Main » Files » Əqidə » Ədl |
Əbədi həyat (2)
2012-10-18, 0:30 AM | |
Əbədi həyat (2) Bütün bunlar bir daha bu həqiqəti sübuta yetirir ki, Quran "ruh” adlı müqəddəs bir varlığı insan və mələklərdən daha üstün tutur. İnsan və mələklər ilahi feyzdən ruhlanırlar. "Hicr” surəsinin 21-ci və ruhu bəyan edən ayələrdən belə məlum olur ki, ruh maddi olmayan və müqəddəs bir varlıqdır. İndi isə dünyasını dəyişdikdən sonra insanın başqa bir aləmə köçəcəyini bəyan edən on dörd ayədən üçünə işarə etmək istəyirik: "Mələklər öz nəfslərinə zülm edənlərin [Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin] canlarını alarkən [onlara] deyəcəklər. "Siz [hicrət zamanı] nə vəziyyətdə idiniz?” Onlar söyləyəcəklər: "Biz yer üzərində zəif [aciz] kəslər idik!”. [Mələklər də onlara]: "Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer cəhənnəmdir. O, necə də pis yerdir!” ("Nisa” surəsi, ayə: 97.) Bu ayə fitnə-fəsad baş alıb getdiyi bir şəraitdə yaşayan kəslər barəsində nazil olmuşdur. Onlar özlərinə bəraət qazandırmaq üçün üzrxahlıq gətirərək deyirdilər: "Biz fitnə-fəsadın baş alıb getdiyi bir yerdə yaşayırdıq və əlimizdən heç bir şey gəlməzdi.” Bir halda ki, yaşadıqları mühiti islah etməli, dəyişməli, bu iş mümkün olmadıqda isə oranı tərk etməli, mənəviyyatlarını qoruyub saxlamalı idilər. Dünyaları dəyişdirdikləri zaman mələklər ruhlarını təhvil alar və sonra onlardan sorğu-sual apararlar. Onlardan bu cavabı eşitdikdə onu əhəmiyyətsiz hesab edərlər, çünki islah apara bilməsəydilər də, heç olmasa oradan mühacirət edə bilərdilər. Mələklər onlara deyərlər: Düçar olduğunuz fəlakətlərin və günahların səbəbkarı siz özünüzsünüz və artıq üzrxahlıq yeri deyildir. Ayədən məlum olur ki, çarəsizlik üzündən zülm və fəsada boyun əyməyi, azad yaradılmış insan üçün üzr hesab etmək olmaz. Heç olmasa yaşadığı yeri tərk edib ictimai ədalətə riayət olunan digər məntəqələrə hicrət etməlidirlər. Göründüyü kimi, burada ölüm və fəna (təvəffa – təhvil almaq) mənasında işlədilmişdir. Bununla yanaşı ayədə mələklərin, insan dünyasını dəyişdikdən sonra onunla apardıqları sorğu-suala və dəlil gətirməsinin tələb olunmasına işarə edilmişdir. Təbii ki, əgər dünyasını dəyişdikdən sonra quru bir cəsədə çevrilib, müəyyən müddət keçdikdən sonra məhv olub aradan gedəcəkdirsə, onunla sorğu-sual aparmaq heç bir məna kəsb etməzdi. Demək, insan dünyasını dəyişdikdən sonra axirət dünyasında başqa bir göz, qulaq, dil və sair bədən üzvləri ilə adi gözlə görünməyən mələklərlə təmasda olacaqdır. Quranda buyurulur: "[Axirətə inanmayanlar] dedilər: "Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacığıq?”. Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını [qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını] inkar edən kəslərdir. [Ya Muhəmməd!] De ki: "Sizə müvəkkil olan ölüm mələyi [Əzrail canınızı alacaqdır. Sonar da [qiyamət günü] Rəbbinizin hüzuruna qaytaracaqsınız.” ("Səcdə” surəsi, ayə: 10-11.) Bu ayədə məad və axirət dünyasını inkar edən şəxslərə işarə olunur. Onlar deyərlər: Öldükdən sonra bədənlərimiz çürüyüb torpağa qarışdıqdan sonra yenidən necə dirilə bilərik? Quran onların inadkarlıq üzündən gətirdikləri bəhanəni qətiyyətlə rədd edir və bu həqiqətin mələklər vasitəsilə baş verəcəyini bəyan edir. "Siz bütün vücudunuzla mələklərə təhvil veriləcək və onların ixtiyarında olacaqsınız. O ki, qaldı çürəyərək məhv olub aradan gedən bədən üzvlərinə, bunu bilmək lazımdır ki, bədənlərin yox olub aradan getməsini biz belə düşünürük və onların bir daha bir yerə yığılması bizim nəzərimizdə çətin və bəlkə də qeyri-mümkündür? Elm və qüdrət hər şeyi əhatən edən aləmlərin Rəbbi üçün isə bunun qeyri-mümkünlüyü heç bir məna kəsb etmir.” Məadı inkar edən şəxslərin irəli sürdükləri iddialardan biri də budur ki, çürüyüb aradan getmiş, pərakəndə şəkildə ətrafa səpələnmiş bədən üzvləri bir daha bir-birləri ilə necə birləşə biləcəkdir? Bir insan kimi həqiqi şəxsiyyət və mahiyyətimiz məhv olub aradan getmirmi? Quran onlara birbaşa cavab olaraq deyir: Güman etdiyiniz əksinə olaraq sizin insani şəxsiyyətiniz dünyanızı dəyişdirdiyiniz ilk andan mələklərin ixtiyarına geçir və heç vaxt məhv olmur. Belə olduğu bir halda, bir daha onları tapıb bir yerə yığmağa ehtiyac duyulmur. Quranda buyurulur: "Allah [əcəli çatan şəxslərin] canlarını onlar öldüyü zaman, ölməyənlərin [hələ əcəli çatmayanların] canlarını isə yuxuda alar [çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir]. ölümünə hökm olunmuş şəxslərin canlarını [ruhlar aləmində] saxlayar [onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də, bədən ölüb gedər]. Digər [ölümünə hökm olunmamış] şəxslərin canlarını isə müəyyən bir müddətədək [əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə] qaytarar. Həqiqətən bunda düşünən bir qövm üçün [Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölülərin diriləcəyinə dəlalət edən] əlamətlər vardır.” ("Zümər” surəsi, ayə: 42.) Bu ayədə yuxu ilə ölümün oyanış ilə sonuncu besətin (insanların qəbrlərdən çıxarılması) oxşarlığına işarə olunur. Yuxu – ölümün zəif və kiçik, ölüm isə yuxunun böyük və güclü formasıdır. Hər iki halda, ruh bədəndən ayrılıb başqa bir aləmə qovuşur. Fərq yalnız bundan ibarətdir ki, insan yatarkən heç nəyin fərqinə varmayır və oyandığı zaman kiçik səfərdən qayıtdığını dərk etmir. Dünyasını dəyişdikdə isə artıq hər şey ona məlum olur. İşarə etdiyimiz bu üç ayədən məlum olur ki, Quran ölümü heç də fəna və yoxluq hesab etmir. Ölüm burada insanın bir aləmdən başqa bir aləmə köçməsinə bənzədilmişdir. Bununla yanaşı, yuxu haqda da dəyərli məlumat verilir. Məlum oldu ki, yuxu ilk baxışda təbiətin müvəqqəti sükut və dayanşışına bənzəsə də, ruhi nöqteyi-nəzərdən batinə və ilahi aləmə edilən bir növ müvəqqəti müraciətdir. Yuxu da ölüm kimi elmin kəşf edə bilmədiyi sirlərdən biridir. Elmə məlum olan yalnız bədəndə baş verən bəzi cərəyan və dəyişikliklərdir. Ölümdən sonrakı həyat İnsan dünyasını dəyişdikdən sonra fasiləsiz olaraq axirət dünyasına qovuşur, yoxsa müəyyən mərhələ keçdikdən və qiyamət baş verdikdən sonra buna nail olur? (Sözsüz ki, qiyamətin nə vaxt baş verəcəyi yalnız Allaha məlumdur. Bu haqda hətta peyğəmbərlərin belə, məlumatı olmamışdır). Bu barədə nazil olmuş bir çox Quran ayələrindən, peyğəmbər və imamlardan nəql olunmuş "mütəvatir” hədislərdə dünya ilə qiyamət arasındakı aləmə (bərzəx aləminə) işarə olunmuşdur. Qiyamət günü təbiətdə bəzi dəyişikliklər baş verəcəkdir. Hər şey dəyişiləcək və heç bir varlıq olduğu kimi qalmayacaqdır. Qiyamət günü dünyaya gəlmiş ilk və son varlıq bir yerə toplanacaqdır. Biz aləmin vahid nizam üzrə hərəkət etdiyini və hərəkəti öz axarı ilə davam etdiyinin şahidi oluruq. Bəlkə də bundan sonra da yer üzünə milyonlarla insan gələcək və bizlər kimi müəyyən müddət ərizində yaşayıb qiyamət günündən əvvəlki dünyalarını dəyişəcəkdir. Quran ayələrindən belə məlum olur ki, insan dünyasını dəyişdikdən sonra qiyamət gününədək özünü boşluqda hiss etməyəcəkdir. Heç də belə düşünmək olmaz ki, insan dünyasını dəyişdikdən sonra heç bir şey hiss etməyəcək. O, nə sevinclə qarşılaşacaq, nə kədərlə, nə də əzabla. Xeyr! Bu bir həqiqətdir ki, dünyasını dəyişmiş hər bir şəxs başqa bir aləmdə saxlanılacaq və orada dünyada gördüyü işlərə müvafiq olaraq ilahi nemətlərlə mükafatlanacaq və ya əksinə olaraq əzab və əziyyətə (kədər və qüssəyə) düçar olacaqdır. Bu mərhələ qiyamət gününədək davam edəcəkdir. O gün yer və göylərdə olan bütün varlıqlar öz nizamından çıxacaq və bir an içində böyük dəyişikliklər baş verəcəkdir. Bu mərhələ hamı üçün dünya ilə axirət arasında olan orta mərhələ hesab olunur. Demək, Quran insanın bu dünyadan sonrakı həyatını iki mərhələyə bölür. Başqa sözlə, insan dünyasını dəyişdikdən sonra iki mərhələ qət etməli olacaqdır. Biri bu aləm kimi sonu olan "bərzəx” aləmi, digəri isə sonu olmayan "axirət” dünyasıdır. Bərzəx aləmi İki şeyin arasındakı maneə və ya fasiləyə bərzəx deyilir. Qurani-Kərim bu dünya ilə qiyamət gününədək olan fasiləni bərzəx adlandırmışdır. "Muminun” surəsinin 100-cü ayəsində deyilir: "Bəlkə [indiyə qədər] zay etdiyiniz ömrün müqabilində yaxşı bir iş görüm! [Yaxud bu günə qədər tərk etdiyim imanı qayıdıb saleh bir əməl edim!] Xeyr, bu, onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib [haqq-hesab üçün Allah hüzurunda] duracaqları günə [qiyamət gününə] qədər maneə [öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi] vardır.” Bu dünya ilə qiyamət arasında olan fasiləni (bərzəx aləmini) bəyan edən bir neçə Quran ayəsi vardır. Bu ayələrə istinad edərək İslam alimləri belə bir nəticəyə gəlmişlər ki, dünya ilə qiyamət arasında başqa bir aləm vardır və onun adı "bərzəx aləmidir”. Ayənin məzmunundan belə məlum olur ki, insanlardan bəziləri dünyalarını dəyişdikdən sonra dünyada gördükləri nalayiq işlərə görə peşmançılıq çəkər və yenidən dünyaya qayıtmaq istərlər, amma onların istəkləri qəbul olunmayıb rədd cavabı alarlar. Qurani-Kərimdə bərzəx aləmi və oranın sakinlərinin vəziyyətini bəyan edən on beş ayə mövcuddur və bu ayələr bir neçə qismə bölünür. 1. Mələklərin, [dünyalarını dəyişdikdən dərhal sonra] əməli-saleh və fasid, günahkar insanlarla apardıqları söhbətlər bu qəbildən olan ayələrə Quranda çox rast gəlmək olur. Bir qədər əvvəl işarə etdiyimiz "Nisa” surəsinin 97-ci və "Muminun” surəsinin 100-cü ayəsi həmin ayələrə dəlalət edir. 2. Mələklərin əməli-saleh insanlara verdikləri müjdələr haqda nazil olmuş ayələr. Yəni əməli-saleh insanlar bərzəx aləminə daxil olduqdan sonra mələklər onlara ilahi nemətlərlə (cənnət) bəhrələnəcəklərini və qiyamət intizarında olmayacaqlarını xəbər verərlər. Bu məzmunda iki ayə nazil olmuşdur. "O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: "Sizə salam olsun! Etdiyiniz [gözəl] əməllərə görə cənnətə daxil olun! – deyərlər.” (Nəhl-32) "[Antakiyalılar bu sözü eşidən kimi Həbib Nəccarı daşqalaq edib öldürdülər]. Ona [şəhid olduğu üçün Allah dərgahından] "Cənnətə daxil ol!” – deyildi. [Həbib Nəccar cənnətə daxil olub oradakı nemətləri, hörmət-izzəti gördükdən sonra] dedi: "Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və niyə görə hörmət sahiblərindən etdi.” ((Yasin 26-27)) Bundan əvvəlki ayələrdə mömin və əməli-saleh bir şəxsin Antakiya şəhərində yaşayan yerlilərinin haqq yola gəlmələrini və peyğəmbərə iman gətirmələrini istəməsi bəyan olunur. Amma onun sözünə kimsə əhəmiyyət vermir və amansızcasına qətlə yetirilir. Şəhadətə nail olduqdan sonra ilahi nemətlərlə bəhrələndiyini görüb həsrətlə öz xoşbəxt həyatında agah olmalarını və eyni zamanda bunu onlara da arzu edir. Məlum olduğu kimi, bütün bunlar qiyamət günündən əvvəl baş verəcəkdir və o gün dünyaya gəlmiş ilk və sonuncu şəxs [məhşərdə] bir yerə toplanacaq və yer üzündə kimsə qalmayacaqdır. Bu məsələyə diqqət yetirmək lazımdır ki, əməli-saleh mömin insanlara nəsib olacaq cənnət deyil – cənnətlərdir. Belə ki, axirət dünyasında cənnətin bir neçə təbəqəsi vardır və oranın hər birində iman baxımından bir-biri ilə fərqlənən möminlər, əməli-saleh insanlar, xeyirxah işlər görənlər, alim və şəhidlər və sair sakinlər olar. Bundan əlavə, Əhli-beytdən (ə) nəql olunmuş hədislərdən bizə belə məlum olur ki, cənnətin bəzi təbəqələri axirət aləminə deyil, bərzəx aləminə aiddir. Bütün bunları nəzərə alaraq, yuxarıda qeyd olunan ayələrdəki cənnət kəlməsini axirət dünyasının cənnətləri ilə əlaqələndirmək olmaz. ihq.az | |
Views: 912 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |