Çərşənbə axşamı, 2024-03-19, 12:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

45. Casiyə surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
45. Casiyə surəsi
(Məkkədə nazil olmuşdur, otuz yeddi ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
     2. Bu kitab yenilməz qüdrət, möhkəm yaradılış və güclü şəriət sahibi olan Allah tərəfindən nazil edilmişdir.
     3. Şübhəsiz, göylərdə və yerdə (onların vücudunda və yaradılmalarının necəliyi və təsirlərində) iman əhli üçün (Allahın tovhid, rübubiyyət, qüdrət və hikmətindən) nişanələr vardır.
     4. Və həmçinin sizin özünüzün yaradılışınızda və (bütün aləmdə) yaydığı canlılarda (bədənlərinin və ruhlarının fərqliliyi və ruhlarının bədənlərlə əlaqəsi baxımından) yəqini olan bir dəstə üçün nişanələr vardır.
     5. Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də küləklərin (müxtəlif istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır.
     6. Bunlar (kitabın bu ayələri və sizin öz vücudunuzda və təbiətdə olan ayələr) Allahın haqq və doğru olaraq sənə oxuduğumuz ayələridir. Buna görə də (əgər bunları qəbul etməsələr), Allahdan (Allahın sözündən) və Onun nişanələrindən sonra hansı sözə iman gətirəcəklər?!
     7. Vay olsun peşəsi günah olan hər bir yalan uydurana
     8. ki, Allahın həmişə ona oxunan aylərini eşidir, sonra onları eşitməmiş kimi təkəbbürlə (öz küfr və inadkarlığında) israr edir. Buna görə də onu ağrılı bir əzabla mücdələ.
     9. Bizim (kitab və nişanələrmizdən) bir ayə bilən zaman ona məsxərə edər. Alçaldıcı əzabları olacaq kəslər onlardır.
     10. Onların (dünyalarının) arxasında Cəhənnəmdir. Onların əldə etdikləri (mal-dövlət və məqam) və Allahın yerinə başçı və dost (olaraq) götürdükləri şey (Allahın) onlar(a olan əzabın)dan bir şeyi dəf etməyəcəkdir. Onlar üçün böyük əzab vardır.
     11. Bu (Quran) başdan-ayağa hidayətdir. Rəbblərinin ayələrinə küfr edən kəslər üçün çətin və ağrılı bir əzab vardır.
     12. Allah gəmilərin Onun əmri ilə dənizdə üzmələri və həmçinin sizin Onun lütfünü və (qurudakı və sudakı) nemətlərini diləməyiniz üçün və (nəhayət) bəlkə şükr etdiniz deyə (suya xüsusi təbiət və genişlik bəxş etməklə) dənizi sizin xeyirinizə ram edəndir.
     13. Göylərdə və yerdə olanları - (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi. Həqiqətən bunda (bu ram etmədə) düşünən dəstə üçün (Onun tovhid, qüdrət və mərhəmətindən) nişanələr vardır.
     14. İman gətirənlərə de ki, Allahın (məğlubiyyət və ölüm, Bərzəx və Qiyamət kimi) günlərinə iman və ümidi olmayanları bağışlasınlar (və ilahi hakimiyyət gerçəkləşənə kimi onlara toxunmasınlar) ki, (Allah mübarizə aparan) dəstəni əldə etdiklərinin müqabilində (Özü) cəzalandırsın.
     15. Kim yaxşı iş görsə öz xeyirinədir və kim pis iş görsə öz ziyanınadır. Sonra siz Rəbbinizə tərəf qaytarılacaqsınız (ki, əməllərinizin nəticələrini görəsiniz).
     16. Həqiqətən Biz İsrail övladlarına kitab (Tövrat, İncil, Zəbur və səhifələri), hökm (hikmət, hökm çıxarmaq və hakimiyyət) və peyğəmbərlik verdik, onlara (bildirçin əti, qüvvət halvası və göydən göndərilmiş süfrə kimi) pak şeylərdən ruzi verdik və onları (zəmanələrində olan) aləmdəkilərdən üstün etdik.
     17. Həmçinin onlara (dinlərinin) iş(i) barəsində aydın dəlillər verdik (ki, onun əsasları və qollarında qaranlıq bir nöqtə qalmasın). Beləliklə onlar yalnız (məsələnin həqiqəti barəsində) özlərinə elm yetişdikdən sonra (ancaq) aralarındakı həsəd, həddi aşmaq və təkəbbür üzündən ixtilafa düçar oldular. Həqiqətən sənin Rəbbin Qiyamət günü onların arasında barəsində ixtilafa düçar olduqları bütün şeylər barəsində hökm çıxaracaqdır.
     18. Sonra səni işin (ümumi din işinin, məxsus) bir şəriəti (yəni keçmiş dörd şəriət müqabilində İslam şəriəti) yolunda qoyduq. Buna görə də ona tabe ol və heç vaxt, elmi olmayanların (kafir və müşriklərin) nəfsi istəklərinə tabe olma.
     19. Çünki onlar əlbəttə ki, Allah(dan gələn əzab)dan bir şeyi səndən dəf etməzlər. Həqiqətən zalımlar bir-birlərinin dost və yardımçılarıdır. Allah (isə) təqvalıların başçı və yardımçısıdır.
     20. Bu (Quran və şəriət) insanların bəsirət (gözüaçıqlıq) vasitələri və (yaradılışın başlanğıc və sonuna) inananlar üçün başdan ayağa hidayət və mərhəmətdir. (Yəni onun təsiri həmin şəxslərədir.)
     21. Yoxsa günahlara batmış kəslər onları iman gətirib yaxşı işlər görmüş şəxslər kimi edəcəyimizi - həyat və ölümlərinin (onlarla) eyni olacağını güman edirlər? Nə pis mühakimə yürüdürlər!
     22. Allah göyləri və yeri haqq (düzgün) olaraq (uca və ağılın qəbul etdiyi bir məqsədlə) yaratdı (ki, hər bir istedad sahibi özünün layiqli kamalına çatsın) və hər bir nəfs qazandığının müqabilində (digər aləmdə) cəzalandırılsın. Onlara əsla zülm edilməyəcək və haqları kəsilməyəcəkdir.
     23. Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?
     24. (Məadı inkar edən müşriklər) dedilər: «Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; daim ölürük və dirilirik (bir dəstə ölür, bir dəstə dirilir və ya ruhun bir bədəndən digər bir bədənə keçməsi yolu ilə bir bədəndə ölür, digər bir bədəndə yenidən dirilirik) və bizi yalnız zamanın keçməsi öldürür (mələklər zamanın keçməsi ilə ruhları bir bədəndən digərinə keçirirlər və arada başlanğac söhbəti yoxdur)». Onların bu iddiaya bir (dair) bilikləri yoxdur. Onlar yalnız güman edirlər.
     25. Bizim (məad barəsindəki) aydın nişanə və dəlillərimiz onlara oxunan zaman onların «əgər doğruçusunuzsa bizim atalarımızı (qəbirlərdən çıxarıb) gətirin (biz də iman gətirək)» deməkdən başqa bir dəlilləri yoxdur.
     26. De: «Allah sizə (əvvəlcə bu dünyada) həyat bəxş edir, sonra öldürür, daha sonra sizi barəsində şəkk-şübhə olmayan Qiyamət gününə toplayacaqdır. Lakin insanların çoxu bilmir».
     27. Göylərin və yerin həqiqi malik və sahibi Allahdır (çünki onların yaradılması, qorunması və məhv edilməsi Onun əlindədir). Batilə uyanlar Qiyamətin qopacağı gün, (bəli, məhz) həmin gün ziyana uğrayacaqlar.
     28. (Həmin gün) bütün ümmətləri (qorxunun şiddətindən) bir yerə toplaşmış və diz çökmüş görərsən. Hər bir ümmət öz kitabına (hər bir şəxs öz əməl dəftərinə və ya hər bir ümmət öz dini kitabına) tərəf çağırılacaq (və belə xitab olunacaq ki:) «etdiklərinizin müqabilində bu gün cəzalandırılacaqsınız (və ya sizin axirət cəzanız dünyadakı əməllərinizin gerçək təzahürüdür)».
     29. Bu Bizim siz(in əməlləriniz)ə qarşı haqq və doğru danışan kitabımızdır. Çünki Biz sizin etdiklərinizin üzünü köçürürdük (və ya Lövhi-Məhfuzdan köçürür və sizin əməllərinizlə tutuşdururduq).
     30. Buna görə də Rəbbləri iman gətirib yaxşı işlər görən kəsləri Öz mərhəmətinə daxil edəcəkdir. Bu, həmin aşkar uğurdur!
     31. Küfr edənlərə gəldikdə isə (onlara belə deyiləcəkdir:) «Məgər Mənim (tovhid) ayələrim sizə oxunmurdu?! Amma siz təkəbbür göstərirdiniz və (onda siz) günahkar bir dəstə idiniz».
     32. «Şübhəsiz, Allahın vədi haqdır və Qiyamət barəsində heç bir şəkk-şübhə yoxdur» deyilən zaman «biz Qiyamətin nə olmasını bilmirik; biz ancaq güman edirik və biz yəqinliyə çatmamışıq» deyirdiniz.
     33. Pis əmələrinin cəzası onlara (gerçəklik şəklində) zahir olacaq və istehza etdikləri şey (müxtəlif əzablar) onları bürüyəcəkdir.
     34. Və (onlara) deyilər: «Siz (dünyada) bu günki görüşünüzü unutduğunuz kimi (Biz də) bu gün sizi unudacağıq (əzabın içində boşlayacağıq). Sizin yeriniz oddur və sizə əsla kömək edənlər olmayacaqdır».
     35. Bunun (bu əzabların) səbəbi sizin Allahın ayələrinə məsxərə etməyiniz və dünya həyatının sizi aldatmasıdır. Odur ki, bu gün onlar Cəhənnəmdən çıxarılmayacaq, üzrxahlığa çağırılmayacaq və onlardan Allahın razılığını əldə etmələri istənilməyəcək.
     36. Buna görə də həmd-səna göylərin Rəbbi, yerin Rəbbi və aləmdəkilərin Rəbbi olan Allaha məxsusdur.
     37. Göylərdə və yerdə böyüklük, yenilməzlik və hökmranlıq Ona məxsusdur və məğlubedilməz qüdrət və hikmət sahibi Odur (ki, yaradılışı möhkəm, idarəçiliyi sarsılmazdır).

    
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-31)
Views: 2761 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]