Şənbə günü, 2024-12-21, 7:02 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Hicab: təcrid və ya iffət simvolu?
2014-01-27, 3:23 PM
Hicab: təcrid və ya iffət simvolu?

  Hicab məsələsi qədim zamanlardan bəri Qərb və Şərq alimlərinin diqqətini cəlb etmişdir. Bəziləri hicabı qadınları cəmiyyətdən uzaqlaşdıran amil kimi görür, bəziləri onu aradan qaldırmağa cəhd edir, bəziləri də onu hər vəchlə müdafiə edirlər. (Erfan)
Həqiqətən hicab nədir? Hicab görəsən doğrudan da məhdudiyyət yaradan vasitədir? Görəsən hicab ancaq İslam dininə aiddir? Bəlkə başqa dinlərdə də mövcuddur?
Hicab ərəb sözüdür, mənası geyinmək, pərdə deməkdir. Əlbəttə burada pərdə mənası daha çox işlənir. Elə bu mənaya görə bəziləri belə fikirləşirlər ki, İslam istəyir ki, qadın həmişə pərdə arxasında olsun. Evdə məhbus olsun və bayıra çıxmasın.
Şəhid Mütəhhəri bu haqda buyurur: "İslamda qadının geyimi budur ki, qadın kişilərlə ünsiyyət zamanı bədənini örtməlidir. Özünü nümayiş edib, cilvə etməməlidir. Həm mübarək "Nur” və həm də "Əhzab” surəsi qadın və kişinin geyimini bəyan etmişdir. Burada hicab kəlməsi heç işlənməmişdir”.
Əgər insana və onun bədən quruluşuna istər ruhi və istərsə də cismi cəhətdən nəzər salsaq, görərik ki, çox sayda gizli meyllər vardır ki, onları fitrət adlandırırlar. İnsanda olan ən güclü meyl cinsi meyldir və əgər düzgün yola yönəldilməsə, böyük günahlara səbəb olar. İnsanın şad həyatı fəlakətə çevrilər. Bəzi alimlər də bu nöqtəyə diqqət edərək, fərqli nəzərlər təqdim etmişlər. Buddaçılar və manilər deyirlər ki, bu fitri meyli kökündən aradan qaldırmaq lazımdır. İnsan da cəmiyyətdə onun zərərindən amanda ola bilsin. Başqa bir qrup – o cümlədən, Freyd kimi alimlər onun əksini bəyan edirlər.
Bu iki nəzəriyyə baxanda görmək olur ki, biri ifratdır və o birisi də təfrit. İslam dini həmişə orta həddi qoruduğundan, cinsi meyli çirkin hesab etmir və bunun üçün iki yol göstərir.
1. Qısamüddətli yol odur ki, cavanlar arasında evlilik asanlaşdırılsın və yayılsın.
2. Uzunmüddətli yol isə odur ki, cəmiyyətdə sağlam mühiti yaradıb, şəhvətə təhrik edən meylləri aradan qaldırmaq üçün qadınlar hicab geyinsinlər.
 
Hicab nələrə səbəb olur?
1. İlk növbədə cəmiyyətdə əmin-amanlıq və təhlükəsizlik olur. Onun əksi olan hicab taxmayıb, açıq-saçıq geyinmək nəticəsində kişilər, xüsusilə də cavanlar təhrik olunduqlarına görə daima əsəbi olur və elə rəftarlara əl atırlar ki, nəticəsi fəsada gətirib çıxarır.
2. Ailədə oşanma azalır və sağlam ailə mühiti yaranır. Statistika göstərir ki, boşanmaların çox hissəsinin səbibi qadınların cəmiyyətdə açıq-saçıq halda gəzməkləri olur. Ailənin müqəddəs ocağını söndürmək, ailələrin ayrılması və acı nəticələr övladlara böyük mənfi təsir qoyur. Açıq halda gəzməyi xoşlayan qadın bir növ özünü hərraca qoyur və ucuz reklamların vasitəsinə çevrilir.
3. Əgər cəmiyyətdə hicab olmazsa, fəsad artar, qeyri-halal yolla dünyaya gələn uşaqların sayı artar. Bəzi Qərb ölkələrinə baxmaqla bunu aydın şəkildə görmək olar. Belə ki, bu ölkələrdə qanuni nikahla doğulan uşaqların sayı qeyri-qanuni yolla doğulan uşaqların sayından azdır. Bu da cəmiyyətin məhvinə gətirib çıxarır.
4. Əgər qadının hicabsız halda gəzməsi cəmiyyətdə adət halını alarsa, cəmiyyətdə qadınlar daha çox özlərini nümayiş etdirmək istəyəcək və bir-birləri ilə yarışacaqlar. Bu cür cəmiyyətdə qadın elm, agahlıq və bilik dalınca deyil, "gözəllik” dalınca düşəcəkdir.
 
Hicab ancaq İslam dininə aiddir, yoxsa başqa dinlərdə də hicab vardır?
Quranda "Əraf” surəsinin 20-ci ayəsində Adəm (ə) ilə Həvva (ə) haqqında gələn ayədən görmək olur ki, geyinmək və örtülmək elə o vaxtdan mövcud olmuşdur. İnsan yer üzərinə gələn gündən geyiminə riayət etmişdir. Qurani-Kərimdə oxuyuruq ki, Həzrət Süleymanın (ə) zamanında qadınlar geyimlə yanaşı, üzlərinə rübənd də bağlayırdılar. Eyni zamanda Quranda oxuyuruq ki, Həzrət Süleymanın (ə) zamanında Səba mələkəsi günəşpərəst olmasına baxmayaraq, kamil hicab geyinərdi. O, Həzrət Süleymanın (ə) sarayına daxil olanda onun taxtına tərəf getmək istəyir. Süleyman (ə) əmr etmişdi ki, saraya büllurdan xalça salsınlar, Bilqeys paltarını qaldırır ki, paltarı islanmasın. Həzrət İbrahimin (ə) zamanında da qadınlar hicaba riayət edirdilər. İranlı qadınlar da qədim dövrlərdə hicab geyinirdilər.
Vil Dürant yəhudilərin qayda-qanunu haqqında yazır: "Əgər qadın yəhudilərin qanuna əməl etmirdisə, məsələn, başına örtük taxmadan insanların arasına çıxırdısa, ya kiminlə oldu, dərdini bölüşürdüsə, ya da səsini yüksəldirdisə, ya da evində elə bərkdən danışırdısa ki, qonşuları səsini eşidirdilər - ərinin haqqı vardı ki, mehriyyəsini vermədən onu boşasın”.
Zərdüşt zamanında da qadınların hicabı var idi. Varlı ailələrdə qadınların haqqı yox idi ki, hicabsız bayıra çıxsınlar. Heç kim onların üzünü görə bilməzdi. Onların haqqı yox idi ki, hətta ata və qardaşlarını belə görsünlər. Onlar ata və qardaşları üçün naməhrəm sayılırdılar.
Gördüyümüz kimi, hicab tək İslam dininə aid mövzu deyildir. Sadəcə olaraq, digər din və mədəniyyətlər hicabı itirib, İslam dini isə hicabı qoruyub saxlaya bilmişdir.
Bəli, hicab həm qadının iffəti, həm namusu, həm pis gözlərdən qoruyan vasitə, həm ailə və cəmiyyət səadəti, həm də övladlarına ibrətli nümunədir.
 /Deyerler.org/

Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 1150 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]