Çərşənbə axşamı, 2024-05-07, 6:50 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 8:04 AM
Saxta hədislərin yaranması




ÜÇÜNCÜ FƏSİL

Peyğəmbər (s)-in zamanı

Əbu Hüreyrə İslamı qəbul etdikdən sonra «Süffə» yoxsullarına birləşdi. Onlar barəsində Əbul Fəda öz (Tarix) kitabında yazır:
«Onlar ev və qəbiləsi olmayan yoxsul insanlar idilər. Peyğəmbər (s)-in zamanında məsciddə yatar və oranı özləri üçün sığınacaq edərdilər. Onların yeri məscidin eyvanı idi. Buna görə də onlara «Süffə» (eyvan) əhli deyərdilər. Peyğəmbər (s) hər axşam onlardan bir neçəsini şam yeməyinə dəvət edər, qalanlarını da şam üçün dəstə-dəstə səhabələrin arasında bölüşdürərdi. Əbu Hüreyrə Süffə əhlinin ən məşhur nümayəndələrindən biri idi.
Həmçinin Əbu Nəim İsfəhani özünün «Hilyətul-övliya» kitabında yazır:
«Əbu Hüreyrə «Süffə» əhlinin ən tanınmış şəxslərindən biri idi. O, Peyğəmbər (s)-in ömrünün sonunadək orada qalıb başqa bir yerdə yaşamamışdır. Əbu Hüreyrə, orada yaşayanları və sonradan oraya gələnləri çox yaxşı tanıyırdı.
«Səhihi-Buxari»nin əvvəlində deyilir: Əbu Hüreyrə, özü barəsində nəql etdiyi uzun bir hədisdə belə deyir: «Mən «Süffə» əhlindən biri idim.
Həmçinin «Səhihi-Buxari»-nin başqa bir yerində deyilir: «Mən Süffə əhlindən yetmiş kişinin üst paltarının olmadığını öz gözlərimlə gördüm. Onlar yalnız çiyinlərinə bir əba və ya parça atırdılar. Geyindikləri bu paltarlar onların dizlərinə güclə çatırdı. Belə ki, onlar övrətlərinin görünməməsi üçün daim əlləri ilə parçanın iki ucundan yapışardılar».
Həmin kitabda Əbu Hüreyrədən nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Əbu Hüreyrə qarnını doydurmaq üçün həmişə Peyğəmbər (s)-in yanında olardı». İbni Musəyyib və Əbu Sələmə Əbu Hüreyrədən belə bir hədis nəql edirlər: «Mən qarnımı doyuzdurmaq üçün çox vaxt Peyğəmbər (s)-in yanında olurdum».
Başqa bir yerdə o özü barədə belə deyir:
«Süffə əhlindən idim. Oruc tutmuşdum. Hava qaraldıqda qarnım ağrıdığı üçün ayaq yoluna getməli oldum. Qayıtdığım zaman yemək artıq qurtarmışdı. Qureyş əhlinin varlıları Süffə əhli üçün yemək göndərdilər. Orada olanlardan mən kimin yanına gedəcəyimi soruşdum. Onlar mənə Ömər ibni Xəttabı göstərdilər. Mən onun yanına gəldikdə o artıq namazını qılıb qurtarmışdı və dua edirdi. Ömər duasını oxuyub qurtardıqdan sonra dedim: Mənim üçün bir az Quran oxu. (Amma yeməkdən başqa heç nə istəmirdim.)
O, «Ali-İmran» surəsindən bir neçə ayə oxudu. Evinə çatdıqda məni çöldə qoyub özü içəri girdi və bir qədər gecikdi. Öz-özümə dedim: Yəqin ki, paltarını soyunduqdan sonra tapşıracaq ki, mənim üçün yemək gətirsinlər.
Amma heç nə gəlmədi. Çox gözlədikdən sonra durub yola düşdüm və yolda Peyğəmbər (s)-ə rast gəldim. Onunla yola düşərək evə gəldik. O, qara kənizini çağırıb buyurdu: O qabı gətir. O da gətirdi. Deyəsən arpa yeməyi idi, çünki yeyildikdən sonra qabın qıraqlarında bir az arpa qalmışdı. Qabı Peyğəmbər (s)-dən alıb doyunca yedim.
Əbu Hüreyrə çox vaxt özünü belə vəsf edərdi:
«Tək olan Allaha and olsun ki, dəfələrlə aclığın şiddətindən huşsuz halda yerə yıxılardım və aclığa tab gətirmək üçün qarnıma daş bağlayardım. Bir gün məscidin astanasında oturub camaatın çıxmağını gözləyirdim. Əbu Bəkr oradan keçdikdə ondan Quran ayələrindən biri haqda sual etdim, halbuki mənim istəyim yalnız özümü doyurmaq idi. O heç cavab vermədən ötüb getdi. Sonra Öməri görüb ondan da həmin sualı soruşdum. O da mənə əhəmiyyət vermədən ötüb keçdi. Bir qədər keçdikdən sonra Əbul Qasimin (Həzrəti Peyğəmbər) oradan keçdiyini gördüm. O, məni gördükdə təbəssüm edərək üz-gözümdən istəyimi başa düşdü. Buyurdu: Ey Əbu Hərr! Dedim: Bəli, ya Rəsuləllah! Buyurdu: Mənimlə gəl. Onunla birlikdə yola düşdüm. Evə çatdıqda mənə evə daxil olmağı təklif etdi. Evində bir qədər süd var idi. Peyğəmbər (s) südün haradan gətirildiyini soruşdu. Cavab verdilər ki, filan kəs gətirmişdir. Buyurdu: Ey Əbu Hərr! Dedim: Buyurun, ya Rəsuləllah. Buyurdu: Süffə əhlinin yanına get və onları mənim yanıma çağır. Onlar islamın qonaqlarıdırlar və pənah apar-mağa kimsələri yoxdur.
Həzrəti Peyğəmbərin əlinə bir şey düşən kimi özünə heç nə götürmədən onu Süffə əhli üçün saxlayardı. Əgər kimsə o həzrətə hədiyyə göndərsəydi onları da o hədiyyədə şərik edərdi.
Əbu Hüreyrə deyir: Həzrətin bu sözlərindən narahat oldum və öz-özümə dedim ki, Süffə əhlinin buna nə aidiyatı var? Mən ondan içməyə hamıdan daha haqlıyam. Çünki ola bilsin, onlar gələndən sonra mənə bir şey çatmasın. Amma Allah və Onun Peyğəmbərinin əmrinə itaət etməyə məcbur idim. Beləliklə Süffə əhlinin yanına gedib onları çağırdım. Onlar da Peyğəmbər (s)-in dəvətini qəbul edərək mənimlə birlikdə yola düşdülər. Peyğəmbər (s)-in evinə çatdıqda daxil olmaq üçün icazə istədilər. Onlara icazə verildi. Hamısı daxil olub öz yerində oturdu. Həzrəti Peyğəmbər (s) üzünü mənə tutub buyurdu: «Ey Əbu Hərr! Qabı götür və onlara süd ver». Mən də qabı götürüb orada olan hər bir kəsə doyunca süd verdim. Nəhayət növbə Peyğəmbər (s)-ə çatdı. Dedim: Ya Rəsuləllah, artıq hamı doymuşdur. Həzrət qabı təbəssümlə mənim əlimdən alıb buyurdu: Ey Əbu Hürerə! Biz ikimiz qalmışıq? Dedim: Bəli! Elədir. Buyurdu: Otur, iç. Mən hər dəfə qabı əlimdən yerə qoyarkən o mənə yenə içməyi təklif edirdi. Doyunca içdikdən sonra o mənə yenə içməyi təklif etdi. Dedim: And olsun səni haqq olaraq Peyğəmbərliyə göndərən Allaha, artıq doymuşam. Sonra qabı ona verdim. Həzrət Allaha şükür etdikdən sonra südün qalanını içdi.
«Səhihi-Buxari»-də Əbu Hüreyrədən nəql olmuş rəvayətdə deyilir: Bir gün aclıqdan halsızlaşaraq Peyğəmbər(s)-in minbəri ilə Ayişənin otağı arasında yerə yıxıldım. Orada olanlar məni tapdalayaraq o tərəfə bu tərəfə keçir və belə güman edirdilər ki, mən dəli-divanəyəm. Halbuki, mən nə dəli idim, nə də divanə; və bunu aclığın şiddətindən edirdim.
Zül-cinaheyn Cəfər ibni Əbi Talib (ə) yoxsul və fəqirlərə (zəiflərə) qarşı çox mehriban idi. O daim onlara əl tutar, yaxşılıq edərdi. O, Əbu Hüreyrəni yeməklə təmin edər, Əbu Hüreyrə də onu çox istəyərdi. Belə ki, «Əl-isabə kitabında Cəfər barəsində deyilir: Əbu Hüreyrə Cəfəri Peyğəmbər(s)-dən sonra hamıdan əziz və üstün tutardı.
Başqa bir yerdə deyilir: Əbu Hüreyrə deyir: «Camaat deyir ki, Əbu Hüreyrə Peyğəmbər (s)-in adından çox hədis nəql etmişdir. Bu bir həqiqətdir, çünki mən qarnımı doydurmaq üçün daim Peyğəmbər (s)-in yanında olardım və kimsəyə nökərçilik etməyim deyə, günümün əksər hissəsini o həzrətin yanında keçirərdim.
O vaxtlar aclıq mənə güc gəlməsin deyə qarnıma daş bağlayardım. Başqalarından hətta mənasını bildiyim ayə haqqında soruşurdum ki, bəlkə mənim vəziyyətimi dərk edib bir qarınlıq çörək versin. Bu vaxtlar yoxsullar üçün ən xeyirxah şəxs Cəfər ibni Əbi Talib idi. O, bizim yanımıza gələr və gətirdiyi yemək-içməklə bizə qulluq edərdi.
Bəcəva Məcbəridən rəvayət nəql edərkən deyir: «Cəfər ibni Əbi Talib yoxsulları çox sevirdi. Onlarla bir yerdə oturar, söhbət edər və onlara qulluq edərdi. Onlar da (yoxsullar) Cəfər ibni Əbi Talibə hörmət edərdilər. Bu səbəbdən də Peyğəmbər (s) onu «yoxsulların atası» adlandırmışdı.
Tirmizi, Nəsai və «Əl-isabə kitabının müəllifinin Əbu Hüreyrədən nəql etdikləri səhih hədisdə deyilir: «Peyğəmbər (s)-dən sonra kimsə Cəfər ibni Əbu Talibdən çox ayaqqabı geyməmiş, minik heyvanına minməmiş və torpağa qədəm basmamışdır. (Yəni onlardan çox cəmiyyət üçün fəaliyyət göstərən ikinci bir şəxs olmamışdı.) O, gecə-gündüz Süffədə olar və orada olan yoxsulların dərdlərinnə şərik olardı. Peyğəmbər (s) dünyadan köçdükdən sonra onun Süffədən savayı başqa pənah yeri olmadı. Nəhayət, şəhadət şərbətini içdikdən sonra öz əziz dostuna (Peyğəmbər (s)-ə) qovuşdu.
Bundan qabaq Əbu Hüreyrənin qarnını doydurmaq üçün yol kənarında oturub gəlib-gedənlərdən yemək istəməkdən başqa bir işi olmayıb. O nə bir müharibədə, nə bir mühüm məmuriyyətdə və nə də hər hansısa sülhdə iştirak etməmişdir. Amma deyilənlərə görə, o yalnız Mutə döyüşündə iştirak etmiş və (müharibə başlamazdan əvvəl) düşmənin qorxusundan ordugadan qaçmışdır».
Bəziləri belə təsəvvür edirlər ki, o, Peyğəmbər (s)-in Əli (ə) ilə birlikdə Məkkə müşriklərinə bəraət hökmünü elan etmək üçün göndərdiyi dəstənin içində olmuş və böyük həcc (vacibi həcc) günü (hökmü elan etmək üçün) qışqırmaqdan səsi tutulmuşdur. Bu barədə Əbu Hüreyrənin özündən bir-birinə zidd olan iki hədis nəql edilmişdir. Oxucu bu hədisləri mütaliə etdikdən sonra hədis onun nəzərində dəyərsizləşərək etibarsız olur. Biz bu barədə gələcək bəhslərimizdə, söhbət açacağıq inşallah.
Bəziləri də belə xəyal edirlər ki, Peyğəmbər (s) ramazan ayının zəkatını qorumağı ona tapşırmışdır. Bu uzun və əsassız hədisə tezliklə onun batil hədisləri arasında rast gələcəksiniz.
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 833 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]