Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Gülmək, amma lağa qoymaq yox
2013-09-09, 6:10 AM | |
Gülmək, amma lağa qoymaq yox "Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!” ("Hucurat” 11). O kəslər ki, başqalarına lağ edirlər, yəqin ki, özlərinin eybsiz olduğunu düşünürlər. Həqiqi müsəlman gərək bu çirkin işi görməsin. Əgər bu ayəyə diqqət etsək görərik ki, ayə başlayan zaman: "Ey iman gətirənlər!” cümləsi ilə başlayır. Yəni, əgər həqiqətən Allaha iman gətirmisənsə, gərək din qardaş və bacılarını lağa qoymayasan. Quranın nəzərincə bu əxlaqi xəstəliyin kökü müxtəlif ola bilər. Bu rəftarın səbəblərindən biri nadanlıq və cahalətdir. Cahil insan məsələni dərk etmədən, ancaq onun zahirinə diqqət edir. Lağa qoyduğu rəftar haqqında bir qədər fikirləşsə görər ki, bu rəftar əslində sandığı kimi deyildir. Bir çoxları məsələni dərk etməmiş başqalarına lağ edərlər. "Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Allah sizə (naməlum şəxsin qatilinin kimliyinin bilinməsi üçün) dişi bir inək kəsməyinizi əmr edir». Dedilər: «Bizi məsxərə edirsən?!». Dedi: «Nadanlardan olmaqdan Allaha pənah aparıram». (Çünki, məsxərə etmək nadanların işidir)”. ("Bəqərə” 67). Məsxərəyə şərait yaradan amillərdən biri də özünü başqalarından üstün hesab etmək və təkəbbürlü olmaqdır. Bu əməl millətlər və insanlar arasında münaşişəyə səbəb olar. Möminləri bir-birindən uzaqlaşdırar, ülfət və eşqi onlardan alar. Aralarına düşmənçilik toxumu səpər. Ona görə də Allah bir çox ayələrində bu əməldən çəkinməyi tövsiyə edir. Məsxərənin insana qoyduğu başqa bir mənfi təsir - onun qəlbini yavaş-yavaş öldürməsidir. Bu yolla da imanı aradan gedər. ("Tövbə” 64-66). Məsxərənin qoyduğu üçüncü təsir Allahı yaddan çıxartmaqdır. Belə ki, qəlblər daşlaşar və Allah və qiyamət qorxusu insanı tərk edər. ("Muminun” 110). Ona görə də Quran başqa möminlərə tövsiyə edir ki, həmin məsxərə edən insana nəsihət versinlər ki, bu işdən əl çəksin ("Ənam” 69). Onunla dostluq etməkdən çəkinsinlər ("Maidə” 57). Bu iş əgər din düşmənləri tərəfindən edilərsə, onlarla mübarizə aparmaq lazımdır. ("Hud” 38). Həzrət Peyğəmbər (s) zarafat edərdi və bu zaman həqiqətdən başqa bir şey deməzdi, Zarafat edən zaman heç kimin qəlbini incitməzdi. Həzrət Peyğəmbər (s) çox zaman təbəssüm göstərərdi. Peyğəmbər (s) buyurur: "Mən zarafat edirəm, ancaq zarafatımda həqiqətdən başqa bir söz demirəm”. Bəli, Peyğəmbər (s) zarafat etməyi bacarırdı. Ancaq başqaları zarafat etmək istəyəndə hədəfləri gülmək və başqalarını güldürmək olar. Həzrət Peyğəmbər (s) buyurur: "Bəzən bir şəxs bir söz deyir ki, yanındakıları güldürsün. Nəticədə özünü alçaldar. Başqa bir tərəfdən isə gülmək - axirətdən qafil olmağın əlamətidir”. Ancaq məsxərə və ələ salmaq əgər başqalarına əziyyət verərsə, haramdır. Allah Təala buyurmuşdur: "Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər”. Lağa qoymaq - yəni, həmin şəxsi alçaltmaq deməkdir. Başqasının eybini göstərərək, insanları güldürmək olmaz. İmam Sadiq (ə) buyurur: "Bizim Əhli-beyt (ə) davamçılarımızın yoxsullarını təhqir etməyin. Çünki hər kim yoxsul Əhli-beyt (ə) davamçısını təhqir edər, Allah onu təhqir edər. Daima bu xarlığında qalar, o zamana qədər ki, təhqirindən əl çəkər”. (Tebyan/ Deyerler.org) | |
Views: 1269 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |