Cümə günü, 2024-11-22, 4:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Ramazan fəlsəfəsi
2013-07-14, 9:11 AM
Ramazan fəlsəfəsi

1. Nəfsani istəkləri cilovlamaq

Oruc tutmaq insana öz şəhəvani və nəfsani, istəklərini cilovlamağa kömək edir. Nəticədə insan öz ağlını həris, azğın şeytani hisslərin zindanından azad edərək ruhunu hürriyyətə qovuşdurur. İmam Rza(ə) buyurur :" Oruc tutmaq şəhvət və ehtiras alovunu söndürər." ("İləlüş-şəraye", fəsil. 103, səh. 379 )

Allaha xatir oruc tutan şəxs orucunu batil edən şəhəvani əməllərdən uzaq qalmaqla pis, xoşagəlməz işlərə arxa çevirərək qəlbini və əməllərini paklaşdırır. Bir sözlə oruc insanı ilahi təqvaya doğru yönəldir. Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 183-cü ayəsində buyurulur: "Ey möminlər! Oruc tutmaq sizə vacib oldu, necə ki, sizdən qabaqki ümmətlərə də vacib olmuşdu. Bəlkə (orucun vasitəsilə) təqvalı olasınız."

2. İnsani hissləri oyatmaq

Deməli, oruc tutmaq mənəvi hisslərin dirçələrək, inkişafına səbəb olur. Uca Yaradanın razılığını əldə etmək istəyən və Tanrı dərgahında orucunun ən ali şəkildə qəbul olunması üçün çalışan insan gözəl, bəyənilmiş işlərə əl atır. Belə ki, Ramazan ayında oruc tutmağın vacib buyurulması insanların aclıq və ehtiyacın nə olduğunu anlamaları üçündür. Bir ay oruc tutmaq hər kəsin,  xüsusilə də, zəngin və varlıların yoxsul insanların ehtiyaclarını və çətinliklərini dərk etmələrinə, onlara yardım əli uzatmalarına səbəb olur. İmam Rza(ə) buyurur: "Orucun insanlara vacib edilməsinin hikməti aclıq və susuzluğun nə olduğunu dərk etmələri xatirinədir." ("Vəsailüş-şiə", "kitabüs-soum", fəsil. 1 əbvabüs-soum, h. 3)

İmam Sadiq (ə) də, bu barədə buyurur :" Allah Ramazan ayında oruc tutmağı insanlara ona görə vacib etdi ki, varlı və kasıb bərabər olsun." ("İləlüş-şəraye", fəsil. 108, səh. 378)

3. İnsanlara bağışlanmaları üçün fürsət vermək

Şübhəsiz rəhmət və mərhəmət ayı olan Ramazanda oruc tutmağın vacib edilməsi insanların günahlarını bağışlatmaları üçün onlara bu mübarək ay ərzində verilən dəyərli bir fürsətdir. Şeytanın həbs edildiyi, saleh əməllərin düşünüldüyündən dəfələrcə üstün dəyərləndirildiyi və hətta mübah işlərin də, savab sayıldığı bu bərəkətli ay, hər bir möminin qurtuluş ayi ola bilər. Əlbəttə ki, şeytanı oruc tutan insanların pak əməlləri həbs edir. Unutmaq olmaz ki, Həzrət Muhəmməd (s) buyurur: "Oruc tutmaq şeytanın üzünü qara edər." ("Vəsailüş-şiə", babüs-soum, fəsil. 1, h. 2)

Sözsüz ki, bu fürsətdən yalnız həqiqi oruc tutanlar faydalana bilər. Allahın sevimli Rəsulu (s) hədislərin birində Cabirə buyurur: "Hər kəs oruc tutub, gecənin bir hissəsini ibadət edə, qarnını, ehtirasını və dilini günah işlərdən qoruya, bu aydan çıxdığı kimi bütün günahların girdabından da, bağışlanmış halda çıxar." Cabir deyir: "Necə də gözəl hədisdir?"

Peyğəmbər(s) buyurur: "Ey Cabir! De ki, nə yaman çətin şərtlərdir. Çünki, nə çox gecə namazı qılan şəxslər ki, (etdiyi başqa pis əməllərinə görə) ondan bəhrəsi yalnız elə oyaq qalmaqdır. Və nə çox oruc tutan şəxslər ki, (etdiyi başqa pis əməllərinə səbəbilə) ondan bəhrəsi yalnız aclıq və susuzluqdur. Bilin hər kəs Ramazan ayını oruc tuta ,bu ayda haramdan, böhtandan uzaq ola Allah ondan razı olar və behişti ona vacib bilər." ("Vəsailüş-şiə", c. 93, səh 346)

4. Qəlbə təskinlik vermək

Oruc tutmaq qəlbə təskinlik verir. Necə ki, Həzrət Əli (ə) buyurur: "Oruc insanın qəlbini aramlaşdırmaq, sakitləşdirmək üçündür." ("Vəsailüş-şiə", babüs-soum, c. 3, h. 5) Məlumdur ki, oruc tutan insan, Allahın əmrinə görə oruc tutub, pis əməllərdən çəkindiyi üçün daim Onu yad edir, elə bu səbəbə də, aram, sakit qəlbə sahib olur. Qurani-Kərimin buyurduğu kimi; "Bilin ki, Allahı yada salmaqla, qəlblər rahatlıq tapar." (Rəd surəsi,28-ci ayə)

5. Sağlamlıgı qorumaq

Əziz Peyğəmbərimiz(ə) buyurur : "Oruc tutun ki, sağlam olasınız." (" Vəsailüş-şiə", c. 93, səh. 344)Oruc tutmağın faydalarından biri də, bədənin sağlamlığını qorumaqdır. İslamın göstərişlərinə uyğun şəkildə oruc tutmaq insan sağlamlığında böyük təsirə malikdir. Hətta oruc tutmağın bir çox xəstəliklərin müalicəsi üçün dünya səviyyəsində həkimlər və təbiblər tərəfindən dəfələrlə məsləhət görülmüşdür. İmam Sadiq (ə) bu barədə belə buyurur :" Hər bir şeyin zəkatı vardır, bədənin də zəkatı, oruc tutmaqdır." ("Camei-əhadisüş-şiə", kitabüs-soum, c. 10, səh. 294)

Əziz müsəlman bacı və qardaşlar! Unutmayın ki, bu bərəkət və rəhmətlə dolu Ramazan ayı sizin ilahi mərhəmətinə qovuşmağınız üçün ən gözəl vaxtdır. Bu fürsəti əldən verməyin.  


ihq.az

Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 819 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]