Bazar ertəsi, 2024-04-29, 11:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Nübüvvət

Həzrət Peyğəmbərdən (s) maraqlı məlumatlar
2013-03-22, 12:19 PM
Həzrət Peyğəmbərdən (s) maraqlı məlumatlar

Əbuzər deyir: "Bir gün Peyğəmbər (s) məsciddə oturmuşdu. Məscidə daxil oldum. Fürsəti qənimət bilib həzrətə (s) yaxınlaşdım. Üzünü mənə tutub buyurdu:

–Əbuzər, məscidin təhiyyəti var.

Ərz etdim:

–Məscidin təhiyyəti nədir, ya Rəsuləllah?

Buyurdu:

–İki rəkət namaz.

Ərz etdim:

–Ya Rəsuləllah, siz bizə namazı tövsiyə edirsiniz. Bilmək istəyirəm ki, namaz nədir?

Həzrət buyurdu:

–Namaz əməllərin ən üstünüdür. Hər kəs istəyir az yerinə yetirsin, hər kəs də istəyir çox yerinə yetirsin.

–Ya Rəsuləllah, Allah yanında ən sevimli əməl hansıdır?

–Allaha iman və Onun yolunda cihad.

–Gecənin hansı vaxtı daha fəzilətlidir.

–Gecə yarısı

–Namazın ən fəzilətli hissəsi hansıdır?

–Uzun qunutu.

–Hansı sədəqə daha üstündür?

–Yoxsul olan vaxtında ehtiyaclı olan qocaya verilmiş sədəqə.

–Ya Rəsuləllah, oruc nədir?

–Allahın qat-qat artıq əvəzini verəcəyi və dinin yerinə yetirilməsi vacib olan əməllərindən biri.

–Bəs, hansı bəndənin azad edilməsi daha artıq savaba malikdir?

–Qiyməti ən baha olub, sahibi yanında ən nəfis hesab edilən qulun.

–Ən əfzəl cihad hansıdır?

–Atından salınaraq qanı tökülən cihad.

–Qur`anın ən üstün ayəsi hansıdır?

–Ayətəl-kürsi.

–Ya Rəsuləllah, peyğəmbərlərin sayı neçədir?

–Yüz iyirmi dörd min.

–Mürsəl peyğəmbərlərin sayı neçədir?

–Üç yüz on üç nəfər.

–Birinci peyğəmbər kim olub?

–Həzrət Adəm (ə)

–Ya Rəsuləllah, həzrət Adəm (ə) də mürsəl peyğəmbər olub?

–Bəli, Allah-təala onu Öz qüdrət əli ilə yaradıb Öz ruhundan ona ruh verdi. Əbuzər, peyğəmbərlərdən dörd nəfəri–Adəm, Şiys, Əxnux, yə`ni İdris (birinci dəfə yazı yazan şəxs) suriyalı olmuşdur. Dörd nəfəri də ərəb olmuşdur; Hud, Saleh, Şüeyb və sənin peyğəmbərin Məhəmməd. İsrailli peyğəmbərlərin birincisi Musa (ə), axırıncısı da, İsa (ə) olmuşdur. Bu iki peyğəmbər arasında da Bəni-İsrailə altı yüz peyğəmbər göndərilmişdir.

–Ya Rəsuləllah, Allah tərəfindən neçə kitab nazil olmuşdur?

–Dörd kitab. Əlli səhifə Şeys peyğəmbərə, otuz səhifə İdris peyğəmbərə, iyirmi səhifə İbrahimə, Tövrat, İncil, Zəbur və Qur`an.

–Ya Rəsuləllah, İbrahimin səhifəsi nə idi?

–Orada olanların hamısı məsəl və öyüd-nəsihətlərdən ibarət idi. O cümlədən orada belə yazılmışdı: "Ey məğrur padşah! Mən səni dünya malı cəm etməkdən ötrü göndərməmişəm, Mən səni bu vəzifəyə qoymuşam ki, qoymayasan məzlumların ahı Mənim dərgahıma ucalsın. Mən məzlumun duasını kafir də olsa geri qaytarmaram. Ağıllı insan heç bir üzrü olmadığı halda gərək öz vaxtının bir hissəsini öz Pərvərdigarı ilə münacata, özündən haqq-hesab çəkməyə, yaradılış aləmi barədə təfəkkür və düşüncəyə, halal ləzzətlərdən istifadə etməyə sərf etsin. Eləcə də, ağıllı şəxs gərək öz zəmanəsinin vəziyyətindən agah olsun, öz işləri ilə məşğul olsun, dilini artıq danışıqdan və faydasız sözlərdən qorusun. Ağıllı insan gərək daim üç şeyin ardınca olsun; yaşayışının rifahı və islahı, axirət tədarükü və halal ləzzətlər ardınca.”

–Musanın kitabı hansı dildə idi.

–İbrani dilində. Orada belə yazılmışdı: "Təəccüb olunmalı şəxs o kəsdir ki, öləcəyini yəqin bilir, lakin şadlıq edir və o kəs ki, atəşin mövcudluğuna yəqini var, lakin gülür və o kəs ki, dünyanın insanları tar-mar etdiyini görür, lakin ona bel bağlayır və e`tibar edir və o kəs ki, qəza-qədərə imanı var, lakin yersiz təlaş edir və o kəs ki, sabahın haqq-hesabına yəqini var, lakin əməl etmir.”

–Ya Rəsuləllah, sizə nazil olan Qur`anda elə bir şey varmı ki, İbrahimin və Musanın da səhifələrində olmuş olsun?

Həzrət (s) bu ayələri oxudu:

Öz nəfsini paklayan, Rəbbinin adını zikr edib namaz qılan nicat tapdı. Siz dünya həyatını seçirsiniz, axirət isə daha xeyirli və əbədidir. Həqiqətən bunlar əvvəlki səhifələrdə də var idi. İbrahimin və Musanın səhifələrində.

–Ya Rəsuləllah, mənə bir nəsihət ver.

–Sənə təqvalı olmağı tapşırıram. Bu bütün işlərin başıdır.

–Bir az da artırın.

–Qur`an oxumağı əldən vermə və Allahı çox yad et. Belə etsən, səni də asimanda yad edərlər və nurani olarsan.

–Bir az da əlavə edin.

–Cihadı unutma, çünki o, mənim ümmətimin dünyaya arxa çevirməsidir.

– Bir az da əlavə edin.

–Sənə uzun-uzadı sükutu tövsiyə edirəm. Çünki, bu əməl şeytanı uzaqlaşdırar, sənə din işlərində kömək edər.

–Bir az da artırın.

–Çox gülməkdən çəkin. Bu iş qəlbi öldürər və üzün təravətini aparar.

–Bir az da əlavə edin.

–Həmişə özündən aşağıdakılara nəzər sal, özündən yuxarıdakılara yox. Əgər belə etsən Allahın sənə verdiyi ne`mətləri dəyərsiz hesab etməzsən.

–Bir az da əlavə edin.

–Öz qohumlarınla sənə qarşı bədrəftar olsalar da, xoş rəftar et.

–Bir az da əlavə edin.

–Yoxsulları və onlarla yoldaşlığı sev.

–Bir az da əlavə edin.

–Acı olsa da həmişə haqqı de.

–Bir az da əlavə edin.

–İlahi işlərdə heç kəsin danlağından qorxma.

–Bir az da əlavə edin.

–Özündə olan eybləri başqalarında axtarma, öz etdiyin işlərə görə başqalarına qəzəblənmə. Kişi üçün bu eyb bəsdir ki, bu üç xislət onda olsun; eyni bir eybi özündə görmür, başqalarında görür, özündə pis və qəbih işlər var, lakin, həmin işləri başqalarında görəndə utanır və nəhayət, üçüncüsü budur ki, boş-boş məsələlər üstündə öz yoldaşını incidir. Ey Əbuzər! Tədbir kimi əql, günahdan çəkinmək kimi təqva və pəhrizkarlıq və gözəl əxlaq kimi də əsil-nəcabət yoxdur.”
iman.ge
Category: Nübüvvət | Added by: Ənfal
Views: 718 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]