Ailə, yoxsa ömür boyu peşimançılıq - Ailə xoşbəxtliyi - Qadın - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 11:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Ailə, yoxsa ömür boyu peşimançılıq
2013-08-20, 11:29 AM
Ailə, yoxsa ömür boyu peşimançılıq

Qadın və kişinin bəzi istedadları yalnız ailə qurduqdan sonra yetərli həddə çatır.
Bəşəriyyətin ən gözəl və ilahi hisslərindən biri onun ailə qurmağa və övlad sahibi olmağa meylidir. İnsanların ailə formasında yaşayışı tam təbiidir. İnsan elə bir şəkildə yaradılmışdır ki, o fitri və təbii şəkildə ailə qurmağa və övlad sahibliyinə meyl göstərir. Bəşər tarixinin mütaliəsi göstərir ki, o yarandığı gündən ailə qurumunda yaşamışdır. Ailə qurumunu aradan götürmək istəyən bütün fərdlər uğursuzluqla üzləşiblər. Bu istiqamətdə nə Əflatunun, nə də Marksist məktəbin səyləri bir nəticə verməyib. Qədim dövrdən əsrimizə gəlib çatmış vəhşi qəbilələrdə belə, ailə qurumu mövcuddur. Bəşər tarixini açıq gözlə mütaliə etmiş alimlər belə bir qənaətə gəliblər ki, tarix boyu həyat yoldaşı seçimi və ailə təşkili kimi əhəmiyyətli qayda-qanun olmayıb. İzdivacın şəxsi yox, növlə (insan növü) bağlı zərurət olması bu həqiqətin dəlilidir. Bəli, izdivacda məqsəd bəşər nəslinin davamıdır.

Məşhur Amerika mütəfəkkiri V. Dorant "fəlsəfənin ləzzətləri" kitabında yazır: "Təbiət ailə qurumunu müəyyənləşdirib ki, kişini qadının və qadını körpənin xidmətinə sövq etsin. Kişilər təbiət etibarı ilə qadının, qadınlar isə təbiət etibarı ilə körpələrin və insan nəslinin xidmətçisidir. Alim öz sözünə belə davam edir: "İzdivac bağlılığı qadınla kişinin sevgi və şəhvət rabitəsini qanuniləşdirmək üçün deyil, bəşər nəslinin qorunması və davamında ata, ana və övlad arasında mövcud olan bir bağlılıqdır."

Qadın və kişi elə bir formada yaradılıb ki, onlardan heç biri o biri olmadan səadətə çatıb ehtiyaclarını ödəyə bilmir. Onlardan birinin vücudu o birini tamlaşdırır. Yalnız bağlı olduqları vaxt öz istedadlarını çiçəkləndirib, kamala çata bilirlər. Başqa sözlə, qadın və kişinin bəzi istedadları yalnız ailə qurduqdan sonra yetərli həddə çatır.

Ailə qurduqdan sonra qadın və kişi eşq və məhəbbətlə bir-birinin xidmətində durur, hər biri özünü digərinin asayiş və rahatlığına həsr edir. Sonrakı mərhələdə xanımlar övladlarının inkişaf və rifahı üçün çalışır və bu yolla "yalnız özü üçün səy göstərmək və özündən başqasını görməmək" kimi eqoistliyin sıxıntısından bir qədər azad olurlar. Onların ruhi duyumları və xüsusiyyətləri bu bağlılıq çərçivəsində sığallanır və daxillərində üçüncü bir şəxsin hənirtisi vücuda gəlir.

Qurani-Kərim sevgi və mərhəməti ailə rabitəsinin əsası sayır. Bu bağlılıq şəhvət və maddi təmənna bağlılığından üstün və ucadır. "Rum” surəsinin 21-ci ayəsində deyilir: "Sizin üçün öz növünüzdən zövcələr yaratdıq ki, onlarla aramlıq tapasınız və aranızda sevgi və mərhəmət qərar verdik."

Ailənin müvəffəqiyyətində ən təsirli addım həyat yoldaşı seçimində yetərincə diqqət göstərilməsi və araşdırma aparılmasıdır. Təcrübə göstərir ki, ailədə baş verən bir çox acılıqların səbəbi həmin bu mərhələdəki məlumatsızlıqdır. Bəziləri yetərincə araşdırma aparmadan ailə həyatı qurur. Belələri uyğun sahədə səhlənkarlıqlarının acı nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bəziləri isə həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və nəticədə üzücü peşmançılığa düçar olurlar.

Ailənin müvəffəqiyyəti hər şeydən öncə həyat yoldaşının agahlıqla seçilməsi və bu seçimdə düzgün meyarlardan istifadə olunmasından asılıdır.

Hələ ki, ailə həyatı qurmamış və ailə təcrübəsi olmayan bir kəs bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu düzgün dərk edə bilmir. Ailə qurduqdan sonra isə insan bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu anlayır.

Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda məqsədinin nə olduğunu və ailə həyatından nə istədiyini müəyyənləşdirməlidir. Müəyyənləşdirilməlidir ki, məqsəd varlanmaq və daha çox maddi ləzzət duymaqdır, yoxsa insani və mənəvi dəyərləri qorumaqla sağlam ailə qurmaq?

İnsan bu suala cavab verməklə öz həyat yolunu müəyyənləşdirir. Həyat yoldaşı seçimi də bu baxışdan asılıdır.

Əgər yalnız maddi və zahiri məsələləri meyar götürsək və bu əsasda seçim aparsaq, ailədən vəfa, səmimiyyət, fədakarlıq və məhəbbət intizarında olmamalıyıq.

Məlum məsələdir ki, uyğun dəyərlərə malik olmayan ailənin olmağındansa olmamağı yaxşıdır. Ciddi problemlərlə rastlaşmış və qısa bir zamanda dağılan ailələrin əksəri həmin bu növə aiddir. Yəni bu ailələrin təməli gerçək dəyərlər üzərində qurulmamışdır.

Təcrübədən məlum olur ki, bəzi gənclər ailə həyatı qurmağı ticarətlə səhv salırlar. Evlənməkdə məqsədi sərvət əldə etmək olanlar da var. Bəziləri də qarşı tərəfin yalnız zahiri gözəlliyini əsas götürür, düşüncə və şəxsiyyəti ilə maraqlanmırlar. Həyat yoldaşı seçimində qarşı tərəfin ictimai mövqeyini, peşəsini əsas götürənlər də var. Bu vaxt təbii ki, zəruri amillər nəzərdən qaçırılır. Bütün bu hallarda müştərək həyatın davamı problemə çevrilir. Ailələrə və ailə qurmaq fikrində olan gənclərə belə bir mühüm nöqtəni xatırlatmaq lazım gəlir ki, həyat yoldaşı seçimində gözüyumulu addım atmaqla öz gələcəklərini puça çıxarmasınlar. Çünki bu səhv addımın ardınca bir ömür peşmanlıq gəlir.

faktxeber.com


Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 428 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]