Şənbə günü, 2024-04-20, 3:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İnsan olmaq istəyirəm! (1)
2013-06-03, 2:21 PM
İnsan olmaq istəyirəm! (1)


Əksərimiz 17 rəkət namaz qılmaq, ramazanda oruc tutmaq, 5-10 ayə-hədis oxumaqla Allahın əziz bəndəsi olduğumuzu düşünürük. Bizə elə gəlir ki, dünyada ən asan iş mömin olmaqdır. Çox möminlərdən soruşsan hansı peşəyə sahibsən, cavab mənfi olacaq. Necə olur ki, heç bir sahədə məharəti təsdiqlənməyən adam bir tövbə deyib namaz qılmaqla mömin olur? Doğrudanmı mömin olmaq bu qədər asandır? Doğrudanmı, paraşütdən atılmaq, təyyarə sürmək mömin olmaqdan çətindir? Sinəsinə döyən bir adamı əyləşdir velosipedə, burax dağdan aşağı, gör nə bacarır! Hansı ki, dünyada heç bir peşədə Şeytan kimi yolu kəsən yoxdur. Din yoluna çıxan insanın isə qarşısında düşmənçiliyə and içmiş Şeytan var. Bir avtomobil başqa avtomobillə toqquşanda səsi çıxır, əzilir, sürücünün bacarıqsızlığı sübuta yetir. Din yolunda isə hər gün min dəfə qəza törətsək də xəbərimiz olmur. Ona görə də qiyamət günü insan öz əməl naməsini görəndə çaşacaq, "bu işləri mən görmüşəm?” – deyib təəccübdən qolunun ətini yeyəcək. 
Bəli, mömin olmaq padşah olmaqdan çətindir. Amma insan qəflətdədir, məstdir, özündən razıdır. O, namaz qılmaqla övliya olduğunu düşünür, alimlərə irad tutur, hamıya nəsihət verir. Amma İslam dininin göndərilməsində məqsəd adamı İnsan etməkdir. Vəzifəmiz başqalarını yox, özümüzü tərbiyələndirməkdir. Başqalarını təbliğ isə özümüzə savab qazanmaq üçündür. Əgər sən özünü islah etməmisənsə, cəmiyyət səni günahkar adam kimi tanıyırsa, başqalarına yol göstərməyin hələ tezdir. 
Allah-Taalanın yardımı ilə İslamı dərk edən insan öz üzərində işə başlayır. İslam təlimlərində buna özünütərbiyə deyirlər. Bu olduqca çətin prosesdir. İnsan heç bir peşəni müəllimsiz öyrənə bilmir. İslamda da özünütərbiyə üçün əxlaq ustadına ehtiyac var. Əxlaq ustadı sənin qədəm qoyduğun yolun böyük bir hissəsini keçmiş adamdır. Din yolunda başda şeytan olmaqla minlərlə maneə var. Maneəri bələdçisiz keçmək mümkünsüzdür. Öncə sənin istəyin, sonra Allahın yardımı, daha sonra yaxşı əxlaq ustadı. Dünyada ifratçı dini təriqətlərin yaranmasının əsas səbəblərindən biri əxlaq ustadından məhrumluqdur. Əxlaq ustadı olmayan cəmiyyətlərdə qruplaşmalar, təfriqələr də çox olur. İslamda böyük əxlaq ustadları olub və bu gün də var. Mərhum arif Behcətin şöhrəti dünyanı tutub. Övlyalarla maraqlansaq İslam məktəbində necə böyük şəxsiyyətlərin tərbiyə olunduğunu görərik. 
Beləcə, Din yoluna çıxan şəxs daim qarşısında azğın nəfs və şeytanı görür. Əgər görmürsə, demək artıq aldanıb. Görürsə, nəfsin tərbiyəsinə başlayır. 
Biz "İnsan olmaq istəyirəm!” silsilə yazılarda "lailatolgadr” və başqa dini veb-mənbələrə istinadən özünütərbiyədə mühüm nöqtələri nəzərdən keçirəcəyik.

* * *

Özünütərbiyədə ilk addım nədir? Ayətullah Xamenei buyurur: "Özünütərbiyədə ilk və ən mühüm addım budur ki, insan özünə, əxlaqına, davranışına tənqidi yanaşsın...”( hadinet) Demək, yola çıxmaq istəyən insan özündənrazılığı birdəfəlik kənara qoymalı, heç bir fikrinə, sözünə, əməlinə haqq qazandırmamalıdır. Bəli, möminliyin ilk pilləsi özünütənqid, düşüncə, söz və əmldə ehtiyatdır. Bir insanda özündənrazılıq görsəniz, bu sizə deyir ki, həmin şəxs əsil İslamdan xəbərsizdir.

Allah-Taala buyurur: "Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! (Loğman surəsi, ayə 18) Bu ayəni yaz zehninə, hər gün təkrar-təkrar oxu:

وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ

Ardını izlə...

Natiq Rəmzi
haqyolu
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 685 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]