Main » Files » Alim anlayışı » Dini suallara cavablar |
DİNİ SUALLARA CAVABLAR
2012-10-21, 5:44 AM | |
DİNİ SUALLARA CAVABLAR İSLAM PEYĞƏMBƏRİNİN (S) GƏLİŞİ HAQQINDA HƏZRƏT İSANIN (Ə) MÜJDƏSİ Sual: Qurani-Kərimdə oxuyuruq ki, həzrət məsih (İsa) özündən sonra Əhməd adlı bir Peyğəmbərin gələcəyini xəbər vermişdir. Uyğun məlumat bugünkü İncildə mövcuddurmu? Cavab: Quranda həzrət İsadan sonra gələcək Peyğəmbər haqqında oxuyuruq: «(həzrət İsa buyurur) Həqiqətən, mən özümdən əvvəl nazil olmuş tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir Peyğəmbərlə müjdə verən Allahın elçisiyəm. Onlara aşkar möcüzə gəldikdə deyəcəklər ki, bu açıq-aydın bir sehrdir. İslam alimləri bildirirlər ki, həzrət Məsihdən danışan bu ayə Yuhanna incilinin 14,15,16-cı fəsillərində bəyan olunmuşdur. Yuhanna incilində İsadan sonra gələcək Peyğəmbərin adı «Farqlit» kimi ifadə olunmuşdur. Çoxsaylı dəlillərə əsasən incilin bu ifadələrində İslam Peyğəmbəri (s) nəzərdə tutulur. Məsələni bir qədər də aydınlaşdırmaq üçün incildəki buyuruqları olduğu kimi diqqətinizə çatdırırıq: «Əgər məni sevsəniz və əhkamımı qorusanız, atamdan sizə digər bir Farqlit göndərməsini istəyəcəyəm. O, əbədilik sizinlə qalacaq. O, bəşəriyyətin qəbul edə bilmədiyi haqq və doğru bir ruhdur. Çünki onu görmür və tanımırlar. Amma o sizi tanıyır. Çünki sizinlə qalır və sizinlə qalacaq». «Mən sizinlə olduğum vaxt bu sözləri sizə demişəm. Amma atamın mənim adımla göndərəcəyi farqlit sizə hər şeyi öyrədəcək və mənim sizə öyrətdiyimi xatırladacaq». «Bu iş olmamış sizə xəbər verdim ki, olanadək iman gətirəsiniz». «Atam tərəfindən sizə göndərəcəyim farqlit, atam tərəfindən gələcək doğru ruh mənim haqqımda şəhadət verəcək». «Mən düz deyirəm ki, mənim getməyim sizin üçün faydalıdır. Əgər mən getməsəm, farqlit gəlməyəcək. Amma getsəm, onu göndərəcəyəm. O gələndən sonrа bəşəriyyəti günaha, sədaqətə, insafa vadar edəcək. Mənə inanmadıqları üçün günaha, atamın yanına getdiyim üçün sədaqətə və siz məni bir daha görməyəcəksiniz. Aləmin rəisi üçün hökm verilmişdir. Sizə deyiləsi çox söz var. Amma indi deyə bilmirəm. O gəldikdən sonra sizi doğru yola yönəldər. O özündən heç bir söz deməz. Yalnız eşitdiklərini deyər. O sizi gələcəkdən xəbərdar edəcək, məni möhtərəm tutacaq. Çünki o məndə olanları tapacaq və sizə xəbər verəcək. Atamın olan mənimdir, ona görə deyirəm ki, məndə olanları alacaq və sizə xəbər verəcək». İncildəki «farqlit» kəlməsinin İslam Peyğəmbərinə aid olması haqqında yetərli dəlillərimiz var. Həmin söz heç də məsihilərin dediyi kimi ruhul-qüdsə aid deyil. Məsələni araşdıraq: 1. Əvvəlcə, diqqət yetirməliyik ki, İslamdan qabaq incil alimləri və təfsirçiləri arasında vəd edilmiş son Peyğəmbər olduğu yekdilliklə qəbul olunurdu. Hətta bu fikirdən sui-istifadə edən bəzi adamlar özünü farqlit elan edirdi. Məsələn, bir abid 187-ci ildə (kiçik asiyada) özünü Peyğəmbər elan edib dedi: «Mən həmin farqlitəm ki, İsa onun haqqında xəbər vermişdir». O özünə bir qrup ardıcıl da toplaya bilmişdi. 2. İslami mənbələrdə bildirilir ki, xristian dünyasının siyasi və dini rəhbərləri İslam Peyğəmbəri məbus edildiyi günlərdə incilin vəd etdiyi Peyğəmbərin intizarında idilər. Həzrət Peyğəmbərin səfiri Həbəşə hakiminə Peyğəmbərin naməsini təqdim etdikdə o, naməni oxuyub səfirə dedi: «Mən şəhadət verirəm ki, o, kitab əhlinin gözlədiyi Peyğəmbərdir. Həzrət İsanın Peyğəmbərliyini xəbər verdiyi kimi, o da son Peyğəmbərin gəlişini müjdə vermiş, onun nişanələrini bildirmişdir». İslam Peyğəmbərinin gətirdiyi məktub Rum qeysərinə çatdığı vaxt o bu məktubu oxuyub, İslam Peyğəmbəri haqqında araşdırmalara başladı. Qeysər cavab məktubunda yazdı: «Sizin məktubunuzu oxudum, dəvətinizdən agah oldum və bilirdim ki, Peyğəmbər gələcək. Amma güman edirdim ki, həmin Peyğəmbər Şamdan çıxacaq..» Bu tarixi sənədlərdən bəlli olur ki, məsihilər vəd olunmuş Peyğəmbərin yolunu gözləyirdilər və bu intizar İncilə əsaslanırdı. 3. Həzrət Məsihin farqlit üçün sadaladığı imtiyazlar, onun zühur şəraiti və bu gəlişin nəticələri haqqında bildirdikləri açıq-aşkar göstərir ki, farqlit vəd edilmiş Peyğəmbərdir və göstərilən əlamətlər onun ruhul-qüds olması ehtimalını aradan qaldırır. Məsələni araşdıraq: a) Həzrət Məsih sözə belə başladı: «Əgər siz məni sevərsinizsə, əhkamımı qoruyarsınızsa, mən atamdan digər bir farqlitin göndərilməsini istəyəcəm». 1. Həzrət Məsihin onlara öz məhəbbətini xatırlatması, ümmətinin vəd olunmuş şəxsə tabe olmayacağını ehtimal etməsi, onları həmin kəsə tabe olmağa vadar etməsi göstərir ki, vəd olunmuş şəxs incil təfsirçilərinin bildirdiyi kimi ruhul-qüds yox, son Peyğəmbərdir. Əgər farqlit ruhul-qüdsə işarə olsaydı, onun qəbulu üçün şərait yaratmağa dəyməzdi. Çünki ruhul-qüds qəlb və ruhlar üzərində elə böyük təsirə malikdir ki, onun şübhə ilə qarşılanması ehtimalı yoxdur. Yalnız vəd olunmuş Peyğəmbərin gəlişinə şərait yaratmaq lazım gələ bilər. Çünki Peyğəmbərin yeganə təsir vasitəsi onun bəyanı və təbliğidir. Təbliğ isə kiminə təsir edə bilər, kiminə isə yox. Həzrət İsa əvvəlki xatırlamaları ilə kifayətlənməyib buyurur: «İndi həmin iş olmamış sizə deyirəm ki, olanda iman gətirəsiniz». Ruhul-qüdsə iman gətirmək üçün isə tövsiyyə və məcburiyyətə ehtiyac yoxdur. 2. Həzrət Məsih buyurur: «Sizə digər bir farqlit veriləcək». Əgər həzrət İsa ruhul-qüdsü nəzərdə tutmuş olsaydı «başqa bir» kəlməsini işlətməzdi. Çünki ruhul-qüds yeganədir və onun haqqında «başqa bir» sözünü işlətməyə ehtiyac yoxdur. b) Həzrət İsa buyurur: «Sizə dediklərimi sizə xatırladacaq». (14:26) «Atam tərəfindən gələn doğru ruh mənim haqqımda şəhadət verəcək». (15:26) Bildirirlər ki, həzrət İsa dara çəkiləndən 50 gün sonra ruhul-qüds həvarilərə nazil oldu. Sual olunur ki, həvarilər 50 gün ərzində həzrət İsanın buyurduqlarını unutmuşdularmı ki, ruhul-qüds onları öyrətməyə gəldi? Məgər həzrət Məsihin şagirdlərinin ruhul-qüdsün şəhadətinə ehtiyacı vardımı?! Amma farqlit kəlməsini vəd olunmuş peyğəmbərə aid etsək, bütün deyilənlər tərəddüdsüz qəbul oluna bilər. Çünki Məsih ümməti ondan sonrakı uzun müddət ərzində incilin bir çox göstərişlərini unutmuş, hətta incildə öz nəfs istəklərinə uyğun dəyişikliklər aparanlar da olmuşdu. Həzrət Muhəmməd (s) unudulmuşları xatırlatdı və İsanın Peyğəmbərliyinə şəhadət verərək dedi: «O da mənim kimi Peyğəmbər olub». Həzrət Məhəmməd (s) Məsihin anası haqqında deyilən yersiz sözlərə qarşı çıxdı və həzrət İsanın Allahın oğlu olması iddiasını rədd etdi. v) Həzrət İsa dedi: «Əgər mən getməsəm, farqlit yanınıza gəlməz. (15:7) O farqlitin gəlişi üçün öz gedişini şərt bilir. Əgər farqlit ruhul-qüds olsaydı, onun gəlişi üçün məsihin gedişi zəruri olmazdı. Məsihilərin əqidəsinə görə, ruhul-qüds həzrət məsihin təbliğ üçün ətrafa göndərdiyi həvarilərə nazil olurdu. Ona görə də ruhul-qüdsün nazil olması üçün məsihin gedişinə ehtiyac yoxdur. Amma farqlit kəlməsi vəd olunmuş Peyğəmbər kimi qəbul edilərsə, bu halda həzrət İsanın gedişi onun gəlişi üçün şərt sayıla bilər. d) Üç şey farqlitin nazil olması әlаmәti kimi təqdim olunur: Dünyanı günaha, sədaqətə və insafa vadar edər; Günaha, çünki mənə iman gətirməzlər; (16:8) bilirik ki, Məsihilərin əqidəsinə görə, ruhul-qüds İsa dara çəkiləndən sonra həvarilərə nazil oldu. O heç kimi günaha, sədaqətə və insafa vadar etmədi. Ayədən məlum olur ki, vəd olunmuş şəxs həvarilərə yox, günahkarlara zahir oldu. Qeyd etdik ki, günaha vadar dedikdə insanların inkar edəcəyi bir haqqın ortaya qoyulması nəzərdə tutulur. Əgər ruhul-qüds həvarilərə nazil olmuşdursa, həvarilər nəyi inkar edib günaha batdılar? Amma nəzərdə tutsaq ki, göndərilən İslam Peyğəmbəridir, onda deyilənlər yerini tapar. Yəni İslam Peyğəmbəri gəldi, haqqı bəyan etdi və bəziləri bu haqqı qəbul etməyib günaha düşdülər. q) İsa buyurur: «Farqlit mənim haqqımda şəhadət verəcək; (15:26) «Sizə gələcəkdən xəbər verəcək və mənə ehtiram göstərəcək” (16:13) Həzrət Məsihə şəhadət verilməsi bir daha göstərir ki, vəd olunan şəxs ruhul-qüds deyil. Çünki həvarilər belə bir şəhadətə ehtiyac duymurdular. Həzrət İsaya ehtiramla yanaşılması, onun tərif edilməsi isə sırf İslam Peyğəmbərinin buyruqlarına uyğun gələn həqiqətdir. Yuxarıdakı dəlillərə diqqətlə yanaşsaq, İslam alimlərinin qeyd etdiyi həqiqətləri dərk edə bilərik. Əlbəttə ki, yuxarıda sadalanan dəlillərdən əlavə də dəlillər vardır. Sonda Fransa böyük ensiklopediyasından söhbətimizlə əlaqəli bir hissəni oxucuların nəzərinə çatdırırıq: «Muhəmməd (s) İslam dininin təsisçisi, Allahın Peyğəmbəri və Peyğəmbərlərin sonuncusudur; Məhəmməd (s) sözü «çox həmd olunmuş» deməkdir. Bu sözün kökü «həmd» məsdəridir. «Həmd» isə tərif etmək deməkdir. Maraqlıdır ki, eyni kökdən düzəlmiş başqa bir söz Əhməddir. Böyük ehtimala görə, Әrəbistan xristianları farqlit sözünü Əhməd kimi tələffüz edirdilər. Əhməd də çox bəyənilmiş, tərifə layiq deməkdir... Beləcə, müsəlman yazıçıları təkrar-təkrar xatırladırdılar ki, Farqlit kəlməsi İslam Peyğəmbərinin (s) zühuruna işarədir. Quranın «Səff» surəsində də bu məsələyə aşkar şəkildə toxunulmuşdur». Bu hissənin tənzilində Fəxrul-İslamın tərtib etdiyi nəfis «Ənisul-Əlam» kitabından istifadə olunmuşdur. Аyәtullаh Мәkаriм Şirаzi Аyәtullаh Cәfәr Sübhаni | |
Views: 947 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |