Şənbə günü, 2024-04-20, 3:12 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İlahi rəhmətə necə layiq olaq?
2013-09-22, 6:47 AM
İlahi rəhmətə necə layiq olaq?

Rəhmət sözü "rəhm” sözündən götürülmüşdür və mənası mehribanlıq və şəfqət deməkdir. İlahi rəhmət o deməkdir ki, xeyir, xeyir sahibinə verilsin və o miqdarda ki, ona layiqdir. Yəni, Allah Təala hər bir kəsə tutumu və layiq olduğu qədər xeyir verərsə, bu İlahi rəhmət deməkdir.
Rəhmət istər maddi olsun, istərsə də mənəvi - xüsusi məhdud insanlara aid edilmir. Allah hər bir varlığına qarşı mərhəmətli və rəhmətlidir. Ancaq o zaman ki, insan bu xeyri qəbul etmək qabiliyyətinə malik olmaz və ya bu xeyri qəbul etməsi üçün maneələr yaradarsa, o zaman İlahi feyzdən məhrum olar.
İnsanı bu İlahi feyzdən məhrum edə biləcək tək şey günahlarıdır. Günah qoymur ki, insan Allaha yaxınlaşsın və onun rəhmətindən və feyzdən bəhrələnsin. Ancaq xalis tövbə günahın yaratdığı bu maneələri aradan qaldırar və insanı İlahi feyz yağışından bəhrələndirər.
İlahi rəhmət iki cürdür. Bir qismi o qədər geniş və böyükdür ki, bütün məxluqları öz çətiri altında toplayır. Elə bir varlıq yoxdur ki, ondan bəhrəsiz qalsın. Buna Allahın ümumi rəhməti də deyirlər.
Allah Təalanın ikinci qisim rəhməti isə xüsusi rəhmətdir. Bu rəhməti qəbul edə bilən xüsusi insanlara şamil edilir. Əllamə Təbatəbai bu haqda "Əraf” surəsinin 156-cı ayəsinə işarə edərək, buyurur: ""Rəhmətim hər bir şeyi əhatə etmişdir. Odur ki, tezliklə onu təqvalı olanlar, zəkat verənlər və Bizim ayə və nişanələrimizə iman gətirənlər üçün yazacağam”. Allah-Təala üçün iki rəhmət vardır. Biri ümumi rəhmətdir ki, həm möminə və həm də kafirə, insana, qeyri-insana şamil edilir. O biri rəhmət isə xüsusi rəhmətdir, Allah onu ancaq o kəslərə verir ki, imana və bəndəliyə malik olsunlar. Dünya və behiştdə təyyibə və nurani həyat kimi. Kafirlər küfrlərinə görə ondan məhrumdurlar. Onlara nəsib olan şey bu rəhmətin əksidir. Dünyada əzablı həyat, axirətdə isə atəş və əziyyətlər”.
Mərhum Kuleyni nəql edir ki, İmam Sadiq (ə) Allahın "Rəhim” və "Rəhman” adlarının kökünün "rəhm” sözündən olduğunu bildirir və İlahi rəhməti iki hissəyə bölür: ümumi və xüsusi. Böyük alim buyurur: "Allah hər bir şeyin Məbududur. Bütün məxluqlarına qarşı rəhmandır. Xüsusi möminlərinə qarşı isə rəhimdir”.
Bəs İlahi rəhmətə kimlər layiq olur?
1. Təqva - xüsusi İlahi rəhmətə çatdırar. "Yoxsa Rəbbiniz tərəfindən sizə özünüzdən olan bir kişinin dili ilə sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də təqvalı olmağınız üçün və bəlkə rəhm olunasınız deyə (ilk səmavi şəriət və kitab olaraq) bir öyüd-nəsihət gəlməsinə təəccüb etdiniz?” ("Əraf” 63).
 
2. Axirət istəyində olanlar. "Sizlərdən bəzisi dünyanı (döyüş qənimətlərini), bəziləriniz isə axirəti istəyirdi. Sonra sizi sınamaq üçün onlardan (onlara qalib gəlməkdən) yayındırdı. Əlbəttə sizi əfv etdi və Allah möminlərə qarşı (böyük) mərhəmət sahibidir”. ("Ali-İmran” 152).
 
3. Ehsan və yaxşılıq etmək. "Biz öz rəhmətimizi istədiyimiz şəxsə yetiririk və yaxşı iş görənlərin mükafatını əsla zay etmirik”. ("Yusif” 56).
 
4. Saleh olmaq. "Onların hamısını Öz mərhəmətimizə (peyğəmbərlik məqamına, mənəvi kamilliklərə, səma kitabı verilmək və cəmiyyətin tərbiyəçisi olmaq şərəfinə) daxil etdik. Çünki onlar doğrudan da yaxşı və ləyaqətlilərdən idilər”. ("Ənbiya” 86). Quranın nəzərində saleh o kəslərdir ki, əqidə və əməl cəhətdən dininə inancı olsun və ona əməl etsin.
 
5. Səbir. "Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver. O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə «həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər. Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar!” ("Bəqərə” 155-157).
Allah bizləri də xüsusi rəhmətinə şamil etdiyi kəslərdən qərar versin.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 683 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]