Cümə günü, 2024-04-26, 3:42 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Borc vermək - çox böyük savabdır. Borcu qaytarmamaq isə oğurluq hökmündədir
2013-08-06, 4:53 PM
Borc vermək - çox böyük savabdır. Borcu qaytarmamaq isə oğurluq hökmündədir

Borc vermək - ətrafımızda olan insanlara münasibətdə rəhimli və diqqətli olmaq deməkdir. Bu gözəl əməlin savabı da özü kimi böyükdür. Allah yer və göy üzünün bərəkətini bizə açmışdır. Ona görə də borc vermək və ya infaq etmək mal-dövlətimizi azalda bilməz. Bəlkə əksinə əlimizdə olanları da artırar. Çünki həqiqi ruzi verən Allahdır. O, qüdrət sahibi olduğu üçün yer və göyün bərəkətini istədiyi zaman artırar və azaldar.
İslam dini borc verməyə xüsusi əhəmiyyət verir. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər din qardaşının pula ehtiyacı varsa, sən də ona pul verə bilərsənsə, ancaq vermirsənsə, Allah behiştin iyinə sənə haram edər”.
 
İmam Sadiq (ə) buyurur: "Behiştin qapısında yazılıb: Sədəqənin mükafatı 10 və borcun mükafatı 18-dir. Çünki borc həmişə ehtyacı olanların əlinə verilər. Ancaq sədəqə ola bilsin ki, bəzən möhtacı olmayanlara verilsin”.
Bu hədisdən göründüyü kimi, sədəqə alanlar ola bilsin ki, dilənçiliyə adət etmiş kəslərdir. Onlar dilənçiliyə adət etdikləri üçün işləyib özlərini əziyyətə salmaq istəmirlər. Hətta ola bilsin ki, ehtiyacları belə olmasın. Ancaq o kəs ki, başqasından borc istəyir, məlumdur ki, həqiqi ehtiyacı olandır. Özünü hər bir şəraitə atar ki, aldığını geri qaytarsın. Ona görə də borc verməyin savabı sədəqə verməkdən daha çoxdur.
"Onların gizli söhbətləri və (bir-birlərinin qulaqlarına) pıçıldadıqlarının çoxunda - sədəqəyə, ya xeyir bir işə və yaxud insanların arasını düzəltməyə əmr edən kəslər(in gizli söhbətləri) istisna olmaqla - bir xeyir yoxdur. Kim Allahın razılığını qazanmaq üçün belə etsə, tezliklə ona böyük bir mükafat verəcəyik”. ("Nisa” 114).
İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur ki, borc verin. Bunun üçün də pıçıldamağı caiz hesab edir. Başqa sözlə desək, bu ayə buyurur ki, əgər kiməsə sədəqə və ya borc vermək istəyirsinizsə, bunu pıçıldayaraq deyin, aşkar şəkildə deyil.
Bacardığınız qədər heç kəsdən borc almayın və borclu qalmayın. Hədislərin birində oxuyuruq: "Əgər kimsə cəbhədə şəhid olarsa, Allah bütün günahlarını bağışlayar. Borclu olandan savayı. Ona görə də insanların borcunu qaytarın. Borc verən insan da ondan razı qalsın”. Yəni borclu qalmaq və bu vəziyyətdə ölmək o deməkdir ki, boynunda haqqun-nas qalar.
İmam Əli (ə) buyurur: "Borc almayın. Həqiqətən, borc sənin üçün gecələri qəmlə birlikdə olar, gündüzləri isə xarlıq və zillətlə”.
Borclu insan həmişə nigaran və iztirablı olar. Ancaq əlində olan az pulla qənaətlənsəydi, onun üçün daha faydalı olardı.
"Əgər (borclu şəxs) sıxıntı və ehtiyac içində olsa, onda imkanı olana kimi ona möhlət vermək (sizin öhdənizədir). Və sədəqə verməyiniz (borcu bağışlamaq) sizin üçün daha xeyirlidir, əgər bilsəydiniz!” ("Bəqərə” 280). Bu ayədən göründüyü kimi, borc verən insan gərək borc alanı çox sıxışdırmasın.
İmam Sadiq (ə) buyurur: "Üç cür oğru vardır: O kəs ki, malının zəkatını verməz. O kəs ki, arvadının mehriyyəsini verməz. O kəs ki, borc alar və onu qaytarmaq niyyətində olmaz”.
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, insanların malını saxlayar, halbuki onu qaytarmağa gücü çatar, ancaq bu işi görməzsə, onun üçün hər gün səhra oğrusunun günahı yazılar”.
 
(Tebyan/Deyerler.org)



Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 771 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]