Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Başqalarının fikrini öyrənmək həmişə faydalıdır
2013-05-14, 10:56 AM | |
Məşvərətlə verilən qərar ailəyə bərəkət gətirir İnsanın sahib olduğu ən böyük nemət Allahın verdiyi ağıldır. Qurani-Kərimdə bizə xeyirin, uğurun istiqaməti dönə-dönə göstərilir: təfəkkür etmək, təfəkkür etmək, təfəkkür etmək... Yəni insan ağlının işığında öz ehtiyaclarını axtarsa, istədiyinə nail ola bilər. İstər fərd üçün olsun, istər ailə üçün, istərsə də hər hansı bir kollektiv və ya cəmiyyət üçün, başqalarının fikrini öyrənmək, məşvərətlə qərar çıxarmaq həmişə faydalıdır. El arasında söz var: "Ağıl ağıldan üstündür". Yəni hər kəs məsələyə öz prizmasından münasibət bildirir və nəticədə həqiqət ortaya çıxır. Dünyanın ən məşhur iş adamlarından bəhs edən bir kitabda bildirilir ki, bu adamları birləşdirən ortaq nöqtə onların məşvərətlə qərar qəbul etmələridir. Həmin məşhurlardan biri etiraf edir ki, idarəsindəki çayçı ilə də fikir mübadiləsi aparır və hətta vurğulayır ki, bəzi məsələlərdə əsas "ideyanı” elə o cür sadə insanların fikirlərindən alır. Əslində bütün iclaslar, müşavirələr fikir mübadiləsindən başqa bir şey deyil, ancaq bunlar "protokol qaydalarına” çevriləndə ortada məşvərət qalmır. Ailə məsələlərində də məşvərət çox vacibdir. Hətta sübut edirlər ki, məşvərətlə verilən qərar ailəyə bərəkət gətirir. Siz hər hansı məsələni təkcə həyat yoldaşınızla yox, uşaqlarınızla da müzakirə etməyə çalışın. Həm də söhbəti o qədər təbii və səmimi qurun ki, uşağınız sizin ona qiymət verdiyinizi, onu böyük adam kimi qəbul etdiyinizi hiss etsin. Siz o uşağın sözündən bir şey götürməsəniz də, hər halda uşağın tərbiyəsində mühüm bir addım atmış olarsınız. Əvvəla, o uşaq özünü ciddi, sanballı adam hesab edər, ən başlıcası ağlını işlədər, düşünər və məşvərət əxlaqını qəbul edər. Özünü bəyənən, xudbin adamlar məşvərəti sevmirlər. Ona görə də, bu cür adamlar həmişə son nəticədə əliboş qalırlar. Ailə problemlərinin həllində məşvərətin bir faydası da ondadır ki, hamının ortaq fikri ilə görülmüş iş sonradan narazılığa səbəb olmur, lap o iş səhv olsa belə, hamı o səhvlə barışır və başqasını ittiham etmir. Məşvərət ailədə həmrəylikdir, səmimiyyətdir, məsuliyyəti bölüşməkdir, düşünmək vərdişidir, qarşı tərəfə hörmətdir, başqalarını dinləyə bilmək qabiliyyətidir. Ona görə də, ailələrdə bir çox məsələlərin hamının iştirakı ilə məşvərət edilməsi vacibdir. Məşvərətdə bərəkət var. Həyat yoldaşınız kimi, uşaqlarınızla da məşvərət edin. İnanın ki, çox şey qazanacaqsınız. /Zaman qəzeti/ islamazeri.az | |
Views: 849 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |