Çərşənbə axşamı, 2024-04-16, 5:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Qadın necə işləməlidir?
2013-10-31, 10:29 AM
Qadın necə işləməlidir?

Müasir dünyamızda müsəlman qadının evdən kənarda işləməsi əsas mövzulardandır. Əslində dinimiz və milli adət-ənənənələrimizə görə evdarlıq qadın üçün ən bəyənilmiş məşğuliyyət sayılır. Qadına bir ana, həyat yoldaşı olaraq çox böyük qiymət verilir. Bu iki məsuliyyəti layiqincə yerinə yetirməyən qadın evdən kənarda nə qədər müvəffəq olsa da bəyənilmir. 
Təəssüf ki hazırda qadınların məşğulluğu elmi araşdırılmır, ona ictimai rəng verilir. Qadının harada daha faydalı olması yox, azadlığı önə çəkilir. Digər tərəfdən qadının təhsil alıb evdən kənarda çalışması bir adətə çevrilir və yarışma xarakteri alır. Sanki qadınlar ictimai həyatda kişiləri ötüb-keçmək istəyirlər. Əslində isə qadının özü və cəmiyyət üçün daha faydalı seçim hələ də mübahisə mövzusudur. Bəzən kişi özü iş üçün müəyyən müəssisəyə müraciət etdikdə onun xarakterik xüsusiyyətləri araşdırılır. Məsələn, qorxaq təbiətli, ürəyiyumşaq adamları xüsusi əməliyyət qruplarına qəbul etmək düzgün sayılmır. Bəs qadının xarakteri necədir? O hansı işi daha yaxşı bacarır. Qadının ana və həyat yoldaşı vəzifəsini ondan başqa kim yerinə yetirə bilər? 
İnkar edə bilmərik ki, xüsusilə şəhər mühitində qadınların evdən kənarda işləməsi bir norma sayılır. Əlbəttə ki, ayrı-ayrı müsəlman ölkələrində bu göstərici fərqlidir. Sual budur ki, qadın evdən bayırda işləyəndə ana və həyat yoldaşı vəzifəsini layiqincə yerinə yetirə bilirmi? Əgər yerinə yetirə bilmirsə bunun zərəri böyükdür, yoxsa qadının evdən kənarda işləməməsinin? 
Nə üçün adətən evdən kənarda işləyən qadınlar ailə mühitindən uzaqlaşır? Evdən kənarda iş qadının ruhiyyəsinə necə təsir göstərir? Qadın çöldə işləyəndə övladların fiziki və mənəvi durumu bundan zərbə alırmı? Ümumiyyətlə, ailə xoşbəxtliyi üçün qadın evdar olmalıdır, yoxsa çöldə işləməlidir? 
Bəzi statistikalar var. Qadınların evdən kənarda məşğullluq göstəricisi artıqca izdivac yaşı da artır. Ailələr daha gec övlad sahibi olur, ümumiyyətlə ailə institutu zəifləyir. 
Bu gün şərqdə də iş, məşğuliyyət dedikdə qərbdəki məna nəzərdə tutulur. O şəxsə məşğul deyirlər ki, işləyib maaş alır. İslamda isə məşğulluq dedikdə sırf iş nəzərdə tutulur. Hətta ailədə heç bir maaş almadan iş görən adam da məşğul sayılır. 
Dünyada feminizm, qadınların kişilərlə bərabərliyi hərəkatı bir sıra mövzuları hədəfə alıb, onlardan biri də qadının evdarlığıdır. Nə üçün evdarlıq iş sayılmır? Evdən bayırda uşaq bağçasında və ya məktəbdə başqalarının övladlarını tərbiyə edən qadın məşğul sayılır, evdə öz övladlarını tərbiyə edən qadın evdar. Evdən kənarda xidmət müəssisəsində işləyən və təmizlik işi görən qadın məşğul sayılırsa, nə üçün öz evini təmizləyən qadın məşğul sayılmasın?! 
Kimsə inkar edə bilməz ki öz övladını tərbiyə etmək başqalarının övladını tərbiyə etməkdən daha faydalıdır. Öz evini təmizləmək bir müəssisəni təmizləməkdən daha xeyirlidir. Qadının evdarlığı ailə institutu üçün faydalı olmaqla yanaşı iqtisadi baxımdan da sərfəlidir. Qadının evi buraxıb evdən kənarda çalışması nəticəsində ailəyə elə bir zərbə dəyir ki, onu hansısa məbləğlə aradan qaldırmaq qeyri-mümkün olur. Evdarlıq nəininki qadın üçün ciddi bir məşğuliyyətdir, ölkənin iqtisadiyyatı üçün faydalıdır. Cənab Rəhbərin nəzərinə görə, qadınların məşğulluğunda müəyyən şərtlər var. Evdən bayırda işləmək qadının ana və zövcə vəzifələrinə zərbə vurmamalıdır. Naməhrəmlə münasibətlərin tənzimlənməsi qadının məşğulluğunda problemi nöqtələrdəndir. 
Cənab Rəhbər buyurur ki, ana və zövcə məsuliyyəti bütün ictimai məsuliyyətlərdən əhəmiyyətlidir və iki məsuliyyəti kiminsə ixtiyarında qoymaq olmaz. Dünyaya övlad gətirmək, onun tərbiyəsi, cəmiyyətə kamil insan təqdim olunması qadının evdəki fəaliyyətləri ilə sıx şəkildə bağlıdır. 
Qadının cəmiyyətdə naməhrəmlə münasibəti ciddi bir mövzudur və müəyyən məhdudiyyətlərlə şərtlənib. Əgər qadının iş mühitində dini meyarlar nəzərə alınmırsa ailədə etimazsızlıq yaranır və ailənin dağılması təhlükəsi qarşıya çıxır. 
Qadınların evdən kənarda işləməsinin müsbət və mənfi cəhətləri var. Təbii ki, bütün qadınlar üçün faydalı və zərərli tərəflər eyni həddə deyil. Qadın evdən kənarda işləyib ailənin iqtisadiyyatına xeyir verirsə bunu pis saymaq olmaz. Sual yaranır ki, burada təkcə qazanc var, yoxsa qadının evdən kənarda işləməsi müəyyən zərərlərlə müşayiət edilir? 
Sözsüz ki, məşğul qadının yükü ağırlaşır və bu yük ana və zövcə məsuliyyətlərinin yerinə yetirilməsinə mane olur. Bəzən məşğulluq qadının xarakterinə təsir göstərir. Qadın zərif varlıqdır, onun ruhiyyəsində kişidən fərqli lətafət var. Məşğul qadının iş mühitində ilkin zərbə qadının ruhiyyəsinə dəyir. 
Subay qadın məşğuldursa və öz maddi ehtiyaclarını təmin edirsə adətən izdivaca tələsmir. Statistika göstərir ki, subay məşğul qadınlar arasında izdivaca maraq çox aşağıdır. 
Məşğul qadın bəzən öz işinə o qədər aludə olur ki, bir ana, bir zövcə olduğunu yaddan çıxarır. Onun üçün işdə müvəffəqiyyət ailədəki məsuliyyətləri kölgədə qoyur. 
Məşğul qadınlar adətən övladları qarşısında xəcalət hissi keçirirlər. Övladın tərbiyəsində, qidasında, təmizliyində bir nöqsan yarananda istər-istəməz qadın özünü günahkar sayır. Avropa mütəfəkkirləri arasında da 
qadının evdarlıq məsuliyyətini onun məşğulluq məsuliyyətindən üstünr tutanlar çoxdur. Evdar qadın ailədəki məsuliyyətlərini yerinə yetirdikdə ailədə ideal bir asayiş yaranır. Əslində qadının evdarlığı onun ictimai həyatdan məhrumiyyəti kimi dəyərləndirilməməlidir. Çünki bu sadəcə bir iş bölgüsüdür: Qadın ev işlərinin, kişi ailə büdcəsinin məsuliyyətini daşıyır. Mübahisə doğurmayan bir nöqtə də budur ki, ev işlərini qadınlar kişilərdən qat-qat üstün səviyyədə yerinə yetirir. Kişi nə qədər çalışsa da ev işlərində qadın qədər müvəffəq ola bilməz. 
Qadının psixoloji xüsusiyyətləri kişidən fərqlənir. İş mühitinin öz tələbləri var. Bu mühit bəzən ciddilik, güzəştsizlik, sərtlik tələb edir. Bütün bu tələblər qadının lətif ruhiyyəsinə münasib deyil. Qadın ictimai məsuliyyət qəbul etdikdə özündən xəbərsiz olaraq ruhiyyəsi dəyişir, sərtləşmə gedir. Bu sərtlik iş mühitindən ev mühitinə ötürülür və qadın bir ana, bir həyat yoldaşı olaraq mərhəmət missiyasını yerinə yetirə bilmir. 
Qadın idarə və müəssisədə rəhbər vəzifə tutarsa müdiriyyət ruhiyyəsi ona hakim olur və ailədə kişinin aparıcı rolu ona lazımsız görünür. Qadın artıq evdə də idarəçiliyi öz əlinə almağa çalışır. Maddi baxımdan müstəqillik bu hissi daha da qüvvətləndirir. O özünü müstəqil hiss edir, işdə olduğu kimi evdə də amiranə danışır. 
Məşğulluq qadının ailədəki iştirakını zəiflədir, onun övlad və ərlə münasibətlərinə soyuqluq gətirir. İşdən yorğun gələn qadın təbii ki ev işlərini lazımınca yerinə yetirə bilmir, özündən asılı olmayaraq ailəyə biganəlik nümayiş etdirir. 
Anadan lazımi diqqəti görməyən övladlar, həyat yoldaşından soyuqluq hiss edən ər təbii olaraq ünsiyyət üçün başqa bir tərəf axtarır. Ana və zövcə ilə rabitələrdə yaranmış boşluq başqa vasitələrlə doldurulur. Əgər məşğul qadınlarla evdar qadınları müqayisə etsək onların ailə ocağına verdiyi müsbət enerji aydın olar. Bəzən məşğul qadının iş yoldaşları ilə rabitələri ailə üzvləri ilə rabitələri üstələyir, ailə diqqətsizliklə üzləşir. Övladlarla rabitə onların təkcə madddi yox, həm də mənəvi ehtiyaclarını aradan qaldırır. Məşğul qadın gün uzunu övladdan ayrı olduğu üçün onların problemlərindən xəbərsiz qalır. Fiziki yorğunluq, zehni yorğunluq, işlə bağlı problemlər bununla nəticələnir ki qadın evə yalnız istirahət üçün gəlir. Psixoloqlar uşaqların bağçada tərbiyəsini də münasib saymır. Ciddi araşdırmalar göstərir ki, övladın ana məhəbbətinə olan ehtiyacını heç bir mühit əvəz edə bilməz. Övlad adətən məşğul anaya tabe olmaq istəmir. Artıq o ananı özündən uzaq görür və problemlərini başqaları vasitəsilə həll etməyə çalışır. Məşğul qadın evdar qadınla müqayisədə övladla daha sərtdir ya da yorğunluq səbəbindən övladın problemlərinrə göz yumur. Məşğul qadın heç bir halda övladın problemini evdar qadın qədər bilə bilməz. 
Övladlara birbaşa nəzarəti itirmək, onların ehtiyaclarından xəbərsizik övladda böhranlı hal yaradır. Evdar qadın savadsız olsa belə övladın təhsili ilə savadlı məşğul qadından daha çox maraqlanmaq imkanına malikdir. Evdar qadın övladın dərsə nə vaxt, hansı geyimdə getdiyini və nə vaxt hansı şəkildə qayıtdığını daha yaxşı görür. 
Başqa bir incə nöqtə budur ki, qadın məşğul olduqda övladlar ataya ikinci dərəcəli kimi baxır. Onlar maddi ehtiyaclarının ana tərəfindən təmin olunduğunu gördükdə atanı ciddiyə almırlar. 
Məşğul qadın qız övladlar üçün heç vaxt müsbət qadın nümunəsi deyil. Qız üçün ilk nümunə ana olmalıdır. Qız övlad edvarlığı, təmizliyi, səliqə səhmanı anadan öyrənməlidir. Qız övlad gözünü açıb ananı müdir görürsə bu onun qadınlıq ruhiyyəsinə zərbə vurur. 
Qadın işdə olduğu müddətdə övladını uşaq bağçası və ya qəyyuma tapşırmağa məcbur olur. Artıq uşaq üçün nümunə ana yox, himayəsinə verildiyi şəxsdir. Kim bu uşağa ana qədər məhəbbət göstərə bilər?! 
Araşdırmalarda bu da aydın olub ki, qadınlarda məşğulluq əhali artımına mənfi təsir göstərir, kişilər arasında işsizliyə səbəb olur. 
Artıq əksər ölkələrdə əhalinin ümumi sayı azalmaqdadır. Bəzi ölkələrdə bu fəlakət həddinə çatıb. Qərb dövlətlərində yaşanan bu problem daha dağıdıcı vəziyyətdədir və onun əsas səbəblərindən biri qadınların kütləvi məşğulluğudur. 
Məşğul qadınlar adətən bir övladla kifayətlənir. Onlar bir növ analıq məsuliyyətindən qaçırlar. Əgər dünyada təkövladlılıq ənənəyə çevrilibsə bunun əsas səbəblərindən biri qadınların məşğulluğudur. 
Qadınlar cəmiyyət üçün ucuz işçi qüvvəsi sayılır. Onlar az maaşlı işi qəbul edir və həvəslə məşğul olurlar. Bu səbəbdən idarə və müəssisələr qadınları işə götürməkdə maraqlıdırlar. 
Əgər bu gün qadın məşğulluğu evdarlıqdan üstün sayırsa bunun ondan asılı olmayan səbəbləri də var. Qadını məşğulluğa sövq edən səbəbləri aradan qaldırmaq mümkün olsa onda evdarlığa maraq güclənər, nəticədə ailə institutu güclənər. 
Öncə cəmiyyətə anlıdılmalıdır ki, evdarlıq işsizlik yox, qadın üçün ən üstün məşğulluqdur. Qadın üçün ana və həyat yoldaşından üstün vəzifə yoxdur. Anaya yüksək dəyər verilməsi, övlad tərbiyəsinin əhəmiyyətli tanıtdırılması evdarlığa meyli gücləndirir. Əgər ailədə vəzifə bölgüsü düzgün aparılsa aydın olar ki, qadın üçün ən münasib iş ana və zövcə məsuliyyətlərini yerinə yetirməkdir. 
Ailənin eyş-işrətdən uzaqlığı, qənaət prinsipini gözləməsi qadının evdarlıq rolunu daha aydın göstərir. Əgər psixoloji, tibbi baxımdan cəmiyyətə açıqlansa ki, körpə anadan ayrı böyüyəndə ona nə qədər zərbə dəyir, qadının məşğulluğu ikinci plana keçər. 
Əgər məşğulluq günün zərurətinə çevrilmişsə iş mühitində dini meyarlara riayət edilməlidir. Qadınların ayrı, kişilərin ayrı iş yeri ilə təmin edilməsi bu sahədə böyük əhəmiyyət kəsb edir. Hazırda dünyada qadınların məşğulluğu sahəsində tətbiq olunan üsullardan biri onların evdə işlə təmin olunmasıdır. Belə ki qadın müqavilə əsasında hər hansı idarə və müəssisədən iş götürüb onu evdə icra edə bilir. Bu halda onun evdarlıq məsuliyyətini yerinə yetirməsi asanlaşır. Qadınların ruhiyyəsinə uyğun iş yerləri açmaq məsulların öhdəsinədir. Əgər belə iş yerləri yoxsa qadınlar hətta kişilər üçün çətin olan fiziki işlər ardınca gedirlər. Təəssüf ki normal məşğulluq şəraiti olmayan cəmiyyətlərdə elə peşələr meydana çıxır ki, bu peşələr qadınların cinsi istismarından başqa məna kəsb etmir. Restoranlarda, əyləncə mərkəzlərində və bu qəbildən olan sahələrdə adətən gənc qadınlar işə götürülür və bunun sonun cinsi istismardan başqa bir şey deyil. Qadınların məşğulluğu dində qadağan olunmasa da bu bir ictimai problemdir və əhali artımının azalması bununla birbaşa bağlıdır. Təəssüf ki çox az qadınlar öz qadın şəxsiyyətinin tələblərinə riayət etməklə evdən bayırda çalışa bilirlər. Həm məşğul olan, həm də ana və zövcə vəzifələrini yerinə yetirən qadınlar çox azdır və bunu şəxsi iradələri sayəsində həyata keçirə bilirlər. Əksəriyyət isə bu sahədə yaranmış boşluqların qurbanı olur. 

Nur-az.com/hawzah

Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 1079 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]