Şiələrin İmam Sadiqdən (ə) nəql etdikləri hədislər - O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız - Nəsihətlər - İslamda nələr var? - gunahkar-bende
Bazar günü, 2016-12-11, 9:01 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Şiələrin İmam Sadiqdən (ə) nəql etdikləri hədislər
2013-07-18, 9:27 AM
Şiələrin İmam Sadiqdən (ə) nəql etdikləri hədislər
◘Hər kəsə dörd tövfiq verilsə dörd şeydən məhrum olmaz: Hər kəsin dua etməyə halı olsa duanın müstəcab olmasından naümid olmaz. Hər kəs istiğfar etmək tövfiqi qazansa tövbədən bəhrələnər, hər kəs şükür etmək səadətinə qovuşsa nemətin çoxluğundan məhrum edilməz və hər kəs səbirli ruha malik olsa əcr və savabdan binəsib olmaz.
◘Dörd varlıq camaatın onlar barəsində etdikləri duanın səsini eşidər: Peyğəmbər (s), hurul-eyn, behişt və cəhənnəm. Hər kəs Peyğəmbərə (s) salavat göndərsə və ya ona salam versə o həzrətə (s) çatar. Hər kəs desə ki, Pərvərdigara, məni hurul-eynlə evləndir, onlar onun səsini eşidər və deyərlər: "Pərvərdigara, filan kəs Səndən bizi istəyir, bizi onunla evləndir.” Hər kəs dua etsə ki, Pərvərdigara məni behiştə daxil et, behişt onun səsini eşidər və deyər: "Pərvərdigara məndə onun üçün yer ayır.” Hər kəs də cəhənnəm atəşindən Allaha pənah aparsa cəhənnəm deyər: "Pərvərdigara, ona pənah ver.”
◘Üç xüsusiyyətə malik olan şəxs cəmiyyət arasında dörd imtiyaza sahib olar. Hər kəs yalan danışmasa, zülm etməsə və vədəsinə xilaf çıxmasa camaat arasında ədalətli şəxs kimi tanınar, məhəbbəti qəlblərdə özünə yer alar, qeybəti haram olar və onunla qardaşlıq vacib olar.
◘Dörd şey behişt xəzinələrindəndir: Müsibəti gizlətmək, xəstəliyi gizlin saxlamaq (yəni, hamıya şikayət etməsin. Müalicə etməkdən ötrü heç bir eybi yoxdur.), gizli sədəqə və öz ehtiyacını gizlətmək.
◘Behişt əhlinin dörd əlaməti var: Gülərüzlülük, şirindillilik, mehriban qəlblilik və əli açıqlıq.
◘Özünün barəsində nə desələr və özü də başqaları barəsində hər nə desə vecinə gəlməyən, camaatın özünə qarşı pis fikirdə olmasından qorxmayan, zinaya meyli olan və heç bir səbəb olmadan kin-küdurət səbəbilə qeybət edən kəsin nütfəsinə şeytan şərik olub.
◘Zinadan doğulan uşağın dörd əlaməti var: Peyğəmbərin (s) Əhli-beyti (ə) ilə düşmənçilik, zinaya meyl, dini yüngül tutmaq, bədrəftar olmaq.
◘Hər kəs mənə dörd şeyi öhdəsinə alacağı barədə söz versə, mən də behiştdə dörd ev ona zaminəm: Fəqirlikdən qorxmadan infaq edəcək, camaata qarşı insaflı olacaq, hamıya salam verəcək və haqq onun tərəfində olsa da höcət etməyəcək (yəni, boş-boşuna söz güləşdirməyəcək).
◘Dörd şey dörd şeydən doymaz: Yer yağışdan, göz baxmaqdan, qadın kişidən və alim elmdən.
◘"Ey Səmaə! Mömin dörd bəladan asudə olmaz: Əziyyət edən qonşudan, azdıran şeytandan, eyibləri axtaran münafiqdən və paxıl mömindən. Ey Səmaə, bu axırıncı bəla hamısından daha pisdir.” Səmaə soruşdu: "Nəyə görə o, hamısından daha pisdir?” Buyurdu: "Çünki O, kimin barəsində bir söz desə camaat inanıb qəbul edər.”
◘Peyğəmbər (s) buyurub: "İstəyirsinizmi sizə cəhənnəm odunun kimlərə haram olduğunu xəbər verim?” Dedilər: "Bəli, ey Rəsuləllah!” Buyurdu: "Mülayim, yumşaq təbiətli və dostlarının səhvlərinə göz yuman kəslərə.”
◘İnsana faydası olan elm dörd hissədən ibarətdir: Allahı tanımaq, Onun nemətlərini tanımaq, ilahi vəzifələri tanımaq və insanın dindən xaric olmasına səbəb olan şeyləri tanımaq.
◘Fəzl ibn Əyyaz deyir ki, bir gün İmam Sadiqdən (ə) soruşdum: "Cihad vacib əməldir, yoxsa müstəhəb?” Buyurdu: "Cihad dörd növdür: ikisi vacib, üçüncüsü vacib vasitəsi ilə həyata keçən müstəhəb, dördüncüsü isə sırf müstəhəbdir. Vacib cihadlar: Birincisi nəfsə qarşı aparılan cihaddır. Bu cihad insanı günahdan saxlayır və cihadların ən üstünüdür. İkinci vacib cihad isə müsəlmanlarla qonşu olan kafirlərə qarşı aparılan müharibədir. Bu cihad o halda vacib olur ki, onlar tərəfindən hər hansı bir təhlükə baş versin. Üçüncü növ cihad imamdan ötrü müstəhəbdir ki, düşmənin sorağını alıb onunla müharibəyə getsin. Elə ki, bu müstəhəb cihad haqqında onun hökmü elan olundu, bu cihad ümmətə vacib olur və əgər bu işdən imtina etsələr ilahi əzaba düçar olarlar. Buna görə də bu cihada vacib vasitəsi ilə həyata keçən müstəhəb cihad deyilir. Sırf müstəhəb olan dördüncü növ cihad isə hər hansı bir şəsxin gözəl bir sünnə və yaxud, ənənəni icra etmək, yaxud onu təsis edərək yaşatmaq məqsədi ilə göstərdiyi səydir. Onun bu yolda olan zəhmət və çətinliklərə səbr etməsi əməllərin ən əfzəlidir.” Peyğəmbər (s) buyurub: "Hər kəs özündən sonra gözəl bir ənənə qoyub getsə Allah ona həm bu işin savabını, həm də buna əməl edən bütün insanların savabı qədər savab əta edər. (Buna əməl edənlərin öz savabları da özlərində qalmaqla.)
◘Dörd kəsin namazı Allah dərgahında qəbul deyil: Zülümkar rəhbərin, camaatın istəmədiyi imam-camaatın, heç bir ehtiyac və zərurət olmadığı halda öz sahibinin yanından qaçan qulun və ərinin icazəsi olmadan evdən çıxan qadının.
◘Dörd günah artıb hər yeri bürüyən zaman dörd bəla meydana gələr; zina artan zaman zəlzələ çoxalar, zəkat verilməsə dördayaqlı ev heyvanları qırılar, qazılar (şəri hakimlər) haqqa zidd olan hökm çıxarsalar yağış kəsilər və əhd-peyman sındırılan zaman kafirlər müsəlmanlara qalib gələr.
◘Qazi dörd növdür. Biri odur ki, heç bir elmi olmadan haqlı hökm çıxarır. Bu od əhlindəndir. (Çünki, haqlı hökm çıxarmasına baxmayaraq, elmi olmadığına və haqla batili ayırma qüdrəti olmadığına görə hökm çıxarmaq haqqına malik deyildi,) ikincisi odur ki, emli olmadan batil hökm verən. Bu da cəhənnəm əhlidir. Üçüncüsü elmi olduğu halda batil hökm verən. Bu da cəhənnəm əhlidir. Dördüncüsü isə haqq söz deyən alim qazidir. Qazilər arasında yeganə cənnət əhli olan da məhz odur.
◘Səbr, yaxşılıq, xoş rəftar və xoş xasiyyət peyğəmbərlərin xüsusiyyətlərindəndir.
◘Bir kəs müsafir olsa da dörd müqəddəs məkanda namazını bütöv qıla bilər: Məkkədə, Mədinədə, Həzrət Əlinin (ə) hərəmində (Məqsəd Kufə məscididir) və İmam Hüseynin (ə) hərəmində.
◘Quranın vacibi səcdə ayəsi olan surələri dörddür: Ələq, Nəcm, Fussilət və Səcdə.
◘Şeytan dörd dəfə nalə və fəryad edib: Lənət olunduğu gün, Adəmin (ə) yerə gəldiyi gün, Məhəmmədin (s) besət günü (Peyğəmbərliyə seçildiyi gün) və "Həmd” surəsi nazil olan vaxt. İki dəfə də lovğalanmışdır: Adəm ağacdan meyvə yeyən və behiştdən qovulan zaman.
◘Dörd şey hədər yerə gedər: Şoranlığa əkilmiş toxum, gündüz yandırılan çıraq, tox olan vaxt yeyilən yemək və başa düşməyən kəslərə yaxşılıq.
◘Müfəzzəl ibn Ömər deyir ki, İmam Sadiqdən (ə) müsəlmanların neçə bayramı olduğunu soruşdum. Buyurdu: "Dörd.” Dedim: "Qurban, Fitr və Cüməni bilirəm, bəs dördüncüsü hansıdır?” Buyurdu: "Hamısından daha böyük və daha şərəflisi zil-hiccə ayının on yeddisidir. Bu gündə Peyğəmbər (s) Əlini (ə) insanlara imam və rəhbər olaraq tanıtdırıb.” Dedim: "Həmin gündə biz nə etməliyik?” Buyurdu: "Gərək bu günün şükrünü yerinə yetirməkdən ötrü oruc tutasınız, hər bir saat gərək şükr edəsiniz. Hər bir peyğəmbər öz vəsisini camaata rəhbər təyin etdiyi gün ona oruc tutmaq və həmin günü bayram etmək göstərişi verib. Qədir-xum bayramı günü tutulan oruc altmış aylıq ibadətdən əfzəldir.”
◘İbrahim peyğəmbərə (ə) vəhy olunan və Quranda gələn "Dörd quşu öz yanında tikə-tikə doğra, daha sonra onu dörd hissəyə bölüb hər hissəni bir dağın üstünə qoy” ayəsi barəsində belə buyurub: "Həzrət İbrahim (ə) şanapipik, sərçə, tovuzquşu və qarğanın başını kəsib ayırdı. Bədəninin qol-qanadını, ətini, sümüyünü doğrayıb bir-birinə qatdı. Bu qatışığı dörd hissəyə ayırdı və hər hissələri on dağın üstünə qoydu. Sonra öz yanına dən və su qoydu və onların dimdiklərini barmaqları arasında tutub dedi: "Allahın izni ilə tez bura gəlin!” Birdən bu ət, sümük və qol-qanad bir-birinə yapışdı, bədənlər təkmil oldu və hər bədən də gəlib öz başına yapışdı. Həmin an həzrət İbrahim (ə) başları buraxdı. Quşlar orada olan dənləri yeyib, sudan içməyə başladılar. Sonra dilə gəlib dedilər: "Ey Allahın peyğəmbəri! Bizi diriltdin, Allah da səni diriltsin.” İbrahim (ə) buyurdu: "Dirildən də, öldürən də Allahdır!”
Bu ayənin zahiri təfsiridir. Lakin bunun batini mənası budur ki, sən dörd nəfəri elmləndir, onları ətraf ərazilərə göndər ki, sənin tərəfindən insanlardan ötrü höccət olsunlar. Sən də onları görmək istəsən ismi-əzəm oxuyub onları çağır Allahın izni ilə onlar tez sənin yanına gələcəklər.
◘Şeyx Səduq (r) buyurur: "Mənim nəzərimcə hər ikisinin olması mümkündür.” (Həm quşların hər də nümayəndələrin göndərilməsinin).
◘Bəziləri deyib: "Burada İbrahimin (ə) məqsədi insanların iman gətirməsindən ötrü keçmiş peyğəmbərlər kimi möcüzə göstərmək idi. Buna görə də Allahdan ona ölüləri necə diriltməsini göstərməsini istədi. Allah tərəfindən göstəriş gəldi ki, sən dirini öldür (yəni, İsmaili qurban kəs), Biz də ölüləri dirildək. Sonra Allah tovuzquşu, kərkəs, xoruz və ördəyin başını kəsmək göstərişini verdi. Tovuzquşu dünyanın bər-bəzəyinə, kərkəs isə uzun-uzadı arzulara, ördək hərisliyə, xoruz isə şəhvətə işarə idi. Yəni, əgər qəlbini diri saxlamaq və yəqin əldə etmək istəyirsənsə bu dörd xüsusiyyətdən uzaq ol, çünki, bunlar qəlb aramlığını aradan aparar.
◘Həzrət Adəmə (ə) vəhy olundu: "Mən bütün hikməti sənin üçün dörd kəlmədə xülasələndirirəm. Biri Mənə məxsusdur, digəri sənə, biri Mənimlə sənin aranda, axırıncısı da səninlə camaat arasındadır. Mənə aid olanı budur ki, Mənə ibadət et və heç kəsi Mənə şərik qoşma. Sənə aid olanı budur ki, ən çətin anında Mən sənin payını verəcəyəm. Səninlə mənə aid olanı budur ki, səndən dua, Məndən qəbul etmək. Səninlə camaata aid olanı isə budur ki, özün üçün istədiyin hər bir şeyi camaat üçün də istə.
◘Dörd kəs behiştə daxil olmaz: Falçı, şərabxor, münafiq və sözgəzdirən. (Lakin, tövbə edib keçmişdəki pisliklərini yaxşı işlərlə əvəz etməkləri istisnadır.)
◘Dünyada dörd tapılmayan şey var ki, insan onlara olduqca möhtacdır: Əməl sahibi olan alim, riyasız əməl, şübhəsi olmayan yemək və eyibsiz dost. Bunların ardınca gəzsən heç birini tapa bilməzsən. (Məqsəd bunların çox az olmasıdır.)
◘Dörd nəfərin duası müstəcab olmaz. Biri evdə oturub Allahdan ruzi istəyən kişinin. O, dua edərkən belə cavab gələr: "Məgər Mən kəsb etməkdən ötrü çalışmaq göstərişi verməmişəm?!” İkincisi, öz qadınına nifrin edən kişinin. Ona da cavab verilər ki, talaqın ixtiyarı sənin əlində deyilmi?! (Bu o hala aiddir ki, onunla yaşamaq istəmir, talaq vermək əvəzinə ona nifrin edir.)
Üçüncüsü öz mal-dövlətini aradan aparıb, sonra Allahdan ona ruzi verməsini istəyən kişinin. Onun da cavabında belə deyilər: "Məgər mən sənə israfa yol verməməyini və malını islah etməyi bildirməmişdimmi?!”
Dördüncüsü isə öz malını heç bir şahid olmadan borc verib şahidinin də onu inkar edənin. Ona da cavab verilər ki, məgər mən şahid tutmaq göstərişi vermədimmi?!
Başqa bir hədisdə dördüncünün pis qonşusuna nifrin edən kəsin olduğu qeyd olunur. Halbuki, o, evini satıb ondan xilas ola bilər.
◘Dörd vaxtda edilən dua müstəcab olar: Vətr namazında (gecə namazının axırıncı rəkətində, sübh namazından sonra, zöhr namazından sonra və məğrib namazından sonra.
Başqa bir rəvayətdə də var ki, hər kəs məğrib namazından sonra səcdəyə gedib dua etsə, duası müstəcab olar.
◘Mömin üçün həqiqi aramlıq yoxdur. Yalnız ölümdən sonra öz Allahına qovuşduğu zaman ondan ötrü həqiqi aramlıq hasil olar. Bundan başqa hallarda əgər, onun üçün aramlıq təsəvvür olunsa bunu dörd şeydə tapmaq olar: 1. Qəlbin və ruhun Allah barəsində düşüncəyə qərq olduğu sükut. 2. Dövrün gizlin və aşkar zərərlərindən amanda olan xəlvət. 3. Şəhvəti və şeytanın vəsvəsələrini öldürən aclıq. 4. Qəlbi nurani, təbiəti saf və ruhu pak edən gecə oyaqlığı.
◘Mənsur Abbasi İmam Cəfər Sadiq (ə) üçün xəbər göndərib bildirdi: "Nəyə görə siz də başqaları kimi bizim qapımıza get-gəl etmirsiniz?” Həzrət belə cavab verdi: "Bizim nə dünyamız var ki, onu müsadirə edəcəyindən qorxaq, nə sənin axirətin var ki, bu barədə sənə ümidvar olaq (sənin mənəviyyatından və ruhaniyyətindən bəhrələnək), nə nemət içindəsən ki, səni təbrik edək və nə də ki, əlində olanları bəla bilirsən ki, gəlib sənə təsəlli verək. Elə isə, bəs nəyə görə sənin qapına gəlib gedək?” Mənsur yenidən xəbər göndərdi ki, bizə nəsihət verib tərbiyələndirməkdən ötrü gəlin.” Həzrət buyurdu: "Dünya istəyənlər səni nəsihət etməzlər, çünki öz hədəflərindən yayınarlar. Axirət istəyənlər də səninlə oturmazlar çünki, Allahı yaddan çıxararlar.”
◘Bu fani dünyada camaat dörd şeyin ardınca qaçır: Varlı olmaq, asayiş, qəm-qüssədən xilas olmaq və izzət. Varlılıq qənaətdədir, hər kəs axtarsa tapmaz. Rahatlıq zəhmətdən, çətinlikdən uzaq olmaqdadır. Hər kəs çox şey istəsə rahatlıq tapmaz. Qəm-qüssənin azlığı məşğuliyyətlərin və giriftarçılıqların az olmasındadır. Hər kəsin məşğuliyyəti və giriftarçılığı çox olsa qəm-qüssədən azad olmaz. İzzət isə Allaha itaətdədir. Hər kəs bunu insanlara itaətdə axtarsa tapmaz.
◘Təəccüb edirəm o kəslərə ki, dörd şeydən qorxduğu halda dörd şeyə pənah aparmır:
1. O kəs ki, pislikdən qorxur, lakin bu ayəyə pənah aparmır:
Həsbunəllahu və niməl vəkil.
Allah bizə bəsdir və O, çox gözəl vəkildir
Allah bu cümləni deyən kəslər barəsində buyurur: "Allahın nemət və fəzli ilə qayıtdılar və heç bir zərər də onlara toxunmadı”
2. Qəm-qüssə içində olan şəxs Yunis peyğəmbərin (ə) dilindən olan bu ayəyə pənah aparmır:
La ilahə illa ənt, inni kuntu minəz-zalimin.
Səndən başqa Allah yoxdur, Sən paksan, zülümkarlardan olan isə mən idim.
Allah bu ayənin ardınca buyurur: "Biz onun duasını müstəcab etdik və onu qəm-qüssədən azad etdik və Biz möminlərə belə nicat veririk.”
3. Başqalarının məkrindən qorxan kəs isə bu ayəyə pənah aparmır:
Və ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil-ibad.
İşimi Allaha tapşırıram. O, bəndələrini görür və onlara nəzarət edir.
Bu ayənin ardınca Quranda belə deyilir:
"Allah onu onların hiyləsindən qurtardı.”
4. Dünyanın bər-bəzəyini istəyən şəxs isə bu ayəni oxumur:
Ma şaəllahu la qüvvətə illa billah.
Hər nə Allah istəsə o da olacaq, Allahın qüvvətindən başqa qüvvət yoxdur.
Allah bu cümləni deyən şəxsə kömək edəcəyini vəd edib.
◘Təqvadan da gözəl azuqə yoxdur. Sükutdan da gözəl şey yoxdur. (Yəni, bihudə və qeyri-şəri sözlərdən edilən sükut). Nadanlıqdan da ziyan verən düşmənçilik olmaz və yalandan da böyük dərd mövcud deyil.
◘Süfyan Suri deyir: "İmam Sadiqdən (ə) mənə nəsihət etməsini xahiş etdim. Həzrət (ə) buyurdu: "Yalandan heç vaxt comərdlik gözləmək olmaz, başqalarına əziyyət edənin dostu olmaz, paxıl rahatlıq tapmaz, bədxasiyyət adam da böyüklük əldə etməz.” Dedim: "Bir az da buyurun." Buyurdu: "Allaha etimad et. Çünki, iman məhz elə budur. Onun verdiklərinə razı ol. Çünki, ehtiyacsızlıq da elə budur. Qonşunla xoş davran ki, müsəlman hesab olunasan. Dinsiz insanla da dostluq etmə. Çünki, fasiqliyini sənə keçirdər və Allahdan qorxan kəslə məşvərət et.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 256 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]