Main » Files » Əqidə » Məad |
Qəbir əhlini necə ziyarət etməli?
2013-02-15, 6:20 PM | |
Ruhun öz qəbri ilə rabitəsi olar. Ruhların qəbirlərini ziyarət etməyin çox faydası vardır. Çünki zəvvar mömin qəbir pəncərəsinin vasitəsilə özünü o qəbirin ruhu ilə əlaqənlədirir. Yəni, qəbirin ruhu ilə rabitə qurur. Bəs qəbir əhlini necə ziyarət etmək lazımdır? Şeyx Tusi nəql edir ki, Abdullah ibni Süleyman İmam Baqirdən (ə) nəql edir: "İmamdan (ə) qəbir əhlinin ziyarəti haqqında soruşdum və Həzrət (ə) buyurdu: "Cümə günü olan zaman onları ziyarət edin. Çünki onlardan hər kim darlıqda olar, günəş çıxana qədər rahatlıqda olar. Bu zaman onun ziyarətinə gələn insandan elm və xəbər əldə etmiş olar. Ancaq o zaman ki, günəş çıxar, öz ziyarətinə gələnlərini və dünya işlərini dərk etməyə qadir olmazlar”. Soruşdum: "Onların qəbirlərini ziyarət edənlərə qarşı elmləri olurmu? Sevinirlərmi?” Buyurdu: "Bəli. Həmçinin zəvvarların öz evlərinə qayıtmasından dəhşətdə olarlar””. Alimlərin, şəhidlərin, Allah dərgahına yaxın olanların, Məsumların (ə) qəbirini ziyarət etmək kürr suda paklanmağa bənzəyər. Zəvvar sanki bu suda bütün günahlarından pak olar. Həzrət Peyğəmbər (s) buyurur: "Qəbiristana qəbir əhlini ziyarət etməyə gedin ki, axirəti yada salmaq hissi sizdə canlansın”. Həzrət (s) başqa yerdə buyurur: "Hər kim cümə günü ata və anasının və ya bunlardan birinin ziyarətinə gedərsə, həm günahları bağışlanmış olar, həm də Allah yanında yaxşı övlad hesab edilər”. Həmçinin hədislərdə oxuyuruq ki, valideyn qəbirinin başında edilən dualar qəbul olunar. Digər yerdə Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mənim qəbirimi ziyarət edər, qiyamət günü ona şəfaət vermək mənə vacib olar”. Həzrət Zəhra (s.ə) həftədə bir dəfə Həmzənin və başqa şəhidlərin qəbirini ziyarət etməyə gedərdi. Onlar üçün rəhmət istəyərdi. İnsan qəbir əhlini ziyarət edən zaman onun ruhu ilə rabitə yaradar və həmin ruhdan kömək diləyər. Çünki ruh hər nə qədər pak olarsa, zəvvarın bu ziyarətdən faydası daha çox olar. Nəql edilir ki, alimlərin qəbirində edilən dualar əksər hallarda həyata keçər. Xüsusilə də o yerdə ki, İlahi Övliyalar dəfn olunublar, oranın nuraniyyəti daha çoxdur. Bu cür qəbirləri ziyarət edən zaman insanda qəribə rahatlıq hiss yaranır. Ancaq kafirlərin qəbri belə deyildir, insan əksinə qəlbində darlıq hiss edər. "Mustədrikul-vəsayil” kitabında oxuyuruq: "Nə zaman möminin qəbrini ziyarət etməyi qəsd etdin, yaxşı olar ki, cümə axşamı günü olsun. Əgər alınmasa, nə zaman istəsən gedə bilərsən. Ziyarətin yolu budur ki, üzü qibləyə dayanasan və əlini qəbirin üzərinə qoyasan. Sonra deyəsən: "Allahım! Qürbətdə ona rəhm et! Onun tənhalığını Öz cəm məqamınla rabitələndir. Qorxusunu rahatlığa çevir. Öz rəhmətindən ona rəhmət göndər ki. başqasının rəhmətindən ehtiyacsız olsun. Onu sevdiyinə qovuşdur”. Əhməd ibni Muhəmməd deyir: "Mən və İbrahim ibni Haşim qəbiristanlardan birində idik. İbrahim qəbirin yanında üzü qiblyə əyləşmişdi. Əlini qəbirin üzərinə qoymuşdu. 7 dəfə "Qədr” surəsini tilavət etdi. Sonra üzünü mənə çevirib dedi: "Bu qəbirin sahibi Muhəmməd ibni İsmayil ibni Bəzihdir. Hər kəs möminin qəbirini ziyarət edər və 7 dəfə bu surəni tilavət edərsə, Allah onu və qəbir əhlini bağışlayar”. Muhəmməd ibni Müslim nəql edir: "İmam Sadiqə (ə) dedim: Biz ölüləri ziyarət edəkmi? Həzrət (ə) buyurdu: "Bəli”. Soruşdum: "Onlar bizim gəlməyimizdən xəbərdar olurlarmı?” Buyurdu: "Allaha and olsun ki, bəli. Sizin qəbirlərin başınıza gəlməyinizdən xəbərdar olarlar. Sevinərlər və sizinlə danışarlar”. Soruşdum: "Bəs biz gedən zaman nə deyək? Buyurdu: De: Allahım! Onun iki tərəfindən olan torpağı genişləndir. Ruhlarını Özünə tərəf apar. Rizvan məqamını ona çatdır. Öz rəhmətindən ona rəhmət göndər ki, onun vasitəsilə tənhalığı cəmiyyətə çevrilmiş olsun. Həqiqətən, Sən hər işə qadirsən””. Qəbirlərin arasında olan zaman "Tövhid” surəsini 11 dəfə tilavət et. Savabını onun ruhuna hədiyyə et. Nəql edilir ki, hər kim bu əməli yerinə yetirər, Allah ölülərin sayı qədər ona savab verər. Abdullah ibni Sənan nəql edir: "İmam Sadiqə (ə) dedim: "Qəbir əhlinə salam vermək necə olur?” Buyurdu: "Deyirsən: "Salam olsun möminlərdən olan bu evin əhlinə! Siz bizi qabaqlamısınız. Biz də inşaallah sizə qoşulacağıq””. Beləliklə deyə bilərik ki, qəbir əhlini ziyarət etməyin böyük savabı vardır. Savabla yanaşı, insan üçün bir ibrət dərsi olur. Dünyaya meyli azalır və axirətə rəğbət əldə edir. O insan aqil sayılır ki, ölülərin qəbirindən ibrət götürər və dünya sevgisini qəlbindən çıxardar. (Tebyan/ Deyerler.org) | |
Views: 1018 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |