Allahın saleh bəndələrinə nəzir etmək
İslam cəmiyyətində, çətinliyə düşən insanlar Allah-taalanın razılığını cəlb etmək və ehtiyaclarını ödəmək niyyətilə aşağıdakı sözləri deməklə, Allah övliyalarının birinə hədiyyə təqdim etməyi nəzir edirlər: "Əgər belə olarsa, Allah üçün bunu edərəm”.
Burada belə bir sual meydana çıxır: Allahın saleh bəndələrinə nəzir etmək tövhid məktəbinin ölçüləri ilə uyğun gəlirmi?
Deməliyik ki, bu işin düz və ya səhv olması nəzir edənin niyyətinə bağlıdır. Çünki saleh bəndələrə olunan nəzir iki cür təsəvvür oluna bilər:
1. Allahdan başqasına yaxınlaşmaq və (Allahın razı və ya narazılığına diqqət etmədən) yaradılmışın razılığını əldə etmək niyyətilə Allahın saleh bəndələrinə nəzir etmək; Məlumdur ki, bu əməl tövhid məktəbinin prinsipləri ilə ziddiyyət təşkil edərək, İslam tərəfindən qeyri-məqbul sayılmışdır. Çünki bu iş şirk və bütpərəstlik sayılır.
2. Sözügedən əməli yalnız Allaha yaxınlaşmaq və Onun razılığını əldə etmək niyyətilə etmək; Nəzir etməkdə məqsəd camaatın bir hissəsinin nəzir olunan hədiyyədən faydalanmasıdır. Bu layiqli işin savabı nəzərdə tutulmuş şəxsə çatmaqla Allahın razılığına səbəb olur. Şübhəsiz, belə pak niyyətlə nəzir etmək bəyənilmiş bir iş sayılır və tövhid ölçüləri ilə heç bir uyğunsuzluq təşkil etmir.
İslam alimləri müsəlmanların ikinci təsəvvürü ilə uyğun olan əməllərin tövhid prinsipi ilə uyğunluğunu sübut etmək üçün çoxlu sayda kitablar yazmışlar.
"Sülhül-ixvan” kitabının müəllifi bu barədə belə yazır:
"Sözügedən məsələ nəzir edənin niyyətindən asılıdır. Çünki (Allah rəsulunun (s) buyurduğuna görə) insanın əməli onun niyyətinə bağlıdır. Əgər nəzir edənin məqsədi meyyit və ona yaxınlaşmaq olsa, şübhəsiz, belə nəzir düzgün deyil. Amma nəzir Allah üçün, Ona yaxınlaşmaq, camaatın bu hədiyyədən faydalanması və hədiyyənin savabının nəzir olunan şəxsə çatması niyyətilə olsa, belə bir nəzirə əməl etmək vacibdir”.[ “Sülhül-ixvan”, Davud Xalidi, 102]
Bəzi İslam alimlərinin açıqladıqları kimi, müsəlmanların verdikləri nəzir, savabı Allah bəndələrinə çatan və onların tərəfindən verilən sədəqədir. İslamın dahi alimlərindən heç biri dünyasını dəyişmiş şəxsin əvəzindən verilən sədəqənin düzgün olmadığını deməyib.
Əbi Davudun "Sünən”indən hədislər
Bu məsələni daha artıq izah etmək üçün bu barədə olan hədislərdən bəzilərini xatırladırıq:
1. Əbi Davudun "Sünən”ində belə oxuyuruq:
"Həzrət Peyğəmbərin (s) zamanında yaşayan müsəlmanlardan biri "Bəvanə” adlı yerdə bir dəvə kəsəcəyini nəzir etdi. Buna görə də, məsələni Allah rəsuluna (s) açıqladı. Allah rəsulu (s) buyurdu: Orada cahiliyyət dövründə olan hər hansı bir bütə pərəstiş olunubmu? Cavab verdi: Xeyr. Buyurdu: Camaat cahiliyyət dövrünün bayram günlərində orada yığışırdı? Dedi: Xeyr. Peyğəmbərimiz (s) buyurdu:
"Öz nəzirinə əməl et. Nəzir günah üçün və ya insanın ixtiyarında (mülkiyyətində) olmayan şeydə olarsa, düzgün deyil”.[“Sünəni İbn Davud”, 2/80]
2. O kitabda başqa bir hədis belə nəql olunmuşdur: "Bir qadın Allah rəsuluna (s) dedi: Müəyyən olunmuş bir yerdə bir heyvan kəsməyi nəzir etmişəm.
O həzrət soruşdu: Bütlər üçün nəzir etmisən?
Dedi: Xeyr.
Peyğəmbərimiz (s) buyurdu: "Öz nəzirinə əməl et”.[Əvvəlki, 81]
3. Allah rəsulunun (s) Səd adlı bir səhabəsi həzrətdən soruşdu: Dünyasını dəyişmiş anam tərəfindən sədəqə versəm, ona bir savab çatarmı?
Buyurdu: Bəli.
Soruşdu: Hansı sədəqə onun üçün daha faydalıdır?
Buyurdu: Su.
Səd bir su quyusu qazdı və "bu su quyusu Sədin anasınındır” - cümləsini deməklə, onun savabını anasının ruhuna hədiyyə etdi”.[“Furqanul-Quran”, 133]
Nəticə
Bu hədislərdən məlum olur ki, başqalarına nəzir etmək bütlərin pərəstişinə, cahiliyyət dövrünün mərasimlərinin dirçəlməsinə yol açmasa, günaha görə olmasa, İslam qanunları ilə uyğundur və bəyənilmiş bir işdir. Bu əməl Allah razılığını əldə etmək və onun savabını nəzir olunan şəxsə hədiyyə etmək niyyətilə həyata keçirildiyi üçün tövhidin qəti prinsipləri ilə tam uyğundur. Buna əsaslanaraq deyə bilərik ki, Allahın övliyalarının qəbirləri kənarında kəsilən qurbanlar, yerinə yetirilən nəzirlərin yeganə məqsədi Alah razılığını əldə etməkdir və yalnız onun savabı müqəddəs övliyaların ruhlarına hədiyyədir.
|