Çərşənbə günü, 2024-05-08, 3:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Kamil İnsan (2)
2013-03-10, 6:39 AM
Kamil İnsan (2)


Cismi və ruhi nöqsanlar



İnsan sağlam və ya nöqsanlı ola bilərmi? Sağlamlıq və nöqsan bəzən insanın cismi ilə bağlı olur. Bəzi insanların cismi baxımdan sağlam, bəzilərinin isə nöqsanlı və xəstə olmalarında heç bir şübhə yoxdur. Məsələn, bəziləri kar, kor, bəziləri iflic və bu kimi fiziki nöqsanlara düçar olublar. Amma bunlar insanın özünə aiddir. Diqqət etdikdə görürük ki, biz kiminsə kar, kor, iflic, çirkin, qısaboy və s. xüsusiyyətlərini fəzilət, insanlıq və şəxsiyyət baxımından onun üçün nöqsan hesab etmirik. Məsələn, bəzilərinin "peyğəmbərlərin davamçısı adlandırdığı məşhur Yunan filosofu Sokrat dünyanın ən eybəcər adamlarından biri olub.


Amma heç kəs eybəcərliyi Sokrat üçün bir insan kimi eyib və nöqsan hesab etmir. Yaxud böyük ərəb şairi və dilçisi Əbüləla Muirri və müasir Misir tədqiqatçı alimlərindən olmuş Taha Hüseyn kor olublar. Onların cisimlərində olan bu korluq qüsuru onların şəxsiyyətləri üçün nöqsan hesab edilirmi? Xeyr, belə deyil! Bu onu göstərir ki, insan "şəxs” və "şəxsiyyətdən”, bədən (cisim) və ruhdan ibarətdir. Ruhla cismin hesabı bir-birindən ayrıdır. İnsan ruhunun, tamamilə onun cisminə tabe olmasını fikirləşənlərin səhvləri məhz buradadır. Ümumiyyətlə, insan ruhi cəhətdən xəstə, cismi baxımdan isə sağlam ola bilərmi? Bunun özü mühüm bir məsələdir. Ruhun əsilliyini inkar edənlərin və bütün ruhi xususiyyətlərin birbaşa insanın sinir sistemininin təsiri altında formalaşmasını iddia edənlərin fikirlərinə əsasən, ümumiyyətlə, ruhun heç bir rolu yoxdur və hər şey cismə tabedir. Onların fikrincə, əgər insan ruhi cəhətdən xəstədirsə, onun cismi də xəstədir. Çünki ruhun xəstəliyi cismi xəstəlikdən yaranır və ruhun xəstəliyinin səbəbi cismin xəstə olmasıdır. Bir sözlə, ruhi xəstəlik cismi xəstəlikdir.

Xoşbəxtlikdən bu gün sübut edilib ki, bədən vitaminləri, sinir sistemi, qan dövranı və cisimlə bağlı bütün cəhətləri çox sağlam olan şəxslər də ruhi cəhətdən xəstə ola bilər. Bu necə ola bilər? Bəli, bu gün "həsəd və kin” ruhi xəstəlik hesab edilir. Bu gün elm, kinli adama xəstə deyir. Belə ki, həmin şəxsin ruhunda cismi cəhətdən tam sağlam olmasına baxmayaraq, pozğunluq yaranıb. Buna görə də bu cismi xəstəliklərin müalicəsi, cismin müalicə edilməsi yolları ilə mümkün deyil, yəni bu ruhi xəstələr maddi dərmanlarla müalicə edilə bilməzlər. (Əlbəttə, burada cismi pozğunluq və çatışmazlıqlar nəticəsində yaranan bəzi ruhi xəstəliklər söhbətimizdən xaricdir. Çünki bəzi ruhi xəstəliklər, məsələn, sinir sisteminin zəifliyi və bu kimi digər cismi səbəblərdən yaranır.)

Təkəbbür də ruhi xəstəliklərin digər bir nümunəsidir. Bu gün təkəbbürün də, həqiqətən ruhi xəstəlik olması sübuta yetirilib. Amma görək, aptekdə təkəbbürü müalicə edə biləcək bir dərman tapmaq mümkündürmü? Təkəbbürlü insan bir həb ataraq təvazökar insana çevrilə bilərmi? Şimr ibn Zilcovşən kimi daşürəkli və cəllad bir insana bir iynə vurmaqla və ya bir həb atdırmaqla onu mehriban, rəhimli və şəfqətli bir insana çevirmək olarmı? Xeyr! Onu müalicə etmək yolları bunlar deyil. O, müalicə edilə bilər, amma başqa yollarla. Bəzi ruhi xəstəliklər cismi yollarla müalicə edildiyi kimi, bəzən cismi xəstəliklər də ruhi yollarla müalicə edilir. Məsələn, əslində cismi xəstəlik olan bəzi xəstəliklər bir sıra təlqin yolları və ruhiyyəni gücləndirmək vasitəsilə müalicə edilir. Bu məsələnin özü, insanın cisim və ruhdan ibarət bir varlıq olması və insan ruhunun cisimdən müstəqil olmasına aid qəti dəlillərdən biridir. Bu məsələ göstərir ki, cisim tam şəkildə ruha tabe olmadığı kimi, ruh da tam şəkildə cisimdən asılı deyildir. Onlar qarşılıqlı olaraq bir-birlərinə təsir göstərirlər. Filosoflar demişkən: "Bədən ruha və ruh bədənə təsir göstərir və onların hər biri müstəqil olaraq öz işlərini görürlər. Bu da, insan ruhunun müstəqil bir sistem olmasını göstərir.

Biz kamil insan barəsindəki söhbətimizə başlamazdan əvvəl sağlam və qeyri-sağlam insan barəsində bir sıra məsələləri açıqladıq. Məqsədimizin cismi sağlamlıq və ya nöqsan olmasını aydınlaşdırmaq üçün bu müqəddimənin gətirilməsi lazım idi. Biz burada tibbi məsələlər barəsində söhbət etmək niyyətində deyilik. Həmçinin məqsədimiz, tam sağlam insanın bütün tibbi müayinələrdən keçərkən bədənin bütün orqanlarının yüz faiz düz işləməsi məlum olan şəxsin olması demək deyil. Bu məsələ bizə aid deyildir və ümumiyyətlə, bizim bədənlə işimiz yoxdur. Deməli, məlum oldu ki, insan, ruhi və psixoloji baxımdan sağlam olduğu kimi, xəstə və nöqsanlı da ola bilər. Quran da bu məsələni qəbul edir. Allah-təala öz müqəddəs kitabında belə buyurur: "Onların ürəyində nifaq və həsəd mərəzi var...” ("Bəqərə”, surəsi, ayə: 10.)


Quran onların, məsələn, gözlərində xəstəlik olmasını demir. Quranın dediyi ürək və qəlb, müalicəsi üçün ürək həkiminə müraciət edilməsi lazım olan ürək deyil. Bu müqəddəs kitabdakı ürəkdə məqsəd ruhdur. Allah-təala Quran barəsində belə buyurur: "Biz, Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik...” ("İsra” surəsi, ayə: 82.) Quran möminlər üçün şəfadır. Həzrət Əli (ə) buyurur: "Bəla və çətinliklərin biri yoxsulluqdur. Yoxsulluqdan daha pis bədənin xəstəliyidir. Bədənin xəstəliyindən də pis və çətin insanın qəlb və ürəyinin xəstəliyidir.” Quranın əsas proqramlarından biri sağlam insan yetişdirməkdir. Biz kamil insan olmaq və ya ona yaxınlaşmağımızdan əvvəl özümüzün "sağlam və ya nöqsanlı” insan olmağımızı müəyyənləşdirməliyik.


İnsan ruhunun ziyanvericiləri


İnsan ruhunu bədbəxtliklərə düçar edən işlərin köklərini qısa da olsa, açıqlamaq istəyirəm. Psixologiya elmi baxımından məhrumiyyət və nəsibsizlik ruhi xəstəliklərin mənşəyidir. Belə ki, insanın ruhi xəstəlik və narahatlıqlarının çoxu nəsibsizlik və uğursuzluqlardan nəşət tapır. Bildiyiniz kimi, Freyd, hədsiz dərəcədə bu məsələyə, xüsusilə, cinsi məsələlərə təkid edir. Hər halda, insanın nəsibsizlik və məhrumiyyətlərinin onda bir çox xəstəliklər yaratması əsaslı məsələlərdən biridir. Kin-küdurət nədir? Bu elə bir hissdir ki, insan kimə qarşı kin bəsləsə, ondan intiqam almaq istəyir və onu qana bulaşdırmayınca sakitləşmir. İnsanda olan bu intiqam hissi nədir? Həsəd hissi keçirən insan başqalarının nemət və rifahda yaşamalarını gördükdə yeganə arzusu həmin nemətlərin, sahiblərinin əllərindən çıxması olur, o, özü barəsində fikirləşmir. Sağlam insanda həsəd və paxıllıq hissi deyil, qibtə olur. Qibtə edən şəxs həmişə özü barəsində fikirləşərək qabaqcıl olmasını istəyir. Əgər şəxs özünün qabaqcıl olmasını istəsə və bu barədə fikirləşsə o, sağlam insandır. Bu, eyib və nöqsan sayılmır. Amma həmişə, başqalarının geridə qalması barəsində fikirləşən şəxs xəstədir. Paxıl insanlar hətta elə bir dərəcəyə çatırlar ki, özlərinə yüz dərəcə ziyan dəymək bahasına olsa da, başqalarına əlli dərəcə ziyan yetirmək fikrində olurlar.


Həsəd xəstəliyinə tarixi bir nümunə


Tarix kitablarında məşhur bir hekayə nəql edilib. Xəlifələrin birinin vaxtında varlı bir şəxs bir qul alır və ilk gündən ona qul kimi deyil, ağa kimi yanaşır. Qula ən yaxşı yeməklər yedirdir, çox gözəl paltarlar geyindirir və onun rifah və asayişi üçün lazım olan bütün şəraiti hazırlayır. Bir sözlə, onunla öz övladı kimi davranır. Qul görür ki, onun sahib və ağası həmişə nəsə fikirləşir və çox narahatdır. Nəhayət, qul sahibi onu azad etmək və ixtiyarında çoxlu var-dövlət qoymağa belə razılaşır. Bir gün gecə ağa qula sirr açaraq belə deyir: Mən səni azad etmək və sənə filan qədər pul verməyə razıyam, amma sənə bu qədər qulluq etməyimin səbəbini bilirsənmi? Mən bütün bunları yalnız və yalnız bir şeyə görə etmişəm. Əgər sən mənim bu bir istəyimi yerinə yetirsən, indiyə kimi etdiklərimin hamısını sənə halal edəcəyəm, hətta sənə onlardan daha çoxlu mal-dövlət verəcəyəm.


Amma mənim bu bir xahişimi yerinə yetirməsən, narazı qalacağam. Qul deyir: Sən mənim ağamsan, mənə həyat vermisən, nemət vermisən, nə desən yerinə yetirəcəyəm. Ağa deyir: Xeyr, sən əvvəl gərək qəti söz verəsən ki, dediklərimi yerinə yetirəcəksən. Çünki qorxuram ki, xahişimi eşidəndən sonra qəbul etməyəsən. Qul deyir: Hər nə istəyirsən de, mən "bəli” cavabı verəcəyəm. O, qulun tam razılığını əldə etdikdən sonra belə deyir: Mənim istəyim budur ki, deyəcəyim müəyyən vaxt və yerdə mənim başımı kəsəsən. Qul deyir: "Axı bu qeyri-mümkündür!” Ağa deyir: Yox, sən mənə söz vermisən və buna görə də bu işi görməlisən. O, bir gecə qulu yuxudan oyadaraq ona iti bir bıçaq verir və birlikdə qonşulardan birinin evinin damına keçirlər. Ağa qonşunun damında pul kisəsini qula verərək yerə uzanıb belə deyir: Burada mənim başımı kəs və sonra hara istəyirsən get. Qul, onun bu işi nə üçün etdiyini soruşduqda o, belə cavab verir: Mənim bu qonşunu görməyə gözüm yoxdur, ölüm mənim üçün yaşamaqdan yaxşıdır. Biz bir-birimizin rəqibi idik, o, məndən qabağa düşdü və onun hər şeyi məndən yaxşıdır. Mən həsəd alovunda yanıram, istəyirəm ki, mənim ölümüm onun ayağına yazılsın və onu həbs etsinlər.


Əgər bu iş baş tutsa, mən rahat olaram. Mən yalnız buna sevinirəm ki, burada öldürülsəm sabah deyəcəklər ki, filankəsin cənazəsi rəqibinin evinin damından tapılıb, deməli, onu rəqibi öldürüb. Sonra rəqibimi həbs edəcəklər, daha sonra isə onu dardan asacaqlar. Bununla da, mənim arzum həyata keçəcək. Qul deyir: İndiki sən belə axmaq adamsan, mən nə üçün belə işi görməməliyəm? Sən, elə ölməlisən! Qul onun başını kəsir və pul kisəsini götürüb gedir. Həmin şəxsin ölüm xəbəri yayılır. Damında rəqibinin başı kəsilmiş şəxsi həbs edirlər. Amma hamı deyirdi ki, əgər həmin şəxs qatil olsaydı, bu işi öz evinin damında görməzdi. Görəsən, bu iş necə olub? Bu məsələ hamıya müəmmalı görünürdü. Bir tərəfdən də qulun vicdanı onu rahat buraxmırdı. O, öz-özlüyündə vicdan əzabı çəkir, nəhayət, zəmanə hakiminin yanına gedərək həqiqəti açıqlayıb deyir ki, onu mən öz istəyi ilə öldürmüşəm. O, həsəd odunda elə yanırdı ki, ölümü həyatdan üstün tutdu. Məsələnin bu cür olması aydınlaşdıqdan sonra həm qulu, həm də həbs etdikləri şəxsi azad edirlər.

Deməli, insanın "həsəd xəstəliyinə” düçar olması inkaredilməz bir gerçəklikdir. Quran belə buyurur: "Nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır! Onu [günaha] batıran isə, əlbəttə, ziyana uğrayacqdır.” ("Şəms” surəsi, ayə: 9-10.) Quranın ilk proqramı nəfsi təmizləyərək pak etməkdir, ruhu xəstəliklərdən azğınlıq, narahatlıq və məsx olmalardan – (məsxin mənası şəklini dəyişdirib çirkin və pis bir hala salmaq və ya düşmək deməkdir) – və həmçinin qaranlıq və zülmətlərdən uzaqlaşdıraraq təmizləməkdir.


Məsx olmuş insan


Məsx olma çox mühüm məsələlərdəndir. Məsx nə deməkdir? Yəqin ki, keçmiş ümmətlər içərisində çoxlu günahlar etdikləri üçün zəmanə peyğəmbərlərinin nifrinlərinə düçar olaraq məsx olmuş insanlar barəsindəki hekayələri eşitmisiniz. Belə ki, onlar meymun, canavar, ayı və digər heyvanlara çevriliblər. Buna məsx deyirlər. Bu məsx necə olur? Doğrudan da, insanlar məsx olaraq heyvana çevrilə bilərmi? Məsələnin izahı belədir ki, əgər insanın cismi baxımdan məsx olmasını bəziləri yalnız fərziyyə olaraq qəbul etsələr də, onun mənəvi və ruhi cəhətdən heyvana çevrilməsi qəti və inkaredilməz bir məsələdir. Hətta insan elə bir heyvana çevrilə bilər ki, dünyada pislik və çirkinlik baxımından misli olmasın. Quran bu qisim insanlar barəsində belə buyurur: "...Onlar heyvan kimidirlər, bəlkə də, [ondan] daha çox zəlalətdədirlər. Qafil olanlar da onlardır!” ("Əraf” surəsi, ayə: 179.)


Bu ayə heyvanlardan da alçaq və rəzil insanlar barəsindədir. İnsanın, doğrudan da ruhi baxımdan heyvana çevrilməsi mümkündürmü? Bəli! Çünki insanın şəxsiyyəti, onun əxlaqi və ruhi xüsusiyyətləri ilə bağlıdır. Əgər insanın ruhi və əxlaqi xüsusiyyətləri bir heyvan və vəhşinin xüsusiyyət və sifətləri kimi olsa, o, doğrudan da məsx olub. Belə ki, onun ruhu həqiqətən məsx olaraq heyvana çevrilib. Donuzun cismi onun ruhu ilə münasibdir və insanın bütün xislətlərinin donuz xisləti olması mümkündür. Belə bir həddə çatmış insan insanlıqdan çıxıb və əsl həqiqətlər görünən ruhlar aləmində doğrudan da başqa şey deyil, məhz donuzdur. Deməli, naqis insan bəzən məsx olmuş insan mərhələsinə çatır. Biz belə şeyləri az eşidirik və bəlkə də bəziləri, bunların məcazi məna daşıdığını fikirləşirlər. Amma bütün bunlar həqiqətdir.


Bir nəfər nəql edir ki, İmam Zeynəlabidin (ə) ilə Ərəfat səhrasında idik. Yuxarıdan baxanda səhrada hacıların izdihamını gördüm. İmama dedim ki, Allaha şükr olsun, bu il həcc ziyarətinə gələnlərin sayı çoxdur. İmam (ə) mənim cavabımda dedi: "Fəryad və nalə edən nə çox, hacı isə nə qədər azdır!” Ravi deyir ki, İmamın (ə) mənə necə bəsirət verdiyini bilmirəm, amma mənə "indi bax” deyəndə gördüm ki, səhra heyvanla doludur. Ora əsl heyvanlar aləmidir. Onların arasında təkcə bir qrup insan hərəkət edir. İmam (ə) mənə dedi ki, gördün? Məsələnin batini bu cürdür. Məna və batin əhli üçün bu məsələ gün kimi aydın bir məsələdir. Amma, indi bizim bəzilərimizin, dırnaqarası mütərəqqi zehni bunu qəbul etmək istəmirsə səhv edir. Bizim yaşadığımız indiki zamanda da insanların həqiqətlərini görərək dərk edən şəxslər vardır və belə insanlar əvvəllər də olublar.


Heyvan kimi yemək, yatmaq və cinsi əlaqədə olmaqdan başqa heç bir şey fikirləşməyən insanın ruhu dördayaqlı heyvan ruhudur. Belə bir insanın batini, fitrət və təbiəti məsx olub. Belə ki, o, insani xislətlər və insanlıqdan tamamilə uzaqlaşıb və əvəzində özü üçün vəhşi və heyvan xasiyyəti və xislətləri əldə edib. Mübarək Nəbə surəsində belə oxuyuruq: "Sur çalınacağı gün [qəbirlərinizdən çıxıb] dəstə-dəstə məhşərə gələcəksiniz. O gün göy qapı-qapı açılacaqdır [mələklərin yerə enməsi üçün göydə yarıqlar açılacaqdır]. Dağlar yerindən qopardılıb [havada toz kimi uçaraq] ilğıma dönəcəkdir.” ("Nəbə” surəsi, ayə: 18-20)


Peyğəmbər və imamlar dəfələrlə deyiblər ki, insanların yalnız bir qrupu məhşərə insan surətində gələcəklər. Bəziləri qarışqa, bəziləri meymun, bəziləri əqrəb, digər bir qrup ilan, başqa bir qrup isə pələng surətində məhşərə gələcəklər. Nə üçün? Allah-təala heç bir səbəb olmadan insanı həmin surət və şəkillərə salarmı? Dünyada sancmaqdan başqa bir işi olmayan və yeganə ləzzəti digərlərinə əziyyət vermək olan şəxs məhşərə özünün həqiqi surəti, yəni əqrəb şəklində gələcəkdir. Dünyada meymun sifətlikdən başqa bir işi olmayan şəxs mütləq qiyamət günü məhşərə meymun kimi gələcək və həmçinin dünyada it kimi başqalarını tutan şəxs də it kimi gələcəkdir.

Hədisdə də deyilir ki, "insanlar qiyamət günü məhşərə niyyət, məqsəd və istəklərinə uyğun, həqiqi xislət və sifətləri ilə gətiriləcəklər.” Siz bu dünyada necəsiniz? Nə olmaq istəyirsiniz? Nə istəyirsiniz? Sizin istəkləriniz insan istəyidir, yoxsa yırtıcı heyvan istəkləri? Bəlkə istəkləriniz gövşəyən heyvan istəkləridir? İstəkləriniz nə olsa, siz həmin şeysiniz. Qiyamətdə də burada olduğunuz kimi, məhşərə gətiriləcəksiniz. Buna görə də bizə Allah pərəstişindən başqa bütün pərəstişləri qadağan ediblər. Çünki nəyə pərəstiş etsək həmin şey oluruq. Pulpərəst olsaq pul bizim mahiyyət və vücudumuzun bir hissəsi olacaq.

Bu pul, qiyamətdəki həmin əridilmiş metaldır. Quran, bu metalın pərəstişindən başqa bir işləri olmayan mövcudlara belə deyir: "...Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün [qiyamət günü] yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq [və onlara]: "Bu, sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın [əzabını, acısını] dadın!” deyiləcəkdir!” ("Tövbə” surəsi, ayə: 34-35.)Həmin pullar onun axirət dünyasında yandırılacaqdır və onlar həmin şəxsin cəhənnəm alovudurlar. Bu, insanı məsx edən şeylərdən biridir. Mən bu fəsldə xülasə də olsa, sağlam və naqis insanı-əlbəttə, əvvəldə dediyimiz kimi, ruhi cəhətlər baxımından tanıtdırmağa çalışdım. Söhbətlərimizdən belə bir nəticəyə gəldik ki, kin-küdurət, paxıllıq və həsəd hissi keçirən insanlar naqis insanlardırlar. Həmçinin bu dünyada olan maddələrdən birinə ondan istifadə etmədən pərəstiş edən insan da naqis və məsx olunmuş insandır.

ihq.az


Category: Əqidə | Added by: Ənfal
Views: 783 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]