Çərşənbə axşamı, 2024-03-19, 11:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

36. Yasin surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
36. Yasin surəsi
(Məkkədə nazil olmuşdur, səksən üç ayədir)

Bağışlayan və mehriban Allahın adı ilə
     1. Ya, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. Ey, insaniyyətdə yeganə olan kəs,)
     2. Bu hikmətli (batilin ziyanı müqabilində möhkəm olan, hikmətlə danışan, haqla batilin arasında hökm edən və əqli mərifətlər və səmavi şəriətlərə malik olan) Qurana and olsun ki,
     3. Şübhəsiz, sən (Allah) peyğəmbərləri (zümrəsi)ndənsən (peyğəmbərliyə seçildiyin vaxtdan insanların nəsilləri kəsilincəyədək onlara göndərilmisən).
     4. (Sən) düzgün olan bir yoldasan (şəriət elmləri və əqli mərifətlər yolunda).
     5. (Bu), qüdrətli və mehriban (Allah tərəfindən) nazil edilmiş (bir kitab)dır. (Mehribanlığı Quranın nazil olmağına bir səbəb, qüdrəti isə onun icrasına zamindir).
     6. (Bu kitabla) elə bir qövmü qorxudasan ki, ata - babaları (İsanın, yaxud İbrahimin zamanından bəri) qorxudulmamışlar, buna görə də (din həqiqətlərindən) qafildirlər.
     7. Şübhəsiz, onların əksəriyyətinə (Allahın Lövhi - Məhfuzda dərc olan) söz(ü: «Cəhənnəm onların yeridir» sözləri) sabit olmuş və həyata keçmişdir, buna görə də daha iman gətirməzlər.
     8. Həqiqətən, Biz onların boyunlarına çənələrinə kimi çatan zəncirlər keçirmişik, buna görə də başları yuxarı doğru qalmışdır. (buna görə də özlərinə baxa bilmirlər ki, özlərində olan ayələrlə (nişanələrlə) ayılsınlar).
     9. Biz onların önlərindən və arxalarından sədd çəkib onları (hər bir tərəfdən) örtdük (yaxud gözlərini kor etdik). Buna görə də görmürlər (öz ətraflarını görə bilmirlər ki, təbiət aləmində nişanələrlə ayılsınlar).
     10. Onlar üçün birdir: onları qorxutsan da, qorxutmasan da - iman gətirməyəcəklər.
     11. Sən ancaq nəsihətverici Quran(ı qəbul edən və on)a tabe olan, Rəhman (olan zahiri hiss üzvləri ilə dərk olunmayan Allah)dan gizlində qorxan kəsi qorxuda bilərsən; elə isə ona (Allahın) bağışlama(sı) və çox qiymətli bir mükafatla mücdə ver.
     12. Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq aşkar nüsxələrdə (Lövhi-Məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq.
     13. (Ya Peyğəmbər!) Sən onlara o şəhərin (Antakiya) əhalisinin dastanını məsəl çək. O zaman ki, Allahın göndərdiyi (peyğəmbərlər) oraya gəlmişdi.
     14. O zaman onlara, iki nəfər (peyğəmbər) göndərmişdik, amma onların ikisini də təkzib etdilər. Biz (həmin peyğəmbərləri) göndərdiyimiz üçüncü (peyğəmbər) ilə qüvvətləndirdik. (Peyğəmbərlər) hamılıqla dedilər: «Biz sizə göndərilmiş (peyğəmbərlər)ik».
     15. (Şəhər camaatı) dedi: «Siz də bizim kimi ancaq adi bir insansınız (peyğəmbər isə mələklərdən olmalıdır). Rəhman heç bir şey nazil etməmişdir, siz yalnız yalan danışırsınız».
     16. (Peyğəmbərlər) dedilər: «Rəbbimiz bilir ki, biz sizə göndərilmişik».
     17. «Və bizim vəzifəmiz yalnız (öz risalətimizi) açıq - aşkar çatdırmaqdır. (Bizim vəzifəmiz möcüzələrin təkrarı, məcburi surətdə qəbul etdirmək, dünyada və axirətdə cəza və mükafat vermək deyildir)».
     18. Dedilər: «Biz siz(i görməy)i nəhs bildik (zərər və ziyan yetişməsinin bir əlaməti hesab edirik), şübhəsiz əgər dediklərinizdən əl çəkməsəniz, mütləq sizi daşqalaq edəcəyik. Bizim tərəfimizdən sizə mütləq ağrılı bir əzab yetişəcəkdir».
     19. (Peyğəmbərlər) dedilər: «Nəhsliyiniz özünüzdəndir (günahlarınız ucbatındandır), sizə öyüd-nəsihət verildikdə (onu əzablamı hədələyirsiniz)?! (Bizim danışığımız nəhslik gətirmir), əksinə, siz həddini aşan bir qövmsünüz».
     20.Şəhərin ən ucqar yerindən bir kişi tələsik gəlib dedi: «Ey mənim qövmüm, bu elçilərə tabe olun».
     21. «Sizdən heç bir muzd istəməyən və özləri də hidayət olmuş kəslərə tabe olun».
     22. «Axı mən niyə məni yaradana ibadət etməməliyəm, halbuki hamınız Onun hüzuruna qaytarılacaqsınız»?!
     23. «Ondan qeyri məbudlaramı ibadət edim? Əgər Rəhman (olan Allah) mənə bir zərər və ziyan vurmaq istəsə, onların şəfaətləri məndən heç bir şeyi uzaqlaşdıra bilməz və mənə nicat verə bilməzlər».
     24. «Belə olan surətdə, şübhəsiz mən açıq - aşkar azğınlıqda olaram».
     25. (Bu zaman peyğəmbərlərə xitabən dedi:) «Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim, belə isə məni eşidin (İman gətirməyimə şahid olun)».
     26. (Axırda onu öldürdülər və ona) deyildi: «Cənnətə (Cənnət Bərzəxinə) daxil ol!» O dedi: «Kaş qövmüm biləydi ki,
     27. Rəbbim məni bağışladı və məni hörmət sahiblərindən etdi».
     28. Biz ondan sonra qövmünün üstünə göydən heç bir qoşun nazil etmədik və (ondan qabaq da hər hansı bir qövmün məhvi üçün səmavi qoşun) nazil edən deyildik.
     29. (Onların məhvi) ancaq (səmavi) bir nə’rə idi. Dərhal hamılıqla sakit və ruhsuz oldular (məhv oldular).
     30. Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlmədi ki, ona daim istehza etməsinlər.
     31. Məgər onlar özlərindən öncə nə qədər insan cəmiyyətlərini uzun əsrlər (boyunca tüğyanlarının cəzası olaraq) məhv etdiyimizi və onların (keçmişdəki səhvlərini düzəltmələri üçün) bir daha bunların yanına qayıtmadığını görmürlərmi ?!
     32. Və onların hamısı - istisnasız olaraq - (axirət günü) Bizim hüzurumuza çağırılacaqlar.
     33. Onlar üçün (aydın) bir nişanə (Bizim tovhidimizin, qüdrətimizin və insanların dirildilməsinin isbatı üçün yer üzündə olan nişanə) ölmüş həmin bu torpaqdır. Biz onu (həyat gücü və bitmək qabiliyyəti verməklə) diriltdik və ondan dən(li bitki)lər çıxartdıq, onlar da ondan yeyirlər.
     34. Və orada xurma və üzüm bağları vücuda gətirdik və müxtəlif bulaqlar qaynatdıq (coşdurduq),
     35. Onun meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər (və ya bilsinlər ki, ağacların bitməsi və bar verməsi onların işi deyildir). Belə isə şükr etməzlər?!
     36. Bütün cütləri yerin yetişdirdiklərindən (ağaclar, otlar, heyvanlar və sairə) və onların özlərindən və bilmədiklərindən yaradan Allah pakdır.
     37. Onlar üçün (Allahın tovhidi və qüdrəti barədə digər) bir nişanə (səma nişanəsi) bu gecədir. Gündüzü ondan (paltar tək) çıxardan kimi onlar qaranlıq içində olarlar.
     38. Günəş də özü üçün müəyyən olunmuş qərargahına yetişmək üçün daim hərəkətdədir. (Planetlər sistemində onun seyr etməsinin) bu təqdir(i) və ölçü(sü) yenilməz qüvvət sahibi və (hər şeyi) bilən (Allah)dandır.
     39. Və bütöv halda olan ay üçün də mənzillər təyin etdik ki, o, xurma ağacının köhnə (sarı rəngli və qövsvari şəkildə olan) budağı kimi (hilal şəklinə) dönsün (və yenidən tədriclə bütövləşsin).
     40. Nə günəş (öz təbii hərəkət sistemində bu) aya (və özünün başqa aylarına, yəni başqa peyklərə) çatmaz, nə də gecə gündüzdən irəli keçməz. Onların (günəş, ay və ulduzların) hər biri müəyyən bir dairədə üzürlər.
     41. Onların övladlarını (özləri və malları ilə) dolu gəmilərdə daşımağımız (dənizi, havanı və gəmini onlara ram etməyimiz) onlar üçün (digər) bir nişanədir. (Allahın tovhidi və qüdrətinə dair dənizdə olan nişanədir.)
     42. Onlar üçün gəmi kimi minik vasitələri yaratdıq (minik heyvanları və havada və yerdə olan nəqliyyat vasitələri kimi).
     43. Əgər istəsək, onları (gəmidə olduqları halda) qərq edərik. Nə bir dadlarına çatan olar və nə də onlara nicat verilər.
     44. Yalnız Bizdən bir rəhmət olaraq və müəyyən bir müddətədək (dünyada) bəhrələnmək üçün (nicat taparlar).
     45. Onlara: «Önünüzdə (gələcəkdə edəcəyiniz şirk və fisqdən) və arxanızda olandan (indiyədək etdiyiniz küfr və fisqdən, yaxud dünyadakı günahlarınızdan və axirətdə onların cəzasından) qorxun, bəlkə sizə rəhm olunsun» - deyildikdə (etina etməzlər).
     46. Onlara Rəbbinin nişanələrindən və ayələrindən elə bir nişanə (Quran və möcüzələr) gəlməz ki, daim ondan üz döndərməsinlər.
     47. Onlara: «Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!»- deyildikdə, kafirlər iman gətirənlərə: «Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?». - deyərlər (Allah onun ac qalmağını istəmişdir!) Siz yalnız açıq - aşkar azğınlıq içindəsiniz».
     48. Və (Məkkə müşrikləri istehza etmək məqsədilə) deyərlər: «Bu vəd (Qiyamətin qopması) nə zaman olacaqdır, əgər düz danışansınızsa?»
     49. Bir-birlərilə (öz dünya işləri barədə) çəkişdikləri halda onları yaxalayacaq yalnız (səmavi) bir nərənin (hamının ölümüylə nəticələnəcək surun birinci dəfə üfürülməsinin) intizarındadırlar.
     50. (Bu zaman) nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də öz adamlarının yanına qayıda bilərlər. (Bir anda yer üzündə olan hər bir insan və ümumiyyətlə hər bir canlı yerindəcə ölər).
     51. Sura (ikinci dəfə) üfürülər, onda onların hamısı dərhal qəbirlərindən öz Rəbbinə doğru tələsərlər.
     52. Deyərlər: «Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? (Bəli,) bu Rəhman (olan Allahın dünyada) bizə vəd verdiyi həmin (ölümdən sonrakı həyat)dır. Onun peyğəmbərləri doğru deyirlərmiş».
     53. (Bu zaman) üfürmə və nə’rə (surun üçüncü dəfə çalınması) yalnız bir dəfə olar, onda dərhal hamılıqla (yaradılmış ilk insandan ölmüş axırıncı insanadək) Bizim hüzurumuzda (haq-hesab və hökmetmə dayanacağında) hazır duracaqlar.
     54. Və (belə deyiləcəkdir:) «Bu gün heç kəsə heç bir zülm olunmayacaq və mükafatından azaldılmayacaqdır və siz etdiyiniz əməllərdən başqa bir şeydən ötrü cəzalandırılmazsınız (yaxud sizin cəzanız yalnız dünyadakı əməllərinizin təcəssümüdür.)».
     55. Həqiqətən, Cənnət əhli o gün xoş bir əhval - ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər.
     56. Onlar və zövcələri (ağacların və qəsrlərin) kölgələr(i) altında öz bəzənmiş taxtlarına söykənərlər.
     57. Orada onlar üçün (hər cür) meyvələr, istədikləri və arzu etdikləri hər şey vardır.
     58. (Onlara) salam vardır. (Bu salam) rəhimli Rəbbdən (gələn) bir sözdür.(Bu salam vasitəsiz olaraq, ya mələklərin vasitəsilə onlara yetişər).
     59. (Günahkarlara belə xitab olunacaq:) «Bu gün (möminlərin və salehlərin cərgəsindən) ayrılın, ey günahkarlar».
     60. Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq - aşkar düşməninizdir?!»
     61. Və: «Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!»
     62. Şübhəsiz, (Şeytan) sizin içinizdən bir çox dəstələrı azdırdı, heç düşünmürdünüzmü?!
     63. Bu, daim onunla təhdid olunduğunuz Cəhənnəmdir.
     64. Küfr və nankorluq etdiyinizə görə bu gün oraya daxil olun və onun atəşini dadın.
     65. Bu gün onların ağızlarını möhürləyərik. Onların əlləri Bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verərlər.
     66. Əgər istəsək onların (müşriklərin) gözlərini (tamamilə) yox edərik, onda onlar (adət etdikləri) yol(ların)da bir - birini ötməyə çalışarlar. Amma haradan yolu görə bilərlər?! Necə görə bilərlər?! (Əlbəttə, görə bilməzlər. Lakin Biz bunu etmirik.)
     67. Əgər istəsək onları öz yerlərindəcə (harada olsalar) məsx edərik (heyvan yaxud cansız bir şey halına salarıq) ki, nə (məqsədlərinə doğru) gedə, nə də qayıda bilərlər (və nə məsx halında qala və nə də əvvəlki hala qayıda bilərlər).
     68. Kimə də uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik (qüvvələrini zəiflədərik), heç düşünmürlərmi?!
     69. Və Biz Ona (Peyğəmbərə) şer öyrətmədik və bu ona heç yaraşmaz da. Onun oxuduğu yalnız bir öyüd-nəsihət, aşkar və aydınlıq gətirən Qurandır ki,
     70. Qəlbləri diri (və vicdanları haqqı qəbul etməyə hazır) olan kəsləri qorxutsun və (Allahın) söz(ü və Cəhənnəm vədi) kafirlərin barəsində gerçək olsun.
     71. Məgər Bizim (qüdrət) əllərimizin yaratdıqlarıından (ilk maddələrdən və canlıların vücud mənbəyindən) onlar üçün heyvanlar xəlq etdiyimizi və özlərinin də onlara malik və sahib olduqlarını görmürlərmi !?
     72. Bunları (bu heyvanları) onlara ram etdik, bəzisi onların minik vasitələridir və bəzisin(in isə ətindən və südün)dən yeyirlər.
     73. Onlar üçün onda (o heyvanlarda) mənfəətlər və içəcəklər vardır, belə isə, şükr etməzlərmi?!
     74. Tək olan Allahın əvəzində özlərinə tanrılar qəbul etdilər ki, bəlkə (onların tərəfindən) özlərinə bir yardım olunsun.
     75. Onların bunlara kömək etməyə qüdrətləri yoxdur və bunlar onlar üçün hazır qoşundurlar (dünyada bu bütləri qoruyub müdafiə edərlər, axirətdə isə onlara görə cəza görərlər).
     76. (Ya Muhəmməd!) onların (Allahı inkar etmək və sənin dəvətini qəbul etməmək barədə) sözü səni qəmgin etməsin, çünki Biz onların qəlblərində gizlətdiklərini də, dilləriylə aşkar etdiklərini də bilirik.(Hamısını cəzalandıracağıq).
     77. Məgər insan onu nütfədən yaratdığımızı (qəlb gözü ilə) görmədimi ki, birdən-birə (qısa bir müddət ərzində) (məad məsələsində) açıq - aşkar bir düşmən oldu?!
     78. Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: «(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək?»
     79. De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir».
     80. O kəs ki, sizin üçün («mərx» və «əfar» adlı) yamyaşıl ağacdan (quru və yandırıcı) od əmələ gətirdi, beləliklə siz ondan (iki yaşıl budağı bir-birinə sürtməklə) qəfildən od yandırırsınız.
     81. Məgər göyləri və yeri yaradan kəs onların bənzərini yaratmağa qadir deyilmi?! (Belə ki, onların üzvlərini torpaqdan toplayaraq surətcə onlara oxşar və maddəcə onların eyni olan bir forma versin.) Əlbəttə (qadirdir). Odur kamil surətdə yaradan və (hər şeyi) bilən.
     82. Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: «Ol!» - deməkdir. O da dərhal olar (heç bir alətdən istifadə etmədən, Allahın məhz iradə və istəyi ilə var olar, sanki, ona «Ol» demiş, o da olmuşdur).
     83. Hər şeyin həqiqi mülkiyyəti və kamil hökmranlığı (qüdrət) əlində olan Allah (hər nöqsandan) pak (və uzaq)dır. (Siz insanlar hamınız) Ona tərəf qaytarılacaqsınız.

    
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-31)
Views: 9815 | Rating: 3.3/9
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]