Cümə günü, 2024-03-29, 11:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Hicab təkcə çadradırmı?
2013-10-31, 10:27 AM
Hicab təkcə çadradırmı?

Sual olunur ki, çadra, özü də qara çadranın üstünlüyünü təsdiqləyən hədis varmı? Çadradan istifadə etməməklə fiqhi göstərişlərə riayət etmək mümkün deyilmi?

Mövzu ilə bağlı ayə və hədisləri nəzərdən keçirək. Əhzab surəsinin 59-cu ayəsində oxuyuruq: "Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!" Ayədə tanınmaq dedikdə nə nəzərdə tutulur? Təfsirçilər arasında bu mövzuya münasibətdə iki mövqe var. Əvvəla, həmin dövürdə kənizlər baş-boyunları açıq vəziyyətdə evdən çıxardılar. Avara gənclər adətən belə kənizlərə söz atardılar. Buna görə də azad müsəlman qadına göstəriş verilir ki, İslami hicaba kamil şəkildə riayət edilsin. Onlar öz hicabları ilə kənizlərdən seçilirdilər və avaralar onlara söz atmağa cürət etmirdi. Bu o demək deyil ki, kənizlərə söz atmaq, onları alçatmaq olar. Məqsəd budur ki, müsəlman qadınlar örtüklərinə etinasız qalmasınlar. Bəzi şıltaq qadınlar hicab örtsələr belə diqqətsizlik edərək bədənlərinin müxtəlif yerlərini göstərirlər. Bu isə təcavüzə şərait yaradır. "Cəlbab" sözü bir neçə şəkildə mənalandırılır:

1.Yaylıqdan böyük, baş, boyun, sinəni tam örtən böyük parça (çadra)

2.Məqnə və ya yaylıq

3.Geniş köynək

Bu mənalar bir-birindən fərqlənsə də onlar arasında müştərəklik var. Belə görünür ki, nəzərdə tutulan "Lisanul-ərəb"in təbirincə çadradan nisbətən kiçik, yaylıqdan böyük bir örtükdür.

Digər tərəfdən buyurulur ki, qadınlar cəlbabla bədənlərini tam örtsünlər. Yəni örtük elə şəkildə olmasın ki arabir bədən açıq qalsın. Bəziləri iddia edirlər ki, burada üzün də örtülməsi nəzərdə tutulub. Amma təfsirçilər arasında əksəriyyət bu fikri qəbul etmir. Hicab hökmündə üz, əllər nəzərdə tutulmayıb. Təbii ki, bu mövzuda fərqli fikir bildirən fəqihlər var. Bəziləri üz və əllərin örtülməsini ehtiyat sayır. Onların nəzərincə, üz və əllər örtülərsə fitnə-fəsadın qarşısı alınar. Hər halda ayədən aydın olur ki, hicab hökmü əvvəllər də olub, sadəcə bu hökmə fərqli şəkildə riayət edilib. Ayədə təkid olunur ki, hicaba dəqiq riayət edilsin.

Ayə nazil olandan sonra əvvəllər hicaba riayət etməmiş əxlaqlı xanımların əksərində pərişanlıq yarandı. Onlar nə zamansa hicaba riayət etmədiklərinə görə nigaran idilər. Ona görə də ayənin sonunda Allahın mərhəməti önə çəkilir. Bəli, Allah nadanlıq ucbatından vəzifəsinə əməl etməyib, sonradan tövbə edənləri bağışlayır.

Məlum ayənin təfsirində nəzərdə tutulur ki, hicabda məqsəd qadının təhlükəsizliyi, mühafizəsidir. Çadra və ya başqa örtüyün olması mühüm deyil. Rəvayətlərdə buyurulur ki, qadının hicabı onun bədənini örtməlidir. Belə ki, qadının görkəminə görə azğın adamlar ona tamah salmamalıdır. Demək, istənilən bir şəkildə hicab bədənin görünməsinin qarşısını almalıdır.

Hicabın qara olması məsələsini psixoloji baxımdan araşdırsaq daha düzgün olar. Psixologiyada qara rəng sərhəd məfhumu daşıyır. Qara rəngdə geyinən insan göstərmək istəyir ki, bir məhdudiyyətə etiqadlıdır. Amma bu hansı məhdudiyyətdir? İnsanın məqsədi fərqli ola bilər. Adətən, əzadar insanlar qara geyinir. Bununla göstərmək istəyirlər ki, onlarla mərhum arasında sərhəd yaranıb. Bəzən də şəxsiyyəti göstərmək üçün qara geyimdən istifadə olunur. Əksər siyasilərin qara kostyum geyinməsi buna misal ola bilər. Müsəlman qadının qara çadraya bürünməsi də oxşar məqsəd daşıyır. Müsəlman qadın cəmiyyətə mesaj verir ki, o toxunulmazdır, cəmiyyətlə onun arasında bir sərhəd var. Bu sərhəd onun naməhrəmlərdən hifz edir. Qara hicab tamahkar insanların çirkin nəzərləri qarşısında bir sipərdir.

İnsan psixologiyasında belə bir xüsusiyyət də var ki, qara rəngə baxmağa meyilli deyil. Başqa rənglər insanın diqqətini çəkir, onun fikrini başqa mövzulardan ayırır. Adətən, müştərinin diqqətini cəlb etmək üçün qara yox, başqa rənglərdən istifadə olunur.

Psixoloqlar bildirirlər ki, qara rəngdə inkar mesajı var. Ağ rəng isə razılıq bildirir. Belə çıxır ki, qara rəngdə geyinən xanım naməhrəmin meylinə yox cavabı verir. Rəngli geyinən isə bəlkə də bilmədən özünü diqqət mərkəzində qərar verir. Deyirlər ki, hekayəni ağ üzərində qara ilə yazır və qara rəngdə nöqtə qoyurlar. Yəni bu nöqtədən sonra heç nə yoxdur.

İnamla deyə bilərik ki, rəngarəng geyinmiş qadının təhlükəsizliyi təmin olunmayıb. Qadını cəmiyyətdə ən üstün şəkildə qoruyan qara çadra, qara rəngli böyük parçadır. Qara çadra çirkin baxış və niyyətlərə yolu qapayıb. Bəzi psixoloqlar qara rəngdə geyimin başqaları ilə ünsiyyətə yox mesajı verdiyini bildirir.

Bəli, qara çadra örtən qadın naməhrəm baxışlara yox deyir, belə ünsiyyətlərdən imtina etdiyini bildirir. Qarşı tərəfə elan olunur ki, mənim sizinlə ünsiyyətə rəğbətim yoxdur.

Nəcib və iffətli müsəlman qadınları öz hörmətlərini, ləyaqətlərini qorumaq üçün evdən çıxanda qara çadranı başqa örtüklərdən üstün tuturlar. Onlar bu örtükdə özlərini azad hiss edir, ruhiyyələri sağlam olur. Onlar dərk

edirlər ki, rəngarəng, cazibəli geyimlər həyat yoldaşı üçündür. Qadının evdə rəngarəng, cəmiyyətdə qara rəngdə geyinməsi ailə mühitində aramlıq yaradır. Bu geyim valideynə, həyat yoldaşına sədaqətin elanıdır.

Bütün deyilənləri nəzərə alaraq bu nəticəyə gələ bilərik ki, qadını cəmiyyətdə naməhrəmdən ən üstün şəkildə qoruyacaq geyim qara çadradır. Bu elmi bir məsələdir. Hicaba ciddi riayət edən, onu övladlarına sevdirən anaların Allah qarşısında böyük ehtiramı var. Səmavi dinlər hicab hökmü verəndə hicabın mahiyyəti aydın deyildi. Uzun əsrlərdən sonra psixoloqlar hicabın əhəmiyyəti ilə bağlı arqumentlər ortaya qoyur.

Üstün hicab o hicabdır ki, sədəf mirvarini qoruduğu kimi öz sahibini qorusun. Hicab bədənə elə yapışmamalıdır ki, bədən quruluşu görünsün. Təəssüf ki, bu gün bəzi müsəlman cəmiyyətlərində hicab formal şəkildə qəbul olunub. Bəzən yanaşı gedən iki xanımın yalnız baş hissəsində fərq görünür. Hər ikisi dar şalvar, dar köynək geyinmiş bu xanımlar arasında yeganə fərq yaylıq olur. Hicab deyəndə yaylıq başa düşmək kökündən yanlış bir fikirdir. Bədənin başdan daha cazibədar hissələri var və bu hissələrin zəruri həddə örtülməsi başın örtülməsi qədər əhəmiyyətlidir.


Nur-az.com
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 1237 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 leyl   (2014-01-14 5:10 PM) [Daxil et]
duzdur en kamil hicab cadradir

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]