Bazar ertəsi, 2024-04-29, 8:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Virtual aləmdə qadın-kişi münasibətləri
2013-06-21, 10:52 AM
Virtual aləmdə qadın-kişi münasibətləri

"İnsan həyatın hər sahəsində ifrat və təfrit çərçivəsində, yəni mötədil şəkildə yaşamalıdır"

İnternetin insanlara verdiyi imkanların artımı ictimai və şəxsi münasibətlər baxımdan yaşanan proseslərdən də yan keçmir.

Cəmiyyətdə qadın-kişi münasibətləri muasir dövrdə artıq virtual müstəvidə də genişlənməkdədir.

İslamazeri.az İnternet Qəzeti mövzu ilə bağlı ictimai, dini sferada fəaliyyət göstərən şəxslərin münasibətini öyrənib.

Dəyanət Rzayev - psixoloq: 
"ABŞ-da və Avropada insanlar evli ola-ola xəyanət etmirlər. Amma Azərbaycanda bu çox yayılıb. Sosial şəbəkələr və digər vasitələrlə daha da artıb. Bu cür hallar o fəsadları yarada bilər ki, ölüm ola bilər, qısqanclıq zəmnində kiməsə xəsarət yetirilə bilər. Azərbaycanda bu cür hallar iki cür nəticələnir. Normal insan gedir boşanır, qeyri-normal isə vurub öldürür. Amma son zamanlar qısqanclıq zəmnində olan qətllərin çoxu öz əksini tapmır. Cəmiyyətimizdə aqressiv insanlar çoxdur. Kimsə sosial şəbəkədə, ya da digər yerdə tanış olub həyat yoldaşını aldadır, digəri isə daha da aqresivləşir və sonda faciə olur. Sosial şəbəkələrdəki bu cür hallar evlənməməyə gətirib çıxara bilər, çünki bu cür halları görən insanlar evlilikdən qaçırlar.”

Mircəfər Əyyubzadə - ilahiyyatçı:
"Bismillahirrəhmanirrəhim. Bunu ümumi götürmək daha yaxşı olar. Qadınların kişilərlə qarışması, kişilərin qadınlarla qarışması getdikcə həyanı aradan aparır. İnsanları biraz da həyasızlaşdırır. Biri var cəmiyyətdə günah işlər çox ola, amma gizlində ola, bunun ictimai təsiri çox da güclü olmaz. Fəqət bir cəmiyyətdə günah az olsa, amma yaylmış olsa, yəni insanlar onu günah kimi qəbul etməsələr, utanmasalar o cəmiyyətin düzəlməsi daha çətin olar. Qarşısını almaq üçün birinci növbədə maarifləndirmək lazımdır. Bu sahədə mömin və möminələr böyük misiyaya malikdirlər. Mümkün qədər çalışıb, yeni nəsli daha da düzgün maarifləndirmək lazımdır. Qadınlar ictimaiyyətdən kənarda qalmasın deyə onları işə dəvət etmək, təşkilata və tədbirlərə dəvət etmək çox gözəldir. Amma bunlar hər istənil sahəyə aid deyil. Yəni əgər bəzi işlər qadınların həyasını aradan aparmağa doğru aparırsa, təbii ki bundan çəkinmək lazımdır. Mümkün qədər hicaba, həyaya diqqət etmək lazımdır. Söhbət təkcə zahiri deyil, həm də mənəvi, yəni ruhun hicabından gedir. Bu həm kişiyə və həm də qadınlara aiddir. Heç bir hal biz kişilərə haqq vermir ki, şəriətin qanunlarını pozaq, qadınları hansısa işlərdə əşyaya, vasitəyə çevirək, onlardan istifadə edək və bununla da hörmətsiz hala salaq."

Səidə Səmədova - MMDİB Nərgiz QC-nin icraçı direktoru:
"Ümumiyyətlə insan həyatın hər sahəsində ifrat və təfrit çərçivəsində yaşamalıdır. Yəni bütün yaşamını mötədil şəkildə tənzimləməlidir. Hər bir zərərdən qorunmaq üçün sədlər olmalıdır. Cəmiyyətdə nizamlanmalı olan məsələlərdən biri də qadın-kişi münasibətləridir.
Mən həm bir qadın olaraq, həm də "Nərgiz” Qadınlar Cəmiyyətinin rəsmisi olaraq ələlxüsus xanımlar barədə fikir bildirmək istəyirəm. Çünki zərif cinsin nümayəndəsi olaraq, fitrətində həssas heysiyyat qoyulmuş olan xanımlar özlərinə qarşı səviyyəli münasibəti, hörməti təmin etmək üçün ilk növbədə özləri bu hala diqqət yetirməlidirlər. Həm zahiri, həm də daxili ismət baxımından. Zahiri baxımdan cəmiyyət arasında qapalı geyimin, qarşı cinsdən diqqət çəkməyən geyimin böyük əhəmiyyəti var. Lakin bu məsələnin bir tərəfidir. Digər tərəfi isə həmin xanımın danışığı, davranışı, yaxın qohumu olmayan insanlarla səmimiyyət həddidir.
Yəni ona qarşı mümkün ola biləcək zərərlərdən qorumaq üçün qadının təkcə zahiri görünüşünün lazımi şəkildə olması kifayət etmir. Çünki muasir dövrdə artıq keçmişdə olmayan yeni virtual ictimai sfera, sosial şəbəkələr mövcuddur. Burada əsasən ikinci cəhət, yəni daxili, mənəvi cəhət rol oynayır. Belə ki, ünsiyyət zamanı hədsiz səmimiyyət qarşılıqlı hörmət şəraitinin də aradan getməsinə səbəb olur. Bundan sonra qeyri-sağlam ünsiyyətlərlərin, daha sonra isə lazımsız söz-söhbətlərin, təəssüf ki, hətta faciələrə aparan fəsadların meydana gəlməsi üçün şərait formalaşır.
Belə mənfi tendensiyaların olması etik normaların, əxlaqi dəyərlərin, dini maariflənmənin olmadığı cəmiyyətdə daha realdır. Lakin hər iki tərəf, yəni həm qadın, həm kişi sözügedən mövzuda yetərincə bilgili olsa və bildiyinə də əməl etsə, əlbətdə ki, cəmiyyət daha sağlam, səviyyəli qarşılıqlı münasibətlər şəraitində təşəkkül tapar.”

Seyid Elman Ağazadə - ilahiyyatçı: 
"Bismillahirrəhmanirrəhim. Hal-hazırda sosioloqların ən çox narahat olduqları, üzərində durduqları, həyəcan təbili çaldıqları məsələlərdən biri də sosial şəbəkə bəlasıdır.
Hər gün görürük ki, "facebook” evlənməlləri və boşanmaları mətbuat səhifələrini tutub. Ümumiyyətlə internet hələ dünyada yayılmağa başladığı ilkin vaxtlarda virtual tanışlıqlar barədə İslam alimləri valideynlərə və gənclərə xəbərdarlıq etmiş, bu barədə islami baxışı diqqətə çatdırmış, mənəviyyatın qorunması üçün bəzi məsləhətlər vermişdilər. O vaxt hələ "facebok”, "tvitter” kimi sosial şəbəkələr yox idi, ancaq "hotmail” və "yahoo mesencer” artıq yayılmaqdaydı. Təəssüflər olsun ki, cəmiyyətdə bu məsələyə lazımi qədər diqqət olunmadı və hazırda bu bropblem dərinləşməyə doğru getməkdədir.
İslam dini kişi və qadın, islami terminlərlə desək məhrəm-naməhrəm münasibətlərinə diqqətlə yanaşır. Bu barədə Qurani-Kərimdə qadının naz-qəmzəli səsinin, həmçinin hətta ayaq səslərinin belə kişiləri azdıran fəsadları meydana gətirə biləcəyinə dair ayələr mövcuddur.
Dini ktablarda şeytanın öz etirafına əsasən ən çox tələ qurduğu məsələ 2 naməhrəmin bir-biri ilə rabitə qurmasıdır. Sosial şəbəkələrdə ilk addım sadəcə tanışlıq olsa da, sonradan diqqət edilməzsə, bu tanışlıq dostluğa və başqa daha səmimi, sərhədsiz münasibətlərə sirayət edir. Əlbətdə, biz insanlar nöqsanlı, günah ehtimalı olan bəndələrik. Ona görə də dini tövsiyyə budur ki, insan tez-tez özünütənqidlə şəxsi ruhi vəziyyətini hesaba çəksin, qəflətə düşməməkçün arxayınçılığa qapılmadan öz gündəlik davranışını süzgəcdən keçirsin. Belə olan halda uçuruma aparan ilk addımdan etibarən nə qədər ki gec deyil özünə mənəvi bir çəki-düzən versin. Çünki sonrakı mərhələdə ayrılmaq çətin olur. Ona görə də munasibət artıq necə deyərlər o incə çalarlara keçəndə tez dayandırılmalıdır. Valideynlərin də üzərinə bu məsələdə məsuliyyət düşür. Onlar uşaqlarını hələ kiçik yaşlardan bu barədə maarifləndirməli, internetin zərərli cəhətlərindən çəkindirməlidirlər. Cəmiyyəti düşünən hər bir kəs də bu barədə maariflənmə aparmalıdır.”

Əbülfəz Bünyadov - jurnalist, yazıçı:
"Qadın-kişi münasibətləri həmişə həssaslıq daşıyan mövzulardandır. Heç təsadüfü deyil ki, kiçik yaşlardan bacı-qardaşın yataq otaqlarını belə ayırmalarını təkid edən din burada təhlükənin səviyyəsini hər kəsə anlatmaqla bu işə diqqət yönətməkdədir. Bu məsələ diqqətlə araşdırıldıqda təhlükə heç də uzaq deyill. Məhz bu səbəbə görədir ki, dövrün təqlid olunan müctəhidləri istisnasız zərurət həddindən artıq naməhrəm qadın-kişi münasibətltini haram bilir. Təcrübə də gösrərir ki, dağılan ailələr, kökündə xəyanət gizlənən ölüm faktorlarının əksəriyyəti sosial şəbəkələrdən başlayan münasibətlərdən doğur. Buna Azərbaycan kimi dini mənəviyyatı istismar olunaraq insanları cinsi ehtirasa çağıran bir ölkənin əksər mediasını əlavə etsək, mənzərə bizə aydın olar. Dini bilgi insanı günahdan qoruyan mexanizm olduğu kimi, əksi də ehtirasa çağıran amildır. Buna görə də təbii olaraq sosial şəbəkədə naməhrəm şəxslərin sonu heç şübhəsiz fəsad səbəb olacaq münasibətləri bəyənilməyən haldır və dini terminlə desək haram münasibətlər olduğundan yol verilən hal deyil.”

Hacı Nuhbala Rəhimov- ilahiyyatçı: 
"Qurani-Kərimdə qadın və kişinin münasibətləri haqqında Allah hədd qoyub. Hər bir qadın və hər bir kişi əgər bu həddə əməl etməsə, bizim ağılımızın dərk etdiyi və dərk etmədiyi fəsadlar ortaya çıxa bilər. O fəsadlardan biri də insani müqəddəsatın aradan getməyidir ki, biz bu gün cəmiyyətdə bunun şahidi oluruq. İnsani müqəddəsat ləyaqətdən, iffətdən, ismətdən, həyadan və qarşılıqlı səmimi münasibətlərdən ibarətdir. Nə qədər ki, qadın kişi münasibətləri Qurani-Kərimin buyurduğu hədd çərçivəsində cəmiyyətdə sabit təqdim olunmayıb, bu cür fəsadlar ardıcıl olaraq baş verir. Biz bunun şahidi oluruq. Arzumuz və əlimizdən gələn odur ki, hicab deyiləndə təkcə baş bağlamaq, insanın mənəviyyatının qeyri-mənəvi dəyərlərdən qorunması nəzərdə tutulmur. Hicablı xanım naməhrəm kişi ilə elə söhbət etməməlidir ki, onda hər hansı cəsarət tapılsın ki, qeyri-ciddi bir şey barədə münasibət qurmaq hissi yaransın. İnsan gərək həyasın qorusun. Əks halda cəmiyyət bunun acı nəticəsin görəcək və hal hazırdada görməkdədir."

Hacı Mirfəyyaz Fəttayev- ilahiyyatçı: 
"Bu cür hallar ruha mənfi təsir qoyar. Eyni zamandada şəhvəti artıraraq zinaya yol açar. Şəriət bu cür münasibətləri haram olduğunu bildirir. Haram da ruha, mənəviyyata ciddi zərbə vurur. Eyni zamanda haram insanları rəzilliyə doğru aparır. İnsanı mənəvi ləzzətlərdən, Allah zikrindən uzaqlaşdıraraq nəfsi istəklərə tərəf aparır. Bu cür hallar ancaq zinaya yol açmaqdan başqa heç nəyə xidmət etmir. Və bütün bunlar nəticə etibarilə ictimai quruluşu tənəzzülə sürükləyir.” 

 

islamazeri.az
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 789 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]