Bazar günü, 2024-04-28, 4:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Orucu bir gün tez, bir gün gec tutanda ya açanda...
2013-07-10, 5:17 PM

Orucu bir gün tez, bir gün gec tutanda ya açanda...

İman rəqəmlərin böyüklüyü yox, qəlbin iştirakındadır


Hər il olduğu kimi bu il də ramazan ayının hansı gün başlaması ətrafında mübahisələr, bəzən də didişmələr başladı. Heç şübhəsiz, mübarək ayın sonunda da eyni gərginlik yaşanacaq, bir az da ciddi! Səbəbi nədir? Yəni müsəlmanlar bu qədər olub? Görüş yerinə, qonaqlığa, dəfnə gecikən, orucu hamıdan qabaq açıb, namazı hamıdan sonra qılan bu adamlara nə olub ki, bir günə görə qırırlar bir-birini? Haqqınız var deyəsiniz ki, mövzu mühüm mövzudur və ramazanın əvvəlini də, axırını da bilmək dini vəzifədir. Bəli, fitr bayramı günü oruc tutmaq haramdır, ramazının son günü fitr bayramı keçirmək də eləcə. Nə olardı ki bu sahədə vəzifəmizə əməl edərdik. Axı belə mübahisələrin kökündə savadsılıq ya da təxribat dayanır. Bir mühüm prinsipi yaddan çıxarmaq olmaz. İslam dini ixtilafları aradan qaldırır, ixtilaf yaratmır.

Belə ki, İslam şəriətinə görə:
-İnsanın şəban ayının axırı və ya ramazan ayının əvvəli olması ilə bağlı şəkk etdiyi gün «şəkk günü» adlanır. Bəzi vaxtlar xalq arasında ayın görünüb-görünməməsi ilə bağlı danışıqlar yarandığından, həmçinin lazımi şərtlərə malik olmayan şəxslər bu barədə şəhadət verdiyindən insanlarda şəkk-şübhə yaranır. Buna görə də belə bir gün şəkk günü adlanır. Belə bir gündə oruc tutmaq vacib deyil. Hətta belə bir gündə ramazan ayının niyyəti ilə oruc tutmaq haramdır. Şəkk günündə oruc tutmaq istəyən şəxs şəban ayının niyyəti, qəza orucu olan şəxs qəza niyyəti ilə oruc tutmalıdır.

-İstər ramazanın əvvəli, istər son şəriətə görə necə müəyyənləşir?

Ayın əvvəli bir neçə yolla müəyyənləşdirilir:
1. Ayı görməklə;
2. İki adil kişinin ayın görünməsinə şəhadət verməsi ilə;
3. Sözlərindən yəqinlik hasil olan bir neçə nəfərin ayın görünməsinə şəhadət verməsi ilə;
4. Şəban ayının əvvəlindən 30 gün keçmişsə; (qəməri ay 30 gündən çox olmur)
5. Camiuş-şərait müctəhid ayın başlandığını bildirən hökm verərsə

P.S. Ayətullah Sistani və Ayətullah Vəhidin hökmünə görə, hakimin hökmü ilə ayın əvvəli müəyyən olmaz.

Bəs müctəhidlər arasında fikir ayrılığı varsa necə?

Müctəhidlər arasında fikir ayrılığı səbəbləri var:

-Bəziləri inanır ki, əgər ay yer kürəsinin bir nöqtəsində görünərsə, üfüqü fərqli olsa da, müştərək gecəyə malik yerlərdə də ayın əvvəli olar. Bəzi fəqihlər üfüq birliyini mötəbər bilir, bəziləri yox.
-Fəqihlərdən bəziləri ayı görmək məsələsində hakimin hökmünü mötəbər saymır.

-Bəzən camiüş-şərait müctəhid ayı görmüş şəxslərin şəhadətini qəbul edir.Bəzi şərtlərin ödənməməsi səbəbindən başqa bir müctəhid bunu qəbul etməyə bilər.

İxtilaf qədr gecələrinə də gedib çıxır. Unutmamalıyıq ki, qədr gecəsinin təyinində müctəhidin nəzəri, hakimin hökmü və ya şəxsi yəqinlik kifayət edir. Allah günü səhv salmış mömin bəndəsini də savab və mükafatdan məhrum etməyəcək. Qədr gecəsi onun feyz və bərəkətini tam şəkildə dərk etmək üçün 6 gecəni əhya saxlamaq daha yaxşıdır. Bu halda ixtilafa yer qalmır.

Ramazanın qurtarması təqlid yolu ilə müəyyən edilmir. Amma mərceyi təqlidin sözü ilə ayın görünməsi ilə bağlı əminlik yaranarsa, insan orucunu açmalı, şəkdə qalarsa, həmin günü oruc tutmalıdır.

Astronomik hesablamalar əsasında, təqvimlə ayın əvvəl-axırı bilinmir. Bütün müctəhidlərin hökmü budur. Amma astronomların sözü şəkki aradan qaldırsa və insan əminb olsa orucunu başa vura bilər. Yəni bu əminliyi yaradan sözü deyənin astranom olub-olmaması mühüm deyil, mühüm olan əminlikdir.

Bir ölkədə ay görünəndə o biri ölkədə orucu açmaq olarmı? Cənab Təbrizi, Safi və Nuridən başqa müctəhidlərin rəyi budur ki, bir ölkədə ayın görünməsi o biri ölkə üçün dəlil deyil. Cənab Təbrizi, Safi, Nuri və Vəhid kimi alimlərin nəzərincə, ayrı-ayrı məntəqələrdə gecə eynisə, yəni birində gecə olanda o birində gündüz olmursa, bu ayın əvvəlinin sabit olması üçün kifayət edir və üfüqlərin bir olması lazım deyil.

Cənab Sistani və Vəhiddən başqa bütün müctəhidlərin rəyi budur ki, şəriət hakimi ayın əvvəlinin sabit olmasını təsdiq etsə onun hökmü hamıya aiddir.

Bəli, axataran sualına cavab tapır və İslam şəritəində cavablandırılmamış sual yoxdur. Araşdırmalarsa davam edir. Hər gün yeni suallar ortaya çıxır, müctəhidlər araşdırma aparıb şübhələri aradan qaldırırlar.

Məsələn, ay bir şəhərdə görünsə, digər şəhərlərdə görünməsə, nə etməliyik? Əgər bir şəhərdə ayın görünməməsinin səbəbi yalnız havanın buludlu olmasıdırsa, digər şəhərdə ayın görünməsi əvvəlki şəhər sakinləri üçün kifayət edər. Bəzən ixtilafın səbəbi iki şəhərin üfüqlərinin fərqli olmasıdır. Bu halda dini mətnlər araşdırılmalıdır. Bu barədə həm əhli-sünnə, həm də şiə arasında ixtilaf vardır. Sünni alimləri arasında hənəfilər, malikilər və hənbəlilər yerin hər hansı bir yerində ayın görünməni kifayət bilirlər. Şafeilərsə şəhərlərin yaxın üfüqlü olmasını əsas sayırlar.

Mübarək "Qədr” surəsinə əsasən, Qədr gecəsi bütün yer əhli üçün eyni gecədir. Amma ayla bağlı qəti bir dəlil ortaya qoymaq mümkün deyil. Deməli, hər hansı bir fərdi, yaxud dövləti ayın vaxtının təyininə məcbur edə bilmərik.

Hər ay Ayın Yerlə Günəş arasındakı mövqeyindən çıxması ilə başlayır. Ayın qaranlıq tərəfi Yerin qarşısında qərar tutur, bu səbəblə Ay Yerin sakinlərinə görünmür. Ayın bu yerdən çıxması ilə yeni ay başlamış olur ki, onun işıqlı yarı tərəfi hilal şəklində görünməyə başlayır
Ayın başlanğıcında hilal Günəşin batdığı yerdə zahir olur, bu vəziyyətdə bir qədər üfüqün üstündə dayanır, sonra gözdən itir.

Şəri baxımdan qəməri ayın başlamasının yalnız iki əsası vardır:
1. Ay muhaqdan çıxmağa başlamalı və onun işıqlı hissəsi Yer ilə üzbəüz dayanmalıdır.
2. Ayın işıqlı hissəsi adi gözlə görünməlidir.
İslam şəriətində meyar Ayın yalnız gözlə görünməsidir. Meyar Ayın elmi cihazlarla görünməsi deyildir, meyar yalnız adi gözlə və cihazsız görməkdən ibarətdir.

Bir çox şiə alimləri və tədqiqatçıları inanır ki, bir şəhərdə ayın görünməsi digər şəhərlər üçün də kifayət edir. Əllamə Hilli "Təzkirə” və "Müntəha” kitabında, Şəhid Əvvəl "Durus” kitabında bu fikri məntiqi saymışdır. Mühəddis Kaşani "Vafi” kitabında yazır: Bəsri deyir: "Şaban ayının 29-u hava bizim üçün buludlu olduğu vaxt ramazan ayının hilalı barəsində İmam Sadiqdən (ə) soruşdum. İmam cavab verdi: "Hilalı görməmiş oruc tutma. Əgər digər bir şəhərin sakinləri o gündə ayın göründüyünə dair şahidlik etsələr, o günün orucunu qəza et!”

Yenə şeytan meydan sulayır. Bu qədər aydın və geniş hökmlər olduğu halda didişmədən zövq alanların bazarı dağdır. Əksəri nə xüms bilir, nə zəkat. Aralarında oruc tutmayanlar da var. Amma ayın başlanğıcı və sonu ilə bağlı mübahisədən ləzzət alırlar.

Xəbər gəlib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ramazan ayının başlanması ilə bağlı ölkə ictimaiyyətində yaranan fikir ayrılığına münasibət bildirib. QMİ-də ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə Şeyx bildirib ki, Şamaxı rəsədxanası ilə QMİ arasında fikir ayrılığı olub və bu artıq həllini tapıb.
Şeyx qeyd edib ki, artıq AMEA-nın Astrofizika İnstitutu ilə danışıqlar aparılıb və QMİ-nin tərtib etdiyi cədvəl əsasında ortaq razılığa gəlinib: "Mən burda yox idim deyə bu fikir ayrılığı cəmiyyətdə, mətbuatda bərk narazılıq yaratdı. Mənim özümə də mütəmadi zənglər olurdu. Mən gələndən sonra AMEA ilə danışıqlar apardıq, araşdırdıq və onlar da razılığa gəldilər ki, ramazan ayı iyulun 10-dan başlayır. Yenə də bu dəqiq proqnoz deyil, çünki bunu ancaq Allah bilir ki, ay nə vaxt çıxacaq. Heç kim özündən qərar verə bilməz, istəyir əmmaməsi 10 metr olsun, yenə bu barədə qəti qərar verə bilməz. Bu Allahın işidir”. A.Paşazadə onu da deyib ki, ehtiyat üçün sabah - iyulun 9-u da oruc tutulacaq: "Çünki, yenə də dediyim kimi, bu ayın görünməsi ilə bağlıdır. Hər ehtimala qarşı biz oruc tutmalıyıq”.

Maraqlıdır ki, neçə illərdir əmmaməsi heç beş metr də olmayan qmişniklər ramazanla bağlı fitva verir. Amma heç bir şiə mənbəyində belə fitvalar qanuni sayılmır. Yuxarıda şəriətin mövqeyini bildirdik. Əgər "ancaq Allah bilirsə ay nə vaxt çıxacaq” Allah bunu əstəğfirullah kimə deyəcək? Allah vasitələr qərar verib. Cahil adamlar şeyxin bu sözündən tutub şəriət hökmlərinə arxa çevirsə necə olacaq? Ayı gözü ilə görsə, gözünü sıxacaq, iki adil kişi ayın görünməsinə şəhadət versə, bunu ancaq Allah bilir – deyəcək, məsi ilə; sözlərindən yəqinlik hasil olan bir neçə nəfər ayın görünməsinə şəhadət versə, saya salmayacaq, şəban ya ramazan ayının əvvəlindən 30 gün keçsə, Allahdan xəbər gözləyəcək?! Camiuş-şərait müctəhid də ayın başlandığını bildirən hökm versə, haradn bilirsən deyib, bildiyindən əl çəkməyəcək.

İnsan qeyri-zəruri mövzulara vaxt sərf edəndə zəruri mövzulardan xəbərsiz qalır. Şəriətə görə hər bir müsəlmanın zəruri məsələləri bilməsi vacibdir. Kosmosda necə namaz qılmaq bu səfərə çıxan üçün zəruri məsələdir. Bizim üçün zəruri olan isə:

-ramazan orucu buluğ həddinə çatmış, müsafir sayılmayan, sağlam şəxslərə vacibdir...
-sübh azanından şam azanına qədər yeməkdən, içməkdən, cinsi əlaqə və sperma xaric edən işlərdən çəkinmək lazımdır...
- müsafir, yaxud xəstə oduğundan oruc tuta bilməyənlər 1 fəqiri yeməklə doyuzdurmalı, yaxud 1 fəqirə 1 müdd (750 q yeməli şeylər, buğda, arpa, düyü, xurma və s.) təam verməlidir...
-ramazan ayından sonra üzürlər aradan qalxsa buraxılan orucların qəzası tutulmalıdır...
-ramazan orucunu bilərəkdək və səbəbsiz pozan şəxs ay qurtarandan sonra orucun qəzasınə yerinə yetirməklə bərabər kəffarə olaraq ya bir qul azad etməli, ya 60 gün oruc tutmalıdır...

Oruc haqqında ayələrdən:

…Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) Sayı müəyyən olan günlərdir. (Bu günlərdə) Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istər…

Eşitdiniz? Allah sizin üçün çətinlik deyil, asanlıq istər…

يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ

Gəlin ramazan boyu problemlə üzləşəndə bu ayəni yada salaq: "Yuridullahu bikumul-yusrə və la yuridu bikumul-usr…”

Nəsimi
HaqqYolu üçün
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 813 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]