Bazar günü, 2024-12-22, 4:49 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İblisin (lən) yolunda olan ən böyük maneə
2013-11-15, 9:03 AM
İblisin (lən) yolunda olan ən böyük maneə

  İblis lənətliyin bu dünyada gördüyü ilk iş - insanı üsyana və itaətsizliyə təşviq etməkdir. Ancaq əgər insan onun bu dəvətini qəbul etməsə, şeytan heç bir zaman ona hakim ola bilməz.(Tebyan saytına istinadən)
İradəmizə hakim olmaq və imanımızın söylədiklərini etmək üçün insan təfəkkür etməlidir. Belə ki, xeyir iş haqqında düşünmək iradənin xeyr işlərə aid olmasına gətirib çıxaracaqdır. Xüsusilə də əgər bu xeyir işlərin faydalarını insan bilir və ona diqqət edirsə, insan xeyir işlərə tərəf cəlb olunacaqdır. Ancaq əgər insan pis işlər haqqında düşünürsə, bu düşüncə onu pis əməllərə tərəf cəlb edəcəkdir. Belə ki, İmam Əli (ə) buyurur: "O kəs ki, günahlar haqqında düşünür, bu düşüncə onu günaha tərəf çəkəcəkdir”.
Ona görə də xeyir işlərin faydalarını düşündüyümüz kimi, pis işlərin mənfi nəticələrini də düşünməliyik. Əgər insan bir naməhrəmə baxarsa və bilərəkdən belə olmazsa, şeytan ona vəsvəsə edəcəkdir ki, həmin simanı zehnində canlandırsın və sonra vəsvəsə edəcəkdir ki, bu naməhrəm barədə düşünsün.
Quranın  şeytan haqqında buyurduqlarına nəzər salanda görmək olur ki, şeytanın xüsusiyyətlərindən biri də zinətləndirmək və bəzəməkdir. İnsan hansısa bir şeyi zehninə gətirən zaman şeytan həmin şeyi o qədər bəzəyir və o qədər əzəmətli göstərir ki, sanki bu həmin şey deyilmiş kimi. "Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir”. ("Ali-İmran” 14).
"Və (xatırla) o zaman(ı) ki, şeytan onların gözlərində (batil) əməllərini zinətləndirdi”. ("Ənfal” 48).
"Həqiqətən Şeytan (kitab əhlindən) doğru yol aydın olduqdan sonra geriyə dönən (öz keçmiş əqidələrində qalan) kəslərin gözündə (batil və günah işləri) zinətləndirmiş və onları uzun-uzadı arzulara salmışdır”. ("Muhəmməd” 25).
Problem buradadır ki, əgər insan bu vəsəvəsələrə müsbət cavab verərsə, şeytan onun günaha olan əlaqəsini daha da artırar. Günahdan uzaq olmaq o deməkdir ki, insan hətta günah olduğuna ehtimal verdiyi şeylərdən belə çəkinməlidir. Bəzən belə olur ki, insan saatlarla bir şeyi fikirləşməkdən əl çəkə bilmir. Baxmayaraq ki, yorulub, ancaq onu fikirləməyə bilmir. Çünki insan özü zehninə nəzarəti itirmişdir. Hər nə qədər yanlış və şeytani fikrilər varsa, hamısının zehninə girməsinə icazə vermişdir. Əgər insan zehninə gələn fikrin yanlış olduğunu anlayarsa, onu təsvir etməkdən və onun haqqında fikirləşməkdən çəkinməlidir. Sizin bu əməliniz şeytana zərbə vuracaqdır. Əlbəttə əməl meydanında günahdan qaçmağın özü də günaha qarşı meyli azaldar. İnsan nə qədər günah işlədərsə, bir o qədər şeytan üçün qəlb qapılarını açmış olacaqdır. Əgər insan qəlb qapılarını şeytanın üzünə bağlı saxlayarsa, şeytan heç bir zaman insana hakim ola bilməz.
"(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır»”. ("İbrahim” 22).
O kəs ki, şeytanın bəndəsidir və daim onun ardınca qaçır, şeytandan günahdan necə uzaqlaşa biləcəyinizi soruşanda, şeytan ona hakim olduğu üçün onu rahatlıqla əlindən buraxmayacaqdır. "Onun hökmranlığı (və əmri) ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərində (keçərli)dir”. ("Nəhl” 100).
O insan ki, şeytanın tələsinə düşməkdən qorxur, uçurumun kənarı ilə gedən zaman əyilib uçuruma baxmaq istəyir, bu zaman ayağı ilişib dərəyə yuvarlana bilər. Ona görə də insan hər nə qədər özünü bu uçurumdan qorusa da, yenə də ona düşmək imkanı daha çoxdur. Bu səbəbdən hədisdə deyilir: "O kəs ki, qoruğa yaxınlaşar, mümkündür ki, tələyə düşsün”. Qadağan edilmiş yerdən uzaq olmaq lazımdır. Yəni əgər insan öz ixtiyarı ilə günah sərhədinə qədər gedərsə, orada özünü qorumaq çox çətin olur. Xüsusilə də insanda əgər həyəcan varsa. Hər bir aqil insan bilir ki, təhlükəli olan yerlərdən uzaq olmaq lazımdır.
İnsan çalışır ki, zehnini şeytani fikrilərdən qorusun. Ancaq bu, bütün gün ərzində mümkün olmur. Çox çətin bir işdir. Ancaq insan bir qədər Allah dostları və həqiqi Əhli-beyt (ə) davamçıları ilə oturub-dura bilər və gün ərzində ancaq bir neçə saat zehnini kontrolda saxlamağı bacarar. Həzrət Peyğəmbər (s) və İmamlar (ə) kimi olmasa da, ən azı sübh namazından on dəqiqə qabaq durub, bir neçə rükət namaz qıla bilər.
Allah Təala hər bir zaman və hər bir yerdə hazırdır. Ancaq sübh çağının xüsusi yeri vardır. Əgər bu zaman bütün diqqətini Allaha versən, zikr və həmd deməsən belə, bu dəqiqələrin bərəkəti çoxdur. Onun mənəvi dərəcəsi ibadətlərdən daha yüksəkdir. İlahi Övliyalar gecələr qəlblərində Allaha məhəbbət ağacını əkirlər. Bu ağac bar verən zaman çalışırlar ki, şeytan onun meyvəsini zay etməsin. Bu məhəbbət pak və xalis olaraq qalsın. Bu həqiqətə diqqət etmək nəticəsində insanın səyləri artar. Yemək və geyinməkdən də uca şeylərin olduğuna diqqət etməyə başlayar. Əgər insan bu mənəvi dəyərlərin ləzzətini hiss edərsə, maddi şeylərin ləzzəti onun yanında heç olar.
Mərhum Ayətullah Behcət buyurur: "Şeyx Muhəmmədhüseyn İsfahani bütün əməllərini yerinə yetirəndən sonra başını yastığına qoyurdu ki, yatsın. Başının altındakı mütəkkə göz yaşlarından islanardı. Ümid edirəm ki, Allah bizə də gecə və gündüz ərzində bir neçə dəqiqə bu halı keçirtmək inayətini nəsib etsin. Gecə və gündüzümüzün sərmayəsi olsun və başa düşək ki, Allahın ən yaxşı bəndələri hansı aləmdə seyr edirdilər və Allah Təala onlara hansı lütfləri edirdi”.
Allahım! Səni Peyğəmbərlər (ə) və Əhli-Beytə (ə) and veririk ki, qəlbimizi çirkinliklərdən pak et və Özünün və övliyalarının məhəbbətini qəlbimizi sal. Amin!
 
Hazırladı: Məşhədi Xanım,
[url=http://Deyerler.org]Deyerler.org[/url
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 885 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]