Cümə axşamı, 2024-05-02, 12:15 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Digər

Qurur qaynağımız!
2012-11-02, 12:18 PM
Qurur qaynağımız!

«Cənnət anaların ayaqları altındadır.» Muhəmməd Peyğəmbər (s)
Xatirə səpkili bu məqalə Milli Qəhrəman Seyid Mübariz İbrahimova həsr etdiyim əvvəlki yazılarımdan təəssurat baxımından öz yeri və dərəcəsi ilə fərqlənəcəkdir. 2011-ci ilin 23 iyul səhəri məxsusiliyi və dəyəri ilə yaddaşımdan heç vaxt silinməyəcək bir tarixə döndü.
Qəhrəman gizirin valideyinləri ilə, boya-başa çatdığı evlə, oxuduğu məktəblə tanış olmaq niyyəti məni bir baş Biləsuvara onun doğulduğu Əliabad kəndinə seyid ocağına apardı.
Şəhərə daxil olduğumuz andan etibarən küçələrdə, ötüb keçən maşınların şüşələrində Seyid Mübarizin şəkillərinə rast gəldikcə qürur hissi keçirirdim. Şəhidlərinə verdikləri dəyərə-qiymətə görə Biləsuvar camaatına rəğbətim artır, Vətənə, torpağa bağlılığım Mübarizin timsalında bir az daha güclənirdi. Bu yol bizi Mübarizin kəndinə - Mübarizə doğru aparırdı. Onun adı və amalı kimi Mübarizliyə səsləyirdi. Kim bilir Mübariz bu yollardan neçə dəfə keçib getmişdir? Kəndin girişindən ta evədək qəribə bir hüzn, kədər, kövrək bir sükut çöküb havaya. Sanki burada mövcud olan hər nə varsa bütün təbiət öz qəhrəmanına hələ də matəm saxlayır. Eyni zamanda da qürurlanır. Məni bürüyən həyəcan keçən hər an bir az daha artır.
...Unvanı bilmədiyimiz, kimsəni tanımadığımız halda kəndə üz tutduğumuz andan etibarən sanki İlahi qüvvənin təsiri ilə bu ocaq güclü maqnit kimi bizi öz nuruna müqəddəs ziyarətgahına doğru çəkir, elə bil qəhrəmanın ruhu özü bizə bələdçilik edirdi. Bu da Allahın bir möcüzəsi idi ki, ilk dəfə gəldiyimiz halda heç bir narahatçılıq çəkmədən bələdçiyə ehtiyac olmadan üz tutduğumuz yol bizi Mübarizin ata ocağına gətirib çıxarmışdı.
Rastımıza çıxan görkəmcə ziyalıya oxşayan bir nəfərdən atam Milli Qəhrəmanın evinin səmtini xəbər aldı. «Qarşıdakı küçə düz onun yaşadığı evə açılır -deyə, Mübarizin həmyerlisi bizə onun evinin nişan verdi. Bu küçə onun adıyla başlanır: «Milli Qəhrəman Mübariz İbralümov küçəsi.» Bir az irəlidə yaşadığı evin həyətində ucaldılmış, hələ küçənin başından nəzəri cəlb edən fotostenddə görünən əli silahlı qəhrəmanın məğrur duruşu, qəhrəman baxışları bizi «qarşılayır.» O qədər canlı və təbii görünür ki, sanki indinin özündə də çiynində silahı elini-obasını, yurdunu qoruyur, Vətənin keşiyindədir. Bu evi öz qəhrəmanlığı, igidliyi, qorxu bilməz cəsarəti, kişi hünəri, kişi təpəri və nəhayət qeyrəti ilə bütün evlərdən seçdirən Mübariz, ona bu kənddə həm də kədərli bir şöhrət gətirdi.
Qapının önündəyəm, amma gözlərimə inanmağım gəlmir, elə bilirəm bu bir yuxudur. Bir ildir arzusunda olduğum ziyarət bu gün nəhayət gerçəkləşir deyə həyacanım ölçüyə gəlmir. Elə bil onun bir vaxt yaşadığı bu evdə, gəzdiyi bu həyətdə Mübarizin özünü görəcəyəm. Varlığımda qəribə bir məsuliyyət duyuram, ayaqlarım əsir. Artıq bir ildir müqəddəs ziyarətgaha, and yerinə çevrilmiş bu evə-seyid ocağına həyacansız ayaq basmaq mümkün deyil. Bu evi ziyarət edən hər bir kəs bu hissləri yəqin ki, keçırib. Bilmirəm bu təsadüfdür, yoxsa taleyin öz nizamı, öz qisməti, çünki bir gün əvvəl ona Milli Qəhrəman adı verilməsindən bir il ötürdü.
Bu gün isə şəhidlik zirvəsinə ucaldığı gündən düz bir il, bir ay sonra onun ruhunun dolaşdığı bu evdə ziyarətdəyəm. Qapını üzümüzə Qəhrəmanın anası Şamama ana açdı. Onun simasında sanki Mübarizi gördüm qarşımda. Boynunu qucaqlayıb görüşəndə, sanki çoxdandır görmədiyim bir doğmama sarıldım. Gözlərinin nəmi hələ də qurumayan, dodaqlarından gülüş, təbəssüm itmiş, baxışlarından kədər, nisgil yağan bu ana içindən qovrulsa da təmkinini pozmur. Necə vüqarla, məğrur dayanır. Qürurunu sındırmır. Başını dik tutub. Düşmənlərimizin ürəyinə ox olub sancılan da elə budur! Mübariz kimi oğulun belə də anası olmalıydı. Necə ki, həmin ana Mübariz kimi Qəhrəmanı dünyaya gətirib.
Mən çox şəhid anası görmüşəm lakin əksəriyyəti ilə canlı ünsiyvət qurmaq imkanım olmayıb. Şamama anayla ilk dəfə görüşüb tanış olmağıma baxmayaraq məndə elə təəssurat yarandı ki, elə bil onu xeyli vaxtdır tanıyıram. Mən onun gözlərində, dərddən solmuş simasında təkcə gizlətməyə çalışdığı kədərini, göz yaşlarını deyil, həm də çox kişidə olmayan namus, elə kişi qeyrəti gördüın ki, buna hər qadında rast gəlmək mümkün deyil. Bu, yalnız Mübariz kimi oğul dünyaya gətirib. Ona süd verən, onu əsl kişi kimi yetişdirən anada mümkündür.
«Cənnət anaların ayaqları altındadır.» Peyğəmbərin (s) bu kəlamı və ondakı sətiraltı məna məni hər zaman düşündürür... Görəsən bu kəlam bütün analaramı şamil olunub, yoxsa bu sadəcə övladın anaya olan sonsuz məhəbbətindən, ehtiramından doğan bir fərziyyə, bir fikirdir? Görəsən, söhbət Mübariz kimi, Çingiz kimi, Ramil, Fərid, Əhməd, Təbriz kimi Vətənə qeyrətli, təpərli oğlanlar yetişdirən analardan gedir, yoxsa milli mənəvi dəyərlərimizə zidd olan «Onun yarısı», «Toy olsun!» kimi TV proqramlara 50-60 yaşında «ər axtarmağa» gedən və yaxud əksinə qızının əlindən tutub hərraca çıxaran «ana»lardan gedir?! Müqayisəni siz edin...
Gündəlik həyatda adi bir itki yaşayanda dünya malına görə gözlərin hər yerdə onu axtarır, onda qalmış evindən, ocağından Mübariz kimi oğul getsin. Göz yaşlarını gözlərində dondurub qəlbinə axıda-axıda oğlunun adını tutub bu qapını açan hər kəsə eyni səmimi, eyni doğma münasibət göstərib onları hələ toy görməmiş nakam balasının otağına apara, özünü tox tutub oğlundan geriyə qalan foto şəkilləri, ona məxsus əşyaları təkrar-təkrar görə. Hər gün təkrarlanan, yarasını təzələyən dağı, bu zərbəni bir daha ala... Asan iş deyil!.. Dözüləsi dərd deyil! Buna heç qadın, heç ana tab gətirməz. Yalnız Şamama ana kimi iradəcə möhkəm güclü qadın sinə gərə bilər.
Mən bu evdə olduğum müddətdə onu ağlarkən görmədim. Anamla söhbətində oğlunun adını hər dəfə dilinə gətirən zaman gözləri dolsa da ağlamırdı. Sanki bununla o, Mübarizə verdivi sözə xilaf çıxmaq istəmirdi. Çünkü Mübariz son məktubunda ata-anasına səslənərək belə yazmışdı: «Şəhid olsam ağlamayın.» Lakin biz Mübarizin otağında ikən bir ara Şamama ananın həyətdə həzin səslə balasına «layla» çaldığını duydıım. Ürəyim parçalandı. Bu gəlişimlə qəlbi dağlı ananın yarasına toxunubmuş kimi özümü günahkar hiss etdim. Ürəyini deşən, gözlərini yandıran göz yaşlarına qurban, Şamama ana!.. həyətdə mənə dediyin sözlərin yadımdan heç çıxmır. «...Düz bir il, bir aydır Mübarizimi görmürənı!..» Qəlbini acıdan, dilini yandıran bu sözlər ürəyimin başına od saldı.
Bu sözlər oğlunun yoxluğuna dözə bilməyən ana qəlbinin nisgilindən doğan bir fəryadı idi. Və bu fəryad qarşısında deməyə söz tapmadım. Demək istədiyim sözlər də boğazımda quruyub qaldı. Dərdinə yanıb onu qucaqlamaqdan başqa əlimdən heç nə gəlmədi. Əslində deyəcəyim heç bir söz, verəcəyim heç bir təsəlli onun dərdini yüngülləşdirəcək, yarasını sağaldacaq gücə, təsirə malik ola bilməzdi. Həm Mübarizin qəhrəmanlığı, həm də ananın bala dağı qarşısında zərrə qədər kiçik qalacaqdı.
Oğlunun həsrəti, nisgili ilə yanan, yoxluğunun hər gününü, dəqiqəsini sayan anaya bir kəlmə də kifayətsizdir. «Oğul düşmən çəpəridir» deyirlər. O, isə düşmənə qarşı təkcə çəpər olmadı tək başına üstünə yeriyib, zəhərli ilanın yuvasındaca başını əzdi. Onun öz torpağında girov qalan «qərib» cənazəsi nəhayət aylar sonra geri alındığı gün Seyid şəhidin ruhuna ehtiram və hörmətlə, Ona layiq şəkildə «Allahu Əkbər!» nidası altında II Fəxri Xiyabana yola salınarkən gənclərin onun tabutuna əl sürtmə səhnəsi insanı vəcdə gətirir. Görün! Şəhidin qiymətinə, məqamına baxın!

Çünkü insan övladı həmişə müqəddəs saydığı, yüksək bildiyi nəyəsə əl çəkib, and içər. Mübariz bu yüksəkliyi, bu müqəddəsliyi şəhidlik mərtəbəsi, şəhidlik adıyla qazandı! Beləcə and yerinə çevrildi. «Sonunu düşünən Qəhrəman ola bilməz!» deyiblər. Mübariz öz sonunu, başına nə gələcəyini düşünmədi. Bir amal uğrunda qorxu bilmədən, çəkinmədən düşmənin üstünə yeridi. Bu şücaəti ona sıralarımızdan ayırıb seçilməyi nəsib etdi. Adilikdən fövqəladiliyə ucaltdı. Mübariz, təkbaşına qalxdığı bu cihadda aldığı qisasın görünən və görünməyən, bizə məlum olan və olmayanı, ümumilikdə o gecə gördüyü, bildiyi və yaşadığı həqiqətləri, bütün sirrləri özüylə birlikdə məzara apardı. O, təkcə Qarabağ uğrunda, Vətən, torpaq uğrunda şəhid olmadı. Namus uğrunda, qeyrət uğrunda bu yolu seçdi. Bu səbəbdən həmdə namus şəhidi, qeyrət şəhididir Mübariz!
Hərbi formanı təkcə qulluq xatirinə əynində gəzdirən vücudlara, düşmənin səngərin o tayında çıxdığı «oyunlara» səbr edən «Atəşkəsi» bəhanə edib silahını bir dəfə olsun işə salmayan «hərbiçiyəm» deyən çoxuna bu geyimin onu daşıyanın qarşısına qoyduğu məsuliyyəti və borcunu başa saldı Mübariz!
Gərək canınla, qanınla ruhunla bu vətənə, bu torpağa layiq olduğunu göstərəsən. Qəsbkarın, oğrunun qaniçən düşmənin yuvasını yerindəcə dağıdasan ki, bəlkə bu torpaq təmizə çıxa. Bu gün bu evin, bu həyətin hər qarışı, hər guşəsi Mübarizdən danışır. Həyətin bir küncündə ondan geriyə qalmış sahibinin yolunu gözləyən idman alətləri, boks əlcəkləri, qol saatı, sanki hamısı yetim qalıb. Hamısı ilk baxışda qəm oyadır. Ürək sızladır. Otaq boyu düzülmüş bu şəkillərə baxdıqca adam özündən utanır, yaşadığı ömür bir anlığa özünə nə qədər adi və mənasız gəlir.
Çoxları düşünür ki, Mübariz ailə həyatı qurmadı, özündən sonra bir nişanə qoymadı. Nakam getdi. Mən onu nakam saymıram. Onun ən böyük arzusu şəhid olmaq imiş. O, da bu arzusuna, kamına çatıb. Ən böyük və vacib məqsədi düşməndən qisas almaq imiş. O, buna nail oldu! Mübariz özündən sonra elə bir məktəbin təməlini qoyub getdi ki, bu məktəb yüz illər bundan sonra da Azərbaycan var olduqca Mübariz kimi qeyrətli, Vətənpərvər oğullar yetişdirəcək. Torpaqlanmız azad olunacaq. Mübarizin ruhu bax o zaman şad olacaq. Şamama ana, Siz ümidvar olun ki, Mübarizin qisası alınacaq! Xalqımızın öz şəhidinə verdiyi qiymətə biz bütöv bir millət olaraq 2010-cu ilin Noyabr ayında Mübarizimizin cənazəsini geri aldığmıız gün şahid olduq.
Mən istəmirəm ki, bir daha o həyətə ayaq basanda Şamama ananıın çöhrəsini qəmli, gözlərini yaşlı görüm. Arzum budur o həyətdə bundan sonra «Mübarək olsun» sözləri duyulsun. O həyətdə balaca Mübarizin böyüdüyünün şahidi olaq. Bu gündən sonra Ağakərim ata, Şamama ana qalan övladlarının Rəşadın, Bəhruzun toy mərasimlərində yalnız sevinc göz yaşları axıtsınlar. O zaman Mübarizin ruhu da şad olar. Axı Mübariz qardaşlarının toyunu görməyi arzulamışdı.
Bu evdə aldığım qurur dolu təəssurat, keçirdiyim hiss-həyəcan məni Saatlıyadək tərk etməmişdi. Və əbədi olaraq bu təsirdən çıxmayacaqdım. Şamama ananın mənə hədiyyə etdiyi Mübarizdən bəhs edən kitabı ən əziz bir əmanət kimi yolboyu köksümə sıxıb gətirmişəm. Bu kitab şəxsi kitabxanamın ən uca hissəsində qəhrəmanlıq səlnaməsi kimi duracaqdır. Mübarizin həmyerlisi olduqları üçün Biləsuvarlılara qibtə edirəm.
Bu günədək Milli Qəhrəmanımız, şəhidlərimiz barəsində yazdığım bir çox məqalələri digər mətbuat orqanlarına göndərsəm də nədənsə laqeyd münasibət görmüşəm. Lakin «İslam Həqiqətləri» qəzeti digərlərindən fərqli olaraq bu işdə mənə hər zaman dəstək olub yazılarımı oxucularıma çatdırmaqda mənə kömək göstərib. Buna görə bütün redaksiya heyyətinə başda Əli Nur cənabları olmaqla dərin təşəkkürümü bildirirəm. Allah razı olsun!

ihq.az
Category: Digər | Added by: Ənfal
Views: 775 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]