Bazar günü, 2024-12-22, 4:27 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bağışlamaq pis ola bilərmi?
2013-08-30, 2:04 PM
Bağışlamaq pis ola bilərmi?

Bəzən bir insanı bağışlamaq onu sırtıqlaşdırır və bu adam daha artıq günah və xətaya yol verir.

Əfv dedikdə günahdan keçmək və günahkarı cəzalandırmamaq nəzərdə tutulur. Bu sözün kökü "məhv” mənasını bildirir. (Lisanul-ərəb) Amma Rağib qeyd edir ki, sözün kök mənası bu deyil və "əfv” bir şeyi almaq məqsədi mənasındadır. Bu səbəbdən dağıdıcı küləklərin əsməsi eyni sözlə ifadə olunub. Əfv sözü bu baxımdan məhv etməkdir ki, sözün arxasında bir şeyi almaq məqsədi dayanır. (Rağib İsfəhani)

İmam Sadiq (ə) əfv sözünə belə tərif verir: "İntiqam almağa güc çatan zaman səhvi bağışlamaq, əfv etmək peyğəmbərlərin və təqva sahiblərinin yoludur. Əfv odur ki, bir şəxs sənə qarşı xətaya yol verəndə onun sorağına getməyəsən, bunu unudasan və daha çox ona ehsan edəsən.” (Misbahul-şəriə)

Qurani-kərimi nəzərdən keçirdikdə aydın olur ki, ayələrdə müxtəlif formalarda işlənmiş əfv sözü güzəşt mənasını bildirir. 

Bəzi ayələrdə Allahın əfvi yada salınır: 

Ali-İmran, 152: "(Ühüd müharibəsində) Siz onları Allahın iznilə əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxdı. Lakin O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə göstərəndən sonra isə zəiflik göstərdiniz və (sizə verilmiş) əmr barəsində bir-birinizlə mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir!”

Yusuf, 92: "(Yusif) Dedi: "Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!)”

Bu ayəyə əsasən həzrət Yusif təkcə öz haqqından keçmir, hətta qardaşlarına zərrəcə məzəmməti rəva bilmir. Hətta Allahın haqları baxımından onlara ümid verir ki, Allah bağışlayandır. (Təfsiri-nümunə)

Digər qrup ayələrdə bəndələrə ilahi mesaj əks olunub. Onlara əfvə üstünlük vermək tövsiyə olunur. 

Hicr, 85: "Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində, bir-birinə uyğun şəkildə) yaratdıq. O saat (qiyamət saatı) mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər (və ya onları alicənablıqla bağışla. Allah onsuz da onların cəzasını verəcəkdir!).”

Allah-Taala bu ayədə Peyğəmbərə (s) göstəriş verir ki, insanların inadkarlığı, nadanlığı, təəssübü, pozuculuğu və müxalifətinə məhəbbətlə cavab versin, onların günahlarını bağışlasın, hətta danlaq vurmasın. (Təfsiri-nümunə)

Rəvayətlərdə əfv və güzəşt haqqında çox danışılıb. Məsum imamların insanları güzəştə dəvət etməsi bu işin əhəmiyyətini göstərir. Şübhəsiz ki, əfvin şərtləri var və bu şərtlər ödənməsə bağışlamaq nəinki bəyənilmir, hətta pislənilir. 

Peyğəmbər (s) buyurur: "İntiqam almağa gücü çatdığı halda bağışlayan insanı büdrədiyi zaman Allah bağışlayar.” Həzrət Əli (ə) əfv barədə buyurur: "Yaxşılığa yaxşılıqla cavab ver, pislikləri bağışla, bir şərtlə ki, dinə zərbə olmasın və ya İslamın qüdrətinə zəiflik gətirməsin.” (Mizanul-hikmə)

Bəziləri yanlış olaraq elə düşünür ki, bağışlamaq həmişə yaxşıdır. Əslində belə deyil. Yalnız Allah yolunda bağışlamaq və günahkarı, cinayətkarı sırtıqlaşdırmayan əfv bəyənilir. Qalan hallarda bağışlamaq tövsiyə olunmur. Demək bağışlamaq iki növdür: bəyənilmiş bağışlamaq və bəyənilməyən bağışlamaq. Bəyənilmiş bağışlamaq odur ki, intiqam almağa gücü çatan şəxs ona zülm etmiş şəxsi bağışlasın. Məsumlar tövsiyə edir ki, bağışladığınız zaman danlaq vurmayın. (Mizanul-hikmə)

Bəzən bir insanı bağışlamaq onu sırtıqlaşdırır və bu adam daha artıq günah və xətaya yol verir. Şübhəsiz ki, bağışlamaq intiqam almaqdan yaxşıdır. Amma bu o demək deyil ki, sənin bağışlamağınla xətakar adam arxayınlaşsın və yenidən xətaya həvəslənsin. Günahkar və cinayətkar şəxs əfvi dəyərləndirmək gücündə, səviyyəsində deyilsə onun bağışlanması təkrar xətaya səbəb olar. Bu halda bağışlamaq olmaz. Məhz bu səbəbdən Allah-Taala bəndələri bağışlamağa çağırmaqla yanaşı bəzi ayələrdə qisası üstün sayır. 

Bəqərə, 193: "Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.”

Ayədən göründüyü kimi bağışlanan insan öz xətasından birdəfəlik əl çəkdiyi zaman buna layiqdir. 

Əfvin dünyəvi təsirləri var. Əgər insan agahcasına, götür-qoy edərək bağışlayırsa, belə bağışlamağın dünya həyatında böyük təsirləri var. Bunlardan biri insanda təqvanın yaranmasıdır. 

Bəqərə, 237: "Kəbin haqlarını təyin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin bağışlamağınız (güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.”

Öz haqqından keçən insan əmin ola bilər ki, səhv addım atmayıb və kiminsə haqqını ayaq altına almayıb. Bəli, bağışlamaq təqvaya daha yaxındır. Qanuni və şəri haqqını bağışlayan insan ümid var ki, heç vaxt haqqını alanda günaha yol verməsin. (Məcməul-bəyan)

Bağışlamaq insanın izzətini artırır, onu əziz edir. Bağışlamaq xalqın nəzərində böyüklük əlamətidir. Şəxsi məsələlərdə intiqam almaq istəyi insanın öz nəfsi qarşısında acizliyini göstərir. Peyğəmbər (s) buyurur ki, əfv və güzəşt insana izzət və hörmət gətirir. (Üsuli-kafi)

İnsan bağışlamaqla öz ruhunu aramlaşdırır. Əfvin insan sağlamlığına təsiri böyükdür. Həzrət Peyğəmbər (s) buyurur: "Əfv və güzəşt ruhun sağlamlığına və ömrün uzunluğuna səbəb olar.” (Mizanul-hikmə)

Rəvayətlərə görə, əfvin başqa müsbət təsiri insanın qələbəyə çatmasıdır. İmam Rza (ə) buyurur: "İki dəstə meydanda üz-üzə gəldisə, daha çox əfv edən dəstə qalib oldu.” (Mizanul-hikmə)

Əfv və güzəşt kin-küdurəti aradan qaldırır. İntiqama can atmaq kin alovunu qızışdırır, insanı qəzəbləndirir, onu amansızlığa sövq edir. Bəzən bu hisslər savaşa, qətlə səbəb olur. Əfv və güzəşt belə ağır halların qarşısını alır, kin-küdurəti ardan götürür. (Biharul-ənvar)

Əfv nəticəsində insan ilahi məhəbbəti əldə edir, onun üzərinə ilahi rəhmət nazil olur. 

Maidə, 3: "Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”

Əfvin axirətə də təsirləri var. Onun bir faydası bağışlayan insanın behiştə daxil olmasıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Bəndələr məhşər səhnəsində toplananda nida olunar ki, muzdunu Allah verəcək şəxslər qalxsınlar və behiştə daxil olsunlar. Bu adamların kimliyi soruşulanda cavab verilər ki, daha çox bağışlayan insanlar nəzərdə tutulur. (Təfsiri-numunə)

Bağışlayan insan böyük savab qazanar. Rəvayətdə bildirilir ki, bir şəxsi günahına görə cəzalandırmağa tələsmə. Günahla cəza arasında bağışlamağa yer saxla və bu işinlə axirət mükafatı qazan. (Ğurərul-hikəm)

Təbii ki, bağışlamaq ruhiyyəsini əldə etmək və bu ruhiyyə ilə yaşamaq üçün çalışmaq lazımdır. Bu ruhiyyənin şərtləri və müqəddimələri var. Əgər bağışlayan insanlardan olmaq istəyirsənsə birinci növbədə Allahın qüdrət və əfvini yanaşı olaraq yadda saxla. Allahın qüdrətini görürsənmi?! Belə bir qüdrət sahibi bağışlamağa üstünlük verir, yoxsa cəzalandırmağa? Allah-Taala öz lütf və mərhəməti ilə çox insanları bağışlayır. Nisa surəsinin 149-cu ayəsində oxuyuruq: "Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir!”

Bağışlamaq ruhiyyəsini qazanmaq üçün insanda tutum və güc olmalıdır. 

Bəqərə, 286: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) "Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!”

Ayədən göründüyü kimi Allah insanlardan onların gücü həddində tələb edir. 

Allahın əfvinə diqqət də çox təsirlidir. Allahın mərhəmətini həmişə yadda saxlayan insan ətrafındakıları bağışlamağa çalışır. Peyğəmbər (s) buyurur ki, insanların günahından keçsən Allah da səni bağışlayar, cəhənnəm əzabına düçar etməz. Bağışlanmaq istəyirsənsə, hökmən bağışlamalısan.

Quranda oxuyuruq: "O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar;” (Şura, 37)

Ayəyə əsasən qəzəbi udmaq onu göstərməkdən üstündür. Belə görünür ki, bağışlamaq üçün öncə qəzəbi udmalısan. Yalnız özünə nəzarət edə bilən insan qəzəbini udur. Belə görünür ki, əfv və güzəşt qəzəbi udmağın bərəkətlərindəndir.

wikifeqh.ir

Əfv və onun şərtləri

Əfv dedikdə günahı bağışlamaq, qisas almaq fikrindən daşınmaq nəzərdə tutulur. Müxtəlif lüğət alimləri bu sözü fərqli mənalandırıblar. Əgər bəzi lüğət alimləri bu sözü "məhv” kimi mənalandırıbsa, bəziləri də onu "geri almaq məqsədi” kimi qəbul edib. İmam Sadiq (ə) buyurur ki, əfv etmək, insanın təqsirini bağışlamaq, əvəz çıxmaq imkanı olan yerdə bağışlamaqdır. Bağışlayan insan ona qarşı səhvə yol vermiş şəxsin ardınca getmir, çalışır ki, həmin şəxsin səhvini unudub pisliyə yaxşılıqla cavab versin. (Misbahul-şəriə) Qurani-kərimi mütaliə etdikdə nəticə çıxarmaq olar ki, əfv bağışlamaqdır. Quranda buyurulur ki, insanların bəzisi dünya, bəzisi axirət ardıncadır. Allah isə bu yolla insanları sınağa çəkir. Allah öz Rəhman və Rəhim sifətlərini önə çəkərək bəndələrin nəzərinə çatdırır ki, bağışlamaq daha yaxşıdır. Quranda əfvin üstünlüyünü göstərən nümunələr kifayət qədərdir. Amma araşdırmalarda daha çox istinad edilən ayələrdən biri həzrət Yusifin öz qardaşlarını bağışlaması haqqındakı ayədir. Bəzən insan insanı bağışlasa da xətaya yol vermiş tərəf Allahın bağışlayıb-bağışlamadığını düşünür. Bu baxımdan həzrət Yusifin öz qardaşlarını Allahın mərhəmətinə ümidvar etməsi maraqlı nöqtələrdəndir. 

Allah-Taala buyurur ki, göy və yer, onların arasındakılar haqq olaraq yaradılıb və sorğu günü hökmən yetişəcək. Ayələrdə peyğəmbərə düşmənləri bağışlamaq, onları nadanlığına görə qınamamaq tapşırılır. Bəli, insanda inadkarlıq, nadanlıq və təəssüb var. Onu günaha çəkən də bu səbəblərdir. İnsanı bağışlamaq üçün onun bu sifətlərinə göz yummaq lazım gəlir.

Məsumlardan nəql olunan rəvayətlərdə əfvə o qədər diqqət yetirilir ki, insan bu mövzuya ciddi yanaşmağa məcbur olur. Təbii ki, bağışlamağın şərtləri var. Bütün günahlar bağışlanırmı? Bütün cinayətkarları bağışlamaq yaxşıdırmı? Bütün təcavüzlərə, təhqirlərə göz yummaq tövsiyə edilirmi? Təbii ki, burada nəzərə alınası şərtlər var. Ən mühüm şərtlərdən biri əfvin dinə nöqsan gətirməməsidir. Təsadüfi deyil ki, həzrət Əli (ə) əfvdə dinə zərbə dəyməməsini şərt qoyur. 

Əfvin bəyənilmədiyi, tövsiyə olunmadığı hallar daha maraqlıdır. Əgər bağışlanmış adamın sonrakı həyatına nəzər salsaq çox dəyərli nöqtələr əldə edərik. Çox vaxt şahid oluruq ki, asanlıqla bağışlanan insan yenidən əvvəlki günaha qayıdır. 

Dini mətnlərə əsasən, bağışlamağın fəziləti böyükdür. Amma bu o demək deyil ki, istisnalar yoxdur. Bəzən əfv cinayətkara cürət verir. O görür ki, çox asanlıqla bağışlandı və təkrar günah barədə düşünür. Məhz təkrar günahın qarşısını almaq üçün bəzən bağışlamamaq zəruri olur. Quran ayələri insanları qisasa dəvət edir ki, ilahi qanunlar hifz olunsun: "Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.” (Bəqərə, 193)

Təbii ki, əfv arxasında dayanan qəlbin genişliyi, insanın böyüklüyüdürsə, bu əfv daha təsirlidir. Allahın razılığı əsasında əfv insanın günahdan çəkinməsində çox təsirli olur: "Kəbin haqlarını təyin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin bağışlamağınız (güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.” (Bəqərə, 237)

Bu bir ilahi lütfdür. Allah bağışlayan insana öz lütfünü nazil edir. Bu lütf insanın pəhrizkarlığında, ictimai mövqeyində özünü göstərir. Allahın razılığı yolunda olan bütün addımlar ətrafdakıların qəlbində insana qarşı sevgi yaradır. Bağışlamaq bir məktəb, bir nümunədir. Amma öncə qeyd etdiyimiz kimi, bağışlanmış insan cəmiyyət üçün təhlükəli olmamalıdır. Əks-təqdirdə insan bağışladığına görə məzəmmət edilə bilər. Bağışlanmış qatil növbəti qətli törədəndə cəmiyyətin haqqı var ki, bağışlayan insandan üz çevirsin.

Amma bağışlanma şərtləri ödənən məqamda bağışlamaq çox yaxşıdır. Kinli insanlar heç vaxt ruhi aramlığın ləzzətini dadmır. Onlar gecə yatanda, səhər oyananda onlara qarşı xətaya yol vermiş insan barədə düşünür. Bu isə bir əzabdır. Məsumlar öz ardıcıllarını iztirabdan qurtarmaq üçün əfvə dəvət edir. 

Təəssüf ki, öz günahlarını, bağışlanmaq ehtiyacını yaddan çıxaran insan intiqam almağa tələsir. Bu ehtiras onun qəlbindəki düşmənçilik alovunu qızışdırır, insan özünə nəzarəti itirir. Sonu bu olur ki, gözlərini qəzəb tutmuş şəxs özü cinayətə əl atır. 

Bəzən etiqadlı insanlar da əfvin axirət nəticələrini yaddan çıxarır. İnsanın dünya nemətlərindən daha artıq axirət nemətlərini düşünməsi onun iman dərəcəsi ilə bağlıdır. Bağışlayan insan öz axirətini təzmin etmiş olur. Bu səbəbdən imanlı insanlar qisas almağa tələsmir, həmişə bağışlamaq üçün bəhanə axtarır. 

İnsan xarakterindəki bütün müsbət səciyyələr müəyyən müqəddimələr sayəsində oturuşmuşdur. Ardıcıl şəkildə gündəlik həyatda Allahın qüdrəti barədə düşünən, onun əfvinə ehtiyacını hiss edən insanlarda mərhəmət hissi güclənir. Əfv böyük əxlaqi fəzilətdir. Bir dəfə bağışlamaq asandır. Amma bağışlamaq sifətinə sahib olmaq üçün daimi diqqətə ehtiyac var. 

Daim ideal arxasınca olan insan üçün ilkin nümunə Allahın sifətləridir: "Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir!” (Nisa, 149)

Təqvalı insan ardıcıl şəkildə öz günahları haqqında düşünür, aqibətinə görə narahat olur. Aydın məsələdir ki, qiyamət sorğusunda hər bir şəxs öz günahlarına görə cavab verməlidir. Qiyamət sorğusu çox ağır bir hadisədir. Onun ağırlığını dərk edənlər heç vaxt başqalarının günahlarından yapışıb qalmır. Təqvalı insan bağışlanmağa olan ehtiyacını necə təmin etməlidir? Bağışlanmaq yolu nədir? Həzrət Peyğəmbər (s) buyurur ki, Allahın mərhəmətinə çatmaq üçün mərhəmət sahibi olmalısan. Demək, bağışlanmağa aparan ən qısa yol ətrafdakıları bağışlamaqdır. Əlbəttə ki, başqa müqəddimələr də var. İnsanın ətrafdakıları bağışlaması qarşısında ən böyük maneələrdən biri onun ağlını əlindən alan qəzəbdir. Qəzəblənən zaman bağışlamaq Allah dərgahında yüksək dəyərləndirilir: "O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar;” (Şura, 37)

nooreaseman.com

HaqqYolu

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 813 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]