Bazar günü, 2024-12-22, 5:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Nəfsi saflaşdırmaq yolunda ilk addım
2013-02-22, 1:57 PM
Nəfsi saflaşdırmaq yolunda ilk addım
Nə vaxta qədər qəflət yuxusunda yatmaq və fəsadda batmaq istəyirsiniz? Allahdan qorxun, işlərin aqibətindən qorxun, qəflət yuxusundan ayılın. Siz hələ ayılmamısınız, hələ ilk addımı atmamısınız. Nəfsi paklamaqda atılan ilk addım, "yəqzədir”("Qaf" surəsi: ayə 18. ). Amma siz hələ də yuxudasınız; gözlər açıq, ürəklər isə yuxuya qərq olubdur. Əgər ürəkləriniz yuxulamış və günahların təsirindən qaralmasaydı, belə asudə, düzgün olmayan əməl və danışıqlarınıza etinasız olub, davam etdirməzdiniz. Axirət işləri və qorxulu aqibətlər barəsində bir az düşünsəydiniz, üzərinizdə olan bu ağır təklif və məsuliyyətlərə daha çox əhəmiyyət verərdiniz. Sizin, Məad və Qiyamət kimi başqa bir dünyanız da var. (Qayıdışı olmayan başqa mövcudlar kimi deyilsiniz). Nə üçün ibrət almırsınız? Nə üçün ayılmır və diqqət etmirsiniz? Nə üçün bu qədər asudə, öz müsəlman qardaşlarınızın qeybətini edir, pisliyinə danışır, ya danışanlara qulaq asırsınız? Heç qeybət üçün açdığınız bu dilin, Qiyamət günü başqalarının ayağı altda əziləcəyini bilirsinizmi? Xəbəriniz varmı ki, "Qeybət, cəhənnəm itlərinin xörəyidir”?(Oyanmaq və ayılmaq ) Heç bu ixtilafların, ədavətlərin, həsədlərin, bədbinliklərin, xudxahlıqların, qürur və təkəbbürün hansı pis aqibəti olduğu barədə fikirləşmisinizmi? Bu rəzilə və haram əməllərin aqibətinin cəhənnəm olduğunu və əbədi odda qalmağa səbəb olacağının mümkünlüyünü bilirsinizmi?
Allah eləməsin, insan ağrısız xəstəliklərə düçar ola? Ağrısı olan xəstəliklər, insanı ona əlac etməyə, həkim və xəstəxanaya müraciət etməyə vadar edir. Lakin, ağrısız və hiss olunmayan xəstəliklər, çox qorxulu olurlar. İnsan iş-işdən keçdikdən sonra xəbərdar olur. Ruhi xəstəliklərin də ağrısı olsaydı, yaxşı idi və insanı, onun müalicəsinə məcbur edərdi. Amma nə etmək olar ki, bu təhlükəli xəstəliyin ağrısı yoxdur. Qürur və xudxahlıq kimi xəstəliklər ağrısızdır. Başqa günahlar da ağrı vermədən ürək və ruhu xarab edir. Bu xəstəliklərin ağrısı olmamaqdan əlavə, zahiri ləzzətləri də vardır. Qeybətlə keçən məclis və yığıncaqlar, olduqca isti və şirin olur!
Günahların kökü olan özünüsevmək və dünyaya məhəbbətin də ləzzəti vardır.
Susuzluq xəstəliyinə tutulan, su içməkdən ölür, amma son nəfəsinədək onu içməkdən ləzzət alır. Sözsüz ki, insan bir xəstəlikdən ləzzət alsa və ağrısı da olmasa, heç vaxt müalicə dalınca getməyəcək. Onun nə qədər qorxulu və öldürücü olduğunu desələr də, inanmayacaq. İnsan, dünyapərəstlik və nəfsi istəklər xəstəliyinə düçar olsa, dünya məhəbbəti onun qəlbini tutsa, başqa aləmdən və onda olan şeylərdən qaçsa (Allaha pənah aparırıq), Allaha və Onun bəndələrinə, ilahi peyğəmbər və övliyalara, Allah mələklərinə düşmənçilik edəcək, kin bəsləyəcək. Mələklər, Sübhan Allahın əmri ilə onun canını almağa gələrkən, onlara nifrət edəcək. Çünki, Allah və Onun mələklərinin, onu öz sevdiklərindən (dünya və dünya işlərindən) ayırmaq istədiyini görür. Belə şəxslərin Həqq Təalaya qarşı ədavət və düşmənçiliklə dünyadan getmələri mümkündür. Qəzvinin böyük şəxsiyyətlərindən biri (Allah ona rəhmət etsin) danışır ki, can verən bir kişinin başı üstə getdim. Ömrünün son dəqiqələrində gözlərini açıb, dedi: "Allahın mənə etdiyi zülmü, heç kəs etməyibdir! Çünki hansı zəhmətlə böyüdüb, tərbiyə etdiyim övladlarımdan məni ayırmaq istəyir. Bundan da böyük zülm olarmı?" İnsan özünü saflaşdırmasa, dünyadan üz çevirməsə, dünya məhəbbətini ürəyindən çıxarmasa, ölərkən ürəyi Allaha və Onun övliyalarına qarşı kin və düşmənçiliklə dolu halda can verməsi mümkündür. Belə bir insan ən şərəfli məxluqatın kəsilmiş ovsarıdır və ya həqiqətdə ən şəridir: "And olsun əsrə. Şübhəsiz, insan ziyan içindədir. Yalnız iman gətirib, saleh əməllər edən, bir-birinə haqqı və səbri sifariş edənlərdən başqa!”("Vəsailuş-şiə" 8-ci cild.) Bu surədə saleh əməllər edən möminlər istisna edilibdir. Saleh əməl, ruhla sazişi olan əməldir. Amma insanın əməllərinin çoxunun cismlə sazişi olduğunu görürsən. Sifarişi də yoxdur. Əgər dünya məhəbbəti və özünüsevməklik sizə qələbə edəcəksə, həqiqətləri dərk edib, öz əməlinizi Allaha görə xalis yerinə yetirməyə qoymayacaqsa, sizi haqqa və səbrə sifariş etməkdən saxlayıb, hidayət yolunuda bir maneyə çevrilicəksə, siz ziyandasınız. "Xəsərəd-dünya vəl axirət"siniz.("Əsr" surəsi. ) Çünki, cavanlığınızı əldən vermisiniz, cənnət nemətlərindən və axirət ləzzətlərindən də məhrum olmusunuz. Dünyanız da yoxdur. Başqalarının, ilahi behiştə yolu olmasa, Allahın rəhmət qapıları onların üzünə bağlansa da, cəhənnəm odunda əbədi olsalar da, ən azı dünyaları vardır, dünya ləzzətlərindən bəhrələnirlər. Amma siz...
Dünya məhəbbətinin və özünü sevməkliyin sizdə tədriclə artmağından qorxun. Qoymayın iş bir yerə çata ki, şeytan sizdən imanınızı ala bilə. Şeytanın bütün səyi sizin imanınızı əlinizdən almaqdır. Heç kim sizin imanınızın sabit qalacağına sənəd verməyibdir. Ola bilsin ki, sizin imanınız ariyədir (müvəqqəti verilmiş) və axırda şeytan onu sizdən alsın. Siz də Allah-Təala və Onun övliyaları ilə ədavətlə dünyadan gedəsiniz. Bir ömür ilahi nemətlərdən istifadə edib, imam Zaman (əc.) süfrəsinin başında əyləşib, axırda öz nemət sahibinə qarşı imansız və düşmənçiliklə can verəsiniz.
Əgər dünyaya məhəbbət varınızdırsa, onu kəsməyə çalışın. Dünya, bütün bu zər-zivərləri, zahiri cilvələri ilə yenə sevilməyə layiq deyil. Onda ki, qala insan, bu zahiri yaşayışdan da məhrum ola. Sizin dünyadan nəyiniz vardır ki, ona da ürək bağlayasınız? Sizsiniz, bir də bu məscid, mehrab, mədrəsə, ya da evin küncü. Məscid və mehrab üstündə bir-birinizlə çəkişib, ixtilaf yaradıb, cəmiyyəti fəsada çəkməyiniz düzdürmü? Bundan əlavə, dünya əhli kimi asayiş və rifahla yaşayışınız olsa və ömrünüzü eyş-işrətdə keçirsəniz belə, ömür başa çatdıqda bunların şirin bir yuxu kimi ötüb keçdiyini, bütün aqibət və məsuliyyətlərin isə həmişə sizin üzərinizdə qaldığını görəcəksiniz. Zahiri şirinliyi ilə tez ötüb keçən bu həyatın, nəhayəti olmayan əzabın qarşısında, nə dəyəri vardır? Dünya əhlinin əzabı bəzən sonsuzdur. Bundan əlavə, dünya əhli, dünyaya əl tapıb, onun bütün dad və mənfəətlərindən bəhrələndiklərini xəyal edirlər. Amma belə deyil, onlar qəflətə və səhvə düçar olublar. Hər kəs dünyaya öz yaşadığı mühit və məhəldən baxır, xəyal edir, dünya elə budur ki, var! Bu cismlər dünyası, bəşərin onu tanıdığını, onu kəşf və seyr etdiyini təsəvvür etdiyindən çox-çox genişdir. Bu dünya, bütün alət və vəsaitləri ilə, rəvayətdə gəlib: "ما نظر اليها نظررحمة" "(Allah dünyanı yaratdığı vaxtdan) ona rəhmət nəzəri ilə baxmayıb."(Dünya və axirətinizin hər ikisi əlinizdən gedibdir. ) Ona görə də gərək görəsən ki, Allah Təbarək və Təalanın rəhmət nəzəri ilə baxdığı başqa aləm necədir? Allahın, insanı ona dəvət etdiyi "əzəmət mədəni” nədir və necədir? Bəşər, "əzəmət mədəninin” nə olduğunu başa düşməkdən çox kiçikdir.
Siz öz niyyətinizi xalis, əməllərinizi saleh etsəniz, xudxahlıq və dünya məhəbbətini ürəyinizdən çıxartsanız, ali məqamlar, üstün dərəcələr sizin üçün hazırlanar. Dünya və onun zahiri cilvələrinin, Allahın saleh bəndələri üçün nəzərdə tutulmuş məqam müqabilində, bir qara qəpik qədər də dəyəri yoxdur. Belə bir ilahi məqama çatmağa çalışın. Özünüzü islah edə bilsəniz və irəli gəlsəniz, bu ali məqama və uca dərəcəyə də etinasız olun və Allaha bu məqama çatmaq üçün ibadət etməyin, bəlkə ibadətə layiq olduğu üçün, ibadət edin və onu çağırın! Onun qarşısında səcdə edib, üzünüzü torpağa sürtün. O vaxt siz, "nur pərdələrini” keçib, "əzəmət mədəninə” qovuşmağa yol taparsınız. Siz, hal-hazırda olan bu əməl və davranışınızla, getdiyiniz yolla belə bir məqama çata bilərsinizmi? İlahi keçidlərdən nicat və qorxulu aqibətlərdən, cəhənnəm atəşindən qaçmaq, asanlıqla mümkün olacaqmı? Siz pak imamların (ə) ağlamaqlarını və imam Səccadın (ə) nalələrini, təlimdən və başqalarına öyrətməkdən ötrü olduğunu fikirləşirsiniz? (Heç də belə deyil.) Onlar bütün mənəviyyat və uca məqamları ilə Allah xovfundan ağlayırdılar. Qarşıda olan yolu getməyin nə qədər çətin və qorxulu olduğunu bilirdilər. Ağır çətinliklərdən, Siratdan keçməyin eniş-yoxuşundan xəbərləri var idi. Qəbr, Bərzəx, Qiyamət aləmindən və qorxulu keçidlərdən agah idilər. Ona görə də heç vaxt aramları olmayıb, həmişə axirətin şiddətli aqibətlərindən Allaha sığınıblar.
Siz bu qorxulu, insanın bütün gücünü alan, keçidlər barəsində nə fikirləşib, hansı çarə yolunı tapmısınız? Nə vaxt özünüzü islah etməyə və saflaşdırmağa başlayacaqsınız? Siz, indi cavanlıq qüvvəsi olduğu və öz qüvvənizə qalib olduğunuz, cisminizin zəifliyi sizə üz gətirməmiş, cavan vaxtınızda da özünüzü saflaşdırmaq, islah etmək fikrində olmasanız, zəiflik, süstlük, soyuqluq sizin cism və canınıza düşdükdən sonra, öz qəsd və müqavimətinizi əldən verdiyiniz, günah yükü ilə qəlbinizi qaraltdığınız qocalıq vaxtı, necə özünüzü islah edib, saflaşdıra bilərsiniz? Hər nəfəs çəkdikcə, hər addım atdıqca, ömrünüzdən hər an keçdikcə islah etmək də çətinləşir. Zülmət pərdələrinin daha da çoxalması mümkündür. Yaş artdıqca bu işlərin səadətlə ziddiyyəti artır və qüdrət azalır. Beləliklə, qoca vaxtınızda özünüzü saflaşdırmağınıza, fəzilət və təqva qazanmağınıza müvəffəq olmağınız daha çətinləşir. Tövbə edə bilməyəcəksiniz. Çünki, tövbə, "tövbə edirəm” deməklə, həqiqətə çevrilmir. Bəlkə, peşimançılıq və günahı tərk etməyi qəsd etmək lazımdır.("Biharul-ənvar" 70-ci cild. ) Peşimanlıq və günahın tərkinə qəsd etmək, əlli il, ya yetmiş il qeybət və yalana mürtəkib olub, saqqalını günahda ağardanlar üçün hasil olmaz. Belə şəxslər ömürlərinin sonuna kimi, mübtəladırlar.
Cavanlar! Qocalıq tozunun sizin saç-saqqalınızı ağartmasını oturub gözləməyin (Biz qocalmışıq və onun müsibət və çətinliklərinə vaqifik). Nə qədər ki, cavansınız, bir iş görə bilərsiniz, nə qədər ki, cavanlıq gücü və iradəsi vardır, nəfsi istəklərdən, dünya arzularından, heyvani istəklərdən özünüzü uzaqlaşdırın. Amma cavanlıqda özünüzü düzəltmək və islah etmək fikrində olmasanız, qocalanda daha iş-işdən keçmiş olacaq.
Cavanın ürəyi lətif və mələkutidir. Fəsada səbəb olan amillər onda zəifdir. Lakin ömür uzandıqca günahın kökləri ürəkdə bərkiyir və möhkəmlənir. Belə ki, onu qoparmaq mümkün olmur. Necə ki, rəvayətdə var: "İnsanın ürəyi əvvəl saf və nurani bir güzgü kimidir. İnsandan baş verən hər günah, qara bir nöqtə onun üzərinə artırır"(Rəvayətdə gəlib ki, Əmir əl-möminin Əli (ə) buyurdu: "...istiğfar uca məqamlıların dərəcəsidir və o, altı mənayadır: 1-keçmiş əməllərdən peşiman olmaq; 2-əbədi olaraq o əməllərə qayıtmamaq...” "Nəhcül-bəlağə" 409-cu hikmət. ), günah o qədər qəlbi qaraldır ki, Allaha qarşı günah etmədiyi bir gün olmur. Qocaldıqdan da sonra, ürəyi əvvəlki hala qaytarmaq çətindir. Siz özünüzü paklamasanız və qaralmış ürəklə, günaha bulaşmış göz, qulaq və dillərlə dünyadan getsəniz, Allahla necə görüşəcəksiniz? Sizə pak olaraq verilmiş bu ilahi əmanətləri, günaha və rəzilətə bulaşmış halda, necə qaytaracaqsınız? Sizin ixtiyarınızda olan bu göz və qulaq, sizin əmriniz altında olan bu əl və dil, onlarla yaşadığınız bu bədən əzalarınız, sizə pak olaraq tapşırılmış, Mütəal Allahın əmanətləridirlər. Bunları harama bulaşdırsanız, rəzilələşərlər və əmanəti qaytararkən sizdən: "Əmanətdarlığın qayda-qanunu budurmu? Biz bu əmanətləri sizə belə vermişdikmi? Sizə verdiyimiz ürək belə idimi? Sizə tapşırdığımız göz belə idimi? İxtiyarınızda qoyduğumuz o biri bədən üzvləri bu cür aludə idimi?" soruşulması mümkündür. Bu sualların qarşısında nə edəcəksiniz? Öz Allahınızla, Onun əmanətlərinə etdiyiniz bu qədər xəyanətlə necə görüşəcəksiniz?
Siz cavansınız; öz cavanlığınızı bu yolda qoymusunuz. Bir halda ki, dünyəvi baxışların sizin üçün heç bir xeyri yoxdur. Bu qiymətli vaxtınızı və cavanlıq baharını Allah yolunda, müqəddəs hədəflərə sərf etsəniz zərər etməzsiniz. Bəlkə sizin dünya və axirətiniz də təmin olar. Amma indiki bu müşahidə olunan hal ilə getsəniz, öz cavanlığınızı məhv edib, ömrünüzü hədər etmiş olursunuz. O biri dünyada da cavab verməli olacaqsınız. Bu fəsad gətirən əməl və davranışlarınızın cəzası təkcə o dünya ilə məhdudlaşmır, bu dünyada da yenə çətinlik, müsibət, ağır sıxıntıda olub, bəla və bədbəxtlik burulğanına düşəcəksiniz.
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 843 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]