Bazar günü, 2024-12-22, 4:45 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İmanı gücləndirməyin yolları
2013-02-06, 7:28 PM
İmanı gücləndirməyin yolları


(Erfan saytına istinadən)



Allaha yaxınlaşmağın ilk yolu imandır. İmanın iki tərəfi vardır: nəzəri və əməli. Hər birinin öz dərəcəsi və mərhələsi vardır.

Nəzəri imanın birinci dərəcəsi Allahı tanımaq, Onun vəhdaniyyətinə etiqad bəsləmək və varlıq aləminin Onun iradəsindən asılı olduğuna inanmaqdır. Bütün varlıqlar Ona ehtiyac duyurlar. Ondan sonra mələklərə etiqad bəsləməkdir. Onlar Allah əmlərini yerinə yetirən sadiq xidmətçilərdir. Həzrət Adəmdən (ə) Xatəməl-nəbiyə (s) qədər bütün vəhyləri və xəbərləri onlar yer əhlinə çatdırmışdılar.



Əməli iman.

Əməli iman nəzəri imanın səmərəsidir. Bu əməllərlə gücləndirilə bilər:

1. Tövbə. Allaha seyr etməyin ilk yolu tövbə ilə həyata keçir. Həqiqi tövbə olmadan iman qəlbdə möhkəmlənməz. Tövbənin həqiqəti günahlara və xətalara görə peşman olmaqdır. Peşmançılığın əlaməti isə odur ki, insan nə zaman onu xatırlasa, nalə çəkər və sızlayar. Ruhu əziyyət çəkər. Ona görə tövbə yalnız bir kəlmə ilə olan məsələ deyildir. Nə qədər günahın şirinliyi qəlbindən getməmişdir, hər nə qədər istiğfar etsə də, yenə də Allaha sanki ehtiramsızlıq (nəuzubillah!) etmiş olar. O kəs öz günahından həqiqətən peşman olmuş sayılar ki, həmin günahı tərk etmək üçün əzm göstərər.



2. Vacibatları yerinə yetirmək. Həzrət Peyğəmbər (s) buyurur: "Dinin və dindarlığın əsas kökü - günahdan çəkinmək və Allaha itaət etməkdir”. İman İlahi təqva, günahdan uzaq olmaq və saleh əməllər görməklə gücləndirilir. İmam Sadiq (ə) buyurur: "Günahdan çəkinmək imanı sabit saxlayar. Tamah imanı aradan aparar”. "Hər kimin əməli dediklərinə uyğun olarsa, nicat əhli olar. Ancaq o kəsin ki, əməli dedikləri ilə uyğun gəlməzsə, imanı süni olar”.



3. 14 Məsumu (ə) tanımaq və onlara təvəssül etmək. Onlar - İlahi qürba olan ən yaxın qapılardır. Allah bizlərə əmr edir ki, Ona yaxınlaşmaq üçün vasitələrdən istifadə edək. İmam Əli (ə) buyurur: "Biz Əhli-beyt (ə) həmin o evlərik ki, Allah onun qapısından girməyi əmr etmişdir. Biz Əhli-beyt (ə) - həm Allahın evi, həm də Allah evinin qapılarıyıq”. Ona görə də hər kim Allahı tanımaq istəyirsə, Allaha yaxınlaşmaq istəyirsə, Məsumlarla (ə) tanış olmalıdır. Dünya və axirət işlərini onlara əsasın tənzim etməlidir. Bilməlidir ki, İmamları (ə) tanımadan, onlara itaət etmədən İlahi qürba yaxınlaşa bilməz.



4. Saleh əməl. Hədəfi tanıyandan sonra saleh əməllər görərək, gərək imanımızı gücləndirək. İman, saleh əməl olmadan heç bir məna ksəb etməz. İmam Sadiq (ə) buyurur: "İman - əməldən başqa bir şey deyildir”. "İman o şeydir ki, Allaha itaət edər və günah işlətməz”.



İmanın dərəcələri:

Nəzəri imanın dərəcələri olduğu kimi, əməli imanın da dərəcələri vardır. İmam Sadiq (ə) buyurur: "Allah-Təala imanı 7 hissəyə bölmüşdür: 1. Yaxşı iş görmək. 2. Düz danışmaq. 3. Yəqinlik dərəcəsinə çatmaq. 4. Allahın razılıq məqamına meyl etmək. 5. Vəfa. 6. Elm və mərifət. 7. Səbir və həlimlik”. Sonra buyurur: "Allah onu insanların arasında bölmüşdür. O kəsə ki, yeddi pay vermişdir - o, kamil imana malik olar”.

Yəni o kəs ki, çalışaraq və iradə göstərək, saleh əməl edərək, Allaha yaxınlaşa bilibsə - kamil imana malik olar.

İmam Sadiq (ə) Əbdüləziz adlı bir nəfərə buyurur: "İman sanki bir nərdivandır ki, on pilləsi vardır. Mömin bir-bir pillələri keçər. O kəs ki, ikinci pillədədir, birinci pillədə olana deməməlidir ki, sənin imanın yoxdur. Üçüncü pillədə olan ikinci pillədə olanı təhqir etməməlidir. Beləliklə, o biri pillələrdə olanlar da”.

Beləliklə deyə bilərik ki, hər bir müsəlmanın imanı eyni olmur. Dərəcələri və mərtəbələri vardır ki, birində daha zəif və o birisində daha güclüdür. İnsanın Allah yanındakı dəyəri də imanının dərəcəsindən asılıdır.

İmam Əli (ə) imanın gücləndirməyin dörd yolunun: səbir, yəqinlik, cihad və ədalət olduğunu buyurur. İmam Baqir (ə) yalanın imanı məhv etdiyini vurğulayır. Başqa bir yerdə həsədi imanın bəlası adlandırır. Buyurur: "Həsəd imanı yeyər, necə ki, atəş odunu yeyər”.

Sonda deyə bilərik ki, imanımızı: şükürlə, səbirlə, xoş əxlaqla, ehsanla, səxavətlə, düz danışmaqla möhkəmləndirə bilərik.



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 851 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]