Bazar günü, 2024-12-22, 5:40 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Fitr bayramının əməlləri
2013-07-25, 4:38 AM
Fitr bayramının əməlləri
 
Allahın Peyğəmbəri (s): «Öz bayramlarınızı «Allahu əkbər»lə (deməklə) zinətləndirin». (Kənzul-ummal, hədis 24094) 
 Allahın Peyğəmbəri (s): «Fitr və Qurban bayramlarını «La ilahə illəllah», «Allahu əkbər», «Əlhəmdulillah» və «Sübhənallah» cümlələri ilə bəzəyin». (Kənzul-ummal, hədis 24095) 

 «Kənzul Ümmal»: «Allahın peyğəmbəri (s) Fitr və Qurban bayramında evdən bayıra çıxar və uca səslə «La ilahə illəllah» və «Allahu əkbər» deyərdi». (Kənzul-ummal, hədis 18101)



Müsəlman dünyası Rəcəb və Şaban aylarını ibadət, tövbə və istiğfar etmək, müstəhəb oruc tutmaq, dualar oxumaq və başqa bu kimi günahların bağışlanmasına vəsilə olan əməllərlə başa vurduqdan sonra bu aylardan da, mübarək və fəziləti çox olan Ramazan ayı daxil olur ki, bu ayda daha çox Allaha ibadət etmək fürsətimiz və daha çox bağışlanma şansımız var. Bu mübarək üç aylıqda, xüsusən Ramazan ayında insanlar bacardıqları qədər əməllərini gözəlləşdirməyə çalışmalı, etdiyi günahlardan peşmançılıq hissi keçirərək töbvə etməli, Allahdan məğfirət diləməli və pak niyyətlə Allaha ibadət etməlidir. Belə bir niyyətdə olarsa insan və izzət və əzəmət sahibi olan Uca Allahın rəhmətinə sığınarsa bu mübarək ayda, Rəhman və Rəhim olan Allah da, Öz rəhmət və mərhəmətini xalis niyyətli olan bu bəndənin üzərinə edər. Çünki bu ay imkanların çox olduğu və bu imkanlardan mümkün qədər bəhrələnməyin tövsiyə edildiyi aydır.

İslami mənbələrə əsasən bilirik ki, müqəddəs kitabımız Quran və həmçinin, Tövrat, Zəbur, İncil və suhuf (səhifələr) Ramazan ayında endirilmiş və bu ay Quranda adı zikr olunan yeganə aydır. Bu ayın üstün cəhətlərindən biri də, budur ki, bütün gecələrdən üstün və ən şərəfli gecə hesab edilən "Qədr” gecəsi də, Ramazan ayının gecələrindən biridir. Bu həmin gecədir ki, min aydan xeyirlidir və Qurani-Kərimdə bu gecənin adı ilə bağlı olan "Qədr” surəsi vardır ki, həmin surədə "Qədr” gecəsinin fəzilət və bərəkətindən bəhs edilir. Digər aylarda ümmətin ixtiyarına buraxılan oruc ibadətini də, məhz Ramazan ayında yerinə yetirmək vacib buyurulmuşdur. Həmçinin, Ramazan ayının üstünlüyünü, Allah Rəsulu (s) bu ayın gəlişi ilə bağlı söylədiyi xütbədə gözəl şəkildə bəyan edərək buyurur: "Ey insanlar! Həqiqətən, Allahın ayı bərəkət, rəhmət və məğfirətlə sizə üz gətirmişdir. O, elə bir aydır ki, Allahın yanında ayların ən yaxşısı, günləri ən yaxşı günlər, gecələri ən yaxşı gecələr, saatları ən yaxşı saatlardır.” Bəli, bu kəlmələr, bu ayın fəzilət və üstünlüyünü açıqca bəyan etməkdədir. Sevimli Peyğəmbərimiz (s) həmin xütbənin bir yerində belə buyurmuşdur: "Bədbəxt və xoş aqibəti olmayan şəxs o kəsdir ki, bu böyük ayda bağışlanmaqdan məhrum ola.” Doğrudan da, aqibətini puç edən və bədbəxtdir o kimsə ki, bu ayda ibadət, dua tövbə və istiğfar etməyib, oruc və namaz ibadətlərini yerinə yetirməmiş, bağışlanma və rəhmətdən məhrum olmuşdur. Bu ayı ibadət edib bağışlanma diləyənlər, Allahın lütf və rizasını qazanan kimsələrin isə xoş halına! Onlar bu ayı başa vurduqdan sonra, Allahın əmrini yerinə yetirdikləri və bu ayı ibadətlə sona çatdırıb Allahın rizayətinə səbəb olduqları üçün bayram edərlər.

Allahın pəhrizkar qullarının bayramı
 
Bu bayram, Ramazan ayı başa çatdıqdan sonra, növbəti ayın-Şəvval ayının biri qeyd edilir. Həmin bayrama "Fitr” bayramı deyilir. "Eydeyn”dən, yəni, "iki bayram”dan (Qurban və Fitr bayramları) biridir bu bayram. Bu iki bayramda oruc tutmaq haramdır. Müsəlmanlar geridə qoyduqları Ramazan ayını ibadət və orucla keçirdikləri üçün, həmin ay çıxdıqdan sonra Şavval ayının ilk gününü oruc tutmayıb bayram edirlər. Həmin gün, möminlərin Ramazan ayında etdikləri yaxşı əməllərin mükafatını aldıqları gündür. İslam Peyğəmbəri (s) buyurur: "Fitr günü (mələklər) möminləri səsləyərlər: Ey möminlər! Bu gün (Ramazan ayında etdiyiniz xeyir işlərin) mükafatını alın!” Fitr bayramı əslində təqvalı, pəhrizkar, haramlardan çəkinən inanclı insanların bayramıdır. Yəni, bu günün bayram olması bu səbəblədir ki, bir ay Allahın fərmanını dinləyib əməl edən və bu ayı ibadətlə başa vurub mənəviyyatını zənginləşdirib nəfslərini saflaşdıran şəxslər, bu şərəfə nail olub ilahi rəhmətdən öz paylarını aldıqları üçün sevinər, bir-birini təbrik və dua edər və beləliklə də, bayram edərlər. Bu səbəbdən həmin bayramın günahlardan çəkinən kimsələrin bayramı olduğunu qeyd etdik. Fit bayramı Ramazan ayında oruc tutanların, pis əməllərdən çəkinənlərin bayramı olması ilə yanaşı, həm də, özü bir mənəviyyat və ibadət yönlü bayramdır. Bir çoxları düşünə bilər ki, artıq bir ay oruclu oldum və qadağan edilmiş əməllərdən çəkindim, artıq bəyənilməyən, günah sayılan işlər görə bilərəm. Və yaxud bəziləri də, bu günün (bayram gününün) yalnız bayram etməkdən, süfrə açmaqdan ibarət olduğunu düşünür. Doğrudur, bu gün bayramdır, lakin, ibadət yönlü və mənəviyyatla bağlı bayramdır. Bu bayramın ibadət yönlü olmasının sübutu üçün, Allah rizası üçün fitrə zəkatı təyin edib ehtiyacı olan yoxsullara vermək, bayram namazını qılmaq, eləcə də, bayram günü və gecəsi müstəhəbb buyurulan əməlləri yerinə yetirmək kimi ibadətləri misal göstərmək olar.

Ayın əvvəlinin isbatı
 
 Dəyərli İslam alimlərinin rəyinə əsasən, Ramazan ayının əvvəlinin və eləcə də, Fitr bayramının məlum olması üçün beş yol vardır;

1. Gərək insan özü ayı görsün.
2. Sözlərindən yəqinlik hasil olan bir neçə şəxs "biz ayı gördük” desinlər.
 3. Şaban ayının əvvəlindən otuz gün keçsin (beləliklə Ramaza ayının əvvəli olduğu sübuta yetir). Həmçinin Ramazan ayının əvvəlindən otuz gün keçmiş olsun ki, bununla da, Şavval ayının biri, yəni, Fitr bayramı olması sübut olunur.
4. İki adalətli (günahlardan çəkinən və vacibləri yerinə yetirən) kişi "gecə ayı gördük” demiş olsun.
 5. Camiuş-Şərait muctəhid ayın əvvəlinin olması haqqında hökm versin. Ayın əvvəlinin olması həmçinin, Fitr bayramı bu yollarla sübuta yetir.

Fitrə zəkatı
 
Ehtiyacı olan kimsələrə sədəqə vermək, onlara imkan daxilində yardım etmək müqəddəs dinimizin tövsiyə etdiyi gözəl əməllərdəndir. Xüsusi əhəmiyyətə malik olan belə bir əmələ İslam dinində mühüm yer verilir. Bir çox ayə və hədislərdə bu mətləb öz əksini tapmaqdadır. Allah Rəsulu (s) sözünü etdiyimiz xütbənin başqa bir yerində "miskinlərə sədəqə verin” buyurur və göründüyü kimi savab əməllərdəndir sədəqə vermək. Xüsusən də, mübarək Ramazan ayında. Fitrə zəkatından məqsəd də, yoxsul kimsələrə əl tutmaq, onlara köməklik etməkdir. Belə ki, Şavval ayının əvvəli sübut olunduqdan sonra ilk vacib əməl fitrəni təyin etməkdir. Fitrə zəkatını ayırmaq bu dərəcədə mühüm və zəruridir ki, bu zəkatı ayırmayan şəxs, oruc tutmayan şəxs kimidir.
 
 İmam Sadiqdən (ə) soruşdular: "Ey Allahın Höccəti! Nəyə görə insan orucluqdan sonra fitrə verir?” Həzrət İmam (ə) buyurdu: "Həqiqətən, oruc, zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir.” Həzrətin (ə) bu mübarək bəyanından bu nəticəyə gəlirik ki, bir kəs oruc tutub zəkat vermək iqtidarında olarsa və fitrə zəkatını verməzsə, onun tutduğu oruc qəbul olunmaz! Yəni, fitrə zəkatı vermək, Ramazan ayının orucunun qəbul olma şərtlərindən biridir.
 
Beləliklə də, bir kəs Fitr bayramı gecəsinin gün batan çağına hətta, bir neçə an qaldıqda belə, buluq həddinə çatsa, aqil, huşyar olsa, həmçinin, fəqir və bir kəsin qulu olmasa özü və onun çörək yeyənləri sayılan hər kəs üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi nemətlərdən 3 kq. müstəhəqqə verməlidir. ("Müstəhəqq”, yəni, fitrə zəkatına layiq və ehtiyaclı olan kimsədir) Bunlardan hər hansı birinin pulunu versə də, kifayətdir. Burada bir incəlik var o da bundan ibarətdir ki, hər bir kəs bu ərzaqın 3 kq.-nı yalnız bir ərzaqdan verməlidir. Yəni, 1 kq. düyü, 1 kq. kişmiş, 1 kq. da, xurma vermək olmaz. Bu fitrə, bayram gecəsi ayrılmalı və səhər zöhr namazına kimi verilməlidir. Ola bilər ki, bir kəs özünün və ailəsinin illik gəlirini təmin edə bilmir, belə olan halda həmin şəxs özü fəqirdir və ona vacib deyil ki, fitrə zəkatı versin.
 
Bundan əlavə hər bir şəxs Fitr bayramı gecəsində (məğrib vaxtı) onun çörək yeyənləri hesab olunan kəslərin də fitrə zəkatını verməlidir. Həmin kəslər istər böyük olsun, istər kiçik, istər müsəlman olsun, istərsə kafir, istər onların xərcləri o şəxsin boynunda olsun, istərsə olmasın, istər öz şəhərində olsun, istərsə də, başqa şəhərdə. Bayram gecəsində gün batmamışdan əvvəl ev sahibinin razılığı ilə evə daxil olan və onun çörək yeyəni sayılan qonağın fitrəsi də, ev sahibinə vacibdir. Amma, məğribdən sonra gələn qonağın fitrəsi ev sahibinə vacib deyildir. Bayram gecəsində məğribdən əvvəl ev sahibinin razılığı olmadan evə daxil olan və bir müddət onun yanında qalan qonaq, onun çörək yeyənlərindən sayılsa, ehtiyat üçün onun da fitrəsi ev sahibinə vacibdir. (Əlavə məlumat almaq üçün, risalələrə muraciə edə bilərsiniz!)
 

Bayram namazı
 
Fitr bayramı ilə Qurban bayramı namazlarının qılınma qaydası eynidir. Belə ki, bu iki bayram namazları İmamın (ə) qeybdə olmadığı vaxt vacibdir və camaatla qılınmalıdır. Lakin, İmamın (ə) qeybdə olduğu zamanda isə müstəhəbdir və camaatla da qılına bilər, tək halda da.
 
 Bu iki bayram namazının vaxtı, gün çıxan vaxtdan zöhrə qədərdir. Fitr bayramında müstəhəbdir ki, gün qalxandan sonra iftar edib fitrə zəkatını verəndən sonra bayram namazı qılınsın. Fitr və Qurban bayramı namazları iki rəkətdir. Birinci rəkətdə "Həmd” surəsindən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib ruku və iki səcdə edib ayağa qalxmalı, İkinci rəkətdə isə, "Həmd” surəsindən sonra dörd təkbir deyilməli və hər təkbirdən sonra qunut tutub beşinci təkbirdən sonra ruku və səcdələri yerinə yetirib təşəhhüd və salamları deyib namazı qurtarmaq lazımdır.
 
 Fitr və Qurban bayramı namazlarında qiraətin ucadan deyilməsi müstəhəbdir. Bu namazlarda "Həmd” surəsindən sonra xüsusi bir surənin oxunması müəyyən edilməyib. Lakin, daha yaxşı olar ki, birinci rəkətdə "Həmd” surəsindən sonra "Şəms”, ikinci rəkətdə isə ("Həmd” surəsindən sonra) "Ğaşiyə” surələri oxunsun. Yaxud da, birinci rəkətdə "Əla”, ikinci rəkətdə isə "Şəms” surələri oxunsun. Həmçinin, Fitr və Qurban bayramı namazlarının qunutunda hər dua oxunsa kifayətdir, amma, daha yaxşı olar ki, bu dua oxunsun: "Əllahummə əhləl-kibriyai, vəl-əzəməti və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə idən və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli su`in əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.”

Fitrə zəkatı və bayram namazının qısa tarixcəsi
 
 Mötəbər sənədlərdə, orucun, hicrətin ikinci ilində vacib olduğu qeyd olunmuşdur. Hədisçilərin rivayətinə əsasən sevimli Peyğəmbərimiz Həzrət Muhəmməd (s) Fitr bayramına bir-iki gün qalmış camaat müraciətlə buyurdu: "Ey camaat! Bayram gecəsi imkanlı olan şəxslər fitrə zəkatını ayırıb, onları qohum əqrabada, qonşularında və ya ölkələrində yaşayan imkansızlara versinlər.” Həmin tarixdə də, Həzrət (s) səhabələri ilə birlikdə səhraya gedib, birinci Fitr bayramının namazını camaatla qıldı, bundan sonra Fitr bayramı namazı qılmaq vacib oldu.

Bayram gecəsi və bayram gününün əməlləri
 
Fitr bayramı gecəsi mübarək gecələrdən sayılır. Bu gecənin həm fəziləti, həm də, bu gecədə edilən ibadətlərin savabı haqqında bir çox hədis nəql edilmişdir. Bu gecənin bir neçə müstəhəb əməli vardır ki, onlardan bir neçəsinə işarə edirik:
1. Gün batan çağı qüsl etmək.
2. Bu gecə əhya saxlamaq, namaz qılıb dua, istiğfar etmək.
3. Məğrib, işa, sübh və bayram namazlarından sonra bu duanı oxumaq: "Allahu əkbəru Allahu əkbəru lə iləhə illallah vallahu əkbər Allahu əkbəru va lilləhil-həmd. Əlhəmdu lilləhi ələ mə hədənə və ləhuş-şukru ələ məulənə.”
 4. Məğrib namazı və onun nafilələrini qıldıqdan sonra əlləri göyə qaldırıb bu duanı oxumaq: "Yə zəl-mənni vət-taul, ya zəl-cudi, ya mustafiyə Muhəmmədin və nəsirəhu salli ələ Muhəmmədin və əli Muhəmməd vağfir li kullə zənbin əhsaytəhu və huvə indəkə fi kitəbin mubin.” Fitr bayramının da, bir neçə müstəhəb əməli vardır, o cümlədən;
1. Bayram namazını qılmaq
2. Qüsl etmək.
 3. Bu gündə müəyyən olunmuş duaları oxumaq, istiğfar və möminləri dua etmək.
 4. Yaxşı paltar geyib və ətirlənib namazı açıq fəza altında qılmaq. 5. İmam Huseyni (ə) ziyarət etmək. 6. "Nudbə” duasını oxumaq.

İlahi, Ramazan ayında tutduğumuz orucları, etdiyimiz ibadətləri, duaları, tövbələri, zikrləri bizdən qəbul et! İlahi, bu ayın hörməti-izzəti xatirinə bizim günahlarımızı bağışla, bizi layiqli bəndələrindən, Sənə təslim olanlardan qərar ver. İlahi, bizi dünya və Axirətə Quran və Əhli-beytdən (ə) ayrı salma! İlahi, bizi Qiyamətin dəhşətindən amanda saxla, öz şəfaətindən məhrum etmə! İlahi, ağıla gəlib-gəlməyən bütün xətaları, bəlaları bizdən uzaq et!
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 1130 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/2
Total comments: 2
0  
2 AGAHUSEYN   (2013-08-08 4:59 PM) [Daxil et]
<ALLAH HAMININ DUALARINI ,ORUCLARINI QEBUL ETSIN HAMIYA OZ REHMETINI ,MERHEMETINI GONDERSIN,BUTUN XESTELERE SEFA VERSIN,OZ NURUNDAN AYRI SALAMASIN,BAYRAMINIZ MUBAREK>

0  
1 GADİR   (2013-08-08 1:18 AM) [Daxil et]
ALLAH  RAZI  OLSUN !

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]