Main » Files » Əqidə » Ədl |
Əbədi həyat (3)
2012-10-18, 0:32 AM | |
Əbədi həyat (3) 3. Üçüncü qismə bölünən ayələrdə artıq mələklərlə insanlar arasında baş verən söhbətlərə toxunulmur. Burada birbaşa əməli-saleh və günahkar (fasid) insanların aqibəti bəyan olunur. "Allah yolunda öldürülənlərin [şəhid olanları] heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub, ruzi [cənnət ruzisi] yeyirlər. Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə [şəhidlik rütbəsinə] sevinir, aralarınca gəlib hələ özlərinə çatmamış [şəhidlik səadətinə hələ nail olmamış] kəslərin [axirətdə] heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.” ((Ali-imran 169-170).) "Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və [vəhdaniyyətimizi sübut edən] açıq-aşkar bir dəlillə göndərdik. Firon və onun əyan-əşrafının yanına. Onlar iman gətirməyi təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar [yaxud Misirdə hakim olduqları İsrail oğullarına əzab-əziyyət verməkdə davam etdilər].” ((Muminun 45-46).) Ayə Fironun iki növ əzaba düçar olacağını bəyan edir. Onlardan biri "suul-əzab”-yəni ağır və dözülməz əzab adlandırılmışdır. Belə ki, hər gün iki dəfə cəhənnəm odunun qarşısına gətirilər, bir qədər qorxudulduqdan sonra oraya daxil olmadan geri qaytarılar. Düçar olacağı ikinci növ əzab isə qiyamət gününə aiddir. Quran bu əzabı "əşəddül-əzab” (şiddətli əzab) adlandırır. Qiyamət gününün hökmü verildikdən sonra onlar Allahın əmri ilə cəhənnəm oduna daxil edilərlər. Birinci növdə, ikinci əzabın əksinə olaraq səhər-axşam əzab yad olunar. Əli (ə) ayənin təfsirində buyurur: "Birinci növ əzab bərzəx aləminə aiddir. Belə ki, orada da gecə və gündüz, həftə, ay və il vardır. İkinci növ əzab isə axirət dünyasına dəlalət edir və orada gecə və gündüz, həftə, ay və il dövranı baş vermir.” Peyğəmbər (s) və digər imamlardan (ə) nəql olunmuş hədislərdə bərzəx sakinlərinin aqibətinə dəfələrlə işarə olunmuşdur. Müsəlmanlar Bədr döyüşündə qalib gəldikdən sonra Qüreyş sərkərdələrinin cəsədlərini döyüş meydanındakı xəndəklərdən birinə tökdülər. Peyğəmbər (s) üzünü cəsədlərə tutub soruşdu: "Biz Allahın bizə vədə verdiklərinin şahidi olduq. Sizdəmi Allahın vədələrini dərk etdiniz?” Əshabdan bəziləri Peyğəmbərdən (s) soruşdu: Ya Rəsuləllah! Ölülərləmi danışırsınız? Məgər onlar sizin söylədiklərinizi dərk edirlərmi? Buyurdu: "İndi onlar sizdən yaxşı eşidirlər.” Bu məzmunda nəql olunmuş bir çox hədislərdən belə məlum olur ki, insana dünyasını dəyişərkən can ilə bədən arasında ayrılıq düşsə də, ruh illər boyu birgə olduğu bədəni tamamilə tərk etmir. İmam Hüseyn (ə) Məhərrəmin onuncu günü sübh namazını əshabı ilə birlikdə qıldıqdan sonra onlar üçün kiçik bir xütbə oxudu. Xütbədə deyilir: "Azacıq səbr edib müqavimət göstərin. Ölüm sizi əzab-əziyyətdən xoşbəxtlik sahilinə çatdıran bir körpüdür. O, sizi gen və əzəmətli cənnətlərdən keçirəcəkdir.” Başqa bir hədisdə deyilir: "İnsanlar bu dünyada qəflət yuxusundadırlar. Dünyalarını dəyişərkən oyanarlar.” Hədisin məzmunu bundan ibarətdir ki, axirət həyatı bu dünyada dərəcə baxımdan daha üstün və daha kamildir. Belə ki, insan yatarkən hissiyyatı ən zəif dərəcəyə enir. O, yarı ölü, yarı diri bir varlığa çevrilir. Oyanarkən onun fəaliyyəti daha da kamilləşir. İnsanın dünyəvi həyatı da axirət dünyası ilə müqayisə etdikdə olduqca zəif hesab olunur. Bərzəx aləminə köçdükdə isə, onun həyatı bir daha kamilləşir. Burada iki mühüm məsələyə diqqət yetirmək lazımdır. 1. Nəql olunmuş hədis və rəvayətlərdən belə məlum olur ki, bərzəx aləmində yalnız insandan iman gətirməsi lazım olan məsələlər soruşulacaq. Digər məsələlər isə qiyamət gününə saxlanılacaqdır. 2. Xeyirxah və əməli-saleh insanlar gördükləri işlərin müqabilində ilahi nemətlərlə mükafatlanarlar. Bu işlər istər dünya sakinləri (yəni sağ olan qohumlar, dost və qonşular) [məsələn, imkansızlara əl tutmaq, elmi müəssələr təsis etmək və s.], istərsə də dünyadan köçmüş şəxslər üçün [məsələn, onların niyyəti ilə namaz qılmaq, həcc ziyarətinə getmək və s.] olsun, ilahi savab və nemətlərlə mükafatlandırılarlar. Bəzən övladlar valideynlərini hələ sağ ikən öz əməlləri (və ya söylədikləri sözlərlə) narahat edərlər, amma dünyadan köçdükdən sonra öz xeyirxah işləri ilə onların razılığını qazanarlar. Böyük qiyamət Həyatın ikinci əbədi mərhələsi "böyük qiyamət” və ya "əbədi axirət” dünyasıdır. Bura, bərzəx aləminin əksinə olaraq, bəzi şəxslərə deyil, aləmdə yaşayan bütün insanlara aiddir. Bu (qiyamət günü) elə bir hadisədir ki, bütün insanları və hər bir canlı, cansız əşyaları özünə tərəf çəkir. Bütün aləm yeni bir mərhələyə və yeni həyata qədəm qoyur. Qurani-Kərim bu böyük hadisənin baş verəcəyini öz ayələrində dəfələrlə bəyan etmişdir. Belə ki, bu hadisə baş verməzdən əvvəl, günəş və ulduzlar sönəcək, dənizlər quruyacaq, enişli-yoxuşlu yerlər düzələcək, dağlar ovulub töküləcək və hər yeri bürüyəcək gurultulu səslər və dağıdıcı zəlzələlər baş verəcəkdir. Bir sözlə, hər şey məhv olub aradan getdikdən sonra həyatın yeni mərhələsi başlanacaq və orada bu dünyadan fərqli olaraq əbədi qanun hökm sürəcəkdir. Qiyamət Quranda müxtəlif adlarla çəkilmişdir və onların hər biri axirət aləminə hakim olan qanunu özünəməxsus bir tərzdə bəyan edir. Məsələn, məhşərə insanların ilk və sonuncusunun toplandığı və orada zamanın öz mahiyyətini itirdiyi üçün "Həşr günü”, "Toplantı günü”, batinlər aşkara çıxıb hər şey məlum olduğu üçün "yəvmun-nuşur”, insanlar bu günü dərk etməyib özlərini danlayacaqları üçün "Həsrət günü” ya "yəvmut-təğabun” və bu günün böyük hadisə olduğu üçün "böyük xəbər” adlandırmışdır. Bu dünya ilə axirət dünyasının rabitəsi Səmavi kitabların dəfələrlə haqqında söhbət açdıqları məsələlərdən biri də, bu iki aləm arsında olan rabitəyə dəlalət edir. Bu iki həyat bir-birindən ayrı deyildir. Axirət dünyasının toxumu insanın öz əli ilə səpilir və insanın aqibəti artıq bu dünyada bəlli olur. İnsan xoşbəxt həyata nail olması üçün ilk növbədə iman və etiqadını saflaşdırmalı, kin və həsəddən uzaq olmalı, kimsəyə hiylə etməməli, özünün və cəmiyyətin təkamülü üçün ictimai fəaliyyətə qoşulmalıdır. Yox əgər imansızlığa, zülm, riyakarlıq, xudpəsəndlik, qeybət, xəyanət və sair qeyri-insani xislətlərə düçar olarsa, axirət dünyasında əbədi zillət və bədbəxtçiliklərlə qarşılaşacaqdır. Peyğəmbərdən (s) nəql olunmuş hədislərdən birində buyurulur: "Dünya axirətin əkin yeridir.” Dünyada səpilən hər bir yaxşı və ya pis toxum axirət günü öz məhsulunu verəcəkdir. İnsanın tikan əkərək gül əldə etməsi qeyri-mümkün olduğu kimi, bu dünyada nalayiq işlər görüb axirətdə onun xeyrini görməsi də qeyri-mümkündür. İnsanın gördüyü işlərin təcəssüm və əbədiliyi Bir çox Quran ayələrində və Peyğəmbərdən (s), həmçinin imamlardan (ə) nəql olunmuş hədis və rəvayətlərdən belə məlum olur ki, tək insanın özü deyil, onun gördüyü bütün işlər də əbədi olaraq qalacaq və qiyamət günü onun gözləri önündə təcəlli edəcəkdir. Onun gördüyü xeyirxah işlər gözəl və ürəyə yatımlı tərzdə, pis və nalayiq işləri isə çirkin və qorxunc surətdə onun qarşısında təcəssüm edəcək və bütün bunlar onun əzab və işgəncəsinə səbəb olacaqdır. Qurani-Kərimdə buyurulur: "O gün [qiyamət günü] hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir, çünki O, öz bəndələrinə mərhəmətlidir.” ((Ali-İmran-30.) Ayədən məlum olur ki, insan gördüyü xeyirxah işlərin təcəssümünü müşahidə etdikdə fərəhlənəcək, nalayiq və xoşagəlməz işlərinə görə isə xəcalət çəkərək ondan uzaq olmağa çalışacaq. Amma bura artıq qaçmaq yeri deyildir. Çünki hər bir şəxsin gördüyü işlər onun ayrılmaz hissəsini təşkil edəcəkdir. Qurani-Kərimdə buyurulur: "O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün [qəbrlərindən məhşərə] dəstə-dəstə çıxacaqlar! Cənnətdəkilər sağ tərəfdə, cəhənnəmdəkilər isə sol tərəfdə olacaqlar. Kim [dünyada] zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir [mükafatını alacaqdır]. Kim zərrə qədər pis iş görmüşdrüsə, onun zərərini görəcəkdir [cəzasını alacaqdır].” ((Zilzal 6-8.) Həmçinin buyurulur: "Onlar [dünyada] etdikləri bütün əməllərin [öz qarşılarında] hazır olduğunu görəcəklər.” ((Kəhf-49.) İnsan və onun gördüyü işlər əbədi olaraq qalacaqdır. O, axirət dünyasında xeyirxah əməllərinin səmərəsindən ya bəhrələnəcək, ya da rüsvayedici şiddətli əzaba düçar olacaqdır. Bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir: Uzaq məntəqələrdə yaşayan müsəlmanlardan bir neçəsi Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) söhbət əsnasında onlara bir neçə nəsihət verir. Onlardan biri bu idi: "Günü bu gündən axirət dünyası üçün özünüzə yaxşı dost və dostlar tapın. Bilin ki, [məhşərdə] əməlləriniz kimi ünsiyyətdə olduğunuz şəxslər də qarşınızda təcəssüm edəcəkdir.” Mömin insan, əbədi həyatının xoşbəxtliyi üçün başqaları ilə ünsiyyətdə gözəl əxlaq nümayiş etdirər. O bilir danışdığı hər bir söz və gördüyü hər bir iş axirət dünyasının əbədi həyatının səmərəsinə çevriləcəkdir. ihq.az | |
Views: 768 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |