Çərşənbə axşamı, 2024-03-19, 9:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

49. Hucurat surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
49. Hucurat surəsi

(Mədinədə anzil olmuşdur, on səkkiz ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. Ey iman gətirənlər! Allahdan və Onun peyğəmbərindən qabağa keçməyin (dini hökmlərdə onlardan eşitməyincə nəzər bildirməyin və rəhbərlik və qəzavət işində onlardan qabaq hökm çıxarmayın). Allahdan qorxun ki, Allah eşidən və biləndir.
     2. Ey iman gətirənlər! (Söhbət zamanı ədəbə riayət və peyğəmbərin məqamına hörmət olaraq)səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın. Məbada özünüz də bilmədən əməlləriniz (ucadan danışmadığınız təqdirdə savab ola bilən həmin danışığınızın savabı və yaxud digər əməllərinizin də savabı) puç olsun. (Çünki peyğəmbəri incitmək əməllərin mükafatının puç olmasına səbəb olan amillərdəndir.)
     3. Həqiqətən Allahın peyğəmbərinin yanında səslərini aşağı salanlar Allahın qəlblərini pərhizkarlıq üçün sınadığı (və hazırladığı) kəslərdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
     4. (Ya Peyğəmbər!) Səni otaqlarının arxasından çağıranların çoxu (sənin hörmətini saxlamadıqlarını) başa düşmürlər.
     5. Əgər onlar sən onlara tərəf çıxana kimi səbr etsəydilər, əlbəttə, onlar üçün daha yaxşı olardı. Allah çox bağışlayan və mehribandır.
     6. Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız.
     7. Bilin ki, Allahın peyğəmbəri sizin aranızdadır. (Buna görə də gərək siz onun əmrinə qulaq asaraq tabe olasınız.) Əgər işlərin çoxunda o, sizə tabe olsa, mütləq çətinliyə düşər və məhv olarsınız. Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi və küfr, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi (ki, məhvdən nicat tapasınız). (Doğru) yolu tapmış kəslər belələridir.
     8. (Bu sevgi və nifrət) Allah tərəfindən lütf və nemətdir. Allah bilən və hikmət sahibidir.
     9. Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını düzəldin. Əgər onlardan biri digərinə təcavüz etsə Allahın əmrinə qayıdana kimi həmin təcavüzkar dəstə ilə vuruşun. Beləliklə əgər qayıtsa onların aralarında ədalətlə sülh bərqərar edin. Həmişə ədalətli olun ki, Allah ədalətliləri sevir.
     10. Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz.
     11. Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!
     12. Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır.
     13. Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır.
     14. Bədəvilər dedilər: «Biz (səmimi qəlbdən) iman gətirdik». (Ya Peyğəmbər, onlara) de: «İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) «İslamı qəbul etdik» deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstərişlərində) Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən (heç nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır».
     15. Möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş, sonra (öz imanında) əsla şəkk-şübhə etməyib mal və canları ilə Allah yolunda cihad etmiş kəslərdir. (Etiqad, söz və əməldə) doğruçu olan onlardır.
     16. De: «Allah göylərdə olanları və yerdə olanları bildiyi halda siz Allaha öz din (və batini əqidələr)inizdən xəbər verirsiniz?» Allah hər şeyi bilir.
     17. Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: «İslamınızı mənə minnət qoymayın, əksinə əgər (İslam iddiasında) doğruçusunzsa, sizi imana hidayət etdiyi üçün boynunuzda haqqı olan Allahdır».
     18. Şübhəsiz, Allah göylərin və yerin qeybini (göylərdə və yerdə bütün şüur sahiblərinin düşüncə və hiss çərçivəsindən xaric olan sirləri) bilir. Allah etdiklərinizi görür.
    

Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-31)
Views: 3260 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]