Şənbə günü, 2024-05-18, 1:33 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Oktyabr » 29 » İslamda şiəlik
4:14 PM
İslamda şiəlik
 
 
ŞİƏLİYİN YARANMASI VƏ İNKİŞAF ETMƏSİ

*Şiəliyin yaranması;
*Azlıq təşkil edən şiələrin çoxluqda olan sünnülərdən ayrılması və ixtilafın səbəbləri;
*İki məsələ: Canişinlik və elmi mərcəiyyət;
*Seçki yolu ilə olan xilafət məsələsi və onun şiəlik nəzəriyyəsi ilə zidd olması;
*Xilafətin Əli (ə)-a verilməsi və o həzrətin bu barədə mövqeyi;
*Əli (ə)-ın beş illik xilafət dövründə şiələrin əldə etdiyi nailiyyətlər;
*Xilafətin Müaviyənin əlinə keçməsi və onun padşahlıq və varislik üslubuna çevrilməsi;
*Şiələrin ən ağır günləri;
*Bəni-üməyyə sülaləsinin hakimiyyəti;
*Şiəlik - 2-ci hicri əsrində;
*Şiəlik - 3-cü hicri əsrində;
*Şiəlik - 4-cü hicri əsrində;
*Şiəlik - 5-ci hicri əsrində;
*Şiəlik - 7-11-ci əsrlərdə;
*Şiəlik - 12-14-cü əsrlərdə;
*Şiələrin firqələrə bölünməsi;
*Firqələrə parçalanma və bəzi cərəyanların aradan getməsi;
*Zeydiyyə şiələri;
*İsmailiyyə firqəsi və onun parçalanması;
*Nəzariyyə, müstəliyyə, dəruziyyə və muqniə;
*On iki imamçı şiələr, onun zeydiyyə və ismailiyyə ilə olan fərqləri;
*On iki imamçı şiələrin tarixi.

ŞİƏLİYİN YARANMASI
Əli (ə)-ın şiələri adı ilə tanınan şiəlik məktəbinin başlanması Peyğəmbəri-Əkrəmin (s) həyatı dövrünə qayıdır. 23 illik peyğəmbərlik dövründə islami təbliğat və çağırışların genişlənməsi ilə əlaqədar baş verən bir çox hadisələr, şübhəsiz, Peyğəmbərin (s) səhabələri arasında belə bir cəmiyyətin yaranmasını tələb edirdi. O hadisələr aşağıdakılardır:
a) Besətin ilk günlərində Allah tərəfindən Peyğəmbəri-Əkrəmə (s) öz qohum-əqrəbasını dinə dəvət etmək əmr olundu. Bu zaman Həzrət aşkar şəkildə buyurdu ki, sizlərdən hər kəs ilk olaraq mənim dəvətimə müsbət cavab versə mənim vəzirim, canişinim və vəsimdir. Əli (ə) hamıdan əvvəl islamı qəbul edərək Peyğəmbərə (s) iman gətirdi və verilən vədələrə layiq görüldü.
Adətən, hər hansı bir cərəyanın rəhbəri öz hərəkat və qiyamının ilk günlərində dostlarından birini vəzir və canişin olaraq başqalarına təqdim edir; o rəhbər belə bir şəxsi onun yolunda canından keçməyə hazır olan fədakar insanlara tanıtdırır.
b) Həm sünni, həm də şiə mənbələrinin nəql etdiyi mütəvatir hədislərə əsasən, Peyğəmbəri-Əkrəm (s) aşkar şəkildə buyurmuşdur ki, Əli (ə) danışıq, əməl və rəftarında hər növ xəta və günahdan uzaqdır. Onun dediyi hər bir söz, etdiyi hər bir iş dini əsaslarla tamamilə müvafiqdir; o, islam maarifi və şəriət hökmlərini hamıdan yaxşı bilir.
v) Əli (ə) misilsiz xidmətlər və vəsfolunmaz fədakarlıqlar göstərmişdir. Əli (ə)-ın Peyğəmbərin (s) hicrət gecəsində onun yatağında yatmasını buna misal göstərmək olar.
Bədr, Ühüd, Xəndək və Xeybər müharibələrində düşmənlər Əli (ə)-ın əli ilə məğlub edilməsəydi, islamçılar onların vasitəsilə məhv olub aradan gedəcəkdi.
q) “Qədir-Xum” hadisəsində Peyğəmbər (s) Əli (ə)-ı bütün insanların vilayət və rəhbərliyinə təyin edərək, onu da özü kimi ümmətin rəhbəri elan etdi.
Aydındır ki, hamının fikir birliyində olduğu bu kimi imtiyazlar və Peyğəmbəri-Əkrəmin (s) Əli (ə)-a dərin məhəbbəti fəzilət və həqiqət aşiqi olan səhabələrdən bir qrupunun Əli (ə)-ı sevərək onun ətrafında birləşməsinə və ona itaət etmələrinə səbəb olurdu. Bunun müqabilində başqa bir qrup da o həzrətə qarşı həsəd və kin-küdurət bəsləyirdilər.
Bundan əlavə, “Əli şiəsi”, “Əhli-beyt şiəsi” kimi ifadələr Peyğəmbəri-Əkrəmin (s) sözlərində də çox görünmüşdür.

AZLIQ TƏŞKİL EDƏN ŞİƏLƏRİN ÇOXLUQ TƏŞKİL EDƏN SÜNNÜLƏRDƏN AYRILMASI VƏ İXTİLAFIN YARANMA SƏBƏLƏRİ
Peyğəmbərin (s), səhabələrin və bütün müsəlmanların nəzərində Əli (ə)-ın yüksək məqamına nəzər salmaqla, onun ardıcılları Peyğəmbərin (s) vəfatından sonra o həzrətin xilafət məqamına çatacağına şübhə etmirdilər. Peyğəmbəri-Əkrəm (s) ölüm yatağında olarkən baş verən hadisələr istisna olmaqla, mövcud şərait və zahiri əlamətlər də bu nəzəriyyəni təsdiq edirdi.
Amma Peyğəmbəri-Əkrəm (s) vəfat edəndən sonra gözlənilməz hadisələr baş verdi; onun ailə üzvləri və səhabələrdən bir çoxu dərin hüzn və matəm içində dəfn mərasimi ilə məşğul olduqları zaman, sonralar əksəriyyət təşkil edən bir qrup son dərəcə özbaşınalıq və tələskənliklə bir qərar çıxardılar. Onlar Peyğəmbərin Əhli-beyti, onun yaxın adamları və tərəfdarları ilə məşvərət etmədən, hətta onlara xəbər vermədən “xoşməramlı” bir tədbir keçirib müsəlmanlara xəlifə təyin etdilər. Əli (ə) və onun köməkçilərini qanunsuz olaraq baş vermiş bir iş qarşısında qoydular. Əli (ə) və digər tanınmış səhabələr, o cümlədən İbni Abbas, Zübeyr, Salman, Əbuzər, Miqdad, Əmmar və digərləri dəfn mərasimini tamamladıqdan sonra bu işdən xəbərdar oldular. Onlar bu üslubla və tələmtələsik xəlifə təyin etmək məsələsinə qarşı öz etirazlarını bildirmək məqsədi ilə ümumi yığıncaq keçirdilər. Lakin cavabında “belə məsləhət oldu” sözlərini eşitdilər.
Məhz bu tənqid və etirazlar azlıq təşkil edənləri çoxluq təşkil edənlərdən ayırdı; Əli (ə)-ın ardıcıllarını “Əli şiəsi” adı ilə cəmiyyətə tanıtdırdı. Xilafət məqamında əyləşənlər də dövrü siyasətin tələblərinə uyğun olaraq, azlıqda olanların bu adla tanınmamasına, cəmiyyətin parçalanmamasına çalışırdılar. Onlar xilafətin fikir birliyi əsasında olduğunu iddia edir, etiraz edənləri və beyətdən boyun qaçıranları “müsəlman icmasından ayrılanlar” adlandırır, bəzən onların haqqında nalayiq ifadələr də işlədirdilər. Əlbəttə, şiələr ilk dövrlərdə hakim qüvvə tərəfindən kəskin təzyiqlərə məruz qaldıqlarından, sadəcə etiraz etməklə öz müxalifətçiliklərini bildirməkdən əlavə, hər hansı bir tədbir görməyə müvəffəq olmadılar. Əli (ə) da islamın və müsəlmanların ümumi mənafeyini nəzərə almaqla və kifayət qədər köməkçi olmadığına görə silahlı qiyama qalxmadı. Lakin etiraz edənlər əqidə baxımından əksəriyyət təşkil edənlərə tabe olmadılar; onlar bilirdilər ki, Peyğəmbəri-Əkrəmin (s) həqiqi canişini və elmi mərcəiyyət məqamı Əli (ə)-dır.
Peyğəmbər (s) buyurmuşdur: “Mən elmin şəhəri, Əli onun darvazasıdır. Hər kəs elm axtarırsa, gərək onun qapısından varid olsun.”
Azlıq təşkil edən dəstənin üzvləri elmi və mənəvi cəhətdən yalnız o həzrətə müraciət etməyi rəva görür və başqalarını da ona doğru dəvət edirdilər.

İKİ MƏSƏLƏ: CANİŞİNLİK VƏ ELMİ MƏRCƏİYYƏT
Şiələr əldə etdikləri islami təlimlər əsasında inanırdılar ki, cəmiyyət üçün ilk növbədə əhəmiyyət kəsb edən məsələ – islam təlimlərinin və dini mədəniyyətin aydın olması, sonrakı mərhələdə isə bu iki dəyərin cəmiyyət arasında kamil cərəyan etməsidir.
Başqa sözlə desək, əvvəla cəmiyyət üzvləri dünyaya və insana real nəzərlə baxmalı, öz insani vəzifələrini bilməli və onlar şəxsi mənafelərinə uyğun olmasa belə, yerinə yetirməlidirlər.
İkincisi, dini hökumət cəmiyyətdə islamın həqiqi nəzm və inzibatını elə bir şəkildə qoruyub saxlamalı və icraya qoymalıdırdır ki, insanlar Allahdan başqa heç bir məbuda sitayiş etməsinlər, eləcə də fərdi və ictimai ədalətdən, kamil azadlıqdan bəhrələnsinlər. Bu iki məsələ Allah tərəfindən paklaşdırılan və günahdan uzaq olan bir şəxsin əli ilə icra edilməlidir; əks halda, elmi məqamda və hakimiyyət kürsüsündə elə şəxslər oturacaqlar ki, öz üzərlərinə düşən vəzifələr qarşısında belə, fikri azğınlıq və xəyanətdən amanda deyillər; nəticədə islamın ümumbəşəri azadlıq, ədalətli vilayəti tədrici olaraq zülmkarlıq və istibdad əsasında olan səltənətə, padşahlığa çevriləcək; dinin pak və mütərəqqi maarifi sair dinlərin təlimləri kimi xudbin və yaltaq alimlər tərəfindən təhrif olunacaqdır.
Peyğəmbərin (s) dəfələrlə buyurub təsdiq etdiyi kəlamlara əsasən, əməl və sözlərində doğruçu, tutduğu yol Allahın kitabı və Peyğəmbərin sünnəsi ilə uyğun olan şəxs yalnız Əli (ə) idi.
Əgər əksəriyyət təşkil edən dəstənin üzvləri Qüreyş tayfasının Əlinin haqq xilafəti ilə müxalif olduğunu desəydilər, onda onların haqqa məcbur edilməsi, boyun qaçıranları və inadkarları yerində oturtmaq lazım gələrdi. Necə ki, onlar zəkat verməkdən imtina edən şəxslərlə vuruşub onların etirazlarına fikir vermədilər; aydındır ki, onlar istəsəydilər belə bir təqdirdə də Qüreyş tayfasının müxalifətçiliklərinə etina etməz və qorxudan haqqı tapdalamazdılar.
Bəli, şiələri seçki yolu ilə olan xilafətlə razılaşmaqdan çəkindirən məsələ onun xoşagəlməz nəticələrindən törənən qorxu, yəni islam hökumətinin düzgün olmayan üslubu və ali-dini təlimlərin məhv edilməsi idi. Hadisələrin inkişafı da bu əqidəni günbəgün aşkar edir, şiələr də öz əqidələrində daha da möhkəmlənirdilər. İlk əvvəldə saylarının çox az olduğuna görə əksəriyyətin içərisində görünməz olduqlarına baxmayaraq, onlar batində islam təlimlərini Əhli-beytdən əxz edir, öz yollarının həqiqətinə dəvət məsələsində israr edirdilər; eyni zamanda islam hökumətinin qüdrət, izzət, təhlükəsizlik və inkişafını qoruyub saxlamaq üçün aşkar şəkildə müxalifətçilik etmirdilər. Hətta onlar sünnülərlə çiyin-çiyinə cihada gedir, ümumi işlərdə qaynayıb-qarışırdılar; Əli (ə) şəxsən özü zəruri hallarda islamın ümumi mənafeyinə uyğun olan işlərdə yaxından iştirak edir, əksəriyyət təşkil edənlərə lazımi məsləhətlər verir və köməklik göstərirdi.
 
Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai 
 
Category: Tarix | Baxış: 1171 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]