Çərşənbə axşamı, 2024-03-19, 2:48 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

75. Qiyamət surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
75. Qiyamət surəsi
(Məkkədə nazil olmuşdur, qırx ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. And içirəm Qiyamət gününə.
     2. Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır).
     3. Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik?
     4. Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik.
     5. (Onun inkar etməyi yalnız Qiyamət barəsində şəkk etdiyinə görə deyildir) əslində insan istəyir ki, (ömrü) irəlilədikcə günah etsin.
     6. Soruşur ki: «Qiyamət günü nə vaxtdır?»
     7. Göz (ölümün çətinliyindən, yaxud da Məhşərin dəhşətindən) donub qalacağı və bərələcəyi;
     8. Ayın nurunun sönəcəyi;
     9. Və günəşlə ayın (nurun yox olmasında, yaxud yerə və ya kainata yaxınlıqda) birləşəcəyi zaman
     10. Məhz o gün insan: «Qaçıb qurtulmaq üçün yer haradadır?» - deyəcəkdir.
     11. Xeyr, (o gün) heç bir sığınacaq yeri olmayacaq.
     12. O gün (bütün varlıqların yaradılışın əvvəlindən üz tutduqları) son qərargah yalnız sənin Rəbbinin tərəfinədir (dərəcələrinin müxtəlifliyinə uyğun olaraq Cənnətdə, yaxud Cəhənnəmdə əbədi yerləşərlər).
     13. O gün insana öncədən göndərdiyi (dünyada etdiyi) və təxirə saldığı (etmədiyi) şeyi (yaxud dünyada etdiyi xeyir və şər işləri və ya özündən sonra adət kimi qoyub getdiyi yaxşı və pis işlər barəsində) xəbər veriləcəkdir.
     14. (Xəbər verməyə heç ehtiyac da yoxdur,) əslində insan öz nəfsini görəndir.
     15. Baxmayaraq ki, (zahirdə) hər cür üzrxahlıq edər.
     16. (Quran nazil olan zaman) onu oxumağa tələsərək dilini onunla birgə hərəkət etdirmə (vəhy tamam olmamışdan öncə oxumağa başlama, yaxud sənin qəlbində əmanət olaraq qoyduğumuz Quranın məcmuəsindən surələri, ya ayələri, ümumiyyətlə heç nəyi- vaxtı yetişməzdən öncə - dilinə gətirmə).
     17. Şübhəsiz, onu (sənin qəlbində) cəm etmək, onu (sənə) oxumaq (və sənin camaata oxumağın) Bizim öhdəmizdədir.
     18. Onu oxuduğumuz zaman onun oxunuşuna tabe ol.
     19. Sonra onu(n həqiqətlərini və sirlərini) bəyan etmək də Bizim öhdəmizdədir.
     20. Belə deyildir (axirəti inkar etməyiniz ona şəkk etdiyinizə görə deyil,) əslində siz bu tez keçib - gedən dünyanı sevirsiniz.
     21. Və axirəti buraxırsınız.
     22. O gün neçə - neçə üzlər şad-xürrəm olacaq!
     23. (Qəlb gözü ilə) öz Rəbbinə tərəf (və zahiri gözü ilə Onun cəlal və camal nişanələrini tam şəkildə təzahür və təcəssümünə) baxacaqdır.
     24. Və neçə - neçə üzlər də o gün qaşqabaqlı olacaq.
     25. Bel qıran bir əzaba (ya burunlarına oddan dağ basılmasına) məruz qalacaqlarını bilərlər.
     26. Belə deyil (insanın zənn etdiyi kimi deyil). Can boğazın dövrəsindəki sümüklərə (körpücük sümüklərinə) yetişdiyi zaman.
     27. Və (can verənin başına toplananlar) deyərlər: «Şəfa verən təbib kimdir (varmı)? (Və mələklər deyərlər: «Kimdir onun ruhunu yuxarı aparan? Rəhmət mələyi, ya qəzəb?)»
     28. Və o da bilər ki, bu (zaman) (dünyadan) ayrılıq (zamanı)dır,
     29. Qıçı-qıçına dolaşar və dünya həsrəti axirət əzabına qarışar,
     30. O gün (ölüm günü) sövq və hərəkət sənin Rəbbinə tərəfdir (Bərzəxdəki görüş, Qiyamət, məhkəməsindən tutmuş Cənnətə, ya Cəhənnəmə kimi).
     31. (O halda deyilər:) «O, nə (Allahın dəvətini) təsdiq etdi və nə də itaət edərək namaz qıldı».
     32. Lakin təkzib etdi və üz döndərdi.
     33. Sonra da təkəbbürlə yeriyərək öz adamlarına tərəf getdi.
     34. Vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.
     35. Yenə də vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.
     36. Yoxsa insan elə güman edir ki, başlı - başına buraxılacaq (heç bir vəzifəsi və hesabı yoxdur)?
     37. Məgər o, qadının bətninə tökülən bir damcı «məni»dən ibarət deyildimi?!
     38. Sonra «ələqə» (laxtalanmış qan) oldu, beləliklə (Allah) onu (başqa mərhələlərdə) yaratdı və (onun bədən üzvlərini) düzgün və kamil etdi.
     39. Bu zaman ondan iki cüt - bir erkək və bir dişi -yaratdı.
     40. Məgər belə bir Allah ölüləri diriltməyə qadir deyilmi?!
     
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-22)
Views: 3810 | Comments: 1 | Rating: 3.5/2
Total comments: 1
+1  
1 GADİR   (2014-01-27 0:28 AM) [Daxil et]
ALLAH RAZI OLSUN !
INSANIN BARMAQLARININ IZLƏRINİ QUR`ANİ-KƏRİM BİZƏ BƏYAN EDİR 
QİYAMƏT surəsi 3-4 cü AYƏLƏRDƏ
 
3. Yoxsa insanbelə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların
arasından) bir yerə yığa bilməyəcəyik?

4.  Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik)onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik. 
 ƏLHƏMDULİLLAH 

Only registered users can add comments.
[ Registration | Login ]