Cümə günü, 2024-11-22, 5:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

“Fatihə” - Allahla bəndə arasında bölünən surə
2013-04-06, 5:55 AM

"Fatihə” - Allahla bəndə arasında bölünən surə

 "Fatihə” – "Həmd” surəsi Allahın Rəhim və Rəhman adı ilə başlanır. Allaha sitayiş və Onun Camal və Cəlal sifətlərini sayaraq, ibadət və duanın yolunu bizə öyrədir. Hidayətə dəvət ilə surə bitir.

Bu surənin qısa olmasına baxmayaraq, Quranın bütün ayələrini özündə cəm etmişdir. Dini maarifi, Allahı tanımanı, məadı və risaləti əhatə edir.

"Həmd” surəsi Quranın fatihəsidir, yəni Allah kəlamının başlanğıcıdır. Məsumlar (ə) onu ərşin xəzinəsi, İlahi ərşin ən şərif xəzinəsi, şəfabəxş edən surə, Quranın böyük və ağır neməti kimi adlandırırdılar.

Peyğəmbəri-Əkrəm (s) Cabir Ənsariyə bu surəni öyrənməyi tövsiyə edərkən, onu Quranın ən üstün surəsi kimi tanıtmışdır. "Həmd” surəsi möcüzəli kəlamları və aydın mənaları ilə Allaha gedən yolu insanlara nişan verər.

Böyük alim Şeyx Bəhayi "Həmdin” dörd mərhələsini bu cür şərh etmişdir:

1. Məhbubun və aşiqin həmdi üçün "Əlhəmdu lillah” zikri kifayətdir.

2. Şakirlərin həmdi. Bu məhrələdə hamid (həmd edən) Sübhan Allahı mütləq rübubiyyəti və ehsanı qarşısında həmd və şükr edər. "Rabbil-aləmin” - buna nazirdir.

3. Tacirlərin həmdi. Savaba olan şövq və tamaha görə həmd edərlər. (Ər-Rahmənir-Rahim) buna işarədir.

4. Qulların həmdi. Allahın əzabına görə qorxudan həmd edər. (Məliki yəumid-din) ayəsi bunun üçün əda edilmişdir.

İmam Həsən Əsgəri (ə) İmam Əlidən (ə) və o, da Həzrət Peyğəmbərdən (s) nəql edir: "Allah Təala buyurur: "Mən Fatihətul-Kitab surəsini Özümlə bəndəm arasında bölmüşəm. Onun yarısı Mənim üçündür və yarısı da Mənim bəndəm üçündür. Hər nə Məndən istəsə, ona əta edərəm.

O zaman ki, bəndəm deyər: "Bismilləhir-Rahmənir-Rahim!”. Allah ona buyurur: "Mənim bəndəm Mənim adımla başladı. Mənə lazımdır ki, işlərini onun xeyrinə sona çatdırım. Onun işinin nöqsanını kamil edim. Halını mübarək edim”.

Nə zaman bəndə desə: "Əlhəmdu lillahi Rabbil-aləmin”. Allah buyurar: "Bəndəm Mənə sitayiş etdi. Bilir ki, onun nemətləri Mənim tərəfimdəndir. Ondan dəf olunan bəlalar Mənim lütf və fəzlim sayəsindədir. Ona görə siz şahid olun ki, Mən axirət nemətlərini onun dünya nemətlərinə əlavə edəcəyəm”.

Nə zaman bəndə desə: "Ər-Rahmənir-Rahim”. Allah buyurar: "Bəndəm şəhadət verdi ki, Mən Rəhman və Rəhiməm. Sizi şahid tuturam ki, rəhmətimdən kamil bəhrələnməyi ona inayət edərəm”.

O zaman ki, deyər: "Məliki yəumiddin”. Allah buyurar: "Nə zaman ki, bəndəm etiraf edər ki, Mən cəza gününün malikiyəm, Mən onun Qiyamət günündəki hesabını asan edərəm. Həsənələrini qəbul edər və pis işlərindən keçərəm”.

O zaman ki, bəndə deyər: "İyyəkə nə’budu”. Allah buyurur: "Mənim bəndəm düz deyir. O, ancaq Mənə sitayiş edər. Sizi şahid tuturam ki, onun bu ibadətinə elə savab verəcəyəm ki, Mənim pərəstişimə müxalif olanların hamısı qibtə çəksinlər”.

Nə zaman bəndə desə: "İyyəkə nəstə’in”. Allah buyurar: "Bəndəm Məndən yardım istəyir. Mənə pənah gətirmişdir. Sizi şahid tuturam ki, ona işlərində yardım edəcəyəm və çətinliklərində əlindən tutacağam”.

Bəndə deyər: "İhdinəs-siratal-mustəqim. Siratal-ləzinə ən-‘əmtə ‘aleyhim ğayril-məğzubi ‘aleyhim vəlaz-zallın”. Allah buyurar: "Surənin bu hissəsi bəndəmin özü üçündür. O, nə istəsə, yerinə yetirəcəyəm. Arzularını həyata keçirəcəyəm. Qorxuduğu şeydən amanda saxlayacağam”.



(Tebyan/ Deyerler.org)
Category: Əqidə | Added by: Ənfal
Views: 794 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]