Cümə günü, 2024-04-19, 1:09 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Əziz Peyğəmbərimizin (s) orucla bağlı bəzi davranışlar
2013-07-23, 5:19 AM

Əziz Peyğəmbərimizin (s) orucla bağlı bəzi davranışlar

 

«Məkarimul-əxlaq» kitabında Ənəs ibn Malikin belə söylədiyi nəql edilmişdir: «Həzrət Peyğəmbər(s) oruc tutarkən imsak və iftar vaxtlarında şərbət içərdi. Bir çox hallarda o, sutka ərzində yalnız bir dəfə yemək yeyərdi. Süddən xoşu gəldiyi üçün çox vaxtlar süd içərdi. Bəzən isə o Həzrətin (s) yeməyi isladılmış çörək olurdu».

 

«Əl-Kafi» kitabında İmam Sadiqin (ə) belə buyurduğu nəql edilmişdir: «Həzrət Peyğəmbər (s) təzə xurma olanda orucunu təzə xurma ilə, olmadıqda isə orucunu quru xurma ilə açırdı».

 

Həmin mənbədə İmam Baqirin(ə) belə buyurduğu nəql edilmişdir: «Həzrət Peyğəmbər (s) oruc tutan halda iftar üçün halva tapmadıqda, orucunu su ilə açırdı».

 

Hədislərin birində belə buyurulur: «Həzrət Peyğəmbər (s) bəzi vaxtlar orucunu kişmişlə açırdı».

 

«Əvafirul-məarif» kitabında oxuyuruq: «Həzrət Peyğəmbər (s) bir qurtum su və ya bir az süd və yaxud bir neçə xurma ilə iftar edirdi».

 

«Məkarimul-əxlaq» kitabında oxuyuruq: «Həzrət Peyğəmbər(s) çox vaxtlar həlim yeyir, bəzi vaxtlar isə imsakdan öncə ondan istifadə edirdi».

 

«Mən la yəxzuruhul-fəqih» kitabında belə nəql edilir: «Ramazan ayı daxil olanda Həzrət Peyğəmbər (s) bütün əsirləri azad edir və hər bir yoxsula yardım edirdi».

 

«Dəaimul-İslam» kitabında Həzrət Əlinin (ə) buyurduğu nəql edilmişdir: «Həzrət Peyğəmbər (s) Ramazan ayının son on günündə öz yatağını yığır və ciddi şəkildə ibadətlə məşğul olurdu. Ramazan ayının iyirmi üçüncü gecəsi gəlib çatanda, öz ailəsini oyaq saxlayır və yuxusu gələnlərin üzünə su səpirdi».

 

Həzrət Fatimə(s) də belə idi. O Həzrət (s.ə) həmin gecədə ev əhlindən heç kəsin yatmasına imkan vermir və onların yatmaması üçün bir az yemək verirdi. O Həzrət (s.ə) gündüzdən etibarən özünü gecəni oyaq qalmağa hazırlayır və belə buyururdu: «Bu gecənin xeyrindən bəhrələnməyən şəxs - məhrumdur!».

 

«Əl-Cəfəriyyat»» kitabında Həzrət Əlinin (ə) belə buyurduğu nəql olunur: «Həzrət Peyğəmbər (s) Fitr bayramı günündə bayram namazını qılmaq üçün evdən xaric olmazdan öncə bir neçə ədəd xurma və ya kişmiş yeyirdi».

 

«Əl-İqbal» kitabında «Tarixun-Nişapuri» əsərinə istinad edərək İbn Əyyub əl-Amirinin belə söylədiyi nəql edilmişdir: «Ramazan ayı daxil olduqda, Həzrət Peyğəmbərin rəngi dəyişir, namaz və duası çoxalır və Allah Təaladan daha çox qorxurdu». «Ət-Təhzib» kitabında oxuyuruq: "Sünnəyə əsasən, Peyğəmbər (s) özü şəxsən Ayın müşahidə edilməsi məsələsini öz öhdəsinə alırdı”.

 

İmam Sadiq(ə) vasitəsilə Həzrət Peyğəmbərdən belə buyurduğu nəql edilmişdir: «Həqiqətən də, Allah Təala mənim üçün altı işi bəyənməmişdir. Mən də həmin altı işi öz canişinlərim və onların ardıcılları üçün bəyənmirəm: (Onlardan biri də) oruc halında söyüş söyməkdən ibarətdir».

 

«Dəaimul-İslam» kitabında Həzrət Əlinin(ə) belə buyurduğu nəql edilmişdir: «Fitr namazından öncə fitrə zəkatını ayırmaq sünnədən sayılır».

 

(Mənbə: «Sunənun-Nəbi» Ə. Təbatəbai)

 

 

Hazırladı: Zəhranur Qüdsi

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin dinləyicisi

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 615 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]