Bazar günü, 2024-12-22, 3:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Ayətullah Kəşmiri (r)
2013-04-09, 5:16 AM
Ayətullah Kəşmiri (r)
Ayətullah Kəşmiri deyir: "Mərhum arif Şeyx Həsənəli Noxudəki İsfahani Müqəddəs Məşhəd şəhərində 4 il ardıcıl hər gecə sübhə qədər Quran xətm edib onu İmam Rizaya (ə) hədiyyə etməklə böyük məqama çatdı. Ey kaş, gənclikdə bəzi kitabların tədrisi əvəzinə Quran oxuyaydım!”
Ayətullah Kəşmiri hicri-qəməri 1343-cü ildə Nəcəfi-Əşrəfdə seyid və ruhani ailəsində dünyaya göz açıb. Ata tərəfdən elm və irfan bilicisi Ayətullah Seyid Həsən Kəşmiri, ana tərəfdən böyük fəqih Seyid Məhəmməd Kazim Yəzdinin (Sahibi-Urvə) nəslindəndir.
Atası Höccətül-İslam Seyid Məhəmməd Əli Kəşmiri Kərbəlada dünyaya gəlmişdi. Müəyyən mərhələ təhsildən sonra Ayətullah Seyid Məhəmməd Kazim Yəzdinin yeznəsi olmuşdu. O, zöhd, təqva, bəndəlik, mənəviyyatı ilə məşhur idi. Ayətullah Kəşmirinin anası pak və möminə bir xanım idi.
Kəşmiri valideynlərinin təşviqi ilə uşaq yaşlarından dini elmlərin təhsilinə başlamışdı. Güclü yaddaşı və istedadı olduğundan çox tərəqqi etmişdi və gündə fiqh, üsul, fəlsəfə və ədəbiyyatdan 11 dərs tədris edirdi.
Ayətullah Kəşmiridən soruşurlar ki, Nəcəfi bir bu qədər sevdiyi halda nə üçün İrana gəlib? Belə cavab verir: "Bir gün Nəcəfdə Əmirəlmömininin (ə) hərəmində məndən Səddamın necə adam olması barədə soruşdular. Dedim ki, quduz itdir. Səhəri gün xəbər gəldi ki, adımı Bəəs rejimi qara siyahıya salıb. Səddam belə şeyləri asanlıqla bağışlamırdı. Məcburiyyət qarşısında İrana üz tutdum. Nəcəfdən çıxanda zikr və əxlaq kitablarından da götürməyə icazə vermədilər.
Ayətullah Kəşmiri uşaqlıq çağlarından vücudundakı cazibənin təsiri altında övliyalara maraq göstərirdi. Gənc olsa da böyük ariflərlə görüşmüşdü. Onların haqqında deyirdi: "Elə əvvəlcədən qocalarla yaxınlıq edirdim, gənc dostlarım az idi. Hansına Əhli-beyt ətri dəymişdisə ondan əxlaqi göstərişlər (dəsturul-əməl) alırdım.”
Uşaq yaşlarında onda bu istedadı görən mərhum Şeyx Mürtəza Taleqani öz tövsiyələrini verir. Ayətullah Kəşmiri bu barədə deyir: "Bir gün babam Seyid Kazim Yəzdinin mədrəsəsi kənarında yaşıdlarımla oynayırdım. Şeyx məni görüb çağırdı və dedi ki, beynində nur var, oyundan sənə bir fayda yoxdur."
Mərhum Ayətullah Kəşmiri öz xatirələrində böyük arifləri ehtiramla yad edir. Onlardan bəzilərini ustad kimi xatırlayır. Molla Hüseynqulu Həmədani, Seyid Əhməd Kərbəlayi, Seyid Əli Qazi, Seyid Mürtəza Kəşmiri, Şeyx Zeynəlabidin Mərəndi, Şeyx Taha Nəcəf, Şeyx Mürtəza Taliqani, Şeyx Əli Əkbər Əraki, Seyid Hüseyn Kəşmiri, Seyid Haşim Həddad, Seyid Əbdül-Qəffar Mazandarani, Şeyx Həsənəli Noxudəki İsfahani bu qəbil alimlərdəndir.
Ayətullah Kəşmiri bütün Quranı əzbər bilməyib, hafiz olmayıb. Amma seçmə ayələri, onlardan əvvəlki və sonrakı ayələri əzbər bilib. İstixarələrə adətən Quran ayələri ilə cavab verib. Bu barədə deyir: "Nəcəfdə olanda üç günə bir Quran xətm edərdim.” Müraciət edənlərin dərdinə Quran ayələri ilə çarə qıldığı deyilir. Elm adamlarından biri problemlə üzləşib ona müraciət edir. Kəşmiri ona deyir: "Quran oxumaqla dərdinizə çarə edin.” Həmin adam etiraf edir: "Uzun müddətdir ki, Quranı açmamışam.” İnsanları Qurana həvəsləndirmək üçün buyururdu: "Mərhum arif Şeyx Həsənəli Noxudəki İsfahani Müqəddəs Məşhəd şəhərində 4 il ardıcıl hər gecə sübhə qədər Quran xətm edib onu İmam Rizaya (ə) hədiyyə etməklə böyük məqama çatdı.”
Ayətullah Kəşmiri bəzi səth dərslərini Nəcəfdə mərhum Ayətullah Şeyx Müctəba Lənkəraninin hüzurunda kəsb edib. Bu şəxs ömrünün axırlarında çox Quran oxuyar və deyərmiş ki, ey kaş, gənclikdə bəzi kitabların tədrisi əvəzinə Quran oxuyaydım! Bir gün eyni sözləri Kəşmiri də dilə gətirir!
Böyük ustad üçün üç əsas mövzu vardı: nəfsi tanımaq, vilayəti tanımaq, Allahı tanımaq. Amma vilayət mövzusuna xüsusi diqqət yetirərdi. Bir dəfə ustadın görüşünə gələn elm adamlarından biri Xanım Fatimeyi-Zəhra (s.ə) haqqında biganələrin sözünü danışır. Ustad o qədər qəzəblənir ki, az qalır həmin adama əl qaldırsın.
Bu hidayət çırağı hicri-qəməri 1419-cu il, mübarək ramazan ayının sonlarında infarkt keçirib Tehranda xəstəxanaya yerləşdirilir. Üç ay huşsuz vəziyyətdə qalır. Nəhayət, 1419-cu il, zilhiccə ayının 20-də 74 yaşında dünyasını dəyişib, Məhbubun görüşünə gedir. Cənazəsi Quma gətirilir. Xanım Məsumənin (s.ə) hərəmində mərhum Behcət ona cənazə namazı qılır. Böyük ustad Xanımın məzarı kənarında Əllamə Təbatəbai ilə yanaşı torpağa tapşırılır.

HaqqYolu
Category: Dini | Added by: Ənfal
Views: 1079 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]