Cümə axşamı, 2024-11-21, 4:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Zamanın acı gerçəyi
2012-10-29, 8:58 PM
Zamanın acı gerçəyi

Son zamanlar cəmiyyətdə qadın çox surətlə dəyişir. Dövrün təsirləri qadını tarixi xüsusiyyətlərdən məhrum edir və onu öz istədiyi formaya salır. Ona görə də, qadını bu əsrdə «necə olmalıdır?» sualı çox düşündürür.
Qadın anlayır ki, mühitin təsirləri altında, olduğu kimi qala bilməz. Digər tərəfdən, iffətli qadın dövrün maskasını taxıb, dəyişmək də istəmir. O, yeni simanı, özü üçün məhz özü seçmək istəyir. Amma necə?
«Qloballaşma», «müasirlik» pərdəsi altında cəmiyyətə atılan təhlükəli fəsad, qadınlardan da yan keçmədi. Fəsad yayıcı seriallar, müxtəlif şoular beyinlərə atılan zəhər mexanizminin təkanverici qüvvələrinə çevrilərək ailələri, uşaqları mənəvi məhvə sürükləməkdədir. Elə bunun nəticəsidir ki, son zamanlar müxtəlif informasiya mənbələrində qadın alverinə xüsusi diqqət yetirilir. Qeyd edilir ki, bu sahə, cinayətkarlıq aləmində ən çox gəlir gətirən sahədir. Dünya üzrə qadın alverinin il ərzində gətirdiyi gəlirin miqdarı 7-12 mlrd. dollara yaxındır.
Beynəlxalq Miqrasiya Təşkilatına istinad edən Milli İctimai Radio bildirir ki, Qərbi Avropada il ərzində 500. 000 qadın, ticarət məqsədilə istifadə edilir.
Qadın alveri, birbaşa qadın hüquqlarının pozulması deməkdir. Bu kimi aktual və eyni zamanda təhlükəli problemlərin yaranması qadının özünə qiymət verməməsinin nəticəsidir.
Gündəlik həyat proqramının bir hissəsini teleseriallara həsr edən qadın, heç özü də bilmədən şüuraltı, qərbin mənəviyyatsızlıq qəlpələrindən yığılmış qadın qəhrəmanının təqlidçisinə çevrilir.
Artıq çoxdan itirilmiş dəyərlər toplusunun içində, hətta bir zaman qərbin də yüksək önəm verdiyi katolik, fədakar «Tereza ananın» adı belə, qərb filmlərinin yalnız istehzalı kəlmələrində işlənir. Janna Dark kimi xəyanətkar qadın fransız xalqının azadlıq simvoluna çevrilir, fransız xalqı bu çılğın qızdan ilham aldığı bir vaxt, Hüseyn (ə)-dan sonra ağır risalət yükünü daşıyan Zeynəb (ə) arxa plana keçirilir. Halbuki, Kərbəla vaqiəsinin davamı, açılışı, cinayətkarların ittihamı Əli (ə)-ın qızı Zeynəb (ə)-ın çiynindədir.
Fədakarlıq simvolu olan mücahid Zeynəb (ə), növhəçi kimi tanıtdırılır və həqiqətlər amansızlıqla susdurulur.
Qısa ömrünü «Hollivud» filmlərinə sərf edənlər, Zeynəb (ə), Zəhra (ə) kimi xanımları tanımadan dünyadan gedəcəklər, heyf!
Azadlıq eşqində yanan qadın, böyük bir mədəniyyətə – öz sərmayəsini İslamdan götürən bir mədəniyyətə – bağlı olduğunu necə də unuda bilər?!
Müasir cəmiyyətdə ən çox rastlaşdığımız 3 növ qadın obrazı var:
1. Evdar pərdəsi altında mənasız həyat tərzi sürən qadın. Bu qadın uşaqları böyüdən, evi silib-süpürən, xörək bişirən, lakin maariflənməkdən, intellektual səviyyəsini artırmaq istəyindən məhrum olan bir qadındır. Belələrini «ev xanımı» adlandırırlar. Onların işi, əsasən pul xərcləməkdir. Onlar qeybət edir, özünü bəzəyir, ədabazlıq edirlər. Onları kübar qadın adlandıranlar da var. Bu tip qadınlar öz enerjilərini qeybət, dedi-qoduya sərf etmək üçün münasib yer seçmək məcburiyyətində qalaraq aerobika zallarını, restoranları seçirlər.
2. Avropalaşmış işgüzar qadın. Bu qadınlar, karyera havası altında, sanki mexaniki kuklalara çevriliblər. Ailə, övlad onlar üşün azadlıqdan məhrum olmaq təhlükəsi yaradır. Qadın öz təravətli dövrünü «azadlıq» düşüncəsi altında xarici səfərlərə, feminist ruhlu iclaslara xərcləyir və bir də onda ayılır ki, ətrafında kimsə yoxdur. Onu yalnız keçmiş xatirələrdən ləzzət almaq üçün yada salırlar.
3. Fatimə (ə) görünüşlü, Fatimə xislətli qadın.
İnsanın üstünlüyü onun tutduğu vəzifəyə görə yox, təqva və fəzilətinə görədir. Evdar və pak bir qadının işi bir rəhbərin işi qədər dəyərli ola bilər. İlahi insan tərbiyə edən, ərinin və cəmiyyətin adını uca tutan tərbiyəçi bir xanımın işi, sinəsini düşmən gülləsinə sipər etmiş bir kişinin cihadı ilə bərabərdir.
İslam dini qadının təhsilinə, ictimai fəaliyyətinə heç bir məhdudiyyət qoymur. Lakin qadın bu işləri ilahi fəzilət məqsədi ilə edir.
Həzrət Fatimeyi-Zəhra (ə) ideal qadın nümunəsi olaraq, heç bir zaman və məkanda öz aktuallığını itirmir. Övladları Hüseyn (ə) və Zeynəb (ə) öz inqilabları ilə bəşər tarixində zülmü əbədi rüsvay edənlərdir.
Həzrət Peyğəmbərin (s) tərbiyəsini görən və Zeynəb (ə) tərbiyə edən Fatimə (ə) kimi iffət, nuraniyyət və bu kimi üstünlüklərə dəvət edən kamil qadından vaz keçməyə çalışanlar, sönməz ulduz olan xanım ideallarını gizlədə bilmədiklərini artıq etiraf etmək məcburiyyətində qalıblar.
Fatimə (ə), Uca Yaradan tərəfindən hər bir cəhətdən, qadın nümunəsi olaraq yaradılmışdır. Ataya necə qız olmalı? Ərə necə həyat yoldaşı olmalı? Övladlara necə ana olmalı? Cəmiyyətdə necə qadın olmalı? Zəhra (ə) bütün bu suallara cavabdır.
Peyğəmbərin (s) Fatimə (ə)-a olan sonsuz məhəbbətini ifadə etdirən «Ey atasının dostu və məhbubu» sözləri, o pakizə xanımın məqamının yüksəkliyini əks etdirən dəlillərdən biridir.
Kisa və mübahilə əhlindən biri sayılan Fatimə (ə) ən çətin dövrdə Allah yolunda hicrət edən şəxsdir. O, şəninə «Təthir» ayəsi nazil olan, xanımdır.
Allah-Taala onların paklığına şəhadət verdi. Onun əxlaqı və həyat tərzi Peyğəmbərin (s) həyat tərzini və əxlaqını xatırladır. Onun heyranedici uşaqlığı, daxili və xarici cəbhələrdə davamlı mübarizəsi və həyatının müxtəlif məqamları hər bir qadının «necə olmalı» sualına cavab verir.
Həzrət Zəhra (ə)-dan nə qədər danışsaq da, yenə də azdır. Demədiklərimiz dediklərimizdən qat-qat çoxdur.
Allah bizləri o xanımın haqqını bərpa edən, kədərli qəlbini sevindirən, əxlaqından dərs alıb mənəvi zirvələri fəth edənlərdən etsin!
AMİN!
Ədəbiyyat: Həbibullah Əhmədi «Fatimə və Zeynəb»
Şeyx Abbas Qumi «Beytul-Əhzan»
Əli Şəriəti «Fatimə – Fatimədir»
«Qütb» jurnalı N 4 (noyabr) 2000
Kisa – sözünün mənası Peyğəmbərin Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) ilə birgə bir əbanın altına yığılmasıdır. Elə bu halda, Cəbrayıl nazil olub 5 nəfər Ali Əba (ə.s) şəninə «Təthir» ayəsini («Əhzab» surəsi, ayə 33) gətirmişdir.
«Allah-Taala tam surətdə istəyir ki, hər cür pisliyi siz Əhli-beytdən uzaq etsin və sizi pak-pakizə saxlasın».
Mübahilə – sözünün mənası məsihi alimləri ilə Peyğəmbər (s) arasında baş vermiş dua və nifrindir ki, Allah-Taala haqsız, batil insanları öz əzabına düçar etmək istəyirdi. Bu mətləb «Ali-İmran» surəsinin 61-ci ayəsində vurğulanmışdır.

Ləman Əliabbas qızı

kovser.az


Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 799 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]