barədə
2013-07-25, 4:05 AM
Şəvvalın hilalı, Fitrə zəkatı, Fitr bayramı və bayram namazı barədə

Bu gün (avqustun 18-i 2012-ci il) – mübarək Ramazan ayının 29-cu günüdür. Ayın (hilalın) görünməsindən asılı olaraq, Şəvval ayının 1-i ya avqustun 19-da, ya da 20-da daxil olacaqdır. Şəvval ayının 1-i - Fitr bayramı günüdür.
Fitr bayramı - İslamın ən böyük və ən möhtəşəm bayramlarındandır. Bayram gününün mühüm əməlləri aşağıdakılardır:

  1. Bayram namazı qılınanadək fitrə zəkatının ayrılıb verilməsi; bayram namazını qılmamış şəxs, bu zəkatı zöhr azanınadək verməlidir. İmkanı olan şəxs üçün, fitrə zəkatının verilməsi təkid olunmuş vacib əməllərdəndir. Bu, ictimai, iqtisadi faydalarla bərabər, orucun qəbul olunmasına, bədənin və canın 1 il ərzində xoşagəlməz hadisələrdən sığortalanmasına səbəb olan amillərdən sayılır;
  2. Bayram qüslünü almaq, yeni paltar geyinmək, ətirlənmək - Fitr bayramı günü bəyənilən əməllərdəndir;
  3. Bayram namazını qılmaq - İmam Sahib-əz-Zamanın (ə.f.) qeybdə olduğu hazırkı zamanımızda vacib deyil, müstəhəb (bəyənilən) əməllərdəndir. Onu fərdən də qılmaq olar, "rəcaən" - Allaha yaxınlaşmaq niyyətilə cəmlə də qılmaq olar.
  4. Bayram namazından qabaq iftar açmaq.

I. Bayram gecəsi.

Mübarək Ramazan ayından Şəvval ayına keçən gecə (Şəvvalın 1-nin gecəsi) çox bərəkətli və olduqca fəzilətli gecələrdəndir. Bu gecəni əhya saxlamaq (oyaq qalmaq) və ibadət etmək - əziz dinimiz tərəfindən çox bəyənilmiş əməllərdəndir. Bu gecə aşağıdakı əməlləri həyata keçirmək tövsiyə edilir:

    1. Müstəhəb qüsl almaq;
    2. Sübhə qədər əhya saxlayıb, ibadət etmək;
    3. Məğrib, işa, sübh namazlarından, eləcə də bayram namazından sonra bu duanı oxumaq:

    «Əllahu əkbər, Əllahu əkbər. Lə iləhə illəllah. Vəllahu əkbər, Əllahu əkbər və lilləhil həmd. Əlhəmdulilləhi alə mə hədənə və ləhuş-şukru alə mə əvlənə»

    4. İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq;
    5. 10 dəfə bu duanı oxumaq: 

«Yə dəiməl-fəzli aləl-bəriyyəti yə bəsital-yədeyni bil-ə’tiyyəti yə sahibəl-məvahibis-səniyyəti salli alə Muhəmmədin və əlihi xayril-vəra səciyyətən vəğfir lənə yə zəl-alə fi həzihil-ə’şiyyəti»

    (Qeyd: Bü duanı eləcə də il boyu, hər cümə axşamı oxumaq müstəhəbdir).

II. Fitrə zəkatı.
Fitr bayramının axşamı qürub (günbatan) vaxtı, həddi-büluğa çatmış, aqil (psixi cəhətdən normal vəziyyətdə) olan, ehtiyaclı olmayan şəxslərə fitrə zəkatı ayırmaq vacibdir. Fitrə zəkatı ayırmalı olan şəxs, özünün və Fitr bayramı axşamı qürub çağında onun çörəkyeyəni olan şəxslərin fitrə zəkatını verməlidir. Fitrə zəkatını verməli olan şəxsin çörəkyeyənlərinin kiçik və ya böyük, müsəlman və ya qeyri-müsəlman, xərclərinin bu şəxsə vacib olub-olmamasından, öz şəhərində yaşayıb-yaşamasından asılı olmayaraq, onların fitrə zəkatlarını verməlidir. Ev sahibinin razılığı ilə qürubdan qabaq qonaq gələn şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir. 

Fitrə zəkatının:
Miqdarı: -  3 kq;
Cinsi: – arpa, buğda, düyü və bu kimi ərzaq məhsulları və ya bunların müqabilində pul (bu il üçün fitrə zəkatı adambaşı 3 manat hüdudunda götürülə bilər);
    Verilmə vaxtı: – bayram axşamından bayram namazının qılınma vaxtınadək.
 
III. Bayram namazı.
 
Bayram namazı (Fitr və Qurban namazları) İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühuru zamanı vacib olacaq. Hazırda İmam (ə.f.) qeybdə olduğu üçün bu namazın qılınması vacib deyil, müstəhəbdir.
Bayram namazı həm fərdi qaydada, həm camaatla (rəcaən niyyətilə) qılına bilər. Bayram namazının vaxtı gün çıxan vaxtdan zöhrə qədərdir.
Bayram namazı (Fitr və Qurban namazları) 2 rükətdir. Birinci rükətdə "Fatihə” surəsindən və digər surədən sonra 5 təkbir deyilir, hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra təkbir deyilir (bu, artıq 6-cı təkbir olur), sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə Fatihə” surəsindən və digər surədən sonra 4 təkbir deyilir, hər təkbirdən sonra qunut tutulur. Dördüncü qunutdan sonra təkbir deyilir (bu, artıq 5-ci təkbir olur), sonra rüku və səcdələr yerinə yetirilir,  təşəhhüd və salamlar deyilir.
 
Bayram namazının qunutunda hər hansı dua oxuna bilər. Amma müstəhəbdir ki, bu dua oxunsun:
 
Bayram namazının qunutunda oxunan müstəhəb dua
 
Əllahummə əhləl-kibriyəi vəl ‘əzaməti
və əhləl-cudi vəl-cəbəruti,
və əhləl-‘əfvi vər-rahməti,
və əhlət-təqva vəl-məğfirati,
əs-əlukə bihəqqi həzəl-yəvmi,
əl-ləzi cə’əltəhu lil-musliminə ‘idə,
vəli Muhəmmədin salləllahu ‘əleyhi və əlihi
zuxrən və şərafən və kəramətən və məzidə,
ən tusalliyə ‘ələ Muhəmmədin və əli Muhəmməd,
və ən tudxiləni fi kulli xeyrin ədxaltə
fihi Muhəmmədən və ələ Muhəmməd,
və ən tuxricəni min kulli su-in əxractə minhu
Muhəmmədən və ələ Muhəmmədin
saləvətukə ‘ələyhi və ‘ələyhim.
Əllahummə inni əs-əlukə xeyra mə səələkə
bihi ‘ibədukəs-salihunə
və əuzu bikə mimməs-təazə minhu
‘ibədukəl-muxləsun.
 

ƏHKAM.

    1. Qurban və Fitr bayramları günü oruc tutmaq haramdır;
    2. Ramazan ayının başlanması və qurtarmasının müəyyənləşdirilməsinin yolu:
Qəməri təqvimi ilə Ramazan ayının başlanmasının və qurtarmasının (yəni, növbəti ayın – Şəvval ayının başlanmasının) göstəricisi - Ayın görünməsidir. Ramazan ayının və ya Şəvval ayının əvvəlini təyin etməkdə meyar, Gün batandan sonra görünən və həmçinin Günəşin qürubundan (batmasından) əvvəl adi qaydada görünən Aydır.

Ayın əvvəli bir neçə yolla sübut olunur:
1. İnsanın özü Ayı görsə;
2. Sözlərindən yəqinlik (əminlik) hasil olan bir neçə nəfər Ayı gördüklərini desələr, həmçinin yəqinlik hasil olan hər şeyin vasitəsilə əmin olsa;
3. İki adil kişi "gecə Ayı görmüşük" deyə xəbər versələr və sözlərində fərqləri, yalnız bəzi xüsusiyyətləri ayırd etməkdə olsa (məsələn, biri desə «Ay ucada idi», o biri desə «Ay ucada deyildi"); onların deməsi ilə ayın əvvəlinin olması sübuta yetir;
4. Şəban ayının (Ramazan ayından qabaqkı ay) əvvəlindən 30 gün keçsə, bununla Ramazan ayının başlanması sübuta yetir; Ramazan ayının əvvəlindən 30 gün keçsə, bununla Şəvval ayının başlanması sübuta yetir; (çünki, qəməri təqvimi ilə bir ay 30 gündən çox ola bilməz);
5. Vilayət səlahiyyəti olan İslam alimi, ayın əvvəlinin (axırının) olmasına dair hökm versə.
Qeyd:  Ramazan ayının axırı, yaxud Şəvvalın əvvəli olmasını bilməyən bir şəxs, oruc tutmalıdır. Amma məğribdən (şam azanından) qabaq Şəvval ayının əvvəli olduğu bilinsə, bu şəxs orucunu açmalıdır, çünki Şəvval ayının 1-i  Ramazan (Fitr) bayramıdır və bu gündə oruc tutmaq haramdır.
 
Allahım! Cəmi insanlara Fitr bayramının fəzilətlərindən və nemətlərindən faydalanmağı nəsib et! Ümməti əziz Peyğəmbərin (s) və onun mübarək Əhli-Beytinin (ə) pak yolunun yolçusu qərar ver! Amin!

deyerler
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 814 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]