Şənbə günü, 2024-12-21, 7:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Şeytanın (lən) üç səhvi
2013-12-13, 10:07 PM
Şeytanın (lən) üç səhvi

 
Biz dəfələrlə şeytanın dastanını eşitmişik. Ancaq şeytanın bu əhvalatından necə ibrət götürəcəyimizə diqqət etməmişik. Əgər ibrət götürsəydik, onun getdiyi yolu getməzdik. (Tebyan)

Şeytan üç səhv edir. Əgər biz insanlar bu səhvlərdən birini belə etsək, şeytanın aqibətinə düçar olarıq. Daxili simamız şeytan kimi olar. İstəmədən onun ordusunun əsgərinə çevrilərik. Rəhbərimiz və vəlimiz İblis lənətlik olar.
Biz həmişə fikirləşirik ki, ölüm ancaq qonşunun sorağına gələr, bizə heç baş çəkməz. Biz heç vaxt fikirləşmirik ki, bir gün gələcək biz də şeytan kimi cəzalandırılacağıq. Ona görə də öz səhvlərimizə davam edirik. İbrət dərsi almırıq. O zaman ki, gördüyümüz işin pis sonunu görürük, deyirik ki, Allah bizim üçün bu cür qərar vermişdir. Allah Quranda dəfələrlə buyurmuşdur ki, ey insanlar, təkcə zahiri gözünüzlə görməyin, həm də düşünün, təfəkkür edin. Gördüyünüz işin sonunu düşünün və sonunu görməyə çalışın. Keçmişdəkilərin əhvalatlarından ibrət götürün, nəsihət alın. Allah Təala iblisin də əhvalatını bizim üçün bəyan etmiş və ondan ibrət götürməyimizi istəmişdir.
Birinci səhv.

Sübhan Allah mələklərdən istəyir ki, Adəm (ə) üçün səcdə etsinlər. İblisdən başqa hamısı səcdə edir. "Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi”. ("Bəqərə” 34).

İblisi cənnətdən qovan onun təkəbbürü idi. Bədbəxtliyi ona qələbə çalır. Öz yaradılışı ilə fəxr edir, insanın torpaqdan yaradılmasını dəyərsiz hesab etdi. Şeytanın süqut etməsinin ən başlıca amili bu idi ki, o, cin idi və atəşdən xəlq edilmişdi. Bəlkə onun bu rəftarı yanlış düşüncələrinin nəticəsi idi. O, məğrur oldu və dedi ki, mən atəşdənəm. İnsan ki, torpaqdan xəlq edilmişdir, mən necə ona səcdə edə bilərəm.
Onun bu təəsübkeşliyi qələbə çalır. Bu hərəkəti həqiqətləri görməyə mane olur. Halbuki, torpaq bərəkət və mənafe mənbəyidir. Allah Təala torpağı bərəkət mənbəyi qərar vermişdir.

Bu məsələ mühümdür ki, bütün günahlar hicab kimi insan ağlını əhatə edər və onun həqiqətləri görməsinə mane olar. İnsanlar da təkəbbür göstərirlər. Mal, cah-cəlal, vəzifə və təhsilləri ilə öyünürlər. Cahiliyyət dövrünün insanları kimi qəbirləri ilə belə fəxr edərlər. Bu qürur insanı səhv və xatalara tərəf sürükləyər. Bu təkəbbürlü insan dağları saray və sarayları da dağ kimi görər. Qürur eynəyi insanları həqiqəti görməkdən uzaqlaşdırar. Həzrət Əli (ə) buyurur: "Məğrur insan uzaqgörən olmaz”.

İkinci səhv.

Şeytan öz üsyanı ilə Allahın elm və hikmətini kiçik hesab etdi. Özünü Allah hikmətindən üstün hesab etdi. Öz-özünə dedi: "Allah necə mənə səcdə etmək üçün əmr edir. Halbuki, bilir ki, mənim xilqətim atəşdən və insanınkı isə torpaqdandır”. "Allah buyurdu: «Sənə əmr etdiyim zaman, səcdə etməyinə nə mane oldu?» Dedi: «Mən ondan daha yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan. (Od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılmış şey, daha yaxşıdır)”. ("Əraf” 12).

İnsanların əksəriyyəti batil işlərinə davam edirlər. Bu, o demək deyildir ki, onlar batili tanımırlar. Bəlkə inadlarına görə belə edirlər. Onlar çox yaxşı bilirlər ki, bu batil işləri onların aqibətini heç də yaxşı etməyəcəkdir.

Özümüzə bir nəzər salaq. Bəzən Allah üçün vəzifə təyin edirik. Allahın bizim üçün qərar verdiyi ruziyə görə şikayət edirik. Elə istəklərimiz vardır ki, biizm xeyrimizə deyildir. O qədər nalə çəkirik ki, axır şikayət edirik.

Bu, o deməkdir ki, nəuzubillah, Allahım, mən Səndən çox bilirəm. Mən bu işin yaxşı olacağını bilirəm, ancaq Sən bilmirsən. Mənim elmim var, ancaq Sənin yoxdur. Xülasə bəndəlik yerinə tanrılıq edirik. Ən gözəli də budur ki, Sübhan Allah bütün bu çirkinliklər, cəhalət və üsyan qarşısında bizi Öz rəhməti ilə əhatə edir. Başımıza nəvaziş əlini çəkər. Günahlarımızı bağışlayar. Əzabları bizdən uzaqlaşdırar. Ruzimizi həmişəkindən çox edər. Şeytan bu səhvinə görə cənnətdən qovulur. "Buyurdu: «Belə isə, oradan (Cənnətdən, ya səmadan, ya mələklərin arasından, ya o məqam və rütbədən) aşağı en! Çünki sənə orada təkəbbürlük etmək yaramaz. Beləliklə, oradan xaric ol ki, şübhəsiz sən - alçaq və xar edilmişlərdənsən»”. ("Əraf” 13).

Üçüncü səhv.

İblis (lən) bu qədər səhvinə görə süqut edir. Allah rəhmətindən qovulur. Bu səhvlərinə görə Allahın ən çox nifrət etdiyi məxluqa çevrilir. Ancaq bu lənət onu yenə də yuxudan ayıltmır. Əvvəlki kimi yenə də təkəbbür atına minərək, başqa bir lənətlənmiş işə əl atdı. O, tövbə etmək yerinə, Adəm (ə) və övladlarını yolundan çıxardacağına and içdi. Qəzəb və paxıllıq gözlərini bağlamışdı. Öz günah yükünü daha da ağır edir. Allahdan istəyir ki, Qiyamətə qədər onu sağ saxlasın.

Şeytan ilk işini görür və Adəmi (ə) yolundan azdırır. Bu hərəkəti Allahı qəzəbləndirir. Ancaq Adəm (ə) tövbə edərək, səhvini boynuna alır. Allah tövbəsini qəbul etdi. "(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır”. ("Bəqərə” 37). Ona Cəbrayil (ə) nazil olur. Sənə adlar öyrədəcəyəm, əgər Allahı bu adlarla çağırsanız, Allah tövbəni qəbul edəcəkdir. De: "Ya Həmid və Muhəmmədin (s) və ya Alinin (ə) haqqına, Əlinin (ə) və ya Fatirin haqqına, Fatimə (s.ə) və ya Möhsünün haqqına, Həsənin (ə) və ya Qədimul-ehsanın haqqına, Hüseynin (ə) haqqına tövbə edirəm. Həzrət Adəm (ə) bu beş əba Alisinin adına and verərək, tövbə edir və Allah da tövbəsini qəbul edir. Ancaq İblis (lən) tövbə etmədi və Qiyamətə qədər yolunu davam etdirdi.
 

 /Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 972 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]