Şənbə günü, 2024-04-20, 7:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Müsəlman 3 gün küsülü qalarsa, dindən çıxmış olar
2013-05-08, 9:20 AM
Müsəlman 3 gün küsülü qalarsa, dindən çıxmış olar

İslam dininin şiddətlə məzəmmət etdiyi əməllərdən biri də küsməkdir. Bir müsəlman dünya işlərinə görə din qardaş və bacısı, yaxınları ilə küsməməlidir. Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: "Həftənin çərşənbə axşamı və cümə axşamı günlərində müsəlmanların əməl dəftəri Allah Təalaya təqdim edilir. Allah onların hamısına diqqət edər. Aralarında kin olan iki nəfərdən başqa. Allah əmr edər ki, müvəqqəti olaraq, onların əməl dəftərini kənara qoysunlar. O zamana qədər ki, sülh bağlayarlar (barışarlar)”.

Ona görə də həqiqi mömin nə yaxınlarından: atası, anası, bacısı, qardaşı, nənəsi, babasından, nə də din qardaş və bacılarından küsməməlidir. Əksinə belə olan halda əmr be-məruf və nəhy-əz-munkər etməlidir.

Sileyi-rəhm haqqında çox sayda hədislərimiz vardır ki, insanın ömrünü uzadar. Ruzinin artmasına səbəb olar. Böyüklərə hörmət etmək də çox əhəmiyyətlidir.

İnsanın din qardaşı və ya yaxınları ilə rabitəni kəsməsi qardaşlıq rabitəsini zay edən ən mühüm zəminələrdəndir. Həzrət Peyğəmbər (s) bu cür küsülükdən çəkinməyi tövsiyə edir və buyurur: "İki müsəlman bir-birindən küssə, üç gün bu halda qalarlarsa, barışmazlarsa, İslamdan çıxmış olar və onların arasında bir daha dostluq əlaqəsi olmaz. Ancaq onlardan hər biri (rabitəni islah etmək üçün) söz deyərsə, o, Qiyamət günü daha tez behiştə gedər”.

Məfəzzəl nəql edir: "İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurub: "İki kişi bir-birindən küsdükləri üçün ayrılmazlar, məgər o halda ki, onlardan biri (Allahın və Rəsulunun) lənətinə layiq olar. Halbuki hər ikisi buna layiqdir””.

Mutəb, İmam Sadiqin (ə) xüsusi dostlarından idi. İmamın (ə) bu sözlərindən sonra Həzrətə (ə) deyir: "Allah məni sənə fəda etsin. Məzlumun nə günahı vardır?”. Buyurur: "Çünki qardaşını sülhə və barışığa dəvət etmir. Onun dediklərinə göz yummur. Onu eşitməmiş kimi etmir. Atamdan eşitmişəm ki, buyurub: "Nə zaman iki nəfər bir-biri ilə dava edər, biri o birisinə zülm edərsə, məzlum olanı onun yanına getsin və desin: "Ey qardaşım, mən zülm edənəm və təqsir mənimdir”. Bu yolla küskünlük aralarından gedər. Allah Təala adil hakimdir. Məzlumun haqqını zalımdan alacaqdır””.

O zaman ki, insan yaxınlarından küsər, Allahı qəzəbləndirər və şeytanı sevindirər. Ona görə də mömin olmaq istəyən hər kəs bu haqda düşünməlidir. Qoymayın ki, aranızda olan dostluq kin və küdurətə çevrilsin. Əgər küsmüsünüzsə, siz əvvəl davranıb ondan üzr istəyin.

Yuxarıdakı hədisdə Həzrət Peyğəmbər (s) buyurur ki, əgər iki müsəlman bir-biri ilə küsərlərsə, dindən xaric olarlar. Ancaq bu, o demək deyildir ki, belə bir insan müsəlman deyildir. Bəlkə Həzrət (s) bu nurani kəlamında buyurmaq istəmişdi ki, kamil müsəlman olmur. Yəni, əgər müsəlman başqa bir müsəlmandan küsərsə, imanı naqis olar, o, naqis müsəlman olar.

İmam Kazım (ə) buyurur: "Hər kim özünü hər gün hesaba çəkməzsə, bizdən deyildir”. Bu hədisdə də məqsəd odur ki, həmin insan kamil Əhli-beyt (ə) davamçısı deyildir. Yəni qeyri-müsəlman sayılmaz, amma İmamların (ə) kamil ardıcıllarından olmaz.

Ona görə də deyə bilərik ki, küsmək - dinimizin bəyənmədiyi əxlaqi rəzilliklərindəndir. Həqiqi və kamil mömin olmaq istəyən hər kəs gərək yaxınlarından və din qardaşlarından küsməsin.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 711 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]